Gənclər günü

“Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır və Azərbaycanın bugünkü gənc nəsli gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır”.
Heydər Əliyev

Gənclər günüGənclər günü

Bəli, bu gün inam gənclərədir.
Əsasını Ulu öndərimizin qoyduğu gənclər siyasəti uğurla davam etdirilir. Gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində davamlı iş aparılır, istedadlı və yaradıcı gənclərə dövlət qayğısı genişləndirilir. Məşğulluq sahəsində beynəlxalq təcrübəyə və gənclərin təşəbbüskarlığına əsaslanan fəaliyyətlər inkişaf etdirilir, regionlarda yaşayan gənclərin fəallığını artıran tədbirlər həyata keçirilir.
Ölkədə gənclərin hərtərəfli inkişafı, gələcəyin tələblərinə cavab verən təhsil almaları, müəssisə və təşkilatlara işə düzəlmələri, dövlət qulluğunda və idarəetmədə peşəkar və bilikli gənclərin sayının artırılması istiqamətində çoxlu işlər görülür.
Gənclik böyük qüvvədir. Elə bu səbəbdəndir ki, rayonumuzda gənclərə diqqət ayrılır, onların qayğı və problemlərinə həssas münasibət göstərilir.
Fevral ayının 2-də Gənclər Günü münasibəti ilə keçirilən möhtəşəm bayram tədbiri də dediklərimizin bariz nümunəsidir.
Onlarla gəncin bir araya toplaşması, rayon gənclərinin dövlətə, dövlətçiliyə olan inamının da sübutu idi. Bu gün gənclərimizi hansısa yollarla başqa istiqamətlərə çəkmək istəyənlər, bir daha yanıldıqlarını gördülər. Rayonun işgüzar, ali təhsil alan, savadı və bacarıqları ilə nümunə ola biləcək gəncləri həmin gün ulu öndər Heydər Əliyevin abidəsi önünə tər güllər düzərək ehtiramlarını bildirdilər.
Gənclər günü
Cəmiyyətin ictimai-sosial həyatında fəal iştirak edən gənclərlə bir stol arxasında əyləşmişdim.
Gənclər onlara göstərilən diqqətdən danışır, razılıqlarını bildirir, ideyalarını paylaşırdılar.
Tədbirdə çıxış edən RİH başçısı Mirdaməd Sadıqov ulu öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğıdan danışdı. Bildirdi ki, tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə gənc nəslə bağlayır. Bu mənada ölkəmizin gələcəyi olan gənclərə qayğı möhtərəm İlham Əliyev cənablarının fəaliyyətinin əsas istiqamətlərindəndir. Prezidentin həyata keçirdiyi genişmiqyaslı islahatları vurğulayan icra başçısı ölkədə bütün sahələrdə əldə olunan nailiyyətlərin gənclərdən də yan keçmədiyini dedi. RİH başçısı rayonda işgüzar mühitin yaradılmasında gəncləri fəal olmağa səslədi.
Sonra çıxış edən icra başçısının müavini Sevil Əhmədova prezident İlham Əliyevin gəncliyin inkişafı istiqamətində imzaladığı Fərman və Sərəncamların əhəmiyyətini qeyd etdi. Bildirdi ki, bu gün rayonda gənclərlə iş sahəsində xeyli irəliləyiş var. Əvvəlki illərlə müqayisədə gənclərin fikir və təkliflərinə daha çox önəm verilir.
Gənclər günü
Rayon İcra Hakimiyyətinin Ərazi İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları ilə İş şöbəsinin müdiri Rüstəm Səmədov gənclərin uğurlu iş fəaliyyəti haqqında danışdı.
İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov bildirdi ki, “Azərbaycan gəncliyi 2011-2015- ci illərdə” Dövlət Proqramının qəbul edilməsi gəncliyə qayğıdan xəbər verir. Azərbaycanın uzunmüddətli inkişaf proqramının uğurla həyata keçirilməsi vəzifəsi isə biz gənclərin üzərinə düşür. O, tədbirin təşkilatçılığında göstərilən dəstəyə görə rayon İcra Hakimiyyətinə və İsmayıllı bələdiyyəsinə təşəkkürünü bildirdi.
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktor müavini Sevda Qasımova, İsmayıllı Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov çalışdıqları tədris ocaqlarında istedadlı gənclərə xüsusi diqqət ayrıldığını nəzərə çatdırdılar.
İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin kiçik könüllüsü Nilufər Çələbiyeva çıxış edərək gənclərimizi təbrik etdi, onlara xoş arzularını çatdırdı.
Kollec tələbələri və İsmayıllı İnnovasiyalar Mərkəzinin gəncləri maarifləndirici səhnəciklər göstərdilər, maraqlı rəqs nümunələri nümayiş etdirdilər.
Bir qrup tələbəyə, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən gəncə RİH-nin Fəxri fərmanı və qiymətli hədiyyələr verildi.
Bayram tədbirində bilik viktorinası keçirildi. Gənclərə müxtəlif suallar ünvanlandı. Sualları düzgün cavablandıranlar mükafatlandırıldı.
Tədbir rayonun incəsənət işçilərinin ifasında şən mahnılar və gənclərin baxımlı rəqsləri ilə davam etdi.
Çinarə Bəhərçinli

Şərh Yaz