Ziddiyyətlərdən xeyir tapan olubmu?

Bir neçə il bundan əvvəl rayon İcra Hakimiyyəti başçısının İvanovka inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabatında iştirak edirdim. Bir-birindən yazmaq, bir-birinə böhtan atmaq burada yenicə başlamışdı.
Ziddiyyətlərdən xeyir tapan olubmu?Ziddiyyətlərdən xeyir tapan olubmu?

Bir neçə il bundan əvvəl rayon İcra Hakimiyyəti başçısının İvanovka inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabatında iştirak edirdim. Bir-birindən yazmaq, bir-birinə böhtan atmaq burada yenicə başlamışdı.
Ziddiyyətlərdən xeyir tapan olubmu?
Çıxış edərkən gözüm Cəfər Güləliyevə sataşdı (O, indi haqq dünyasındadır). Mərhum atası Ənvər kişi yadıma düşdü. N.V.Nikitin sədir olanda o ferma müdiri işləyirdi. Çıxışımda qeyd etdim ki, o vaxt Ənvər kişi Nikitinlə dost idi. Hər iki tərəf bu dostluqdan xeyir tapdı. Daha çox xeyir İvanovkanın payına düşürdü. İndi isə biri-birinizdən yazırsınız. Yazan da itirir, barəsində yazılan da. Yaxşı olar ki, hamınız xeyir mövqeyinə gələsiniz.
N.Nikitinin vaxtında hamı bir-birinə hörmətlə yanaşırdı. Bütün problemləri kolxozun sədri qanunlar əsasında həll edirdi. Kiminsə ixtiyarı yox idi ki, özünü kimdənsə üstün görsün. Ümummilli liderimiz Heydər Əliyev İvanovkaya, buradakı təsərrüfatın rəhbərinə xüsusi hörmətlə yanaşırdı. 1976-ci ildə Nikitinin 50 illiyində ulu öndər zəng edib birbaşa onu təbrik etmişdi.
Heydər Əliyev yenidən Azərbaycanın rəhbərliyinə gəldikdən sonra Nikitinlə görüşmüş istədikləri idarəetmə formasını seçməyə ona razılıq vermişdi. Sədr də kolxoz quruluşunu saxlayacağını bildirmişdi.
N.Nikitin dünyasını dəyişəndən sonra M.Minnikov sədr postuna yiyələndi. Kiminsə təzyiqi ilə yox, kənd əhalisinin səs verməsi ilə. Bir müddət yeni sədr Nikitinin yolunu davam etdirməyə çalışdı. Lakin İvanovka artıq o İvanovka deyildi. Ayrı-ayrı qruplar özlərinə xüsusi imtiyazlar tələb edirdilər. AXC-nin 90-cı illərin əvvəlində etdiyini İvanovkalılar sonunda təkrar etmək eşqinə düşdülər. İnqilabvari iclasla Minnikovu devirib yerinə öz istəkləri ilə Kozlovtsevi gətirdilər. Bir iki ilə “həvəskarlar”ın şəxsi marağı təmin olunmadığı üçün yeni sədr axtarışına çıxdılar. Ənənələrinə uyğun olaraq Kozlovtsevə yox deyib, Panfyorovu sədr kürsüsünə çıxardılar. Sədr seçkisində fəallıq göstərənlərin yolu tezliklə Panfyorovun yolundan da gen düşdü və yeni bir Minnikov ferma müdirliyindən kolxoz sədri vəzifəsinə gətirildi.
Kolxoz pisdirmi? Çoxdan İsmayıllıda yaşayan birisi kimi kolxozda üstünlük görürəm. O mənada ki, indi taxıl istehsalının artırılması üçün kooperativlər, korporasiyalar yaratmaq məsləhət görülür. İvanovkada ictimai təsərrüfat var. Uzun illərdir formalaşıb, özünü doğruldub. Sadəcə olaraq idarəetmənin müasir standartları ilə uyğun gəlməyən defektlər aradan qaldırılmalı, təsərrüfat mövcud icma formasında idarə edilməlidir.
Onu hər kəs dərindən dərk etməlidir ki, Nikitin adına kolxoz ümummilli liderimiz Heydər Əliyevin yadigarıdır. Malakan icmasının nümayəndələri ilə görüşdə cənab Prezident İlham Əliyev demişdir: – “Kolxoz tarixdir, tarixi qorumaq lazımdır”. Bu tarixi birinci növbədə ivanovkalılar, sonra isə hamımız qorumağa, ona dəstək durmağa borcluyuq. Mən istərdim ki, ivanovkalılar bu borcu unutmasınlar.
Qeyd edim ki, rayon rəhbərliyi İvanovkaya, ivanovkalılara münasibətdə bu borcu layiqincə yerinə yetirir, bərabərlik prinsipini gözləyir, milli münasibətlər zəminində hər hansı bir ötəri xarakterli nöqsanın baş verməmiş qarşısını alır.
Azərbaycan beynəlxalq miqyasda tolerantlıq modeli kimi qəbul olunur. İsmayıllı tolerantlıqda bölgələr arasında fərqlənən yer tutur. Çox rayonlara nisbətən burada milli, din və dil müxtəlifliyi vardır. Burada azərbaycanlılar, ləzgilər, ruslar, yəhudilər, tatarlar, kürdlər, etnik qruplardan olan tatlar və hapıtlar yaşayır. Bu kəndlərin hamısında dəfələrlə olmuşam, evlərdə gecələmişəm, kimisə azərbaycançılıq mövqeyindən az da olsa kənarlaşan görməmişəm. Hər kəs əməyi, əməyə münasibəti, dövlətə, dövlətçiliyə xidməti, səmimi, qarşılıqlı hörmətə əsaslanan rəftarı ilə seçilib. Kiməsə kiminsə hesabına əsla üstünlük verilmir. Özünü üstün görmək istəyənlər isə həyatlarında yaranan problemlərə görə özlərini günahkar bilməlidirlər.
Pay torpaqlarını istəyən ivanovkalılar fikirləşirlər ki, onu satıb, harayasa getsinlər. Ucuz qiymətə evlərini bəzi məmurlara satanlar, kimlərinsə İvanovkaya münasibətdə qanunsuz hərəkətinə dözənlər, mitinqlə, ”üsyanla” sədr dəyişənlər, öz şəxsi maraqlarını ictimai maraqlardan öndə görənlər, tarixən bura üçün xarakterik olmayan oğurluğa (xüsusilə taxıl biçini vaxtı) meyl edənlər kənd və rayon əhalisi qarşısında məsuliyyət daşıyırlar. İvanovka boşalmaqda davam etdiyinə görə, gənclər daha çox Rusiyanın ali məktəblərinə qəbul olub orada qaldıqlarına görə, yetişən nəsildə vətənpərvərlik hissləri tərbiyə etmədiklərinə görə məsuliyyət qeyd etdiyim insanların boynunda qalır.
İvanovkalılar qonşularına baxsınlar və görsünlər ki, fiziki şəxslər torpağa neçə səhlənkar yanaşırlar. Bəzən səpdikləri toxumu belə biçində götürə bilmirlər. İvanovkalılar da bu hala düşmək istəyirlərmi? Kolxoz nə qədər zəifləsə də, dənli bitkilərin və heyvandarlıq məhsullarının bütün növləri üzrə məhsuldarlıq burada digər kəndlərə nisbətdə çox yüksəkdir.
Pay torpağı vətənin bir kiçik parçasıdır. O, nəsildən-nəsilə əmanətdir. Onu satmaq olarmı? Torpaq paylananda Qalacıq kənd sakinlərinin bir hissəsi becərmək əvəzinə satmağa üstünlük verdi. Torpağı satıb maşın aldılar. İndi o maşınların çoxu tökülüb, torpaq da yoxdur. Valideynlər torpaq yoxsa, övladlarına nəyi miras qoyub gedirlər? Bu barədə İvanovkalı dostlarım heç düşünüblərmi?
Çox düzgün olardı ki, məktəbin pedaqoji kollektivi tərbiyə işinin yüksək səviyyəsi ilə belə hallara qarşı çıxsın, vətəndaş tərbiyə etmək funksiyasını lazımınca yerinə yetirsin.
İndiki kolxoz sədri Minnikovu da az əmək haqqı verməkdə, sosial ehtiyaclı sakinlərə qayğı göstərməməkdə, natura ilə ödənişin ildən-ilə aşağı düşməsində və bir çox digər məsələlərdə günahlandırırlar . Yeni sədr təyin olunandan sonra şəxsi maraqlarını təmin edə bilməyənlər, kolxozdan heç bir xidməti olmayan iddiaçı sakinlər çıxış yolunu yeni seçkidə görürlər. Axı onlar öz təcrübələrində görüblər ki, sədr dəyişməklə vəziyyət müsbətə doğru dəyişmir. İnsanlar özləri dəyişməlidirlər. İşləməli, əmək sərf etməli, sonra onun haqqını istəməlidirlər. Keçib o zamanlar ki, yazmaqla, şərlə-böhtanla, hər hansı bir nöqsanda iştirakı olmayan məsul işçiləri günahlandırmaqla nəyisə əldə etmək mümkün olsun. Ziddiyyətlərdən, süni yaradılan konfliktlərdən indiyədək heç kim xeyir tapmayıb. Bunu tək ivanovkalılar yox, hamımız yadda saxlamalıyıq.
Valeh Salehov,
Dövlət qulluğu veteranı

Şərh Yaz