Mühacir

Ağ saçları köhnə, bozumtul kepkasının altından çıxmış qoca bir kişi küçə ilə addımlayır. Əyninə rəngi getmiş bir plaş geydiyindən, kostyumunun nə vəziyyətdə olduğu bilinmir. Şalvarının didilmiş balaqları yerlə sürünür. Ayaqqabılarının dabanı sürtülüb yeyildiyindən yana əyilmişdi. Bükülmüş belinin donqarı plaşın altından hiss olunur. Adama elə gəlir ki, qoca başını ağır bir yük kimi çiyinlərində zorla saxlayır və belindəki donqar da bu yükün ağırlığından əmələ gəlib. Onun ölgün nəzərləri ayaqlarının altına zillənmişdir. Elə bil, o nə isə itirib, indi reklam işıqlarında parıldayan asfaltda itirdiyini axtarır, lakin tapa bilmir…İtirdiyini tapa bilmədiyi üçün də sinəsinə sallanmış başı təəssüflə sağa-sola yellənir.
Mühacir
Mühacir

(Hekayə)

Məmməd Mirzə
(Rzayev Məmmədmirzə Şahsuvar oğlu)
Mühacir
1942-ci ildə İsmayıllı rayonunun Müdri kəndində anadan olub. Göyçay Pedaqoji Məktəbini və Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib.
Hekayələri “Azərbaycan” və “Ulduz” jurnallarında çap olunub.
Respublika Radio və Televiziya Komitəsinin elan etdiyi müsabiqədə “Biz dörd nəfər idik” adlı hekayəsi mükafata layiq görülub və Azərbaycan Radiosunda səsləndirilib.
“Azərnəşr”də povest və hekayələrindən ibarət “Sarabəyim” adlı kitabı çap olunub.
“Dağ çiçəkləri” ədəbi məclisinin işində müntəzəm iştirak edib, bir müddət məclisin rəhbəri olub.

Ağ saçları köhnə, bozumtul kepkasının altından çıxmış qoca bir kişi küçə ilə addımlayır. Əyninə rəngi getmiş bir plaş geydiyindən, kostyumunun nə vəziyyətdə olduğu bilinmir. Şalvarının didilmiş balaqları yerlə sürünür. Ayaqqabılarının dabanı sürtülüb yeyildiyindən yana əyilmişdi. Bükülmüş belinin donqarı plaşın altından hiss olunur. Adama elə gəlir ki, qoca başını ağır bir yük kimi çiyinlərində zorla saxlayır və belindəki donqar da bu yükün ağırlığından əmələ gəlib. Onun ölgün nəzərləri ayaqlarının altına zillənmişdir. Elə bil, o nə isə itirib, indi reklam işıqlarında parıldayan asfaltda itirdiyini axtarır, lakin tapa bilmir…İtirdiyini tapa bilmədiyi üçün də sinəsinə sallanmış başı təəssüflə sağa-sola yellənir.
Qoca bir qədər gedib dayanır, nəfəsini dərdikdən sonra yoluna davam edirdi… Gözləri sulanmış, çiynindən və yanlarından dərisinin tükü getmiş axsaq bir köpək üç ayaq üstündə tullana-tullana addımbaaddım onu izləyir…
Bu qəribə mənzərə küçədən keçənlərdən bəzisinin diqqətini cəlb edirdi. Onlar bu donqar qoca ilə axsaq köpəyə ötəri nəzər salıb, yollarına davam edirdilər. Adamların əksəriyyəti buna əhəmiyyət vermədən sürətlə ötüb gedirdilər. Görünür, qoca ilə köpəyin belə axşam gəzintilərinin tez-tez şahidi olmuşdular.
Bu yorğun qoca ilə axsaq köpəyi isə küçədən keçən adamlar qətiyyən maraqlandırmırdı. Qoca ağır-ağır addımladıqca ayaqları altındakı tozlu səkini gözdən keçirir, köpək isə qarşıda addımlayan qocanın belindəki donqardan gözlərini çəkmədən onun ardınca gedirdi.
Bir az qabaqda – küçənin solunda rəngli işıqlarla bəzənmiş yaraşıqlı bir bina vardı. Binanın qarşısında – giriş qapısının üstündə iri, parlaq hərflərlə “MEDUZA” sözü yazılmışdı. Bu, şəhərin ən yaxşı restoranlarından biri sayılırdı.
Qoca bu binanın qarşısına çatıb dayandı. Bayaqdan bəri ilk dəfə nəzərlərini tozlu səkidən ayırıb, vitrindəki yazıya zillədi. Əlini şalvarının cibinə salıb, bir əzilmiş pul və bir neçə xırda pul çıxartdı. Kağız pulu bu gün ona hansı ölkədənsə gəlmiş turistlərdən biri bağışlamışdı. Qoca ovucundakı pullara baxıb, dodağının altında nə isə mızıldandı. Pulları qaytarıb cibinə qoydu. Arxaya çevrilib köpəyin qəmli gözlərinə nəzər saldı. Yorğun köpək dal ayaqlarının üstünə çöküb ləhləyirdi. Sanki öz baxışları ilə ondan xahiş edirdi ki, tələsməsin, bir az da dincəlsinlər, sonra yollarına davam edərlər…
Qoca plaşının cibindən bir parça quru çörək çıxartdı. Çörək parçasını görcək, köpək ləhləməyini kəsib, quyruğunu sağa-sola döyəcləməyə başladı. Qoca belinin qırılacağından qorxurmuş kimi ehtiyatla aşağı əyilib, çörəyi itin qarşısına, səkinin qırağına qoydu. Köpək əvvəlcə sahibindən icazə istəyirmiş kimi onun üzünə baxdı. Sonra ağzından selik axa-axa quru çörək parçasını gəvələməyə başladı.
Qoca bir də başını qaldırıb restoranın qapısına baxdı və öz-özünə danışırmış kimi dedi:
– Bədbəxt dostum, səninki buraya qədərdir.
Səni ora buraxmazlar. Adamları yoluxdurarsan. Bu şəhərdə sənin qoturluğundan qorxmayan təkcə mənəm. Bilsələr ki, hərdənbir səni tumarlayıram, heç məni də buraxmazlar. Ancaq mən girəcəyəm. Cibimdə buraxılış kağızı var, – o, cibindəki pulları cingildətdi, – girəcəyəm! Sənin üçün də bir şey tapıb gətirərəm. Otur, gözlə. Ancaq ağıllı ol. Ovçarkalı xanımlar yanından keçəndə gözlərini yum. Yoxsa öz başına iş açarsan. Mənim də xəbərim olmaz…
O, restoranın qapısından içəri girib gözləri ilə boş yer axtarırdı. Lakin burada yer tapmaq çətindi. Bəxtindən, qapının yaxınlığında bir boş stol və iki stul vardı. Keçib həmin stolun arxasında əyləşdi.
Xeyli gözlədikdən sonra restoran xidmətçisi onun oturduğu stola yaxınlaşdı. Xidmətçi qocaya bir söz deməsə də, ikrahla baxmasından bilinirdi ki, onun buraya girməsindən narazıdır. Qoca içki və qəlyanaltı sifariş verdi.
Görünür, qoca bu restorana ilk dəfə ayaq basırdı. Bəlkə də, buraya gəlmək onun çoxdankı arzusu imiş. Lakin pulu olmadığından gələ bilmirmiş. Bu gün isə belə bir imkanı vardı. O, əllərini çənəsinə söykəyib, deyib-gülən, yeyib, içib şənlənən adamlara tamaşa edirdi.
Yuxarı başda, qapı ilə üzbəüz səhnədə caz ansamblı çalıb-çağırırdı. Qızılı saçları çiyinlərinə səpələnmiş yarımçılpaq müğənni qadın məlahətli səslə oxuyurdu. Əlində miniatür mikrafon tutmuş bu qadının oxuduğu mahnılar və musiqinin şəhvət çağıran zil səsi qulaq asanların əsəblərini qıcıqlandırır, başlarını dumanlandırırdı. Oxuduğu mahnının ahənginə uyğun yırğalanan müğənni görkəmindən varlı olduğu bilinən müştərilərin gah birinə, gah da başqasına eyhamlı işarələr edirdi.
Yaz buludu kimi lay-lay olub tavana yapışan bahalı siqar tüstüsü ahəstə-ahəstə əriyib yox olurdu. Restorandakılardan kimisi qədəhləri cingildədir, kimisi qayğısızca laqqırtı vurur, kimisi də işgüzarcasına söhbət edirdi. Bəzi stolların arxasında isə öz cavan məşuqələrinin nazı ilə oynayan ahıl kişilər arsız-arsız hırıldayır, yerli-yersiz protez dişlərini ağardırdılar.
Qocanın yaxınlığında, pəncərənin qarşısındakı stolda yarımsərxoş bir qadın və başının ortası dazlaşıb güzgü kimi parıldayan əlli-əlli beş yaşlarında bir kişi əyləşmişdi. Qadın iki barmağı arasında uzun Misir siqareti saxladığı sol əlini kişinin tüksüz başına söykəyib, zərif barmaqları ilə peysərini tumarlayırdı. Sağ əlini isə gah onun dodaqlarına yapışdırır, gah da parıldayan zərli qalstukunu əlləşdirirdi.
Onlardan bir az aralıdakı stolun arxasında, yumşaq kreslolarda iki kişi, iki qadın əyləşmişdi. Onlar ətrafdakılara nisbətən daha ucadan deyib-gülürdülər. Kişilərdən birinin əynində tünd-göy, o birisinin əynində isə son moda ilə tikilmiş yaraşıqlı boz kostyum vardı. Yanındakıların da, restoran xidmətçilərinin də bu boz kostyumlu, orta yaşlı kişiyə xüsusi ehtiramla yanaşdığı hiss olunurdu. O, burada heç kimi saymadan, özünü sahibi-ixtiyar kimi aparırdı…
Səfil qocanın restoranda peyda olması buranın daimi müştərilərinin heysiyyətinə toxunmuşdu. Arabir dönüb iyrənc bir şeyə baxırmış kimi ona nəzər salırdılar…
Daz kişi ilə məşuqəsi qocaya daha yaxın oturduqlarından dözə bilmədilər. O, barmağının işarəsi ilə restoran xidmətçisini yanına çağırdı. Xidmətçi stola yaxınlaşanda o dedi:
– Biz “Meduza”nın abırlı bir restoran olduğunu güman edib buraya gəlirik. Əgər siz bizi dilənçi və səfillərə bərabər tutursunuzsa, başqa yerə gedə bilərik. Şəhərdə restoran çoxdur. Qovun onu burdan, – deyə o, qocanın oturduğu stola işarə elədi, – ya da yerini dəyişdirin ki, gözümüz görüb iştahımız qaçmasın.
Qocanın sifariş etdiyi içki və yemək hələ də gəlib çıxmamışdı. O, başını stolun üstündə çarpazladığı arıq əllərinə söykəyib, səbirlə gözləyirdi. Ofisiant heç bir şey gətirmədən əliboş stola yaxınlaşanda qoca təəccüblə ona baxdı.
O, qocaya sarı əyilib dedi:
– Siz lütfən zəhmət çəkib başqa yeməkxanaya gedə bilərsinizmi?
– Nə üçün? Mənim pulum var, pulum var…, – deyə qoca ciblərini qurdalayıb, kağız pulu çıxartdı.
– Bilirsinizmi, daimi müştərilərimiz var. Onlar sizə görə çıxıb getmək istəyirlər. Müştərilərimizi itirsək, müflis ola bilərik.
– Tüpürüm sizə də, sizin müştərilərinizə də, – deyə qoca mızıldandı.
O, əllərini stola dayaq verib qalxmaq istədi.
Elə bu zaman həmin boz kostyumlu kişinin səsi eşidildi:
– Ona toxunmayın! Hər nə istəyir, verin. Pulu bizdən çatacaq.
– Lazım deyil, cənab, pulum var, – deyə qoca təkrar elədi.
Ofisiant daha bir söz demədi. O, qocanın sifarişini yerinə yetirmək üçün gedəndə boz kostyumlu kişi:
– Mənim hesabıma ona bir şüşə viski də verin, – dedi.
Bu əhvalatdan pərt olan kişi ilə məşuqəsi acıq eləyib restorandan getdilər. Onlar qapıdan çıxanda boz kostyumlu və onun yoldaşları ucadan gülüşdülər. Hamıya aydın idi ki, bu oyunu qocanı müdafiə etmək üçün yox, dazbaşa sataşmaq məqsədi ilə çıxarmışdılar…
Qoca tünd içkidən qurtum-qurtum içir, qəlyanaltıya heç gözucu da baxmırdı. İçkinin təsirindən beyni dumanlanan qoca başını yumruqlarının üstünə qoyub, gözlərini yummuşdu. Qıraqdan baxan onun mürgülədiyini zənn edərdi. Lakin o mürgüləmirdi. Yarıaçıq göz qapaqlarının arasında restorandakı adamlara baxırdı. Şərabın təsirindən ağırlaşmış başını stolun üstündən qaldırmağa gücü çatmırdı.
Bu zaman otuz beş-qırx yaşlarında bir kişi icazə istəyib, onunla üzbəüz əyləşdi. Qoca qımıldanmadı. Yeni gələn qonaq da qocanın yatdığını güman edərək ona əhəmiyyət vermədi. Eynəyini çıxarıb, cibindən götürdüyü təmiz dəsmalla şüşəsini sildikdən sonra gözlərinə taxdı. Ofisiantı çağırıb nəsə dedi.
Uzun müddət çalıb-oxumaqdan yorulmuş musiqiçilər və müğənni qadın səhnədən getdilər.
Azacıq istirahətdən sonra onlar qayıdıb yerlərində əyləşəcəkdilər. Hələlik isə musiqiçiləri qrammofon valları əvəz edir. Vallar dəyişdikcə, məşhur estrada müğənnilərinin oxuduğu mahnıların səsi restorana yayılır. İçəridə qədəh cingiltisi, boşqablara toxunan çəngəl-bıçaq səsləri, gülüş sədaları bir-birinə qarışıb. Təkcə qapının yaxınlığındakı stolda sakitlikdir. Qoca mürgüləyir, eynəkli kişi isə qəhvə içirdi…
Birdən buradakıların başa düşmədiyi yad bir dildə yeniyetmə səsinə bənzəyən şirin və məlahətli bir səs ətrafa yayıldı. Bu mahnı da əvvəlkilər kimi restorandakı başqa səslərə qarışdı. Lakin təkcə müğənninin səsinin qeyri-adiliyi, ondakı uşaq səmimiliyi deyil, musiqinin oynaq ritmi də çoxlarının diqqətini cəlb elədi:
“Da-ra-ba-ba bum-bap, bum-bap-baaap,
Da-ra-ba-ba bum-bap, bum-bap-bap…”
Bu mahnıda əvvəlkilərdən fərqli nəsə vardı. Hiss edirdilər ki, bu mahnının vətəni uzaqlarda, hardasa Şərqdədir. Yad bir dildə olsa da, bu yeniyetmə səsinin ürəkparçalayan naləsindən başa düşülürdü ki, o nə deyir. Lakin hər halda, buradakılar üçün doğma deyildi bu mahnı, qulaqlarında qəribə səslənirdi. Onun təranələrinin əsiri olmaq üçün bu dili bilmək lazım idi. Müğənni isə hələ də oxuyurdu…Gah ucadan, gah lap yavaşdan… Gah aramla, gah tələsə-tələsə…
“Aman-aman, aaayrılıq,
Olur yaaaman ayrılıq…”
Görəsən, bu val restorana necə gəlib düşüb? Onu bura kim gətirib? Bəlkə, vətənindən uzaq düşmüş bir qəribin yadigarıdır? Bəlkə, burada kimsə onu ara-sıra oxutdurmaqla dərdini yüngülləşdirir?…
Qoca ilə üzbəüz oturmuş eynəkli kişi qəhvə dolu fincanı dodaqlarından ayırıb stolun üstünə qoydu. Ömründə ilk dəfə eşitdiyi bu mahnı onun ürəyində çoxdan qövr eləmiş bir yaranın üstünü qoparıb qanatdı. Uzaq ölkədə, özgə adamlar içərisində yad səslənən bu musiqi təranəsi onun üçün nə qədər yaxın, nə qədər doğma idi! Bu mahnıda insan qəlbinin dərinliyinə işləyən uşaqcasına bir məsumluq və paklıq onu kövrəltdi. Burada vüsal və hicran bir-birinə qovuşur, bir-birinə qarışıb həzin bir təəssürata çevrilir. O, əlini çənəsinə söykəyib, heyran-heyran mahnıya qulaq asırdı. Qrammofon valından qopan hər səsi acgözlüklə udmaq istəyirmiş kimi gözlərini səhnədən çəkmirdi. Mahnının sədaları getdikcə yavaşıdı və elə bil uzaq üfüqlərin arasında yox oldu; haradan gəlmişdisə, oraya da qayıtdı…
(Ard var)

Şərh Yaz