Yaddas kitabcasi

Növbəti məsləhətləşmələr gənclərlə oldu

Rayon İcra Hakimiyyətinin rəhbərliyi bir qayda olaraq, mühüm layihələrin müzakirəsini gənclərlə birgə keçirir. Onların problemlərinin həlli, məşğulluğunun artırılması və asudə vaxtlarının səmərəli, mənalı təşkilinin yaxşılaşdırılması yollarını da birgə fikir mübadiləsi və yeni düşüncə tərzinə əsaslanan debatlardan sonra müəyyənləşdirir. Bu günlərdə rayonun coğrafiyasını əhatə edən, bütün kəndləri, idarə, müəssisə və təşkilatları, ümumtəhsil məktəblərini təmsil edən gənclərin iştirakı ilə keçirilən toplantıda “Rayonun sosial-iqtisadi inkişafının perspektiv layihələri və onların icrasında gənclərin fəal iştirakı” mövzusunda müzakirə keçirilmişdir. “Gənclər Mərkəzi”nin iclas zalına dəvət olunan 400 nəfərdən çox gəncin bir hissəsi ilk dəfə idi ki, rayon İcra Hakimiyyətinin başçısı ilə bir yığıncaqda iştirak edirdi. Məhz bu halı nəzərə alan rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov tapşırmışdı ki, siyasi, ideoloji yönümündən, məşğuliyyətindən, təhsil səviyyəsindən, işləyib-işləməməyindən asılı olmayaraq bütün qrup gənclər toplantıda təmsil olunsun. 360 nəfərlik iclas zalına 400 nəfər əlavə oturacaq qoyulmaqla yerləşdirilmişdi.
Növbəti məsləhətləşmələr gənclərlə oldu
Növbəti məsləhətləşmələr gənclərlə oldu

Növbəti məsləhətləşmələr gənclərlə oldu
Başlanğıcda rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov çıxış edərək gənclərin yeni layihələrdə iştirakından, onların işlə təmin olunmasından, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclərə tükənməz qayğısının bütün aid ünvanlara çatdırılmasından, rayonda fəal gənclik həyatının formalaşmasından, gənc müəllimlərin qalib gəldikləri layihələrdən, gənclərin sosial şəbəkələrdəki fəallığından danışdı.
Rayona qaynar gənclik həyatı gətirən İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Rəsul Balayev gənclərə layihələr, perspektiv layihələr, layihələrin hazırlanması və qəbul etdirilməsi barədə, müasir iqtisadi idarəetmədə gənclərin fəallığının artırılması yollarından hamı tərəfindən başa düşülən elmi dildə danışdı. Kollec tələbələrinin, gənc müəllimlərin dövlət gənclər siyasətinin həyata keçirilməsində fəallıq göstərdikləri barədə məlumat verdi. 2013-cü ilin əvvəlindən başlayaraq rayonda formalaşan ziyalı mühitini, sosial-iqtisadi inkişafındakı fəallığı təqdir etdi. Bildirdi ki, rayon yüksək intellektlə, elmi əsaslarla, əhalinin maraqları üzərində qurulan fəaliyyətlə idarə olunur. Bu idarəetmədə hər bir gəncin daha fəal olmasına ehtiyac vardır.
Millət vəkili, İsmayıllını 9-cu ildir ki, yüksək səviyyədə təmsil edən Novruz Aslanov iki çıxışı dinlədikdən sonra məmnun qaldığı belə bir gənclik toplantısında ürək sözlərini dedi, həyat təcrübəsindən, siyasətçi fəaliyyətindən doğan məsləhətlərini verdi. Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun perspektiv inkişaf layihələrinin gənclərin müzakirəsinə verməsini, onların fikir arzu və təkliflərini nəzərə almasını təqdir etdi. Bildirdi ki, fundamental layihələrin icrasına gənclərin cəlb olunması, onlara hər sahədə istinad edilməsi inkişafın təkanverici qüvvəsi kimi qiymətləndirilir. Əminəm ki, rayon İcra Hakimiyyəti ilə gənclərin dialoqu, məsələlərin birgə müzakirəsi, gənclərə diqqət, onlar üçün yeni iş yerlərinin açılması davamlı olacaq. İsmayıllı hər bir sahədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncam, tapşırıq və tövsiyələrini layiqincə yerinə yetirəcək.
Millət vəkilinin səmimiyyətlə etdiyi çıxış gənclər tərəfindən hərarətlə qarşılandı.
Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov və başqaları müasirliyi ilə fərqlənən çıxışlar etdilər.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov ənənəsinə sadiq qalaraq, meydanı gənclərə verdi. Onları dialoqa dəvət etdi. Dialoqun daha maraqlı olması üçün ilk növbədə Mirdaməd müəllim layihələr barədə müzakirə açdı. Qeyd etdi ki, 300 nəfərin işləyəcəyi, hər hansı bir müəssisənin, təkrarı olmayacaq velosiped zavodunun, Dövlət Humanitar və Texnologiya Kolleci üçün binanın tikintisinə başlanmışdır. Daha çox uşaqların marağı istiqamətində yenidən qurulan Zərifə Əliyeva adına parkda işlər az zamanda başa çatdırılacaq. Gənclərin ehtiyacı nəzərə alınaraq, xüsusi torpaq sahəsi ayrılacaq, burada ikimərtəbəli fərdi evlər tikiləcək və ipoteka krediti ilə gənc ailələrə veriləcək.
Vahid and yerimiz, ziyarət məkanımız olacaq ”Cavanşir” parkı salınacaq. Burada Milli qəhrəmanlarımız Ərəstun Mahmudovun, Mehdi Abbasovun, Sovet İttifaqı Qəhrəmanı Bahəddin Mirzəyevin büstləri, ağılla, diplomatik yolla qələbələr qazanan Cavanşirin at üstündə böyük heykəli qoyulacaq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ayrılan vəsait hesabına Göytəpə-Qalınçaq və Ruşan kəndlərinə yol çəkiləcək, çoxsaylı digər sosial-iqtisadi və yenidənqurma layihələri həyata keçiriləcək. Bu layihələrin icrasında bizə bacarıqlı mütəxəssislər, mühəndislər lazımdır. Onlar sizin sıralarınızdan gəlməlidir.
Gənclərin təhsilə münasibətindən danışarkən qeyd etmək istərdim ki, tam orta məktəblər ali təhsilə şagirdlərin istiqamətləndirilməsində yerli ehtiyacı lazımınca nəzərə almırlar. 40 nəfərə qədər həkimə ehtiyacımız var. İKT üzrə mühəndisimiz varmı? Bu işləri biz sizinlə birgə görməliyik. Bu layihələrin icrasında siz daha fəal olmalısınız. Vətən sevgisini gündəlik fəaliyyətlə təsdiq etmək lazımdır.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun səmimi, qayğılı çıxışını, çağırış və məsləhətlərini məmnuniyyətlə qəbul edən gənclər dialoqa fəal qoşuldular, maraqlı təkliflər verdilər, layihələrin icrasında öz yerlərinin harada olduğunu gördülər. Həm də minnətdarlıq etdilər ki, onların rəyi öyrənilir, sözünə diqqət yetirilir, səsi eşidilir.
Çoxsaylı nəsilləri, bu nəsillərə müxtəlif münasibətləri görə-görə gəlib qocalığa çatmışam. Onların sevincini, fəallıqlarını bəzən də narazılığını, narahatlığını, bəlkə də, çoxundan yaxşı duymuşam. Gənclər toplantısında mən də bir jurnalist kimi iştirak edirdim. Görürdüm ki, bəziləri ilk dəfə iclas zalında olduqları, rayon rəhbərini dinlədikləri, dəvət olunduqları və sayıldıqları üçün sevinirlər.
Əmin oldum ki, bu sevinc yeni-yeni layihələr reallığa çevrildikcə daha da artacaqdır.
V.Salehov,
Azərbaycan Jurnalistlər birliyinin üzvü

Şərh Yaz