Arzu arzudan doğur

Akademiyasının müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor.
Biz uşaqlıqdan bir sinifdə oxuyurduq. Dost idik. Axıra qədər dost olaraq da qaldıq. Mayıs zəhmətkeş oğlan idi. Anasının yeganə oğul övladı olduğundan lap uşaqlıqdan evin bütün qayğıları onun üzərinə düşmüşdü. Atası gənc yaşında dünyasını dəyişmiş, anası Rəbiyə xala Mayisə həm ana olmuş, həm də atasını əvəz etmişdi.

Arzu arzudan doğurUlu Basqalın elm korifeyləri və məşhur ictimai xadimləri
Arzu arzudan doğur
Mayis Həbib oğlu Cavadov – Əməkdar Elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor.
Arzu arzudan doğur
Biz uşaqlıqdan bir sinifdə oxuyurduq. Dost idik. Axıra qədər dost olaraq da qaldıq. Mayıs zəhmətkeş oğlan idi. Anasının yeganə oğul övladı olduğundan lap uşaqlıqdan evin bütün qayğıları onun üzərinə düşmüşdü. Atası gənc yaşında dünyasını dəyişmiş, anası Rəbiyə xala Mayisə həm ana olmuş, həm də atasını əvəz etmişdi.
Orta məktəbdə oxuyarkən şagirdlərin gələcək həyat yolu haqqındakı söhbətləri indi də yadımdadır. Kimi həkim olub insanların sağlamlığı keşiyində durmaq, kimi mühəndis olub ölkənin yeraltı sərvətlərini üzə çıxarmaq, kimi aqronom olub kənd təsərrüfatında çalışmaq arzusunda olduğundan danışırdı. Mən ailəmizin ənənəsinə uyğun müəllim olmaq istəyirdim. Mayis isə bu zaman bizə:
– Əmim Maqsud Cavadov kimi, riyaziyyatçı olmaq istəyirəm, – deyə qısaca cavab verirdi.
Yoldaşları ona inanırdılar. Onlar tam əmin idilər ki, Mayis mütləq yaxşı riyaziyyatçı olacaqdır. Dərin biliyi, maraqlı mühakimələri, möhkəm iradəsi ilə seçilən bu səmimi, istiqanlı oğlan bütün fənləri həvəslə öyrənir, fizika və riyaziyyata xüsusi maraq göstərirdi. O, hər hansı məsələ və misalı çətinlik çəkmədən həll edir, yoldaşlarına da kömək edirdi.
Böyük Vətən müharibəsinin ağır yükü çox uşağın arzusunu ürəyində qoydu. Mayis Cavadov isə məqsədinə çatmaq üçün bütün maneələri dəf etdi.
1947-ci il. Xatirədə həmişə silinməz iz buraxan orta məktəb həyatı sona yetdi. Basqal orta məktəbini uğurla bitirən Mayis Cavadov Bakıya gedib Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil oldu. Universitetdə oxuyarkən müəllimlərinin ona verdiyi dərin və əsaslı biliyi, həmçinin özünün genetik bacarıq və zəkasını nümayiş etdirdi. Tələbəlik illəri arxada qaldı. 1952-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirən Mayis Cavadov bütün həyatını elmi-pedaqoji işə həsr etmişdir. Öz ixtisasını yaxşı bildiyinə, fəal ictimaiyyətçi olduğuna görə onu universitetdə işləmək üçün saxlayırlar. 1954-1957-ci illər Mayis müəllimin bir riyaziyyatçı kimi formalaşma dövrüdür. O, məhz bu illərdə Azərbaycan Elmlər Akademiyası fizika-riyaziyyat institutunun aspiranturasını başa vurur. Çəkdiyi zəhmət hədər getmir. 1958-ci ildə Mayis Cavadov Azərbaycan riyaziyyatçılarının müəllimi, gözəl insan, məşhur alim, akademik Zahid Xəlilovun rəhbərliyi altında: “Ümumi hiperbolik tipli tənliklər üçün qoyulmuş qarışıq məsələnin ümumiləşmiş funksiyalar sinfində həlli” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edir.
Sonrakı illər gənc alim üçün daha da uğurlu oldu. Moskva mühiti onu qoynuna aldı. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinə ezam edilən Mayis Cavadov görkəmli alim, akademik N.N.Tixonovun rəhbərlik etdiyi kafedrada birgə tədqiqat işinə qoşuldu.
Bəli, Moskva mühiti onun həyatında yeni səhifələr açdı. Azərbaycanlı alim burada özünə neçə-neçə yeni dost tapdı. Onun riyaziyyat aləmində əks-səda yaradan elmi əsərləri məhz bu mühitdə meydana çıxdı. Moskva Dövlət Universitetində “Öz-özünə qoşma olmayan operatorlar nəzəriyyəsinin bəzi cəhətləri və onların riyazi fizika məsələlərinə tətbiqi” mövzusunda doktorluq dissertasiyasını müdafiə etdi.
Mayis Cavadov o vaxtki Sovet riyaziyyatçıları sırasında öz tədqiqat üslubunu və elmimizə gətirdiyi yeni nəticələrlə seçilirdi. Başqasını təkrarlamamaq, daim axtarışda olmaq görkəmli alimin xüsusi keyfiyyəti idi. Onun ilk irihəcmli əsəri ikitərkibli ümumi hiperbolik tipli tənliklər üçün qoyulmuş qarışıq məsələlərin ümumiləşmiş funksiyalar sinfində həllinin varlığı və yeganəliyi məsələsinə həsr edilmişdir.
Otuzuncu illərdən başlayaraq nüvə fizikasının sürətli inkişafı riyaziyyatçılar qarşısında bir çox fiziki məsələlərin həlli üçün ümumi üsul işləyib hazırlamaq problemi qoymuşdu. Burada əsas məsələlərdən biri adi həll anlayışını ümumiləşdirməkdən ibarət idi. Namizədlik dissertasiyasında bu məsələ bir sinif xüsusi törəməli differensial tənlik üçün həll edilmiş, daha doğrusu, tənliyin sağ tərəfi ixtiyar ümumiləşmiş funksiya olanda, ixtiyari ikitərkibli hiperbolik tənlik üçün qoyulmuş qarışıq məsələnin həllinin varlığı və yeganəliyi isbat edilmişdir. Sonra misalların və oblastın sərhədlərinin üzərinə müxtəlif şərtlər qoymaqla, həllinin adi həll və ya sanki hər yerdə həll olunması məsələsi araşdırılmışdır.
Mayis Cavadov elmdə ilk dəfə öz-özünə qoşma olmayan differensial operatorların məxsusi funksiyalarının bir hissəsinin çoxqat tanılığı və bu nəticənin mexanika məsələlərinə tətbiqini öyrənmişdir. Mayıs Cavadov belə bir çətin, olduqca əhəmiyyətli mövzuda yeni baxımdan günün tələbləri ilə səslənə bilən bir aspektdə tanınmış, olduqca gərgin və uzun axtarışlı iş aparmışdır.
Müasir idman saraylarının, stadionların və müxtəlif binaların örtülməsi məsələsi riyazi olaraq dar dairələrdə xüsusi törəməli differensial tənliklər üçün qoyulmuş sərhəd məsələlərinin kiçik ölçüsünə nəzəri asimtotikanın qurulması məsələlərinə gətirilir.
Bu məsələlərin həllinin riyazi əsaslandırılması keçən əsrin 60-cı illərinə qədər açıq qalmışdı. Bu fakt 1963-cü ildə mexaniklərin üçüncü Ümumittifaq qurultayında bir çətin problem kimi irəli sürülmüşdü. Mayis Cavadov öz dərin məzmunlu əsərində dünya miqyasında ilk dəfə problemi öyrənmiş və alınan nəticəni bir çox mexanika məsələlərinə tətbiq etmişdir.
Mayis Cavadov cırlaşanda tipi dəyişən tənliklər üçün qoyulmuş sərhəd məsələlərinin həllinin kiçik parametrlərə nəzərən xarakterlərini mükəmməl öyrənmişdi.
İstedadlı alim dövri mətbuatda tez-tez çıxış edirdi. O, 40-dan artıq elmi əsərin müəllifi idi. Onun əsərlərinin bir hissəsi xarici mətbuatda, o cümlədən ABŞ-da, Yaponiyada, Almaniyada, Bolqarıstanda nəşr edilmişdir.
Mayis Cavadov 20-dən artıq elmlər namizədi hazırlamışdır ki, onlar bu gün də ölkənin elmi potensialına layiqli töhfələr verir. O, dəfələrlə Moskva, Leninqrad, Minsk şəhərlərində müdafiə şurasına dəvət olunmuş, rəsmi opponent kimi çıxış etmişdir. Mayis müəllimin səsi çox vaxt mötəbər auditoriyalardan və uzaq ölkələrdən gəlirdi. Ümumittifaq simpoziumlarda, riyaziyyatçıların Ümumdünya konqresində(1966), Bolqar riyaziyyatçılarının III qurultayında(1967), akademik İ.Q.Petroviskinin 75 illiyinə həsr edilmiş xüsusi törəməli differensial tənliklər üzrə Ümumittifaq konfransında(1976) çıxış etmiş, Berlin, Leypsiq, Drezden universitetlərində mühazirələr oxumuşdu.
Yüksək ixtisaslı mütəxəssislər hazırlamaq və elmin inkişafında xidmətlərinə görə Mayis Həbib oğlu Cavadova “Əməkdar elm xadimi” fəxri adı verilmişdi. 1989-cu il iyun ayının 30-da AMEA-nın müxbir üzvü seçilmişdi.
Yaşasaydı 84 yaşı olardı. Lakin qəfləti ölüm görkəmli alim, ictimai xadim Mayis Cavadova 30 sentyabr 1992-ci ildə gənclik ehtirası ilə fəaliyyət göstərdiyi bir vaxtda, 63 yaşında ikən haqladı. Alimin xatirəsi onun istedadına, yorulmaz əməyinə bələd olanların qəlbində əbədi yaşayacaqdır.
Arzu arzudan doğur
Miryavər Hüseynov

Şərh Yaz