Yaddas kitabcasi

Novruz – el bayramı

Bayramların bir çoxunu insanlar təbiət, cəmiyyət üzərində qələbələrini təsdiq etmək üçün yaradıblar. Lakin bu bayramlar sırasında elələri də var ki, taleyimiz kimi bizə təmənnasız bəxş olunub. Bu bayramların təntənəsinə insan daxili, ruhi oyanışın təsiri ilə hazırlaşır. Bu, hər bir xalqın milli bayramıdır. Xalqımızın belə böyük bayramlarından biri də Novruz bayramıdır. Novruz – el bayramı

Bayramların bir çoxunu insanlar təbiət, cəmiyyət üzərində qələbələrini təsdiq etmək üçün yaradıblar. Lakin bu bayramlar sırasında elələri də var ki, taleyimiz kimi bizə təmənnasız bəxş olunub. Bu bayramların təntənəsinə insan daxili, ruhi oyanışın təsiri ilə hazırlaşır. Bu, hər bir xalqın milli bayramıdır. Xalqımızın belə böyük bayramlarından biri də Novruz bayramıdır.

Tarixi çox qədim olan Novruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə qeyd olunur. Novruz bayramı təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Günəş dünyanın Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçdiyi vaxt gecə ilə gündüz bərabərləşir… Bu vaxt qış qurtarır, Yaz fəsli başlayır. Elə Novruz bayramı da bu gündə keçirilir. Deməli, Novruz bayramı əslində yazın, baharın ilk günü, təbiətin canlanması, torpağın oyanması bayramıdır. Adamlar Novruz bayramının pişvazına çıxarlar. Onu nəğməylə qarşılayarlar.
Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaratmışdır. Novruz bayramı sağlamlığın, firavanlığın başlanğıcıdır. Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır. Elə bu məhəbbətlə bağlı yaranmış Novruz tapmaca, atalar sözü və adətlərində ulu babalarımızın müdrik dünyagörüşü, humanist baxışları, həlim qayğıkeş təbiəti özünü göstərir.
Xalqın adətinə görə bayram günü süfrə dolu olmalı, qız-gəlin təzə yaylıq, çəkmə geyinər, evlərdə hanalar qoyular, bayram xalçaları toxuyardılar.
Novruz bayramının Novruz süfrəsi, Novruz xonçası var. Bu süfrəni hazırlamağa axır çərşənbədən başlayırlar. Süfrəyə qoymaq üçün müxtəlif şirniyyatlar bişirilir. Bunlara şəkərbura, paxlava, şəkərçörəyi və s. aiddir.
Bayram süfrəsində adlarını çəkdiyimiz şirniyyatlardan başqa noğul, nabat, püstə, badam, tut qurusu, kişmiş, fındıq, qoz, boyanmış yumurta, alma qurusu, iydə və sair çərəzlər olur. Bəzən axır çərşənbə həm də yeddilöyin gecəsi adlanır. Bu zaman süfrədə yeddi növ çərəz olmalıdır.

Çox vaxt yeddi sin süfrəsi də açılır. Yeddi sin süfrəsi – sin “s” hərfi ilə başlayan sirkə (dad və zövqə işarədir), sarımsaq (sağlamlıq), səbzə(ümid), sumax (bərəkət), sikkə (varlıq), saat ( uzun ömür) və su (aydınlıq) deməkdir. Süfrənin ortasında qırağı şamlarla bəzədilmiş səməni qoyulur. Səməninin şəninə mahnı oxunur:
Səməni, saxla məni,
İldə göyərdərəm səni.
Səməni sazana gəlmişəm,
Uzana-uzana gəlmişəm.
Azərbaycanda lap qədimlərdən Novruz şənliklərində “Sayaçı”, “Yuğlama”, “Yel baba”, “Cütçü şumu”, “Kəvkəs”, “Kosa-kosa”, “Qaravəlli” və s. kimi milli xalq oyunları keçirilib. Bütün bunlarla birlikdə bu bayramda “Kəndirbaz”, “Masqara” tamaşaları da hazırlanır.
Bu oyunların içərisində ən geniş yayılmışı “Kosa-kosa” oyunudur.

Cavanlar bir yerə toplaşıb, zirək, hazırcavab bir oğlana dəri kürkü tərsinə geydirib, başına uzun motal papaq qoyub aşağıdakı mahnını oxuya-oxuya gəzirlər:
A kosa-kosa, gəlsənə,
Gəlib salam versənə.
Çömçəni doldursana,
Kosanı yola salsana.

Kosam bir oyun eylər,
Quzunu qoyun eylər.
Yığar bayram xonçasın,
Hər yerdə düyün eylər.
Bayram şənliyində keçirilən bu oyunlar özünəməxsus yer tutur. Novruz bayramının çərşənbələrində həyətlərdə tonqal yandırılır. Tonqalın üstündən hoppanıb köhnə ilin azar-bezarı da yandırılır. Odun üstündən hoppananlar nəğmələr də oxuyarlar.
Ağırlığım-uğurluğum odlara,
Yazda mənlə hoppanmayan yadlara.
Yaxud:
Ağrım-uğrum tökülsün,
Oda düşüb kül olsun.
Yansın alov saçılsın,
Mənim bəxtim açılsın.
Novruz bayramında qulaq falına çıxmaq adəti də vardır. Qaranlıq düşəndə niyyət tutub qonşuların danışıqlarına qulaq asmağa gedərlər. Ilk eşidilən söz tutulmuş niyyətə uyğun olaraq yozulur.
Odur ki, Novruz bayramı axşamında evlərdə könül açan, ümid verən söhbətlər danışılmalıdır. Novruz bayramında ən çox yayılmış adətlərdən biri də qurşaq sallamaqdır. Daha çox uşaqlar, cavanlar qaranlıq düşəndə evbəev gəzib bacadan, pəncərədən qurşaq sallayıb bayrampayı alırlar.

Onların qurşaqlarına qovurğa, boyanmış yumurta, alma, armud, ərik, gavalı qurusu, cürbəcür şirniyyatlar bağlayırlar. Azərbaycanın böyük şairi Şəhriyar da ” Heydərbabaya salam” əsərində qurşaq sallamanın təsvirini olduqca gözəl verib:
Bayram idi, gecəquşu oxurdu,
Adaxlı qız bəy corabın toxurdu,
Hər kəs şalın bir bacadan soxurdu.
Ay nə gözəl qaydaydı şal sallamaq,
Bəy şalına bayrampayı bağlamaq.
Novruz bayramında kin-küdurət unudulmalıdır. Heç kəs gərək bir-biri ilə küsülü qalmasın.
Novruz bayramı yadda bolluq, xeyirxahlıq, gözəllik bayramı kimi qalır.
Bu əziz bayram ərəfəsində ölkənin hər bir vətəndaşına, onların ailələrinə bir daha səadət, firavanlıq, cansağlığı arzu edir və uğurlar diləyirik.
Firuzə Çiçək

Şərh Yaz