Yaddas kitabcasi

Ruh yüksəkliyi ilə keçən qəbul

Ruh yüksəkliyi ilə keçən qəbul
Ruh yüksəkliyi ilə keçən qəbul

Yaxın vaxtlara qədər Qalınçaq kəndi öz problemləri ilə baş-başa qalmışdı. Bir neçə ay bundan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov burada qəbul keçirərkən şikayətlər çox oldu: – Məktəb binası müasir tələblərə cavab vermir, həkim məntəqəsi darısqal bir otaqda yerləşir, mədəniyyət evinin oturacaqları yoxdur, yollar qarda və yağışda keçilməz olur. Enerji və su təchizatının yaxşılaşdırılmasına çox ciddi ehtiyac vardır. Uşaqlar bağça mərhələsindən keçmədən birinci sinfə gedirlər.
Ruh yüksəkliyi ilə keçən qəbul
Qaldırılan problemlərin həll olunacağı barədə Rayon İcra Hakimiyyəti başçısının vədləri çox tezliklə reallığa çevrilməyə başladı.
13 yanvar 2014-cü ildə Rayon İcra Hakimiyyəti başçısı M.Sadıqov yenidən Qalınçaqda əhalini qəbul etdi. Ruşan, Mücühəftəran və Göytəpə kəndlərindən də sakinlər buraya gəlmişdilər. Onları bir araya gətirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Göytəpə-Qalınçaq-Ruşan yolunun çəkilməsi üçün vəsait ayrılması barədə verdiyi Sərəncam idi.
Başçı problemləri öyrənənə qədər sakinlər keçən qəbuldan sonra görülən işlərdən fəallıqla danışmağa başladılar. Kəndin girəcəyində orijinal layihə ilə 378 yerlik məktəb binasında inşaat işləri sürətlə və keyfiyyətlə gedir. Elektrik xətlərində təmir aparılıb. Yeni su xətti çəkilir. Tam orta məktəb yeni binaya köçdükdən sonra mövcud binada uşaq bağçası açılacaq. Yeni bina tikilənədək buradakı binalardan birində hər cür şəraiti olan həkim məntəqəsi açılacaq.
Mədəniyyət evi yeni-müasir mebellə, inventar avadanlıqla təmin olunub. Göytəpədən başlanıb Qalınçaqdan keçən yol 1981-ci il dekabr ayının 5-də ümummilli liderimiz Heydər Əliyevin səfər etdiyi Ruşana çatacaq. Bütün bunlar barədə 90 yaşlı veteran müəllim Allahverən Vəliyev, Ruşan kənd sakini İnqilab Məmmədov, veteran mühəndis Mirzə Qədirov, məktəb direktoru Xalid Seyidov, Qalınçaq kənd sakini Kamal İbadov və çoxsaylı digər iştirakçılar cənab Prezident İlham Əliyevə minnətdar olaraq ruh yüksəkliyi ilə danışdılar. Onlar təmsil etdikləri qrupların, sahələrin, kəndlərin adından sevinclərini bildirdilər. Sakinlərin çıxışlarından duyulurdu ki, Azərbaycan kimi ölkənin vətəndaşı, İsmayıllının sakini olmaqdan şərəf duyurlar.
Sonda bir neçə nəfər sakin də onu narahat edən bəzi məsələlərdən danışdı. Bu məsələlər də böyük həssaslıqla dinlənildi və həlli üçün tapşırıqlar verildi.
Rayon İcra Hakimiyyətinin başçısı M.Sadıqov əhalini fəallığa, torpaqlardan səmərəli istifadəyə, təhsilə, xüsusilə şagirdlərin ali təhsilə hazırlanmasına diqqət yetirməyə, özəl iş qurmağa, kənd təsərrüfatı sahəsində özəl müəssisələr yaratmağa çağırdı.
Qəbul keçirən də, qəbula gələnlər də bir daha yəqin etdilər ki, dövlət hər bir məsələdə hər bir vətəndaşın yanındadır.
V.Salehov

Şərh Yaz