Qalacıq kəndində hesabat

Qalacıq kəndində hesabat
Qalacıq kəndində hesabat

Yanvar ayının 14-də İsmayıllı rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqovun iştirakı ilə Qalacıq inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2013-cü ilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir.
Hesabat yığıncağında İƏD-ə daxil olan kəndlərin sakinləri, rayonun xidmət təşkilatlarının rəhbərləri iştirak etmişdir.

Yığıncaqda İsmayıllı rayon İcra Hakimiyyəti başçısının Qalacıq İƏD-i üzrə nümayəndəsi Hidayət Babayevin məruzəsi dinlənilib.
İƏD-nin ərazisi 3343 hektar, əhalisinin sayı 2049 nəfərdir. Ərazidə 543 ailə, 394 ev vardır. Qalacıq kəndində tam orta məktəb, klub, tibb məntəqəsi, poçt, kitabxana fəaliyyət göstərir.
Burada tarixən əhalinin əsas məşğuliyyəti heyvandarlıq və xalçaçılıq olmuşdur. Təəssüflər olsun ki, xalçaçılıq sənəti demək olar ki, arxa plana keçmişdir.
İl ərzində sənədləşdirmə işləri qanunvericiliyə uyğun aparılmış, vətəndaşların ərizə və şikayətlərinə, şifahi müraciətlərinə baxılmışdır. Nümayəndəlik bu istiqamətdə işi özünün əsas vəzifələrindən biri hesab edir. 2013-cü ildə nümayəndəliyə 3 yazılı, 3 şifahi müraciət daxil olmuşdur. Müraciətlərə vaxtında baxılmış, qənaətləndirici cavablar verilmişdir.
2010-cu ildə Qalacıq kəndində bütün elektrik dirəkləri, məftillər və sayğaclar dəyişdirilmiş, yeni elektron tipli ATS qurulmuşdur. Ona görə də nümayəndəlikdə bu sahədə problem olmamışdır.
2013-cü ildə 21 uşaq dünyaya gəlmiş, 14 insan vəfat etmiş, 11 nikah bağlanmış, boşanma halı qeydə alınmamışdır. Nümayəndəliyə 25 məktub daxil olmuş, 7 əmr, 12 sərəncam verilmiş, müxtəlif təşkilatlara 59 məktub göndərilmiş, vətəndaşlara 821 arayış verilmişdir. Ərazidə cinayət hadisəsi qeydə alınmamış, ordudan yayınma, fərarilik hallarına rast gəlinməmişdir. Kəndə gələn yolun 3,5 kilometri asfaltlanmış, Çəmənli kəndinə gedən yol təmir olunmuşdur. 31 oktyabr 2013-cü ildə Çəmənli kəndində İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqovla görüş keçirilmiş, başçı tərəfindən mənzil şəraiti pis vəziyyətdə olan vətəndaşa vaqon alınmış, orta məktəbin şagirdi Leyla Soltanovaya kompyuter bağışlanmışdır.
Hesabat dövründə ən mühüm işin 9 oktyabr 2013-cü ildə keçirilən Azərbaycan Respublikası Prezident seçkiləri olmuşdur. Ümumilikdə ayrılan 16790 manat vəsaitdən 15576 manatı xərclənmişdir ki, bu da ümumi pul vəsaitinin 92, 77 faizi deməkdir.
Məruzədə problemlər haqqında da məlumat verilmişdir. Qalacıq kəndində təbii qazın olmaması, kənd klubunun təmirə, Çəmənli kəndində məktəb binasının tikilməsinə ehtiyac olduğu vurğulanmışdır.
Yekunda İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatı 2013-cü ildə də öz dinamik inkişafını qoruyub saxlamış, sosial sahədə aparılan siyasət uğurla davam etdirilmişdir. Rayonumuzda da sosial infrastrukturun yaradılması ilə bağlı böyük işlər görülmüş, bir sıra sosial obyektlər tikilmiş, içməli su və kanalizasiya layihələrinin icrası çox ciddi şəkildə davam etdirilir.
Çıxış edənlər hesabat məruzəsini qənaətbəxş olduğu barədə fikir söyləyiblər.
Çinarə Bəhərçinli

Şərh Yaz