Bu gün dediklərim…
Əlimin qabarı hörmətdən düşüb,
Daşdan çıxan çörək dişimi qırır.
Duz-çörək kəsirəm öz uşağımla,
Susuram, içimdə vicdan qışqırır.
Bu gün dediklərim…
Əlimin qabarı hörmətdən düşüb,
Daşdan çıxan çörək dişimi qırır.
Duz-çörək kəsirəm öz uşağımla,
Susuram, içimdə vicdan qışqırır.
Susuram, taleyin əli əlimdə,
Daşlaya bilmirəm durduğum yeri.
İşığa cumuram pərvanə kimi,
Gözlərim zülməti görəndən bəri.
Gözlərim seçsə də əyridən düzü,
Özümü görmürəm bu qarışıqda.
Ayağı yer tutan yanımdan keçir,
Kor olub durmuşam yaşıl işıqda.
Kor olub görməsəm bu olanları,
Dərd məni boğmazdı bəlkə bir belə.
Bayram da görmüşəm, yas da bu yaşda,
Amma qarşıdadır qiyamət hələ.
Amma “varam” deyən bir az düşünsə,
Körpünü yandırmaz, keçəndə çayı.
Bəşərin başqa bir xilaskarı yox,
Ey insan, ey insan, səndən savayı.
Ey insan, dərk elə böyüklüyünü,
Yer sənin, göy sənin, kainat sənin.
Varın da, yoxun da sahibi sənsən,
Özünsən, əksindi bu həyat sənin.
Özünsən ağladan, güldürən, gülən,
Əlində olmayan qılınc metaldır.
Göstər hünərini, tut öz yerini,
Əlini sülhə ver, səsini qaldır.
Əlini yetənin önündə açma,
Bir təmiz ad üçün ölümlə barış.
Çeşmənin suyutək şəffaf ol, saf ol,
Açan səhərlərin nuruna qarış.
Açan səhərləri ötəri sevmə,
Sevə bilməməkdir bəlamız bizim.
Bu gün dediklərim Tanrıdan gəlir,
Hamıya qucaq aç, söylə: Əzizim!
Hamıya yer üzü – Vətən, beşikdir,
Qardaşıq, doğmayıq ərk edə bilsək.
Dünyaya gəlmişik yaşamaq üçün,
Yaşamaq nə imiş, dərk edə bilsək.