Rayon bu templə inkişaf edəcək
Şadam ki, İsmayıllıda bu istiqamətdə işlər yaxşı gedir: Rayon inkişafdadır, böyük dəyişikliklər vardır: Əminəm ki, rayon bundan sonra da bu templə inkişaf edəcək, rayonda mövcud olan bütün məsələlər öz həllini tapacaq və artıq tapmaqdadır.
İlham Əliyev – Azərbaycan Respublikasının Prezidenti (14 avqust 2013-cü il)
Rayon bu templə inkişaf edəcək
Şadam ki, İsmayıllıda bu istiqamətdə işlər yaxşı gedir: Rayon inkişafdadır, böyük dəyişikliklər vardır: Əminəm ki, rayon bundan sonra da bu templə inkişaf edəcək, rayonda mövcud olan bütün məsələlər öz həllini tapacaq və artıq tapmaqdadır.
İlham Əliyev – Azərbaycan Respublikasının Prezidenti (14 avqust 2013-cü il)
Azərbaycan – ana yurdum, müqəddəs torpağım, qüdrətli dövlətim mənim. Qüdrətli ona görə deyirəm ki, bu gücü onda görür və hiss edirəm. Arxanda kim dayanır? – sualı veriləndə qürur hissi ilə deyirəm: Azad, müstəqil, qüdrətli dövlətim!!!
Azərbaycanın mirvarisi olan İsmayıllıdan olduğumu fəxrlə, baş ucalığı ilə səsləndirirəm. Doğma rayonun inkişafı üçün əlimdən gələni eləməyə hazıram. Bunu maliyyə imkanları, fəaliyyət səlahiyyətləri hesabına edənlər də var. Mən isə bir gənc jurnalist kimi, bu məqaləmdə ölkənin timsalında rayonumuzun inkişafından, eləcə də bu sahədəki xoşagəlməzliklərdən yazmaq istəyirəm.
Azərbaycan elə coğrafiyaya, təbii sərvətlərə malikdir ki, tarixən ona sahib olmaq istəyənlər olub. Bunları yəqin ki, hamı bilir. Hazırda müharibə şəraitində yaşayırıq. Buna baxmayaraq, dövlətimiz sürətlə yeniləşir, sosial-iqtisadi inkişaf proqramları hazırlanır və həyata keçirilir. Regionlara, eləcə də İsmayıllıya prezident İlham Əliyev tərəfindən xüsusi qayğı göstərilir.
Son bir ildə rayonun siması xeyli dəyişib. Dəyişikliklər xoş və daha böyük arzulara istiqamətlənir, adamın qəlbini, ruhunu oxşayır. Ötən il şəhər ərazisində yaşayan sakinlərin xahişi ilə məhəllələrin xeyir-şər evləri tikilib. Bərbad vəziyyətdə olan bir neçə küçə abadlaşdırılıb. Bu, həm şəhərin simasını gözəlləşdirir, həm də insanlarda torpaq, yurd sevgisini gücləndirir. Arxada qalan ildə şəhərin Cavanşir, Cavad Məmmədov, Rəşid Mahmudov, Babək, A.Aslanov, M.F.Axundov, Natiq Behdiyev küçələrinə asfalt örtük salınıb. Heydər Əliyev prospektində müasir tələblərə uyğun təmir işlərinə başlanılıb.
Şəhərin ən işlək küçələrindən olan Mübariz Orucov küçəsi ilə hərəkət edən yolçular özlərini fərqli bir aləmdə hiss edirlər. Hansı ki, bir il əvvəl bu küçə keçilməzliyinə görə xüsusilə fərqlənirdi. Küçə boyu, bütün evlərin dam örtüyü dəyişdirilb, piyada səkiləri bərpa edilib, evlərin hasar və darvazalarına müasir görkəm verilib.
2013-cü ildə görülən işlərə qısa nəzər salırıq.İsmaqyıllının sabahından xəbər verən yenilikləri izlədikcə, qarşıdakı illərin daha uğurlu olacağını təsəvvür edirik. Son ildə tikilən yeni binaların şəhərin gözəlliyinə gözəllik qatdığını görürük.
2014-cü ildə görüləcək işlərin isə bir çoxuna artıq başlanıbdı. Bu il şəhərimiz kifayət qədər yeniləşəcək, iş yerləri açılacaq, istirahət parkları salınacaq, küçələrimiz təmir olunacaq. İsmayıllının abad şəhərə çevrilməsi üçün bir sıra layihələr həyata keçiriləcək. Ölkə Prezidenti tərəfindən qeyri-neft sektorunun inkişafına xüsusi diqqət ayrması rayonumuzda yeni istehsalat sahələrinin açılmasını gerçəkləşdirəcək…
Fərəhləndirici yeniliklərdən aldığım xoş təəssüratlarla Mübariz Orucov küçəsi ilə şəhərin mərkəzinə doğru gəlirəm. Öndə, sağda və solda hər yer gözəldir, yol, hasarlar, dam örtükləri yenidən qurulub. Düşünürəm ki, belə gözəl yolla, gözəl bir bazara getmək, alış-veriş etmək də olar. Gördüklərim isə təəccüb və təəssüfə səbəb olur. Bəlkə də buradakı narazılıqların aradan qaldırılması məqsədi ilə rayonda müasir standartlara cavab verə biləcək bazar tikilir.
Rayonda gedən tikinti-abadlıq işləri çoxlarını sevindirir. Bəziləri isə salınan park və meydanlar əvəzinə orada xərclənən vəsaitin əhaliyə paylanması kimi, gülünc düşüncələrlə yaşayır. Ondansa, hərəyə əlli manat pul versələr yaxşıdır deyirlər. Tutaq ki, həmin əlli manatı bizə verdilər və onunla hansısa xırda problemimizi həll etdik. Bəs sonra? Doğrudanmı, gülüş doğuran bu düşüncənin sahibləri də bizlərdəndir?
Bu yaxınlarda facebook sosial şəbəkəsində bir elan yer tutmuşdu. Elanda bildirilirdi ki, İsmayıllı rayonunun mərkəzində tarixi sərkərdə Cavanşirin adını daşıyacaq parkın salınması planlaşdırılır. Parkda Cavanşirin heykəli ilə yanaşı, Sovet İttifaqı Qəhrəmanı və Milli Qəhrəman olan həmyerlilərimizin büstləri, torpaqlarımızın qorunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin adları əks olunan lövhə də olacaq. Elanda gənclərdən layihə təkliflərinin gözlənildiyi, qalibə mükafat veriləcəyi də qeyd olunmuşdu.
Bu gözəl elana yazılan rəylər isə məni məyus etdi. Rəylərin birində deyilir ki, belə parklardansa, istehsal sahələri, insanlar üçün iş yerləri yaratmaq lazımdır. Belələri ya İsmayıllıda son bir ildə açılan yeni iş yerlərindən xəbərsizdir, ya da ki… İşləmək istəyən soydaşımız qanunlar çərçivəsində özünü işlə təmin edə bilmələrindən tam xəbərsizdirlər. İşləmək istəyən hər kəs bacardığı iş sahəsini açır, yaradır və dövlətin dəstəyi ilə inkişaf etdirə bilir. Kifayət edər ki, ilk növbədə, özünə, bacarığına güvənəsən.
Gözəl park və küçələrin salınmasına gəldikdə, burada nəyin pis və ya artıq olduğunu anlamıram.
İstərdim ki, valideynlər övladlarının əlindən tutub salınan bu park və meydanları gəzsinlər, uşaqlara müstəqil dövlətimizin gücü, qüdrəti barədə danışsınlar, yaradılanlardan zövq alıb sevinsinlər. Məktəblərin şagirdlər üçün rayondakı inkişafı görmək və dəyərləndirmək baxımından ekskursiyalar təşkil edilməsi də çox yaxşı olar. Görülən işlərin yalnız bu günə deyil, gələcəyə hesablandığını hər birimiz bilməliyik. Ölkəmizin, rayonumuzun inkişafı ilə bərabər düşüncələrimiz, baxışlarımız da yenilənməlidir.
Rayonumuzda gedən inkişafa dodaq büzənlərə, doğma yurdu gözəl görmək istəməyənlərə isə üzümü tutub deyirəm:
– Siz istəməsəniz də İsmayıllı inkişaf edəcək və gözəlləşəcək.
Çinarə Bəhərçinli