Basqalın bu günü və sabahı

Basqalın bu günü və sabahıBasqalın bu günü və sabahı
Qədim tarixi və mədəniyyəti olan Basqal qəsəbəsində yeni ilin ilk günlərində inzibati ərazi dairəsində 2013-cü ildə görülən işlərə dair hesabat yığıncağı keçirilmişdir. Hesabat yığıncağına qəsəbənin təhsil, mədəniyyət, səhiyyə, rabitə sahələrinin işçiləri dəvətli idilər. Hesabat yığıncağında İsmayıllı RİH başçısının birinci müavini, şura üzvü Rövşən Ağayev iştirak etmişdir. Onu da qeyd edək ki, RİH başçısı Mirdaməd Sadıqov keçən il bir neçə dəfə Basqalda olmuş, əhali ilə görüşlər zamanı qəsəbənin cari və perspektiv inkişafı üçün bir sıra layihələr müəyyənləşdirmişdir.

RİH başçısının Basqal qəsəbə İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi Novruz Əsədov keçən ildə görülmüş işlər barədə hesabat verdi. O qeyd etdi ki, rayonun inkişafı sözün əsl mənasında təqdirəlayiqdir. Rayonumuz, onun kənd və qəsəbələrinin infrastrukturu əhəmiyyətli dərəcədə yeniləşdirilmiş, əhalinin təbii qaz, elektrik enerjisi, su təminatı yaxşılaşdırılmış, yeni yollar və körpülər salınmış, tikinti-quruculuq işləri geniş vüsət almış, yeni iş yerləri açılmışdır.
Basqal qəsəbəsi də bu cəhətdən müstəsnalıq təşkil etmir. Ötən il bizdə də bir sıra işlər görülmüşdür. “Azəryolkörpü” ASC tərəfindən Basqal çayının üzərində körpü tikilib istifadəyə verilmişdir. Qəsəbə kitabxanasının binası təmir edilmişdir. Bir sıra elektrik dirəkləri və naqillər dəyişdirilmiş, qəsəbə ATS-i optik kabellər vasitəsilə sürətli internetə qoşulmuşdur. Hazırda ərazidə 45 internet istifadəçisi vardır. İlin ən mühüm hadisələrindən biri də prezident seçkiləridir. Bu siyasi kompaniya qəsəbədə fəallıqla və mütəşəkkil halda başa çatdırıldı.
N.Əsədov məruzəsində qeyd edərək dedi:
– Fəxrlə deyə bilərəm ki, Basqalda xeyriyyəçilik ənənələri bu gün də yaşayır. Hesabat ilində basqallıların şəxsi vəsaitləri hesabına qəsəbənin bir neçə küçəsi – Kələküçə, Dərəməhəllə, Xarabiyan, Otay küçələri çay daşı ilə döşənmiş, Qoşabulaq adlanan tarixi bulaq yenidən bərpa olunmuş, qəsəbə məscidində bir sıra təmir işləri aparılmışdır. Bu iş davam edir.
Məruzəçi görülən işlərlə yanaşı bir sıra nöqsan və şatışmazlıqların olduğunu da qeyd etdi. Məruzə ətrafında qəsəbə sakinlərindən M.Hüseynov, A.Qafarov, Q.Feyzullayeva, Ə. Xəlilov, T.Hüseynov, Y.Ağayeva, P.Nəzirov və başqaları çıxış edərək, öz tənqidi qeyd, arzu və təkliflərini söylədilər. Nümayəndəliyin keçən ilki fəaliyyəti qənaətbəxş qiymətləndirildi.
Sonda çıxış edən RİH başçısının birinci müavini R.Ağayev qeyd etdi ki, son vaxtlar rayonumuzda gedən quruculuq, abadlıq işləri dinamik xarakter alıb. Rayonun qədim və tarixi yaşayış məskəni olan Basqal qəsəbəsi də bu inkişafdan kənardan qalmayıb. Basqalın inkişafı üçün Dövlət Proqramının layihəsi hazırlanıb və yaxın gələcəkdə bu işlər kompleks şəkildə həyata keçiriləcəkdir.
İlham Ağayev,
İsmayıllı RİH başçısının Basqal qəsəbə İƏD-i üzrə nümayəndəsinin müavini

Şərh Yaz