Bülbülü susan şəhər

Dünya yaranandan bəşər övladı çox şəhərlər binə edib. Böyüklü-kiçikli bu şəhərlərin hər birinin öz şöhrəti, tarixçəsi var.
Tanrı tərəfindən xoşbəxt tale bəxş edilmiş bir şəhər də vardı bu dünyada. Tarixi 2500-3000 ilə gedib çıxırdı bu qədim insan məskəninin. Müasirlik isə yeni-yeni naxışlar vurmuşdu 7 mindən çox sakini, taleyi, arzusu olan bu şəhərə.

Bülbülü susan şəhər
Bülbülü susan şəhər

Dünya yaranandan bəşər övladı çox şəhərlər binə edib. Böyüklü-kiçikli bu şəhərlərin hər birinin öz şöhrəti, tarixçəsi var.
Tanrı tərəfindən xoşbəxt tale bəxş edilmiş bir şəhər də vardı bu dünyada. Tarixi 2500-3000 ilə gedib çıxırdı bu qədim insan məskəninin. Müasirlik isə yeni-yeni naxışlar vurmuşdu 7 mindən çox sakini, taleyi, arzusu olan bu şəhərə.
Bülbülü susan şəhər
Səhər mehi tellərinə sığal çəkər, gündüzlər günəş nurunda çimər, axşamlar işıq selində üzər. İşıqları sayrışan ulduzlarla bəhsə girər, gecələr ay nağılında uyuyardı.
Hər bahar qatar-qatar durnaları ötər, dəstə-dəstə qaranquşları yaz müjdəsi gətirərdi. Hər bahar gilənarı çiçəkləyərdi bu şəhərin.
Müdrik qocası, qəlbi coşub-daşan arzulara bələnən cavanı, yanaqlarından qan daman sərv boylu gözəlləri, şirin-şirin tuti dilləri ilə qəlblərə sevinc çiləyən körpələri vardı onun. Analar bu körpələrə də, onların rahat-rahat uyuduğu şəhərə də layla çalardılar.
Laylay, bülbülüm, laylay,
Körpə sünbülüm laylay.
Sən get şirin yuxuya,
Çəkim keşiyin, laylay.
İllərlə davam etdi bu layla. Hələ min illər də davam edəcəkdi. Fəqət… ”Sən saydığını say, gör fələk nə sayır”, – deyiblər.
Bir gecə bütün bunlar amansız düşmən fitnəsinə, yağı gülləsinə tuş gəldi.
Bəli, bu bir həqiqətdir ki müharibənin amansız qanunları var… şəhərlər dağılır, adamlar ölür, əsir düşür. Lakin əllərimi qaldırıb imdad diləyən qadına, üzünə gülümsəyən körpəyə güllə atmazlar. Bu qanunlar faşistlərdən daha dəhşətli düşmən olar mənfur ermənilərə aid deyildir. Heç bir tarix illər uzunu məharətlə gizlədilib saxlanılmış, bu qədər nifrətin, amansızlığın şahidi olmayıb. Elə bu gözəl şəhərin də taleyinə bu xəbisliyin, iblisliyin, nankorluğun qurbanı olmaq kimi bir faciə düşüb.
Xocalı faciəsi mühaibələr tarixinin ən qeyrətsiz səhifəsi, xalqımızın yaddaşına qanla yazılmış ən müdhiş səhifələrdən biridir.
1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə insanın bütün ali hissləri bu şəhərdə tapdalandı. 366-cı alay erməni qatillərinin əli ilə Qarabağda da Macarıstanda, Çexoslovakiyada, Tiflisdə, Vilnüsdə olduğu kimi, insan qırğını təcrübəsi həyata keçirdi. Qeyri-bərabər döyüşdə qəhrəmanlıq nümunələri göstərmiş Xocalının əldən düşmüş müdafiəçiləri bu nəhəng hərb maşınının qarşısını almaq iqtidarında deyildilər. Və bununla da Xatından, Sonqmidən, Liditsadan da ağır və dəhşətli faciə yazıldı. Xocalı yerlə yeksan olundu, yer üzündən silindi. Xalqımız bu ağır itkiyə ağı deməkdən başqa çarə tapmadı.
Kədər düşdü payına,
Səndən çətin yayına.
Hay vermədik hayına
Layla, Xocalım, layla.

Məndən küsüb soyadım
Namərd olsun qoy adım.
Səni necə oyadım
Layla, Xocalım, layla.
Bu hadisəyə aid dilsiz-ağızsız rəqəmlərin arxasında min bir dəhşət və faciə gizlənir.
Bəli, uşağın diri-diri başının dərisi soyulursa, anasının gözü qarşısında körpəsini nizəyə keçirib çaya tullayırlarsa, cavan oğlanları qəbir üstlərində boğazlarına bıçaq çəkirlərsə, qollarından, qulaqlarından ağac dirəklərə mıxlayırlarsa, qocaları yoğun məftillərə bağlayıb maşınların arxasınca sürüyürlərsə, südəmər körpələrin qarnını deşib ürəyini çıxarırlarsa, bu, dəhşət olmayıb bəs nədir?!
Xocalı qırğını Azərbaycan xalqının həyatına, tarixinə ən qanlı fəlakət, əzab və işgəncələrlə, həm də hünər və rəşadətlə dolu bir faciə kimi daxil olmuşdur. Bu qırğın yaddaşımızda əbədi həkk olunmuş tarixi bir faktdır.
Nə qədər ki, Azərbaycan xalqı var, nə qədər ki, dilimiz və yaddaşımız var, bu fakt, bu faciə unudulmayacaq, ömür payını ulularımızın uyuduğu torpağa zaman-zaman üzərlik eyləyən azəri türkü bu ağır sınağı layiqli qələbə ilə unutduracaqdır. Ulu Şəhriyarın sözü ilə desək…
Can qurban etmənin vaxtı çatıbsa,
Səndən hansı namərd əsirgəyər can?
Qoyuram başımı ayaqlarına,
Ey ana torpağım, ey Azərbaycan!
Rəna Mirzəliyeva

Şərh Yaz