Zəhmətin bəhrəsi, illərin töhfəsi

Ötən zaman ömürdən keçir. Bu minvalla insan ona bəxş edilmiş ömrü yaşayaraq arxada qoyduğu illərin özünəməxsus izləri ilə bir tarix yaradır. Yaşının müdrik çağına çatanda yaşanmış illərin arxasından boylanıb həyat yolunda qazana bildiyi nailiyyətlərə, arzusunda olub, əldə edə bilmədiklərinə nəzər salır. İllərin töhfəsini, zəhmətinin bəhrəsini görür. Xalqının tərəqqisi, vətəninin çiçəklənməsi üçün fəaliyyət göstərənlər ömürdən ötən illər üçün təəssüf etmir, əksinə, sevinir və qürur duyurlar. Belə insanlardan biri İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri, Respublikanın Əməkdar müəllimi Rasim Orucov haqqında söz açmaq niyyətindəyəm.
Zəhmətin bəhrəsi, illərin töhfəsi
Zəhmətin bəhrəsi, illərin töhfəsi

Ötən zaman ömürdən keçir. Bu minvalla insan ona bəxş edilmiş ömrü yaşayaraq arxada qoyduğu illərin özünəməxsus izləri ilə bir tarix yaradır. Yaşının müdrik çağına çatanda yaşanmış illərin arxasından boylanıb həyat yolunda qazana bildiyi nailiyyətlərə, arzusunda olub, əldə edə bilmədiklərinə nəzər salır. İllərin töhfəsini, zəhmətinin bəhrəsini görür. Xalqının tərəqqisi, vətəninin çiçəklənməsi üçün fəaliyyət göstərənlər ömürdən ötən illər üçün təəssüf etmir, əksinə, sevinir və qürur duyurlar. Belə insanlardan biri İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri, Respublikanın Əməkdar müəllimi Rasim Orucov haqqında söz açmaq niyyətindəyəm.
Rasim Orucovu çoxdan tanıyıram. İlk tanışlığımızdan sadəliyi, səmimiliyi, həyata nikbin baxışı ilə diqqətimi cəlb edib. Dəfələrlə haqqında qəzetdə nəsə yazmaq istəmişəm. Hər dəfə təvazökarlıq edib, razılıq verməyib. Rasim müəllimin 60 illik yubileyi olacağını bilib, yazı yazmaq üçün imkan yarandığına sevindim.
Rasim müəllimlə iş başında söhbət etdik. Fikrimi bildirdikdə yenə də həmişəki kimi yox, lazım deyil, – dedi.
Zəhmətin bəhrəsi, illərin töhfəsi
Amma xatirələri çözələdik, yaşanaraq tarixə dönmüş həyat kitabının vərəqlərini səhifələdik, olub keçənləri xəyal süzgəcindən keçirtdik. Xislətinə bələd olduğumdan ona verəcəyim suallara ehtiyac görmədim. Bilirdim ki, səmimiliyi və sadəliyinə görə söhbət əsasında heç bir qeydiyyat aparmadan verdiyim sualların cavabını ondan rahatlıqla alacağam. Sadəcə, ayrılandan sonra dediklərini, danışdıqlarını yığıb, toplayıb yazmaq qalırdı.
Orucov Rasim Hacıbaba oğlu 1954-cü ilin may ayının 3-də İsmayıllı rayonunun güllü-çiçəkli bir kəndində, Cülyanda, müəllim ailəsində dünyaya göz açıb. 1961-ci ildə kənd məktəbinin birinci sinfinə qəbul olunub, VI sinfə qədər burada oxuyub, 1966-cı ildə Aşağı Cülyan kəndinə köçdükləri üçün təhsilini bu kənd səkkizillik məktəbində davam etdirib. 1968-ci ildən təhsilini İsmayıllı şəhər 1 nömrəli məktəbində davam etdirib. 1971-ci ildə orta məktəbi yaxşı və əla qiymətlərlə bitirib. Əmək fəaliyyətinə Sumqayıt Kompressorlar Zavodunda tornaçı kimi başlayıb. 1972-ci ildə sənədlərini ADPU-nin coğrafiya fakültəsinə verib və tələbə adını qazanıb.
1976-ci ildə institutu bitirən R.Orucov İsmayıllı rayonunun Quşencə kənd orta məktəbində öz ixtisası üzrə müəllim təyin olunub.
1981-ci ildə irəli çəkilərək, Cülyan kənd səkkizlik məktəbinə direktor təyin edilib.
Rəhbərliyin etimadını qazanan Rasim Orucov 2004-cü ildən İsmayıllı RTŞ-in müdiri vəzifəsində çalışır. 2008-ci ildə ona Azərbaycan Respublikasının Əməkdar müəllimi fəxri adı verilmişdir.
Ailəlidir, üç övladı və beş nəvəsi var.
Orta məktəbi yüksək qiymətlərlə bitirən Rasim müəllimdən necə oldu ki, müəllimliyə üstünlük verdiniz, soruşduqda:
– O vaxt istənilən ali məktəbə və istənilən ixtisasa qəbul olmağa biliyim imkan verirdi. Bu peşəni ona görə seçdim ki, müəllim ailəsində dünyaya göz açmışam. Ağlım kəsəni evimizdə kitab, dəftər, qələm görmüşəm. Atam dil-ədəbiyyat müəllimi idi. Hamı ona hörmət və ehtiram göstərirdi. O zamandan müəllimin böyüklüyünü dərk etmişdim. Həmişə atamın “Bağ bağbansız, bəşəriyyət müəllimsiz keçinə bilməz”. “Şagirdləri öyrətmək həyat amalımdır” kəlamını xatırlayır, müəllim olmağımdan qürur duyuram…
Hər bir insan qarşısına məqsəd qoymalı və bu məqsədə nail olmaq üçün əziyyətə qatlaşmalıdır. Şükürlər olsun, bu gün respublikamız inkişaf yolundadır və Azərbaycan təhsili uğurla irəliyə doğru addımlayır. Buna görə hamımız sevinirik və dövlətimizin başçısı ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlığımızı bildiririk. Arzu edirəm ki, hər bir azərbaycanlı gənc vətənimizə layiqli övlad olsun. Ulu öndər Heydər Əliyevin bizə miras qoyduğu dövlətçilik ənənələri qorunsun, respublikamızın adı, şərəfi uca tutulsun.
Rayonda 81 ümumtəhsil məktəbi var. Onlardan 46-sı tam orta, 22-i ümumi orta, 13-ü ibtidai məktəbdir. Bu təhsil müəssisələrində 11800 şagird təhsil alır. Təlim-tərbiyə işi ilə 1561 nəfər pedaqoji işçi məşğul olur. Onlardan 1428 nəfər ali, 133 nəfəri isə orta ixtisas təhsillidir.
RİH-nin başçısı cənab Mirdaməd Sadıqovun təşəbbüsü və səyi nəticəsində cari dərs ilində İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci yaradılıb.
2008-ci ildə Cülyan və Xəlilli kəndlərinin hər birində 220 şagird yerlik , Ağbulaq kəndində 200 şagird yerlik məktəb binaları , Buynuz kəndində Yaponiya səfirliyinin vəsaiti hesabına 200 şagird yerlik əlavə korpus tikilib. 2009-cu ildə Gideyli kəndində 180 şagird yerlik, 2010-cu ildə Qaraqaya kəndində 180 şagird yerlik, 2011-ci ildə Soltankənd kəndində 180 şagird yerlik, 2012-ci ildə Kürdeldarbəyli, Talış və Sərdahar kəndlərinin hər birində 80 şagird yerlik, 2013-ci ildə Yeniyol, Müdri kənd tam orta məktəb binaları, Mücü kəndində 80 şagird yerlik, Pirəbilqasım kəndində 40 şagird yerlik ibtidai məktəb binaları tikilib.
2013-cü ildə İsmayıllı şəhərində Dövlət vəsaiti hesabına 140 uşaq yerlik bağça-körpələr evi, Yaponiya səfirliyinin maliyyə dəstəyi ilə şəhər 2 nömrəli uşaq bağçası üçün yeni binalar tikilib. 19 məktəb Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə keçirilən “Ən yaxşı ümumtəhsil müəssisəsi” müsabiqəsinin qalibi olub.
Müəllimlər yeni metodlardan səmərəli istifadə etməklə fəaliyyət göstərirlər. Rayonumuzda hər bir müəllimin müasir texnologiyalardan istifadə etmə bacarığına yiyələnməsi bir məqsəd kimi qarşıya qoyulub. Müəllimlərimiz mütəmadi olaraq öyrədici kurslarda biliklərini artırır, işlərini kurikulumun tələbləri əsasında qururlar. 2012-2013-cü tədris ilində V sinifdə dərs deyəcək 576 nəfər fənn müəllimi 60 akademik saatlıq təlim kurslarından keçib. 2013-2014-cü tədris ilində isə V-VI siniflərdə dərs deyəcək 445 nəfər fənn müəllimi təlim kurslarını bitirib. 2012-2013-cü tədris ilində pedaqoji kadrların ayrı-ayrı kateqoriyaları üzrə 132 nəfər ixtisasartırma kurslarına cəlb edilib. 27 nəfər fənn müəllimi isə “Öyrədənlərin öyrədəni” kursunu bitirib. 800 nəfərdən çox ixtisas müəllimi informasiya-kommunikasiya texnologiyalarının tədris prosesinə tətbiqi üzrə kurslardan keçib.
İşini günün tələbləri səviyyəsində qura bilən müəllimlərimiz çoxdur. Səmərəli pedaqoji fəaliyyətinə görə dövlət tərəfindən mükafatlandırılan və təltif edilən bir neçə müəllimin adını çəkmək yerinə düşərdi.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə son illərdə şəhər 1 nömrəli tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Mirvari Musayeva, həmin məktəbin direktoru Şəfaqət Rəsulov, riyaziyyat müəllimi İzhar Kazımov, Lahıc qəsəbə tam orta məktəbin direktoru Hikmət Haqverdili və fizika-informatika müəllimi Rövşən Əliyev, şəhər 6 nömrəli tam orta məktəbinin riyaziyyat müəllimi Musavəddin Kərimov, Talıstan tam orta məktəbinin direktoru Aydın Əzizov və kimya-biologiya müəllimi Şahsuvar Abbasov, RTŞ-nin müdiri Rasim Orucov və şöbənin əməkdaşı Ramiz Baloğlanov Azərbaycan Respublikasının Əməkdar müəllimi fəxri adına layiq görülüblər.
6 nömrəli tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Hacıməmməd Məmmədov, həmin məktəbin hərbi müəllimi Əsgər Manafov, rayon Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, şəhər 1 nömrəli tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Aidə İsgəndərova və təqaüddə olan rus dili müəllimi Miryavər Hüseynov “Tərəqqi” medalı ilə təltif ediliblər.
Çingiz Muradlı, Rövşən Əliyev, Şərafət Bayramov, Şükufə Nəcəfova, Ülviyyə Tahirova, Hümay Əhmədova, Fəqan Məmmədov, Əjdər Mirzəyev (vəfat etmişdir), Samir Ağabalayev, Əsgər Manafov, Tahir Abdullayev, Pərvanə Piriyeva, Ruhiyyə Mahmudova, Şəkər Hacıyeva, Brilyand Mursalova, Minazər Mahmudova səmərəli fəaliyyətlərinə görə ”İlin müəllimi” adına layiq bilinib, Dünyabəyim Eminova və Şərafət Bayramov Elektron təhsil müsabiqəsində “Təhsildə İnternet resursları” nominasiyasında I yer və III yerləri tutublar.
2008-ci ildən bu günə kimi xüsusi təyinatla rayonumuza göndərilmiş 140 nəfər gənc müəllim ixtisaslarına uyğun işlə təmin olunub. Onlar üçün hər cür şərait yaradılıb, qanunauyğun həvəsləndirici, əlavə maaşla təmin ediliblər.
2012-ci ildə rayon ümumtəhsil məktəblərini 760 nəfər bitirib. Onlardan 446 nəfəri ali məktəblərə sənəd verib.
2012-ci ildə abituriyentlərimizdən 270 nəfəri ali məktəblərə qəbul olunub. 11 nəfər 600-dən yuxarı, 44 nəfər isə 500-600 arasında bal toplayıb. Lahıc qəsəbə tam orta məktəbinin məzunu Əliqulu Əlili qəbul imtahanlarında qazandığı yüksək nəticəyə görə Prezident təqaüdünə layiq görülüb. Şəhər 5 nömrəli tam orta məktəbindən 3, şəhər 6 nömrəli tam orta məktəbindən 3, şəhər 1 nömrəli tam orta məktəbindən 2, Lahıc qəsəbə tam orta məktəbindən 2, şəhər 2 nömrəli tam orta məktəbindən bir nəfər məzun 600-dən yuxarı bal toplayıb. Tələbə adını qazananlardan 91 faizi dövlət, 9 faizi isə özəl ali təhsil müəssisələrinə qəbul olunub. Göstəricilərimiz respublika üzrə orta göstəricidən 10,4 faiz yuxarıdır. Abituriyentlərimizin çoxu Bakı Dövlət Universitetinə, Azərbaycan Dövlət İqtisad Universitetinə, Azərbaycan Müəllimlər İnstitutuna və Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olunublar. Təhsilimiz dinamik inkişaf yolundadır. Təhsilimizin dünya təhsilinə inteqrasiyası, tədrisdə kurikulumun tətbiqi, təhsil müəssisələrində yeni texnologiyalardan istifadə edilməsi bu fikri təsdiq edir.
2012-2013-ci tədris ilində fənn olimpiadalarının rayon turlarında 1162 nəfər şagird iştirak edib. 446 nəfər şagirdimiz I-III yerləri tutub. 159 nəfər I yerə layiq görülüb. Rayon mərhələsinin ikinci turunda 79 nəfər I-III, 26 nəfər isə I yerə layiq görülüb. Respublika turunda iştirak edən 16 şagirdin 8 nəfəri qalib olub. 2012-2013-cü tədris ilində 4 nəfər şagirdimiz Qızıl medala layiq görülüb. 2013-ci ildə 21 nəfər şagirdimiz 600-dən yüksək bal, 52 nəfər 500-600 arasında bal toplayıb. 4 nəfər şagirdimiz müxtəlif inşa müsabiqələrinin respublika qalibləri olub. ”Fövqəladə hallar uşaqların gözü ilə“ adlı dekorativ yaradıcı, texniki və intellektual Respublika müsabiqəsində Uşaq Yaradıcılıq Mərkəzinin 7 nəfər dərnək üzvü qaliblər sırasında yer tutub. EKOERUDİT məktəblilərin Respublika ekoloji Breyn-rinq bilik yarışının I müsabiqəsinin respublika turunda Təzəkənd kənd tam orta məktəbin “Babadağ” komandası ikinci olub.
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi Təşkilatının keçirdiyi “Bayrağımız qürur mənbəyimizdir” mövzusunda rəsm müsabiqəsində şəhər 1, 3, 5 və 6 nömrəli tam orta məktəblərinin şagirdləri qaliblər sırasında yer tutub. Şahmat məktəbinin şagirdlərindən Cəbrayıl Hüseyinli, Qəfər Bədəlov, Aqşin Mirzəyev, Nərmin Hacıyeva respublika yarışlarında müxtəlif vaxtlarda I-III yerlər tutublar.
Cülyan kənd tam orta məktəbinin şagirdi Gülqədəm Fərmanlı, 3 nömrəli tam orta məktəbin şagirdi Həcər Novruzova, 2 nömrəli tam orta məktəbin şagirdi Seymur Səmədzadə, 5 nömrəli tam orta məktəbin şagirdi Aysel Bağırova Təhsil Nazirliyinin Fəxri fərmanları və qiymətli hədiyyələrilə mükafatlandırılıblar.
Rayonun şagirdləri müxtəlif beynəlxalq layihələrin də qalibləri olub. Şəhər 1 nömrəli tam orta məktəbinin şagirdləri Ayna Səfərova, Aqil Piriyev, Azər Piriyev məktəblilər arasında Ukrayna və Çexiya universitetlərinin keçirdiyi ingilis dili üzrə beynəlxalq olimpiadada qalib gələrək I yeri, Cülyan kənd tam orta məktəbinin şagirdləri Aysu Qafarova və Aysel Qafarova Təhsil Nazirliyinin xətti ilə keçirilən “Elm və yenilik” adlı beynəlxalq layihədə iştirak edərək qalib adına, şəhər 2 nömrəli tam orta məktəbinin şagirdləri Afaq Sabirli, Bahar Əsədova, Seymur Səmədzadə, Leyla Talıbzadə, Dilqəm Məmmədov Rusiya və Çexiya universitetlərinin keçirdiyi fizika fənni üzrə VII beynəlxalq olimpiadanın II turunda, şəhər 6 nömrəli tam orta məktəbinin şagirdi Bəhruz Əliyev VI beynəlxalq informatika layihə olimpiadasının final mərhələsində qalib gəlib. Bütün bu uğurlar Rasim müəllimin Rayon Təhsil Şöbəsinə rəhbərlik etdiyi dövrə düşür.
Ömür yolu heç də həmişə arzulandığı kimi, maneəsiz, hamar olmur. Rasim müəllim indiyədək enişli-yoxuşlu uzunluğu 60 illə ölçülən bir həyat yolu keçib. Bu illərin sevincini-kədərini, qışını-baharını görüb. Heç bir uğur, heç bir nailiyyət ona asan başa gəlməyib, gərgin zəhmət, daim öyrənməyinin əziyyətinə qatlaşmaq bacarığı, sonsuz axtarışlar onun yol yoldaşı olub. Bəzən taleyin zərbələrini də görüb…
Rasim müəllim ömrünün 60-cı baharını yaşayır, ömrünün müdrik çağıdır. Həmişə şən əhvallı, özünəməxsus müsbət xüsusiyyətləri kifayət qədərdir. Dostluqda sədaqəti, səmimiyyəti ilə onunla təmasda olanların dərin hörmətini qazanıb.
Böyük həyat yolu keçmiş Rasim müəllim həm də gözəl ailə başçısıdır. O, övladlarını, nəvələrini həmişə azərbaycançılıq ideyası ruhunda tərbiyə edir, onların əsl vətəndaş kimi yetişməsinə çalışır. Artıq Rasim müəllim kamilliyin, müdrikliyin zirvəsindədir.
Adətən, bu yaşa çatanda insanlar arxaya boylanıb: “ İllər, sizdə nəyim qaldı?“ – deyə bəlkə də özlərinə bir hesabat verirlər. Rasim müəllimin ötən illərdə qazandıqlarının ən dəyərlisi onu tanıyanların sevgisi, məhəbbətidir.
60 illik yubileyini qeyd edən bu ziyalı insanı, təhsilin, elmin inkişafı üçün böyük enerji ilə çalışan Rasim Hacbaba oğlu Orucovu səmimi qəlbdən təbrik edir, ona uzun ömür, cansağlığı arzulayırıq. Bilirik ki, söylədiklərimiz onun halal zəhmətinin bəhrəsi, illərin töhfəsidir.
Yubilyarı rayon ictimaiyyəti, müəllimlər, şagirdlər adından da təbrik edirik. Onun neçə belə uğurlu illərə çıxmasını diləyirik.
60 yaşınız mübarək, Rasim müəllim!
Kiçik bir şeirimlə sizi təbrik edənlərə qoşuluram:
Nurlu ziyalısan, ər oğlu, ərsən,
Günəşi üfüqə gülən səhərsən.
Bir an görməyəsən qüssə, qəhər sən,
Halal zəhmətinlə aldın yüksək ad,
Səndən öyrənməklə açdıq qol-qanad.

İçində düzlüyün uca heykəli,
Gedirsən inamla daim irəli.
Canınla sevirsən bu yurdu, eli,
Məramın, məqsədin quş kimi azad
Səndən öyrənməklə açdıq qol-qanad.

Hər an canım dedin bu doğma yurda,
Əzmin, dəyanətin örnəkdi burda.
Adına Günəşdən süzülən nur da
Sevinir, bu eli gördükcə abad,
Səndən öyrənməklə açdıq qol-qanad/

Verərəm canımı ər oğlu ərə,
Bir söz də demərəm boşa, hədərə.
Hacı alqış deyər hər bəxtəvərə
Yaxşılar hər zaman olunacaq yad,
Səndən öyrənməklə açdıq qol-qanad.
Hacıməmməd Məmmədov,
“ Qızıl qələm “ mükafatı laureatı

Şərh Yaz