İki qədim xalqın xoş məramı

İki qədim xalqın xoş məramı
İki qədim xalqın xoş məramı

Tokio, 17 yanvar (AzərTAc). Yaponiyanın “Kankyo Ryokuka Şinbun” qəzetində “Dünyanın görməli yerləri” rubrikasında “Azərbaycan – İsmayıllı” adlı məqalə dərc edilmişdir. Məqaləni qələmə alan Azərbaycanın İsmayıllı rayonunda salınmış “Yapon bağı”nın müəllifi, Yaponiyada landşaft dizaynı sahəsində yaxşı tanınmış “Kosuqi Zohen Co.” şirkətinin prezidenti Saki Kosuqidir.

Məqalə müəllifi Yaponiya ilə son illər sürətlə inkişaf edərək regionun lider dövlətinə çevrilmiş Azərbaycan arasında sıx dostluq münasibətlərinin olduğunu qeyd edir. Bildirir ki, karbohidrogen ehtiyatları ilə zəngin olan ölkəmiz bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rola malikdir. Müəllif yazır ki, keçmiş Sovet İttifaqı dağıldıqdan sonra müstəqilliyini bərpa edən Azərbaycan gənc dövlət olsa da, qədim tarixə və zəngin mədəniyyətə malikdir. Prezident İlham Əliyev ölkənin infrastrukturunun təkmilləşdirilməsinə, regionların inkişafına xüsusi diqqət yetirir. Bunun nəticəsidir ki, Azərbaycanın günbəgün inkişafı və gözəlləşməsi buraya gələn əcnəbi qonaqlar tərəfindən də etiraf olunur. Azərbaycanın 2024-cü il Yay Olimpiya oyunlarının keçirilməsində iddialı olduğu və bu məqsədlə burada böyük idman qurğularının inşa edildiyi vurğulanır, ölkədə qədim idman növlərindən biri olan cüdoya xüsusi diqqət yetirildiyi bildirilir.
Azərbaycanda kənd təsərrüfatının inkişaf etməsi, burada məhsuldar torpaqların mövcud olması barədə də Yaponiya oxucularına ətraflı məlumat verilir.
Azərbaycanda Yaponiyanın çox sevildiyini qeyd edən müəllif, 2011-ci ilin martında baş vermiş təbii fəlakət zamanı Azərbaycan dövlətinin yapon xalqına yardımını xüsusi vurğulayır.
Son illər Azərbaycanın İsmayıllı rayonu ilə Yaponiyanın Şizuoka prefekturasının İto şəhəri arasında əlaqələrin inkişafına diqqət çəkən S.Kosuki iki şəhərin xoş münasibətlərinin rəsmiləşdiyini və ötən il noyabrın 22-də onlar arasında dostluq münasibətləri haqqında sazişin imzalandığını qeyd edir.
İsmayıllı rayonu haqqında oxuculara məlumat verən müəllif bildirir ki, bu rayon Azərbaycan paytaxtından cəmi 185 kilometr məsafədə yerləşir və füsunkar təbiəti ilə seçilir.
İki şəhər arasında dostluq münasibətləri haqqında sazişin imzalanması ilə bağlı tədbirlərə toxunan S.Kosuqi, bununla əlaqədar İsmayıllı rayon İcra hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun başçılıq etdiyi nümayəndə heyətinin Yaponiyaya səfəri barədə məlumat verir. Bildirir ki, həmin tədbirlərdə Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə və Yaponiyanın Azərbaycandakı sabiq səfiri Şusuke Vatanabe də iştirak etmişlər.
İsmayıllı rayonu ilə İto şəhərinin təbiəti arasında oxşar cəhətlərin olduğunu qeyd edən S.Kosuqi, hər iki rayonda turizmin inkişafı üçün əlverişli şəraitin olduğunu vurğulayır. İsmayıllının öz təbii sərvətləri ilə yaxşı tanındığı, burada istehsal olunan şərabların, nar şirəsinin və balın xüsusi tamı ilə seçildiyi bildirilir.
Məqalənin sonunda müəllif əmin olduğunu bildirir ki, İsmayıllı ilə İto şəhərləri arasında dostluq münasibətləri bundan sonra daha sürətlə inkişaf edəcəkdir, çünki bunun əsasında iki qədim xalqın xoş məramı dayanır.

Şərh Yaz