Yaddas kitabcasi

Rayonumuzun şairə xanımlarının yaradıcılığından

Ay çiçək yağışı, çiçək yağışı,
Yağmısan qəlbimin başına bu yaz.
Bu həzin gəlişi, gerçək gəlişi
Oxşatdım bir zümrüd quşuna bu yaz.
Rayonumuzun şairə xanımlarının yaradıcılığından

Çiçək yağışı
Ay çiçək yağışı, çiçək yağışı,
Yağmısan qəlbimin başına bu yaz.
Bu həzin gəlişi, gerçək gəlişi
Oxşatdım bir zümrüd quşuna bu yaz.

Götürün, aparın bəyaz könlümü,
Xəyal asimanım gözləyir bizi.
Göyərdim göylərdə bu yaz könlümü,
Üfüqlər də olsun çiçək dənizi.

Süzüm bu ağlığın dövrəsində mən,
İşıq zərrəsiylə yuyum üzümü.
Tutaraq arzumun ətəklərindən
Günəşin üzünə qoyum üzümü.

Ay çiçək yağışı, çiçək yağışı,
Elə bil ömrümə nur ələmisən.
Ay bahar fəslinin ovsun baxışı,
Məni də özünlə təmizləmisən.
Rayonumuzun şairə xanımlarının yaradıcılığından
Xatın

Müqəddəs ailə
Qəlbimiz bir döyündü,
Bir sevdanı yaşatdıq.
Hamı bəxtəvər dedi,
Biz dərdlərə daş atdıq.

Həyatı varaq-varaq,
Köçürtdük qəlbimizə.
Oğul-uşaqla birgə
Səadət gəldi bizə.

Dözdük əzaba, dərdə,
Ad aldıq – nənə, baba.
Sevir xoşbəxtlər kimi,
Bu gün bizi el-oba.

Xeyirxah olduq hər an,
Ürək vermədik şərə.
Açıq alın, ağ üzlə
Qoşulmuşuq bəşərə.

İlləri saldıq yola,
Yaşamadıq boş, hədər.
Dünyada sevilməli
Nə var ailə qədər?
Rayonumuzun şairə xanımlarının yaradıcılığından
Şərqiyyə Balacanlı

Donub
Baş tələb eləmir şalı, yaylığı,
Bəxtin soyuğundan ayağım donub.
Taleyin amansız ab-havasında,
Dilim tir-tir əsib, dodağım donub.

İnanıb yalana, aldandığımdan,
Ocağa, odlara qalandığımdan,
Yağışda, yağmurda islandığımdan,
Ətək buz bağlayıb, balağım donub.

Qərib ölkələrdə, özgə diyarda,
Halıma acıyıb daş da, divar da.
Qışın arxasınca gələn baharda,
Gül qırov bağlayıb, budağım donub.

Qayalar dəlini, dağ divanəni,
Özünə ram edib şam pərvanəni.
Şəffaf saxlasa da su piyaləni,
Teşt qalıb qar altda, çanağım donub.

Sözü var deməyə düzün, çölün də,
Ətiri, qoxusu yoxdu gülün də.
Yağı tapdağında, gavur əlində,
Çəmən, çöl səngiyib, torpağım donub.
Rayonumuzun şairə xanımlarının yaradıcılığından
Tamam Nur (Tağlabiyanlı)

Nəyi gözəldir
İnsanın bir gözəl ürəyi olsun,
Üzdə gözəlliyin nəyi gözəldir?
Gözəllik könüllər gərəyi olsun,
Gözdə gözəlliyin nəyi gözəldir?

El gözündə gözəlliyin sayı on,
Onun da ki tək bircəsi deyil don.
Gözəlliyə, cavanlığa gələr son,
Yüzdə gözəlliyin nəyi gözəldir?

Gözəldir şairin yaşayan sözü,
Gözəllik – dünyanın xilası, düzü.
Əbədi gözəllik – Tanrının özü,
Bizdə gözəlliyin nəyi gözəldir?
Rayonumuzun şairə xanımlarının yaradıcılığından
Nailə Yırğançaylı

Ana
Ana – həyatımın yanar ocağı,
Mən onun nurunda batmaq istərəm.
Ana – taleyimin cənnət bucağı,
Onun ağuşunda yatmaq istərəm.

Pərişan gözünün dərinliyində
Xəyallar sel kimi axır, görürəm.
Ən uca zirvənin lap təpəsindən
Anam dünyamıza baxır, görürəm.

Ən böyük sevincim – həyatda anam,
Könlümdə bu istək zirvəyə çatır.
Döşəyi yupyumşaq, qu lələyundən,
Anam ürəyimin içində yatır.

Anasız dünyamız şaxtadır, qardır,
Anasız ocaq da, od da soyuqdur.
Deyirəm, günəşin özündə, bəlkə,
Bir ana qoynunun istisi yoxdur.
Nazilə Səfərova

Niyə
Bir vaxt həyatıma sevinc tək dolan,
Könlümün məhəbbət şəfəqi olan,
A mənim hissimdə, duyğumda qalan,
Dünəni dəyişdin sabaha, niyə?

Hər gözdə, baxışda sevgi təmizmi?
Hər “sevirəm” deyən qəlbə əzizmi?
Yenə o məhəbbət çaymı, dənizmi?
İndi o eşq dəyməz bir aha, niyə?

Ucuz həsrət olmaz, ucuz qəm olmaz,
Hər adam ürəyə dost, həmdəm olmaz.
Heç kəsə dünyada bu sitəm olmaz,
Qəlb alıb, qəm satdın sən baha, niyə?
Rayonumuzun şairə xanımlarının yaradıcılığından
Gülxar Cəbiqızı

Dönmərəm
Dastanlarda bir kəlməlik sətrinəm,
Vətən, sənin dastanına dönərəm.
Tarixləri yaşadaram qanımda,
Hər gününə, hər anına dönərəm.

Tüstülənən bir ocağın közüyəm,
Bir amalın, yüz ünvanın iziyəm.
Küləyinin sərtləşməmiş üzüyəm,
Lazım gəlsə, tufanına dönərəm.

Yanan şamam, əriyərəm, sönmərəm,
Düşmənimə əyilmərəm, enmərəm.
Məhəbbətəm, öz sözümdən dönmərəm,
Nigar olub qurbanına dönərəm.
Rayonumuzun şairə xanımlarının yaradıcılığından
Məhəbbət Osmanova

Allah səni unutmasın
Unut, səni unudanı,
Yoxsa, dərdi üzər canı.
Əzabda qoyma vicdanı –
Allah səni unutmasın.

İllər gəlib keçə bilər,
Dostlar əlin çəkə bilər.
Kimi desən, seçə bilər,
Allah səni unutmasın.

Hərə bir cürə, bəndədi,
Hələ sınaqlar öndədi.
Dünya çox ağır gündədi,
Allah səni unutmasın…
Şəfəq Mürsəlli

Ana ürəyi
Bütün övladları olsa da rahat,
Yenə də ananın qəlbi narahat.
Hər gecə bir müdhiş yuxu görüncə,
Onu qanadına alır düşüncə.
Gördüyü yuxunu min yerə yozur,
Pisə yozduğunu əlbəəl pozur.
Buna şahid durur bizi yaradan,
Axır nəfəsədək övlad sarıdan,
Yenə narahatdır ana ürəyi…
Daim narahatdır ana ürəyi…
Rayonumuzun şairə xanımlarının yaradıcılığından
Gülər Əmirli

Nikbinlik
Doğulan hər ömür
Bir istək umur,
Açılan hər günün
Varaqlarında.
Arzular böyüyüb
Bir ümman olur,
Sən də dayanırsan
Limanlarında.
Gənclik, həyat eşqi,
Yaşam həvəsi,
Atılan addımlar.
Görülən işlər
Ölçüsü görünməz
Bu gethagetlər.
Məqsədə atılan
Bu ox, bu nişan,
Həyata inamı
Gətirən olur,
Arzuya, amala
Yetirən olur.
Bəzən istəsək də
Gedəcək yolu,
Qazana-qazana
Alınar sonu.
Yetər ki, cəsarət
Özünlə olsun
Həyata səbatın
İzinlə olsun!

Bizim Buynuz kəndimiz
Vətənin parçasısan,
Sən nağıl dünyasısan,
Könüllərin odusan,
Bizim Buynuz kəndimiz!

Hər bir işdə sözün var,
Bir bayraqdar izin var,
Ürəklərdə duzun var,
Bizim Buynuz kəndimiz!

Dağlar hüsnə bəzəyin,
Çaylar sənin can yerin,
Elatındır gərəyin,
Bizim Buynuz kəndimiz!

Yuxular şirin olur,
Bir möcüzə sirr olur,
Bu hüsnünü görəndə
Hər bir kəsə çin olur,
Bizim Buynuz kəndimiz!
Turac Məmnun(Teymurova)

Şərh Yaz