Əvvəl Maarif nazımı çəkərdi, indi mən onun nazını çəkirəm

Bütün rənglərdən çox yaşılı sevirəm,
Bütün gecələrdən çox – aylı gecələri.
Bütün küçələrdən çox – sizin küçəni,
Bütün qızlardan çox – səni.
Və hər şeydən daha çox
Aylı gecələrdə
Yaşıl küçənizdən keçib
Görüşünə gəlməyi sevirəm…
Səmimiyyət olan yerdə yalan yuva qurmağı bacarmır. Öz səmimiyyəti ilə oxucularının ürəyində yer tapan Maarif Soltanın gülərüz və qonaqpərvər həyat yoldaşı Çiçək xanımla olan söhbətimizi sizlərə təqdim edirik.
Ata ocağı
İsmayıllı rayonunda 10 uşaqlı ailədə doğulmuşam. Atam təhsilli, zəngin təxəyyülə malik insan, anamsa
evdar qadın idi. Kəndimizdə səkkizillik orta məktəbi bitirdikdən sonra, rayon məktəbinə getdim. Arzum universitet oxumaq idi. İmtahan günü atam bərk xəstələndi, təlaş məni necə
aldısa, axşam olanda yadıma düşdü ki, bu gün imtahan imiş. Sonra sənədlərimi orta ixtisas
müəssisəsinə vermək qərarına gəldim. Maliyyə Kredit Texnikumuna qəbul oldum. Atam təhsilə çox
önəm verirdi. Qapımıza elçilərgəlsə də, təhsilim başa çatmamış nə mənim ailə qurmaq fikrim var idi,
nə atamın buna icazəsi.
Onunla yaxın qohumluğumuz var, uşaqlıqdan bir yerdə böyümüşük. Maarif savadı, istedadı və mülayim xasiyyəti ilə hər kəsinhörmətini qazanmağı bacarmışdı.
Əsər olan məktublar
Hələ orta məktəb vaxtları idi. Kənddə uşaqlıq çox maraqlı keçir. Qohum uşaqları ilə demək olar ki,
bir evli kimi böyüyürdük. Niyə görəsə, onun baxışları mənə digərlərindən fərqli gəlirdi. Əsgərliyə
gedən gün sanki mənə nəsə demək istəyir, amma deyə bilmirdi. Nədənsə, mən də çox kədərlənmişdim.Məşhurların xanımları:

Əvvəl Maarif nazımı çəkərdi, indi mən onun nazını çəkirəm

Əsgərlikdə olandigər qohumlarım kimi Maarifə də məktub yazırdım. Onun yazdığı məktublar o qədər maraqlı olurdu ki, sətirləri böyük zövqlə oxuyurdum. Maarifə cavab yazanda çox çətinlik çəkirdim. Çünki qələmim onunki qədər gözəl deyildi. Yeni fikri, şeiri olanda məktubda yazardı.
Onun şeirlərinin qarşılığında mənim sətirlərim gözümə cılız görünürdü. Maarif məndən tez- tez cavab yazmağımı xahiş etsə də, mən gec-gec yazırdım. Onun məktubları mənə elə maraqlı gəlirdi ki,
düşünürdüm, ömür boyu onun yazdıqlarını oxusam, bezmərəm.
Yazıçıların toplantı və məclislərində iştirak edərdi. Mən də o tədbirləri izləməyi çox sevirdim. Maarifin bu aktivliyini görəndə qohum kimi onunla fəxr edirdim. Bir gün dedi ki, müsabiqəyə qatılmışam,
keçsəm, Moskvaya oxumağa gedəcəm. Teleqram gəldi ki, müsabiqədən keçib. Körpə uşaq kimi
sevinirdi. Bütün ailə də onun sevincinə şərik oldu.
Uşaq qəlbində doğan sevgimiz
Uşaqlıqdan başlayan ülvi hisslər Maarif Moskvaya getməzdən əvvəl elan edilmişdi. Hələ ailə üzvlərinə
heç nə deməmişdik. Qardaşımın toyu olacaqdı, elə bu ərəfədə Maarifin anası bizə elçi gəldi. Məsləhət
oldu ki, mənim nişanımı qardaşımın toyunda etsinlər. Atam Maarifi öz oğlu kimi sevdiyi üçün
düşünmədən razılaşdı. Qardaşımın toy günü, nişanımız oldu. Üzüyü oğlan tərəfin adamlarından biri
taxacaqdı. Atam dedi ki, üzüyü Maarif özü taxsa, daha yaxşı olar. Təbii ki, bu hal kənd camaatını çox
təəccübləndirmişdi. Üzük taxıldı. Rəhmətlik atam həmin gün məndən xahiş etdi ki, rəqs havası çalınsın
və Maariflə Çiçək birlikdə rəqs etsinlər. Amma elə utanırdım ki, onun bu arzusunu yerinə yetirmədim. Kişi çox təkid edirdi, sanki ürəyinə dammışdı ki, toyumu görmək ona qismət olmayacaq.
İndiyə qədər o yarımçıq arzu mənə rahatlıq vermir, özümü qınayıram (gözləri dolur)…
Toyla yas qardaş imiş
Nişanımızdan dərhal sonra, toya hazırlıq başladı. Maarif artıq Moskvada oxuyurdu. Yay tətilinə
gələndə toyumuz olacaqdı. Atam cehiz almaq üçün, şəhərə getmişdi. Həmin gün hava yağışlı, tufanlı
idi. Dərədən keçəndə, sel maşınla birlikdə atamı ağuşuna alıb aparmışdı… Atamın ölümü məni çox
sarsıtmışdı. Üstəlik mənim cehizim arxasınca gedəndə bu bədbəxt hadisənin qurbanı olmuşdu
deyə, özümə yer tapa bilmirdim (gözləri dolur). Maariflə dostları Moskvadan toya gələndə eşitdikləri bu xəbərdən çox təsirlənmişdilər. Məsləhət etdilər ki, atamın qırxı çıxandan sonra, toy edək. Mən razı
olmadım. Atamın ölümündən ən azı bir il keçməli idi. Maarif dəstəyini, təsəllisini əskik etmir, mənə
atamın yoxluğunu unutdurmağa çalışırdı. Beləcə, uzun saatlar, aylara dönüb keçirdi…
Yurd qurub, yuva saldıq
Ailə qurduq. Hər kəs kimi bizim ailədə də, çətinliklər oldu. Əvvəllər Maarifin ailəsi ilə birlikdə yaşadıq. Bir müddət Moskvada olduq. Birinci övladımızın dünyaya gəlməsinə çox az qalmışdı. Rayona
Maarifin valideynlərinin yanına getdim. Maarif dedi ki, uşaq oğlan da, qız da olsa hər iki halda
adını Aytən qoyacam. İlk övladımız oğlan doğuldu. Düz altı ay, onu Aytən deyə çağırdıq. Nazim Hikmətə olan oxucu vurğunluğumuz sayəsində, adqoyma rəsmiləşəndə Hikmət qoyduq (gülür). İki
oğlumuz var. Böyük oğlum evlidir. Gül qoxulu nəvələrimiz dünyaya gəlib. Bir neçə ildir ki, səhhətimlə
əlaqədar, işdən də ayrılmışam. Bütün işim, gücüm nəvələrimdir. Başımı onlarla qatıram. Düzdür,
övlad əziz, şirin varlıqdır. Amma nəvə sevgisini sözlə izah etmək qeyri-mümkündür. İndi bütün sevincimiz o körpə varlıqlardır.
Ən böyük qazancım – həyat yoldaşım
Təzə ailə qurduqda, evimiz yox idi. Şüvəlanda Maarifin dostlarından birinin – məşhur tərcüməçi-şair
Vladimir Qafarovun bağ evində qalırdıq. Onlar bizimlə birlikdə yaşamırdılar. Artıq övladlarımızın
hər ikisi dünyaya gəlmişdi. Eşitdik ki, evin sahibləri bizimlə birlikdə, bağda yaşamağa qərar verib.
Onlara yük ola biləcəyimizi düşündüm. Üstəlik, iki ailənin 4 uşağı, səs-küy, Maarifin yaradıcılığına da mənfi təsir göstərə bilər. Həmin gün özümü çox çarəsiz hiss edirdim. Maarifin gözünə sabaha qədər
yuxu getmədi. Mənim təlaşım, ömür- gün yoldaşıma çox təsir etmişdi… Səhər stolun üstündə mənə ünvanlanmış bir şeir gördüm :
Bir dənəm,
haqq-nahaq gözün dolmasın,
Birtəhər keçinək yenə bu yaz da.
Məmməd İsmayılın sözü olmasın,
“Hələ yaşamağa dəyər bir az da”,
Göylər ki bu qədər mavidir hələ,
Göydən paltar biçib geyinmək olar.
Hələlik bu ilıq dünyada elə
Evsiz-eşiksiz də keçinmək olar…
Şeiri oxuduqdan sonra, hətta özümü qınadım. Qonşuluqda bir ev kirayə tutduq. Çox keçmədi ki, dövlət Maarifə ev verdi. Evimiz kiçik olsa da, burada dünyalara sığmayacaq gözəl günlər yaşanıb, xatirələr
dolaşır. Ən çox həmin o keçmiş günlər üçün darıxıram. Uşaqlar bir az böyüyəndən sonra işləməyə
qərar verdim. Axşam işdən gəlirdim ki, Maarif qələm dostları ilə yığışıb, ədəbiyyatdan söz açılıb.
Poeziya gecələrini xatırladan gözəl anlar keçirirlər (fikrə dalır). Onları dinləməkdən, yaradıcılıq
prosesini izləməkdən böyük zövq alırdım. Qabil müəllim, Fikrət Qoca, Musa Yaqub, Vaqif Bəhmənli,
rəhmətlik İsa İsmayılzadə, Aydın Səlimzadə və bu qəbildən olan zəngin təxəyyüllü insanları görmək elə
xoş olurduki, izahı mümkün deyil. Ailəvi görüşüb teatra,kinoya gedirdik. Həyatı elə dolu yaşayırdıq
ki, kirayədə qalsaq da, körpə qayğıya və maddiyyata ehtiyacı olan uşaqlarımız olsa da, problemimizin
olduğu xəyalımıza da gəlmirdi. Bərabər olanda gözümüzə sevgidən, dostluqdan başqa heç nə
görünmürdü. İndi zaman o günlərdən uzaqlaşdırmağa nail olub.
Küskün şair…
Maarif nəslin ağsaqqalı hesab edilir. Təşkilatçılıq, qohumlara yardım, kömək, məsləhət lazım olanda,
ilk olaraq yada düşən Maarif olur. Maarifgil ailədə 9 uşaqdır. Ondan böyük qardaşı var. Böyük qaynım
həmişə onu ağsaqqal bildiyini söyləyir. Yəqin bu misalonun bizim gözümüzdə necə bir yer sahibi
olduğunu izah edir. Mənimçün də Maarif böyükdür, əvəzedilməzdir. O mənə yalnız təkcə həyat yoldaşı,
Azərbaycanın dəyərli qələm sahibi, tanınmış şairi deyil, həmçinin, atamın yoxluğunu mənə unutduran,
anlayışlı, vəfalı, səmimi həyat ortağımdır. Xarakterində tək bir qüsur var, tez ruhdan düşəndir. Bu gün
yaradıcı insanlara gənc nəslin, eləcə də informasiya nümayəndələrinin marağı olduqca azdır. Bu
Maarifi həvəsdən salır. O qədər çalışqan insan tənbəl şairə çevrilib. Maarif şeir yazanda onun üstündə can qoyur. Sanki gün işığı yaradıcılığına əngəldir. O yalnız gecələr
yazır. Görəndə ki, şeir yazır, sənəti ilə məşğuldur sanki içimə bir rahatlıq doğur. Həyat boyu onun qoyduğu dağınıq kağızları
toplamamışam. Düşünürdüm ki, bəlkə bu yır- yığış onun şeir dünyasına mənfi təsir edə bilər.
Həmişə onu duyan və səmimi həyat yoldaşı olmağa çalışmışam. Amma gecələr yazmaq Maarifin
səhhətinə mənfi təsir edir. Son vaxtlar xarakterində müəyyən dəyişikliklər olub, səbirsizdir. Cavan
olanda, birdən ona naz etmək istəyirdim (gülür). Özümü ondan küsmüş kimi göstərirdim. Maarif
ondan incik olduğuma dözə bilmirdi. Əlindən gələn hər şeyi edirdi ki, tez bir zamanda barışaq. Beləcə
bir neçə saat keçmədən barışırdıq. İndi sanki hadisələr tərsinə dövr edib. Həyatdan incik düşən,
problemlərdən yorulan həyat yoldaşımı görəndə mən dözə bilmirəm. Çalışıram ki, onun könlünü alım,
ona pis təsir edən hər şeyi yaddan çıxarmasına kömək edim. Bir vaxtlar Maarif mənim nazımı çəkirdi,
indi mən onun nazını çəkirəm (gülür).
Məhəbbət Hacıyeva,
Firəngiz Ağalar
İdeya müəllifi : Tofiq Abdin

Şərh Yaz