Tibbi müayinə davam edir
Azərbaycan Respublikası Prezident Administrasiyasının tapşırığına əsasən Respublikanın bütün rayonlarında, o cümlədən İsmayıllıda əhalinin tibbi müayinədən keçirilməsinə başlanılıb.
Tibbi müayinə davam edir
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun 14 fevral 2014-cü il tarixli sərəncamı ilə tibbi müayinənin keçirilməsinə rəhbərlik etmək üçün komissiya yaradılıb.
Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aftandil Rəhimov müsahibə zamanı əhalinin sağlamlığının qorunmasına xidmət edən aksiyanın yüksək səviyyədə həyata keçirilməsi üçün müayinə aparılacaq səhiyyə ocaqlarına mütəxəssislərin göndərildiyini deyir. Baş həkimin sözlərinə görə indiyədək 27700 nəfərdən çox sakin tibbi müayinədən keçirilib. Bəzi xəstələr müalicə olunmaq üçün Bakı şəhərinə göndərilib. Müraciətlərin əksəriyyəti ürək-damar xəstəlikləri, qan təzyiqi, böyrəklərdə və sinir sistemində yaranan narahatlıqlarla bağlı olub.
Əhalinin tibbi müayinə aparılan məntəqəyə gediş-gəlişini asanlaşdırmaq məqsədi ilə Rayon İcra Hakimiyyəti tərəfindən nəqliyyat ayrılıb.
A.Rəhimov tibbi müayinələr zamanı xəstəlik aşkar edilən şəxslərin nəzarətə götürüldüyünü və onların müalicəsinin təşkil edildiyini diqqətə çatdırıb.
Tibbi müayinələrin gedişi ilə maraqlanmaq üçün poliklinikada olduq. Sakinlərlə söhbət zamanı onların göstərilən xidmətdən razı qaldıqlarını gördük.
“İsmayıllı xəbərləri”