Böyük müəllimim həyatdır

Alçın Şirinzadə – texnika elmləri doktoru, professor, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin baş direktoru
Qısa tərcümeyi-halı: Alçın Əlsəftər oğlu Şirinzadə 23 may 1951-ci ildə Bakı şəhərində, ziyalı ailəsində anadan olmuşdur. 1968-ci ildə Yasamal rayonundakı 176 nömrəli məktəbi bitirmiş, həmin il Azərbaycan Dövlət Neft Akademiyasının neft-qaz yataqlarının işlənməsi fakültəsinə daxil olmuş, 1973-cü ildə həmin fakültəni bitirərək ilk iş yerinə – Neft Daşlarına yollanmışdır. Əvvəlcə neft-qaz çıxarma operatoru, 1974-1975-ci illərdə mühəndis-texnoloq, mədən rəisinin müavini işləmişdir. 1975-1981-ci illərdə böyük mühəndis-texnoloq kimi fəaliyyət göstərmişdir.

Böyük müəllimim həyatdırUlu Basqalın elm korifeyləri və məşhur ictimai xadimləri

Alimin mürəkkəbi şəhid qanından şərəflidir.
Məhəmməd peyğəmbər (s.ə.a.s)
Böyük müəllimim həyatdır
Alçın Şirinzadə – texnika elmləri doktoru, professor, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin baş direktoru
Qısa tərcümeyi-halı: Alçın Əlsəftər oğlu Şirinzadə 23 may 1951-ci ildə Bakı şəhərində, ziyalı ailəsində anadan olmuşdur. 1968-ci ildə Yasamal rayonundakı 176 nömrəli məktəbi bitirmiş, həmin il Azərbaycan Dövlət Neft Akademiyasının neft-qaz yataqlarının işlənməsi fakültəsinə daxil olmuş, 1973-cü ildə həmin fakültəni bitirərək ilk iş yerinə – Neft Daşlarına yollanmışdır. Əvvəlcə neft-qaz çıxarma operatoru, 1974-1975-ci illərdə mühəndis-texnoloq, mədən rəisinin müavini işləmişdir. 1975-1981-ci illərdə böyük mühəndis-texnoloq kimi fəaliyyət göstərmişdir.
1981-1984-cü illərdə Alçın Şirinzadə neftçıxarma işində artıq təcrübə qazanmış və onu “Xəzərdənizneftqazsənaye” Ümumittifaq İstehsalat Birliyində neft hasilatı şöbəsinə baş texnoloq təyin etmişlər. 1984-1990-cı illərdə ADNA-nın iqtisadiyyatın təşkili və idarə olunması kafedrasında dosent, 1990-1992-ci illərdə “Xəzərdənizneftqaz” İstehsalat Birliyində texniki şöbənin rəisi, 1992-1994-cü illərdə “Azneft” neft və qaz hasilatı baş idarəsində neftçıxarma üzrə istehsalat şöbəsinin rəisi, 1994-1996-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dənizdə neft-qazçıxarma İB-də baş mühəndisin müavini işləmişdir.
Böyük müəllimim həyatdır
A.Şirinzadə 1996-cı ilin avqust ayından 2006-cı ilin əvvəlinə kimi “Neft Daşları” NQÇİ-nin rəisi vəzifəsində çalışmışdır. 2006-cı ilin fevralında isə Azərbaycan Dövlət Neft Sənayesi Elmi-Tədqiqat və Layihələşdirmə İnstitutunda direktorun elmi işlər üzrə müavini təyin olunmuşdur. 2007-ci ildə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin baş direktoru vəzifəsində çalışır.
1983-cü ildə namizədlik, 1999-cu ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir.
Evlidir. Aytən, Firuzə və Nərgiz adlı üç övladı var.
Alçın Şirinzadə Milli Aerokosmik Agentliyində fəaliyyət göstərən Dissertasiya Şurasının sədridir. O, 2007-ci ildən “Azərbaycan Milli Aerokosmik Agentliyinin xəbərləri” jurnalının baş redaktoru, Beynəlxalq Şərq Neft Akademiyasının həqiqi üzvüdür. 100-ə qədər məqalənin, 2 monoqrafiyanın müəllifidir. İxtiralara görə 15 müəlliflik şəhadətnaməsi almışdır. 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü olan A.Şirinzadə “Tərəqqi” medalı ilə, dəfələrlə Fəxri fərmanlarla təltif olunmuşdur. Azərbaycan Xəzər Universitetinin Direktorlar Şurasının üzvüdür.
Böyük müəllimim həyatdır
Qabaqcadan Alçın müəllimlə şərtləşdiyimizə görə o, öz taleyi barədə danışmağa başladı:
– Sadə müəllim ailəsində doğulmuşam. Atam Əlsəftər müəllim çox cəfakeş, zəhmətkeş insan idi. Orta məktəbdə fizikadan dərs deyirdi. Ailəni ac qoymamaq üçün çox yerdə işləyirdi – gündüz, gecə məktəblərində, texnikumda. Ədəbiyyatı çox sevirdi, Hüseyn Cavid, Cəfər Cabbarlı, Məhəmməd Hadi, Tofiq Fikrət dilindən düşmürdü. Həmişə bizi teatra aparırdı, incəsənətə sevgi aşılayırdı. Deyirdi, xalqın mədəni sərvətlərini öyrənmək lazımdır. Öyüd-nəsihətləri yadımdan çıxmayıb. Nizami, Füzuli, Sədi, S.Ə.Şirvani, Sabir diliylə, kəlamlarıyla deyərdi sözünü. Deyirdi: “Təmiz olun, əsaslı təhsil alın, mərd olun”.
Öz uşaqlığından, ata-anasından, bacı-qardaşlarından bir istinad nümunəsi kimi danışmağı çox sevirdi. Atası Məşədi Əliqulunun üç oğlu: İsmayıl 1888-ci ildə anadan olub, realnı məktəbin 7-ci sinfini bitirib, uzun müddət mühasib işləyib. Çarvadarlıq edib, kömür satıb. Hər əziyyətə dözüb ki, təki uşaqlar ədəbli böyüsünlər, oxusunlar. Zəhməti hədər getməyib – bütün övladları ali təhsil alaraq yaxşı mütəxəssis kimi yetişiblər. Qardaşı Həmzə də realnı məktəbi bitirib, müəllim işləyib. Həmzənin bütün uşaqları da ali təhsil alaraq həyatda layiqli yerlərini tutublar.
Atam, bacıları haqqında çox razılıqla danışardı. Deyirdi, bacım Xavər məndən, qardaşlarımdan, övladlarımızdan nə qədər razı qalıblarsa, o da onların tərbiyəsindən, ədəbindən, təhsilindən daha artıq sevinib, fəxr edib. Xavər xanımın (O, 1970-ci ildə dünyasını dəyişib.) həyat yoldaşı Məşədi Məhəmməd el-obada böyük nüfuza malik insan olub. 1937-ci ilin repressiyası məhz belə adamları qurban aparırdı. Çünki bu qəddar siyasətin başında əbədi-əzəli düşmənimiz olan ermənilər dururdu. Məşədi Məhəmməd kimi nurlu, ürəyiaçıq, hamının könlünü almağa çalışan, oruc tutan, namaz qılan bir adam tamamilə yad ittihamlarla – hökumətin əleyhinə getmək, onu pisləmək kimi böhtanlarla şərlənərək təmiz adına “xalq düşməni” damğası vurulub gedər-gəlməzə göndərilmişdi.
– Atam daim Xavər bibimlə, onun layiqli övladları ilə əlaqə saxlayar, onlardan danışanda sifəti daha da nurlanırdı. Bibimin Məşədi Məhəmmədlə nigahından Ağabağır, Malik, Nazilə, Tahirə, Çimnaz adlı beş övladı olub. Represiya zamanı ailənin ilki Ağabağırın 13, kiçiyi Malikin isə cəmi 2 yaşı olub. Xavər bibim övladlarını nəslin nəciblik, ağayanalıq ruhunda tərbiyə etdi. Onların hər biri Vətənə, xalqa faydalı insan kimi yetişdilər, el-obada xətir-hörmət, nüfuz sahibi kimi tanındılar. Ağabağır (1975-ci ilin dekabr ayında vəfat edib) və Malik ADU-nun iqtisad fakültəsini bitirmiş, rayonda yenilikçi bir ziyalı mütəxəssis kimi müxtəlif rəhbər vəzifələrdə çalışmışdır. Malik də ali təhsilli iqtisadçı kimi uzun illər İsmayıllı rayonunda müxtəlif idarə və təşkilatlara rəhbərlik etmişdir. Həm Ağabağırın, həm Malikin, həm Nazilə, Tahirə və Çimnazın övladları da sələfləri kimi böyük bir nəslin şərəfli estafetini ləyaqətlə şaxələnən şəcərələrinə ötürür. Badam bibim olduqca gözəl qız olub. Gənclik yaşında vəfat edib.
Anam çox gözəl və nəvazişkar qadın idi. Atam işdə ac qalmasın deyə ona qovrulmuş günəbaxan tumları verərdi. Həmişə övladlarının gələcəyini düşünərdi. Cəmi 4 sinif təhsilli olmasına baxmayaraq, dərslərimizi ciddi nəzarətdə saxlayırdı. Zəif qiymət alanda bizi məzəmmət edirdi. Neft Daşlarında işləyəndə əmək haqqım kifayət qədər yüksək idi və hər ay məvacibimdən müəyyən məbləğ anama verirdim. Anam rəhmətə gedəndən sonra məlum oldu ki, hər bir övladı üçün xüsusi bağlamalara zinət əşyaları və pul yığarmış. Uşaqlardan ən çox məni istəyirdi.
Bacım Zemfira xanım Dillər İnstitutunda ingilis dilindən dərs demişdir. 1970-1973-cü illərdə Əfqanıstanda həyat yoldaşı Arif Kazımovla çiyin-çiyinə fəaliyyət göstərmişdir. Zemfira xanım 1990-cı ildə vəfat etmişdir. Oğlu Elçin texnika üzrə fəlsəfə doktorudur. ARDNŞ-ın “Neftqazelmitətqiqatlayihə” İnstitutunda şöbə rəisi vəzifəsində çalışır.
Lətifə bacım ali məktəbi bitirdikdən sonra “Azneft” İstehsalat Birliyinin uşaq bağçasında müəllim işləmişdir.
Qardaşım Azər müəllim, ədəbiyyat və incəsənətə meylli olmasına baxmayaraq atamın məsləhəti ilə Azərbaycan Dövlət Neft Akademiyasının geologiya fakültəsinə daxil olmuş və uzun müddət neft sənayesində fəaliyyət göstərmişdir. 1993-cü ildə vəfat etmişdir.
Bacım Fatma Azərbaycan Dövlət Xarici Dillər İnstitutunu bitirmiş, AMEA-nın “Dərin neft və qaz yataqları problemləri” institutunda çalışmışdır.
Söhbətimizə bir az ara veririk. Çay içirik. Eyvanımızdan Basqalın cənubundakı Əmrəki meşəsinə, qərb tərəfdəki yaşıl talalara, çəmənliklərə təsvirolunmaz gözəl mənzərə açılır. Alçın müəllim doğma vətənin gözəlliklərinə heyran-heyran baxır, yavaşca etiraf edir:
– Mənim anlamımda şəxsi iş, yəni təkcə özünə, ailənə aid fəaliyyət yoxdur. Hamımız bu ölkədə yaşayırıq və yurdumuzun marağı, xeyiri işimizin əsas məzmunu olmalıdır. Məsələyə belə yanaşanda da belə cazibədar yurdunda dincəlmək, doğmalarınla, dost-aşnayla görüşmək üçün vaxt ayırmaq olmur.
Əslən Lənkərandan olan və 1937-1938-ci illərdə oradan ailəsi ilə birlikdə “qolçomaq” adı ilə İsmayıllıya sürgün olunan Zəkiyyə xanım o zaman kiçik bir qız idi.
Sonralar çərxi-dövranın axarı elə gətirdi ki, 1950-ci ildə Zəkiyyə xanımın ailəsi Lənkərana qayıtdı. Bütün Cənub zonasında tanınan, nüfuzlu şəxsiyyət olan Rüfail Həmidov Zəkiyyə xanımla ailə qurdu. Bu ailədə böyümüş Yaşar, İlham və Azər adlı geniş qəlbə malik olan üç qardaşın yeganə bacısı Nərminə xanıma Alçın müəllimlə ailə qurmaq qismət oldu.
Alçın və Nərminə xanımın qarşılıqlı sevgi və etibar, milli-mənəvi, əxlaqi dəyərlər üzərində qurulmuş mehriban ailəsində üç gözəl qız dünyaya gəlib – Aytən, Firuzə və Nərgiz. Aytən və Firuzə ali təhsil alıb. Hüquqşünas olan Aytən MEKA-da baş mütəxəssisdir. İqtisadçı Firuzə isə Mərkəzi Neftçilər Xəstəxanasında çalışır. Hər ikisi ailə qurub, qayğıkeş anadırlar. Aytənin üç övladı var. Firuzənin ailəsində artıq ikinci Alçın böyüyür. Firuzə və həyat yoldaşı Cavid uşağı Alçın çağırmaqdan zövq alırlar.
Ali təhsilli bioloq olan Nərminə xanım Alçın müəllimin çalışdığı neft sahəsində işləyib, hazırda “Neftqazelmitədqiqatlayihə” İnstitutunda əmək fəaliyyətini davam etdirir.
Fitri istedada malik, hələ uşaqlıqdan akademik Azad Mirzəcanzadənin diqqət və rəğbətini qazanmış, qeyri-adi istedad sahibi olacağını proqnozlaşdırdığı Nərgiz isə hələ tələbədir, gələcəyin neft mühəndisidir.
Alçın müəllim həsrətlə tələbəlik illərini, ilkin gəncliyini xatırlayır.
-Tələbəlik illərindən həm yaxşı bilik, ixtisas qazanmışam, həm də gözəl, etibarlı dostlar. Ağamehdi Rzayev, Fuad Baxşıyev, Xaliq Şəfiyev, Mədət İbrahimov, Telman Cəfərov, Hüseyn Novruzov – çox , lap çox olub dostlarım. İnstitut müəllimlərinin əməyi ömrümün təkanvericisi olub. Bu gün də o zəhməti yaşayıyarm.
Tələbəlik illərində tez-tez Moskvaya, qardaşım Siyavuşun yanına gedirdim – SSRİ Neft Sənayesi Nazirliyinə. Orada – ikinci mərtəbədə dəhlizdə Neft Daşlarına baxırdım. Qət etdim ki, işləməyə oraya gedəcəyəm. Niyyətin hara, mənzilin də ora. 1973-cü ildə ADNA-nı bitirib “Möcüzələr adası”na gəldim. Həqiqətən möcüzə idi. Yenə dostlarımla bir yerdə idim. B.Hacıyev, F.Həmzəyev idarə rəhbərləri, F.Mirzəliyev mədən rəisimiz idi. Quyu üzərində işləməyi Fariz müəllim öyrətdi. Öyrənə-öyrənə bu peşəyə bağlandım və indi xoşbəxtəm ki, bu yolu seçmişəm. Beləcə, pillə-pillə həm həyat, həm də istehsalat yolları ilə irəliləmişəm. Neftçi Qurban mənim üçün böyük istehsalat məktəbi idi.
İstehsalatçı kimi idealım neftçi Qurban olub, alim kimi – dünya şöhrətli akademikimiz Azad Mirzəcanzadə. Ümumiyyətlə, Azad müəllim taleyimdə, dünya görüşümdə müstəsna rol oynamış Nadir şəxsiyyətdir. Mən onun dühası qarşısında, ruhu qarşısında baş əyirəm. Alim kimi, nəyə nail olmuşamsa, Azad Mirzəcanzadə məktəbinin xidmətidir.
Bütün ömrüm boyu çalışmışam ki, valideynlərimin, müəllimlərimin verdiyi nəsihətləri yerinə yetirim. Düz yola getmişəm. Nə dərəcədə nail olmuşam, deyə bilmərəm. Valideynlərimin mənə verdikləri tərbiyəni övladlarıma verməyə çalışmışam. Xoşbəxtəm ki, məni bütünlüklə başa düşən, mehriban ailəm var. Ailə – dövlət içində dövlətimdir.
Taleyimdən keçən bütün yaxşı, güclü, nəcib, xeyirxah, ağıllı insanlara minnətdaram. Çünki həyatın gözəlliyini mən onlarda tapmışam. Həyatı yaşamağı, mübarizə aparmağı, qurub-yaratmağı mən onlardan öyrənmişəm. Ən böyük müəllimim isə həyatın özü olmuşdur. Bu, mənim taleyimdir.
Miryavər Hüseynov

Şərh Yaz