Həyat gözəldir, ölümə tələsməyin…

İntihar… Bu, insanın özünə etdiyi qəsd, öz həyatına son qoymasıdır. Hazırda intihar sözü dilimizdə adiləşmiş kəlməyə dönüb. Demək olar ki, hər gün intihar hadisələrinin baş verməsi barəsində xəbələri eşidirik. Televiziya, radio, internet saytları, mətbuat baş vermiş intihar hadisələrini xüsusi canfəşanlıqla yayır. Bəzən televiziya kanalları baxımlı bir verilişdə hansısa intihar hadisəsi ilə bağlı, xüsusi pafosla reklam da verir. Təəssüflə qeyd etmək istəyirəm ki, bu xəbərləri izləyənlərin içərisində məktəb yaşlı uşaqlar da olur və bu xəbərlər təsirsiz ötmür. Azyaşlıların intihar etmələrində bu cür anonsların rolu barədə düşünüb özümə suallar verirəm:
– Ay uşaq, sənin nə problemin ola bilər? Niyə gül kimi həyatdan əl çəkib, qara torpağa can atırsan? Həyatının hələ qarşıda olmasının fərqinə vardınmı?


Həyat gözəldir, ölümə tələsməyin…

İntihar… Bu, insanın özünə etdiyi qəsd, öz həyatına son qoymasıdır. Hazırda intihar sözü dilimizdə adiləşmiş kəlməyə dönüb. Demək olar ki, hər gün intihar hadisələrinin baş verməsi barəsində xəbələri eşidirik. Televiziya, radio, internet saytları, mətbuat baş vermiş intihar hadisələrini xüsusi canfəşanlıqla yayır. Bəzən televiziya kanalları baxımlı bir verilişdə hansısa intihar hadisəsi ilə bağlı, xüsusi pafosla reklam da verir. Təəssüflə qeyd etmək istəyirəm ki, bu xəbərləri izləyənlərin içərisində məktəb yaşlı uşaqlar da olur və bu xəbərlər təsirsiz ötmür. Azyaşlıların intihar etmələrində bu cür anonsların rolu barədə düşünüb özümə suallar verirəm:
– Ay uşaq, sənin nə problemin ola bilər? Niyə gül kimi həyatdan əl çəkib, qara torpağa can atırsan? Həyatının hələ qarşıda olmasının fərqinə vardınmı?
Tədqiqatçılar intiharları sosial, psixoloji, bioloji, genetik, fiziki xəstəliklər ucbatından baş verən hallarla əlaqələndirirlər. Cəmi 9, 11 yaşı olan uşaqlar bu bölgülərin heç birinə aid deyil. Bəs məktəb yaşlı uşaqların intihar etmələrinin səbəbi nə ola bilər?
Səbəblər müxtəlifdir. Ailədaxili münasibətlərdən yaranan ziddiyyətlər, valideyn (əsasən ata) qorxusu, müəyyən yaş mərhələlərində keçirdikləri psixoloji sarsıntılar (valideynlərin boşanmaları, valideynlər arasında tez-tez baş verən münaqişələr, ailə zorakılığı, içki düşkünü olan ataların ailədəki hökmranlığı, ananın əzilməsi, təhqir olunması və s.), depressiyalar, məktəbdə konfliktli münasibətlər, yaşıdları ilə ünsiyyət qura bilməmək, dərs hazırlama qabiliyyətinin aşağı olması, imtahanlarda əldə olunmuş uğursuz nəticələr və s. bu kimi məsələlər düşünmə qabiliyyəti aşağı olan, həssas, aqressiv uşaqları tərəddüdsüz intihara sürükləyən səbəblərdəndir.
İntihar hadisələri bəşəri problemdir. Dünyada aparılan tədqiqatlara əsasən 10-13 yaşlı uşaqların intihar etməsi əsasən ailədaxili ziddiyyətlər (yuxarıda qeyd olunan məsələlər) əsasında olursa, 14 yaşından 20 yaşa qədər uşaqlarda intiharların səbəbləri daha çox şəxsi münasibətlər zəminində (yetkinlik yaş dövrlərində baş qaldıran sevgi münasibətləri, qarşılıqsız sevgi və s.) baş verən intiharlardır. İntiharın qarşısını almağın əsas yollarından biri, bəlkə də ən əsası maarifləndirmə ilə bağlıdır. Bu sahədə maarifləndirmə işləri təkcə uşaqlar arasında deyil, valideynlərlə də aparılmalıdır.
Risk qrupuna aid olan ailələrlə mütəmadi iş aparılmalı, bu ailədə böyüyən uşaqlarla, xüsusən müəyyən yaş dövrlərində daha həssas davranmaq lazımdır. Ümumiyyətlə, valideynlər uşaqlarla daha çox ünsiyyətdə olmalı, onların hərəkətlərini, gündəlik fəaliyyətlərini, davranışlarını izləməli və ətrafındakı tanışları, dostları haqqında məlumatlı olmalıdırlar. Valideyn bir növ övladının dostu, sirdaşı olmalıdır. Uşaqları qorxu ilə deyil, başa salmaqla tərbiyə etmək lazımdır. İstənilən məktəbli intiharının kökündə valideyn məsuliyyəti, uşaqların valideynlə düzgün münasibətinin olmaması dayanır. Uşaqlarda özgələşmə, yadlaşma, özünə qapanma olmamalıdır. Bunun üçün valideynlər və məktəb psixoloqları birgə işləməlidirlər. Hər uşağın mənəvi aləmi fərdidir. Bütün uşaqların yaşının müəyyən dövrlərində psixi dəyişikliklər baş verir. Bu dəyişmələr bəzilərində normal, bəzilərində isə müəyyən fəsadlarla müşayiət olunur. Belə dəyişikliklərin nəticəsində ayrı-ayrı yaş dönəmlərində uşaqlarda depressiya, aqressiya, özünə qapanma, özünüifadə edə bilməmə kimi hallar yaranır.
Bəzən uşaqlar yaxınlarının diqqətini çəkmək üçün ən zərərli vərdişlərə belə meyl edirlər. Bunlar narkomaniya, siqaret, alkoqollu içkilər, etik normalara sığmayan davranış nümunələri və nəhayət, intihar halları ola bilir.
Yaxşı yadımdadır. 9-cu sinifdə oxuyurduq. Bir səhər sinif yoldaşımız dərsə gəlməmişdi. Səbəbini biləndə, nəinki uşaqları, müəllimləri də dəhşət bürümüşdü. Onun ibtidai sinifdə oxuyan qardaşı özünü asmışdı.
Əziz oxucu, bu anda nələri düşündüyünü yəqin edə bilirəm. Məktəblinin intihar etmə səbəbini biləndə siz də təəssüf hissi keçirəcəksiniz.
Məktəbdən evə qayıdan uşaqlar yolkənarında çantalarını ağacın altına qoyub, alça ağacına çıxırlar. Uşaqlardan biri ağacdan düşəndən sonra çantasını nə qədər axtarsa da tapa bilmir. Çarəsiz balaca qorxu hissi ilə çıxış yolunu kəndirdən asılmaqda görür. Bir çantaya bir fidanın ömrü qurban gedir.
Uşaq elə uşaqdır, hər şeyi düşünüb, dərk edə bilmir. O, yalnız qorxa və ya sevinə bilir. Belə anda isə qorxu hissi üstün gəlir.
Bu hadisədə kimi günahlandırmaq olar: Çantasını yerə atıb ağaca çıxanı, ağacın altından çantanı götürüb heç nəyi düşünməyəni, yoxsa valideynlərimi!?
Hərəmiz bir cavab ətrafında düşünsək də, sonda bir fikirdə cəmləşərik: valideyn və övlad münasibətlərinin istənilən səviyyədə olmaması.
Valideynlər övladlarını qorxu içərisində tərbiyə edib, böyüdəcəyi, “uşaqdır heç bir şey olmaz“ şüarı ilə
yaşayacaqları halda, ömürlərinin sonuna kimi, peşmanlıq hissi keçirəcəklər. Ailədə böyüklərin, xüsusən də atanın etdiyi hökmranlıq, qəddarlıq uşaq psixologiyasını asanlıqla sarsıda bilir. Ata-ana arasında baş verən yersiz, davamlı münasibətlər, səs tonunun ucaldılması, şiddət, ananın təhqir olunması, içki düşkünü olan ataların yaşam tərzi uşaqları bir növ ailədən uzaqlaşdırır.
Biz kompyuter, internet əsrində yaşayırıq. İndi uşaqların dünyaya baxışı da fərqlidir. Televiziya, radio, mobil telefon, kompyuter, başlıca olaraq, internet bu gün uşaqların həyatının ayrılmaz bir parçası olub. İnternetdən istifadə edə bilən uşaq üçün heç nə əlçatmaz deyil. İndi internet saytlarında istənilən qədər qorxulu oyunlara, qorxunc, tükürpədici mesajlara rast gəlmək olar. Bu mövzunu araşdırarkən internetdə şərti olaraq “ən yaxşı intihar mesajları” səhifəsi açdım və: “Mənə görə narahat olmayın, mən cənnətə gedirəm”, “Heç kəs özün günahlandırmasın, atamın yanına gedirəm” və s. bu kimi fikirləri oxuduqca məni vahimə bürüdü.
Gəlin düşünək, bu kimi qeyri adilikləri oxuyan uşağın beynində hansı fikirlər formalaşa bilər. Axı bu sayaq ifadələrə internetdə yer ayırmaqda məqsəd nədir? Ən yaxşı intihar sözlərini internetdə yerləşdirmək ən murdar fikir və əməl deyilmi?
Televiziya intihar hadisəsi haqqında xəbər verir: Hamı ağlayır, ailə təəssüf hissi keçirir. Bunu diqqətlə izləyən uşaq fikirləşir: ”Görəsən, mən ölsəm, mənim üçün də belə ağlayarlar?” və ya qəzetlərdə yayımlanan intihar xəbəriəri: ağacdan asılmış kəndir, ayağı yerdən üzülmüş insan və s. bu kimi şəkillər uşaq beyninə bir toxum səpmiş kimi olur.
Norveç və İsveç kimi ölkələrdə intihar hadisələrinin kütləvi informasiya vasitələrində yayımlanmasına qadağa qoyulub. Yaxşı olardı ki, jurnalistlərimiz də (radio, televiziya və qəzetlərdə çalışanlar) bu haqda düşünsünlər, verilən yazılarda intiharı yox, intihara gedən yolları işıqlandırsınlar, insanları bu yoldan çəkindirəcək maarifləndirici yazılar yazsınlar. Məktəblərdə, ailədə uşaqların mobil telefonlara, internetə çıxış imkanlarına nəzarəti gücləndirmək də yaxşı olardı. İntihar hallarının aradan qaldırılması yolları üzərində işləmək orta məktəblərdə çalışan psixoloqların başlıca vəzifəsi olmalıdır.
Məktəb psixoloqlarının məktəbdə təhsil alan hər bir şagird haqqında, onun ailə vəziyyəti, yaşam tərzi, dostları haqqında məlumatı olmalıdır. Cinsiyyətindən asılı olmayaraq, istənilən şagirdlə ünsiyyət qurmamışdan öncə onun yaş həddi və maraq dairəsi nəzərə alınmalı, onların fikirlərinə hörmətlə yanaşılmalıdır.
Təəssüflə qeyd etməliyik ki, bu gün məktəblərimizdə fəaliyyət göstərən psixoloqların çoxu işinin öhdəsindən layiqincə gələ bilmir. Bunun əsas səbəbi isə onların qeyri-ixtisas sahibləri olmalarıdır. Ali təhsilli psixoloqlarımız azdır. Bu sahənin mütəxəssisi kimi, könüllü olaraq məktəblərdə psixoloq işləmək işləmək istəyənlər də azlıq təşkil edir. Bu da onların əmək haqlarının olduqca aşağı olmasından irəli gəlir. Bu səbəbdən məktəblərin bir çoxunda hələ də psixoloqlar yoxdur.
Araşdırmalar göstərir ki, intihar hadisələri heç də birdən-birə olmur. Onların intiharqabağı söhbətlərində ətrafdakılara açıqlamaları, mesajları olur: “Bezmişəm hər şeydən”, “ Yaşamaq istəmirəm”, “Həyat mənasızdır”, “Belə yaşamaqdan ölmək yaxşıdır”, “Özümü öldürəcəyəm” və s. bu kimi ifadələri həmsöhbətlərimizdən biz də az eşitməmişik. Amma eşitdiklərimizi ciddi qəbul etməmişik, ən yaxşı halda: “Səbirli ol”, “Yaman günün ömrü az olar” kimi təsəlliverici ifadələr işlətmişik.
İntihar hadisələri islam dinində böyük günahdır. İslamda intihar etmiş şəxs müsəlman olsa belə, dinsiz ölmüş sayılır. Odur ki, intihar hadisələrinin azalmasında dini maarifçiliyin çox böyük rolu ola bilər. İnanclı insan, Allahi sevən və çətin anda Ona sığınan insan heç zaman intihara getməz.
Allahın insana verdiyi can bir əmanətdir, insan bu əmanətə xəyanət etməklə ən böyük günaha əl atmış olur. Hər kəs intihar fikrindən uzaq olmalı, Allahın ona verdiyi canı qorumalı, insan adını xoş, xeyirli əməlləri ilə şərəfləndirməli, ona qəsd etməməlidir.
Güllübəyim Cərullayeva,
İsmayıllı Rayon Təhsil Şöbəsinin metodisti

Şərh Yaz