Adığözəl babanın Qəhrəman nəvəsi

Şəhərin mərkəzində əməlli-başlı izdiham vardı. Kəndlərdən də xeyli adam gəlmişdi. Onlar axırıncı – Torpaq çərşənbəsinə, keçirilməsi elə həmin günə təyin olunmuş ümumrayon Novruz bayramı şənliyinə toplaşmışdılar. Meydandakı çal-çağır adamların əhval-ruhiyyəsini qaldırmışdı. Üz-üzə gələnlərin hamısı çoxdanın həsrətliləri kimi öpüşüb-görüşür, bir-birini “Bayramın mübarək olsun!” – deyib, təbrik edirdi. Kəndlərin bayramdakı təmsilçiliyi diqqət çəkən mənzərələr yaratmışdı. Milli, qədimi geyimdə olan adamlardan kimisi sac qoyub yuxa bişirir, kimisi hazırladığı bayram bişintilərini, bir başqaları isə daha fərqli bacarığa sahib olduqlarını nümayiş etdirirdi.
Adığözəl babanın Qəhrəman nəvəsi
Adığözəl babanın Qəhrəman nəvəsi

Şəhərin mərkəzində əməlli-başlı izdiham vardı. Kəndlərdən də xeyli adam gəlmişdi. Onlar axırıncı – Torpaq çərşənbəsinə, keçirilməsi elə həmin günə təyin olunmuş ümumrayon Novruz bayramı şənliyinə toplaşmışdılar. Meydandakı çal-çağır adamların əhval-ruhiyyəsini qaldırmışdı. Üz-üzə gələnlərin hamısı çoxdanın həsrətliləri kimi öpüşüb-görüşür, bir-birini “Bayramın mübarək olsun!” – deyib, təbrik edirdi. Kəndlərin bayramdakı təmsilçiliyi diqqət çəkən mənzərələr yaratmışdı. Milli, qədimi geyimdə olan adamlardan kimisi sac qoyub yuxa bişirir, kimisi hazırladığı bayram bişintilərini, bir başqaları isə daha fərqli bacarığa sahib olduqlarını nümayiş etdirirdi.
Adığözəl babanın Qəhrəman nəvəsi
Meydan küçəsinin sağını və solunu bəzəyən sərgilərdə bir-birindən gözəl müxtəlif əl işlərinə də rast gəlmək olurdu: rəsm əsərləri, səmənidən hazırlanmış müxtəlif füqurlar, xalçalar, mis qablar, Azərbaycanın xəritəsi təsviri verilmiş səməni və sair əşyalar adamların diqqətlə tamaşa etdikləri eksponatlar idi. Burada nümayiş etdirilən nümunələrdən ən çox marağa səbəb olani yüksək zövq və ustalıqla yaradılmış əl işləri idi.
Adığözəl babanın Qəhrəman nəvəsi
Bu sərgilərə tamaşa edə-edə gəlib meydanın lap kənarına çıxırıq. Elə uzaqdan ağacdan yonulmuş qartal füqurları diqqətimizi cəlb edir. Yaxınlaşırıq. Pəhləvan bədənli, gülərüz eloğlumuza salam verib, bayramın mübarək olsun deyirik. O da bizə borclu qalmır. Şirindil, dərin səmimiyyətlə təşəkkür edir. Yəqin edirik ki, möcüzə kimi görünən bu kiçik sərgidə görünən əl işlərinin sahibi həmin kişidir. Adının Qəhrəman olduğunu biləndə: Belə bacarıq sahibi olmaq özü qəhrəmanlıqdır, – deyib ustanın işinə qiymət veririk. Ustanın nümayişə gətirdiyi qartallara, müxtəlif milli ornamentli şəbəkələrə, nərdtaxtaya, güzgü çərçivəsinə, tibb embleminə və sair nümunələrə maraqla tamaşa edirik. Daha yaxından tanış olmaq, işindən geniş söhbət açmaq, onunla iş başında, emalatxanasında görüşmək qərarına gəlirik.
Buyurun gəlin, usta emalatxanasında çay içməyin ayrı ləzzəti var deyib, – qonaqpərvərlikdə də ustalığını göstərir.
Sən demə, qələm dostum köhnənin inşaatçısı, xarratı olduğundan usta Qəhrəmanı çoxdan tanıyırmış. Mütləq gələcəyik!, – deyib ayrılırıq. Ayrılanda telefon nömrəsini verir. Gəlmək istəyəndə, zəng edin. Evdə olmasam, vaxtınız hədər gedər.
Şərtləşdiyimiz kimi etdik. Evdə olduğuna əmin olandan sonra bir taksiyə əyləşdik. Bizi usta Qəhrəmanın evinə apar, -dedik. Sürücü: nə Qəhrəman, hansı Qəhrəman sualını vermədən bizi dəqiq ünvana gətirdi. Çöl qapının zəngini basdıq, qapınıözü açdı. Salam-kəlamdan sonra bizi iş yeri ilə tanış etdi. Taxta emalı işləri üçün qurulmuş sadə bir emalatxanadayıq. Belə bir sexin ən dəyərli əşyaları müxtəlif forma və ölçülü əl alətləri, kiçik elektrik dəzgahlar və əlbəttə ki, növbənöv taxtalardır. Qəhrəman bizə özü, ailəsi, işi barədə qısa məlumat verir, necə işlədiyini, ağacdan istənilən fiqurin, naxışın alınması üçün onun üzərində hansı əməliyyatların aparmasını izah edir. İşi haqqında həvəslə, şövqlə danışır Sanki çoxdan əzbərlədiyi gözəl bir şeiri təqdim edir. Dinlədikcə hiss edirsən ki, bu adam canı, qanı ilə sənətinə bağlıdır.
Soyadının Adıgözəlov olmasını bilib, Adığözəl babanın Qəhrəman nəvəsi, deyib zarafat edirik. Ustanın ulu babası da mahir sənətkar, ağac oyma işinin bilicisi olub. Onun əl işlərinə indinin özündə də Zərnava kəndinin evlərində rast gəlmək olar. İrsən keçən sənəti yaşadan Qəhrəmanın şagirdləri də indi ad-san sahibidirlər. Qəbələnin Vəndam kəndindən olan tanınmış sənətkarlar – Şahin və Xaqani, rayonumuzdan Ramil və Murad ustadlarından heç də geri qalmırlar.
Qəhrəman bir neçə il Bakıda işləyib. Dediyinə görə dəfələrlə onu imtahana çəkiblər:
– Çoxdanın söhbətidir. Bir evin pilləkənini işləyirdim. Burada yaratdıqlarımın sorağını kimlərsə kənara çıxarmışdı. Bir gün iş yerimə bir nəfər gəldi, gördüyüm işə baxandan sonra mənə emalatxanasında işləməyi təklif etdi. İşimi bitirəndən sonra görüşərik, – dedim.
Bir neçə nəfərin çalışdığı emalatxanada mənə bir oyma nümunəsi göstərib beləsini yona bilərəmmi, sualını verdilər. Əlbəttə, yox demədim. İşi bir günə təhvil verməli idim. İnsafən, deməliyəm ki, işlətmək üçün verdikləri əl alətləri bu vaxta qədər istifadə etdiklərimdən fərqli və çox keyfiyyətli idi. İşi yekunlaşdırdım. İki əl işindən hansının mənim tərəfimdən hazırlandığını fərqləndirə bilməyən sahibkar əlini kürəyimə döyüb: – Halal olsun! İstədiyin qədər maaş alacaqsan, amma burda işləyəcəksən, -dedi…
Yaxşı sifarişlərim də vardı. Ancaq döğma yerlər – dağlar, meşələr, tez-tez kükrəyib coşan Girdiman, İsmayıllı təbiəti məni geriyə, qoynuna səsləyirdi.
– Çox dilə tutdular. Qal, işlə, aylığını da artırarıq, -dedilər. Qala bilmədim. Buralarda havam çatmır, – bəhanəsilə yaxamı əllərindən qurtardım. İsmayıllıya qayıtdım. Allah bərəkət versin, indi də sifarişlərin azlığından şikayətim yoxdur. Əslinə qalanda, mən əsasən, sifarişləri yerinə yetirirəm. İşlədiyim işlərin heç biri qalmır.
Usta Qəhrəmanın hansı işləri görməsi ilə maraqlanırıq.
– İşlərimin hamısı milli ornamentlərdən ibarətdir. Qapı, pəncərə, güzgü çərçivələri, məhəccərlər, pilləkənlərin sinə hissələri , qapı tacları, stol və stullar, müxtəlif quş, heyvan füqurları, həmçinin məişətdə lazım olan əşyalar düzəldirəm,- cavabını alırıq. Evindəki bəzi əşyaları bizə göstərir. Bizi çaya qonaq etdiyi stolu da özü düzəldib. Üstü şahmat formasında yığılıb.
Ustanın iş yerində divardan asılmış, çoxsaylı klassik kağız ülgülər diqqətimizi cəlb etdi. O, münasib nümunələr seçərək, onları taxta üzərinə köçürür və bundan sonra oyma işlərinə başlayır. Oymada son tamamlama işi aparmaq üçün ən narın sumbata kağızından istifadə edilir. Ancaq elə sifarişçilər də olur ki, bu kağızdan istifadə olunmasını istəmir. Belə olan halda, ustadan daha diqqətlə işləmək tələb olunur.
Bəzən pilləkən başlıqları üçün müxtəlif görünüşdə füqurlar sifariş verirlər.
Adığözəl babanın Qəhrəman nəvəsi
Belə sifarişlərdən biri ilə əlaqədar usta Qəhrəman bizə lətıfəyə bənzər əhvalat danışdı:
– Bir nəfər pilləkən başlığı üçün kobra (gözlüklü ilan) füquru sifariş vermişdi. Behini də almışdım. Füquru düzəldib sifarişçinin evinə apardım. Bu dəmdə ev sahibinin arvad-uşağından heç kəs yox idi. Fərqinə varmadan, içəri keçdim, taxta kobranı evdəki divanın üstünə qoyub, geri qayıtdım. Bu füquru pilləkəni yığanda yerinə qoyacaqdım. Mən göri döndükdən sonra evin sahibəsi gəlib içəri girir, divanın üstündən adamın üzərinə atılmağa hazır durmuş ilanı görür və de bayaq, özündən gedərək, yıxılır. Xəbər tutanlar əl-ayağa düşüb, təcili yardım çağırırlar. Evin sahibinə də çatdırırlar ki, tez evə gəl , arvad əldən getdi.
Telefonuma zəng gəldi.Sifarişçinin həyəcanlı səsi :
– Gəl, tez o gətirdiyin “zibili” apar evdən. Allah evini tiksin! Evimi dağıtmışdın…
Qəhrəman bu əhvalatı çox maraqla, zərnavalılara məxsus ləhcə və yumorla danışdı. Xeyli güldük. Biz də zarafatla:
– Usta, yaxşı qutarmısan, yoxsa, əməli xərcə düşəcəkdin, – dedik.
Q.Adıgözəlovla peşəsi haqqında söhbətimizi davam etdiririk. Məlum olur ki, usta ağac üzərində oyma işində əsasən qoz, palıd, şabalıd, eləcə də bişmiş fıstıq ağaclarından istifadə edir. Şam ağacından da istifadə edilir, ancaq yerli ağacları işlətməyə daha üstünlük verir.
Qəhrəman kişi baməzə, deyib-gülməyi sevən və hazırcavab adamdır. Bu məqamda qələm dostum sobətə qoşulur.
Usta bir evin mətbəxi üçün sifariş edilən şkafın qapısına natürmort – vazda meyvələrdən ibarət oyma işləmişdi. Ustalıq valehedici səviyyədə idi. Sanki qabdakı meyvələr indicə ağacdan dərilmişdi. Alma, armud, heyva, nar. Üstündən də bir salxım üzüm qoyulmuşdu. Ustaya ərklə və zarafatyana:
– Əladı! Heyif, üzümün gilələri bir qədər xırdadır,-dedim.
Usta özünəməxsus gülüş və hazırcavablıqla:
– Sən onun xırdalığına yox, dadına bax, şipşirindir, – dedi.
Yenidən gülüşürük.
Adığözəl babanın Qəhrəman nəvəsi
Oyma işi qədim el sənətidir. Onun öz sirləri, incəlikləri, çətinlikləri var. Hər usta oyma işinə yaxın durmaz. Qəhrəman usta bu barədə fikrini belə izah etdi.
– Oyma işində səbr və təmkin lazımdır. Tələssən, səhvə yol versən xeyli əziyyət çəkdiyin bir işi zay edə bilərsən. Bu işdə çalışan hər kəs rəsmxətti, həndəsəni yaxşı bilməlidir. Bir də fitri istedad və əl qabiliyyəti lazımdır. Dülgərlik, xarratlıq edən çox olur, ancaq onların cüzi hissəsi oyma işini bacarır.
Usta Qəhrəmanın əl işlərinin sorağı İrana da çatıb. Bununla əlaqədar o, bizə maraqlı bir söhbət etdi.
– Ay işığında, göl kənarında oturub, fikrə dalmış insan və bu mənzərənin suya düşmüş əksi. Ağac üzərində bu mövzuda oyma işləmişdim. Bu işim necə olursa, Təbriz şəhərinə gedib çıxır. Əl işimin sonrakı sahibi ünvanımı, telefonumu əldə edir, mənimlə görüşmək qərarına gəlir. Soraqlaşa-soraqlaşa gəlib məni tapır. Ustalığıma yüksək dəyər verən qonağım mənə əl işi olan, kiçik bir xalçanı da hədiyyə gətirmişdi.
Usta Qəhrəmanın gözəl ailəsi var. Həyat yoldaşı Şəfiqə xanım da Qəhrəman kimi mehriban və gülərüzdür. Ataların dediyi: “Ərlə arvadın torpağı bir yerdən götürülüb” ifadəsi burada yerini tutur. Onlar dörd uşaq böyüdüb boya-başa çatdırıblar – 2 oğul və 2 qız. Hamısı da ailə sahibidir. Oğullarından biri hüquqşünas, digəri isə kibernetika sahəsində mühəndisdir. Qəhrəman baba və Şəfiqə nənə nəvə sahibidirlər. Qəhrəman işlərindən söhbət açanda, arada Şəfiqə xanım onun yaddaşını təzələyir. Belə təsəvvür yaranır ki, sanki o da əri ilə birlikdə oyma işi görüb. Zarafatla soruşuruq:
– Deyəsən, kişiyə kömək də edirsən?
– Elə onun tör-töküntüsünü mən yığışdırıram da. Bundan yaxşı kömək? – deyə suala sualla cavab verir və gülür.
Biz evdə olanda diqqətimizi çərçivəyə salınmış rəsm əsərləri cəlb etdi. Müəllifi ilə maraqlandıq.
– Oğul nəvəm Zəhranın əl işləridir. Şəhər 3 nömrəli tam orta məktəbin birinci sinfində oxuyur. Mən işləyəndə yanımdan əl çəkmir, elə hey suallar verir. Kim bilir, bəlkə gələcəkdə yaxşı bir rəssam, yaxud heykəltaraş olacaq. Oğlanlarım bu işi bacarırlar. Lazım gəlsə işləyə də bilərlər, – deyə usta Qəhrəman məlumat verir.
Beləliklə, biz də sizləri qədim el sənəti olan ağac üzərində oyma və oyma işinin mahir ustası Qəhrəman Abülhəsən oğlu Adıgözəlovla tanış etdik. Elm, texnika nə qədər inkişaf etsə də, milli el sənətinin yaradıcıları, yaşadanları olmuş və olacaqdır.
Ş.Dağlaroğlu,
B.Babayev

Şərh Yaz