20 Yanvar – Azadlığın doğum günü

20 Yanvar  - Azadlığın doğum günü
20 Yanvar – Azadlığın doğum günü

Yanvarın 16-da İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində 20 Yanvar hüzn günü ilə bağlı dəyirmi masa keçirilmişdir. Rayonun əlaqədar təşkilatlarının nümayəndələrinin və fəal gənclərdən olan könüllülərin iştirak etdikləri tədbir 20 Yanvarda və Birinci Qarabağ savaşında şəhid olmuş soydaşlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
20 Yanvar  - Azadlığın doğum günü
Mərkəzin direktoru Lətifə Əliyeva tədbiri giriş sözü ilə açaraq yaddaşları təzələdi, 20 Yanvar hadisələrinin səbəb və nəticələri barədə danışdı, həmin günün bir millətə müstəqil dövlət verdiyini, azadlığımızın, müstəqilliyimizin doğum günü kimi Azərbaycanımızın şərəfli tarixinə yazıldığını dedi. Vurğulandı ki, bugünkü tədbirdə məqsəd təkcə 24 il əvvəl baş vermiş bu qətliamı yada salmaq, onun ildönümünü qeyd etmək deyildir. “Soydaşlarımız qanları, canları bahasına müstəqilliyimizi qoruyub saxladılar. Bəs bugünkü nəsil Respublikamızın müstəqilliyini daha da möhkəmləndirmək üçün nə edir, necə oxuyur, necə işləyir, nümunəvi bir vətəndaş olmaq üçün necə səy edir?!”
Bu suallar ətrafında davam edən müzakirələr maraqla dinlənildi. İsmayıllı bələdiyyəsinin üzvü, tarixçi Rövşən Şirəliyevin 20 Yanvar hadisələrinin baş vermə səbəbləri və nəticələri barədəki fikirləri geniş müzakirəyə səbəb oldu. Şəhər 4 saylı məktəbin müəllimi Şahin Kərimov, “İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru Şahməmməd Dağlaroğlu, Rayon Gənclər və İdman İdarəsinin müdiri Taleh Salehov, rayon Mədəniyyət şöbəsinin metodisti Tərlan Mursalov, jurnalist Bəybala Babayev, “Antinarkomaniya İB”-nin sədri Qüdrət Kazımov, gənc yazar Firuzə Çiçək, könüllü Vəkil Bəkirov, Mərkəzin işçiləri Ülkər Məhərrəmova, Ruziyyə Çələbiyeva və başqaları çıxışlarında bir məsələyə də diqqət yönəltdilər: 20 Yanvar hüzn günü kimi qeyd olunmamalıdır, əliyalın, silahsız tankın, pulemyotun, avtomatın üzərinə gedən, Vətən azad yaşasın deyə, ölümün gözünün içinə dik baxaraq şəhidlik zirvəsinə yüksələn, ölümləri ilə bir dövlətin müstəqillik tarixini tarixə yazan igidlərin xatirəsini yas musiqisi ilə, “hüzn, kədər” günü kimi anmaq şəhidlərin ruhunu incidər. 20 Yanvar xalqımızın qəhrəmanlıq tarixidir – çıxış edənlərin yekdil rəyi belə oldu. Dəyirmi masa iştirakçıları müstəqil respublikamızın qurucuları olan bugünkü gəncliyin ictimai fəallığını daha da artırmaq, onları ziyanlı vərdişlərdən uzaq tutmaq üçün maraqlı təkliflər də irəli sürdülər.
Şair Şahməmməd Dağlaroğlunun 20 Yanvara həsr olunmuş şeiri maraqla dinlənildi. Mərkəzin işçisi Ruziyyə Çələbiyeva 20 Yanvar hadisələri baş verəndə IV sinifdə oxuyurmuş və o da uşaq düşüncələrini elə o zaman sətirlərə tökübmüş – yazdığı kövrəkliklə də həmin şeiri dilə gətirdi.
Tədbirin sonunda iştirakçılara Könül Asifqızının “Qətliam” kitabı təqdim olundu.
Gülnar Mikayılova,
Mərkəzin metodisti

Şərh Yaz