Yaddas kitabcasi

Məndədir, səndədir müəllim ömrü…

“İsmayıllı xəbərləri” qəzetinin 17 yanvar 2014-cü il tarixli nömrəsində həmkarım, qələm dostum Hacıməmməd Məmmədovun “Ömür kitabından səhifələr” başlıqlı məqaləsini oxudum. Məqalə rayonumuzun dəyərli ziyalısı, təhsil sahəsində saç-saqqal ağartmış Fərman Bəşirovun anadan olmasının 70 illiyinə həsr edilmişdi. Onu da qeyd edim ki, qəzetin səhifələrində vaxtaşırı olaraq rayonumuzun yetirmələri olan qabaqcıl ziyalıları və alimləri haqqında maraqlı yazılar verilir. Bu tip yazılar gənclərimizin mənəvi tərbiyəsində əhəmiyyətli rol oynayır.
Məndədir, səndədir müəllim ömrü...Məndədir, səndədir müəllim ömrü…
“İsmayıllı xəbərləri” qəzetinin 17 yanvar 2014-cü il tarixli nömrəsində həmkarım, qələm dostum Hacıməmməd Məmmədovun “Ömür kitabından səhifələr” başlıqlı məqaləsini oxudum. Məqalə rayonumuzun dəyərli ziyalısı, təhsil sahəsində saç-saqqal ağartmış Fərman Bəşirovun anadan olmasının 70 illiyinə həsr edilmişdi. Onu da qeyd edim ki, qəzetin səhifələrində vaxtaşırı olaraq rayonumuzun yetirmələri olan qabaqcıl ziyalıları və alimləri haqqında maraqlı yazılar verilir. Bu tip yazılar gənclərimizin mənəvi tərbiyəsində əhəmiyyətli rol oynayır.
Məndədir, səndədir müəllim ömrü...
Yuxarıda adı çəkilən yazını maraqla oxudum. Qərara aldım ki, yubilyarı yaxından tanıyan bir dost və həmkar kimi, onu qəzet vasitəsilə qəlbən təbrik edim, ona can sağlığı və mənalı həyat yolu arzulayım. Yazıda Fərman müəllimin oxuculara məlum olmayan bəzi cəhətlərinə toxunum.
Fərman müəllimi rayonda fəaliyyətə başladığı ötən əsrin 70-ci illərindən tanıyıram. Həmin illərdə o, rayon qiyabi orta məktəbində direktor işləyirdi. Qiyabi məktəb təhsildə ən çətin sahə olmaqla, demək olar ki, o zaman rayonun əksər kəndlərində filialları vardı. Onu hamı bacarıqlı, işgüzar bir ziyalı kimi tanımağa başladı. Sonralar Fərman müəllim şəhər 3 nömrəli orta məktəbin direktoru kimi fəaliyyətini davam etdirdi. Təhsil şöbəsinin pedaqoji yığıncaqlarında ən mübahisəli məsələlərin həllində onun rəyini öyrənir, onunla hesablaşırdılar. Eyni zamanda o, pedaqoji şura üzvlərindən biri idi.
Yaxşı yadımdadır, məktəbimizin 1985-ci il buraxılışında iki nəfər məzunumuz qızıl medala təqdim olunmuşdu. Rayon üzrə isə 23 nəfər qızıl və gümüş medala namizəd göstərilmişdi. İmtahanlar nəzarətə götürülmüşdü. Beşinci sinifdən gətirdiyim bu sinifdə ilk buraxılış imtahanı Azərbaycan dili və ədəbiyyatdan idi. Məzunlar inşa yazmalı idilər. İmtahan başlanmazdan yarım saat əvvəl imtahanları nəzarətə alan rayon komissiyası, nazirliyin nümayəndəsi, yerli imtahan komissiyasının üzvləri yerlərində idilər. İmtahana buraxılan 16 nəfər məzunun hamısı yazı işini işləyib komissiyaya təqdim etdi. Nazirliyin nümayəndəsi yazı işlərini təhsil şöbəsinə apardı. Yazılar yoxlandı. Məktəb imtahan komissiyası qızıl medala təqdim olunan məzunların hər ikisinin işini əla qiymətləndirmişdi. Yazı işində Azərbaycan dilinə ayrı, ədəbiyyatdan ayrı qiymətlər yazılırdı. Ən önəmlisi bu idi ki, məzunların hamısı yazıdan qiymət almışdı. Təhsil şöbəsində təşkil olunmuş komissiya tərəfindən inşa yazıları 5/5-dən 4/5-ə endirildi.
İmtahanın nəticələri təhsil şöbəsinin növbəti pedaqoji şurasının iclasında müzakirəyə çıxarıldı. Yazı işlərinin qiymətləndirilməsində qeyri-obyektivliyə yol verdiyimə görə şura mənə şiddətli töhmət verməklə xəbərdarlıq etdi. Pedaqoji şura üzvü Fərman müəllim təklif etdi ki, buna bənzər səhvlər bizim hər bir məktəbimizdə mövcuddur. Ona görə də ona xəbərdarlıq edilməsi kifayətdir. Təklif qəbul olunmadı. Sonralar qızıl medala namizədlərimiz ruhdan düşməmiş, hər ikisi birinci imtahandan əla qiymət almaqla o vaxtki İttifaqın ən nüfuzlu ali məktəblərinə daxil olub oranı fərqlənmə diplomu ilə bitirmişlər.
Fərman müəllim sadə və təvazökar olmaqla, eyni zamanda insanların qeydinə qalan, dostluğa, insanlığa sadiq bir şəxsiyyətdir.
Bir gün Fərman müəllim eşidir ki, müəllim dostlarından biri şəxsi maşını ilə ağır qəzaya düşüb. Yerli həkimlər məsləhət görürlər ki, Bakıdan mütəxəssis dəvət etmək lazımdır. Xəstənin ailəsində isə buna imkanı olmur. Bu işi Fərman müəllim öz üzərinə götürür. Vertolyotla bir neçə bacarıqlı həkim gəlir. Həkimlər xəstəni müayinə edib ona müalicə təyin edirlər. Xeyli müalicədən sonra xəstə ayağa dura bilir. İndinin özündə də o, Fərman müəllimə minnətdarlığını bildirir.
Bu gün 70 yaşı tamam olan təhsil veteranının həyat yolu gənclərə örnək olmalıdır. Neçə-neçə gəncə həyata vəsiqə vermiş el ağsaqqalı yetirmələri ilə fəxr edə bilər. Böyük şairimiz Hüseyn Cavidin:
Bəxtiyarsan əgər çəkdiyin əmək,
Cahan süfrəsinə versə bir çiçək.
Misraları sanki belə insanlar haqqındadır. O, bu gün də ağsaqqal sözü, məsləhəti ilə gənclərin hamisi və tərbiyəçisidir. Həmişə belə şux və təravətli qalmanızı arzulayıram.
Dərin hörmətlə:
Heydər Xəlilov,
veteran müəllim

Şərh Yaz