Müasir ingilis dili dərsi

Azərbaycan Respublikasının orta ümumtəhsil məktəblərinin ingilis dili proqramında baş verən əsaslı dəyişikliklər və hazırda həyata keçirilən kurikulum islahatı respublikanın dünya ölkələrinə inteqrasiyası tədris prosesində yeniliklərin tətbiqini labüdləşdirir.
Müasir ingilis dili dərsi

Azərbaycan Respublikasının orta ümumtəhsil məktəblərinin ingilis dili proqramında baş verən əsaslı dəyişikliklər və hazırda həyata keçirilən kurikulum islahatı respublikanın dünya ölkələrinə inteqrasiyası tədris prosesində yeniliklərin tətbiqini labüdləşdirir.
Müasir dərs bu gün müəllimdən fəal təlim mühiti yaratmağı, şagirdlərə bilikləri müstəqil şəkildə əldə etməyi, ünsiyyət qurmaq, əməkdaşlıq etmək, problemli situasiyalarda çıxış yolu tapmaq kimi bacarıqlar formalaşdırmağı tələb edir. Ənənəvi dərsdən fərqli olaraq, müasir dərsin tələbləri şagirdlərin idrak fəaliyyətinin formalaşmasına yönəldilir
Dərs dediyim siniflərdə fəal təlimin üsullarından istifadə etməyə çalışıram. Hazırlanan elektron dərs vəsaitləri əsl təlim mühiti, dərsin daha yaxşı mənimsənilməsi üçün şərait yaradır. Belə ki, şagirdlər eşitməklə bərabər, dərsi əyani şəkildə görür və bunun nəticəsində dərsi daha yaxşı yadda saxlayır, mənimsəyir. Dərs zamanı suallar elə qoyulmalıdır ki, bu suallar şagirdləri düşünməyə, araşdırmağa sövq etsin. Araşdırmaq, tədqiqat aparmaq, müzakirə edib öyrəndiklərini tətbiq etmək vacibdir. Yalnız belə halda şagird öyrəndiklərini unutmur, daim yadda saxlayır.
Bütün bunları nəzərə alaraq bu sahədə topladığım təcrübəni bir dərs nümunəsində oxuculara çatdırmaq istəyirəm.
Müasir ingilis dili dərsi
Fənn: ingilis dili
Standart:
1.1.2 – televiziya proqramlarını şəkillərlə müəyyənləşdirmək;
3.1.1/2.1.2 – televiziya proqramları haqqında mətni oxuyaraq qrammatikadan istifadə etmək;
2.1.3 – Televiziyada olan proqram və kanalları fərqləndirmək;
3.1.4/4.1.1 – Mətnə dair suallar vermək və ən çox sevdiyin televiziya kanalını təsvir etmək.
İş forması: qruplarla, fərdi .
İş üsulu: əqli hücum, müzakirə. BİBÖ.
Resurslar: dərslik, iş vərəqləri, kompyuter və s.
Mövzu : Televizorun həyatımızda rolu.
Təlimin məqsədi:
1. Televizor qaydalarını öyrənərək şagirdlərin dinləmə-danışma bacarığını inkişaf etdirmək;
2. Televizora baxmağın zərər və faydaları haqqında məlumatlar əldə etmək;
Bildiyimiz kimi, motivasiya fəal təlimdə dərsin mühüm mərhələsidir. Motivasiya şagirddə maraq oyatmalıdır. Motivasiya hər dəfə elə rəngarəng qurulmalıdır ki, şagirddə keçirilən mövzuya qarşı maraq oyatsın. Müxtəlif şəkillərlə motivasiyanın qoyulması sinifdə canlanma yaradır, şagirdləri fəallaşdırır və öyrəniləcək mövzuya qarşı marağı daha da artıraraq fikirləri bu istiqamətə yönəldir. İKT-dən istifadə etməklə şəkillər nümayiş olunur və şagirdlərə həmin şəkillərə baxıb öz fikirlərini bildirmələri təklif olunur.
Müasir ingilis dili dərsi
Bu üsulla mövzunun adı şagirdlərdən alındıqdan sonra şagirdlər televizor haqqında bəzi sualları cavablandırırlar.
1. Televizora gün ərzində nə qədər baxırsınız?
2. Nəyə görə televizora baxmağı xoşlayırsınız?
3. Bütün günü televizor proqramlarına baxmaq yaxşıdırmı?
4. Hansı televiziya proqramlarını tanıyırsınız?
5. Televizora çox baxanda özünüzü yorğun hiss edirsinizmi?
Əqli hücum – tamamilə şagirdlərin fikir sərbəstliyini təmin edir. Bu zaman bütün qrup hər hansı problemin həllinə cəlb edilir, bütün fikir və təkliflər qeyd edilir. Bu fikirlər nə tənqid olunur nə də qiymətləndirilir. Yerinə yetirilən işin sonunda bütün deyilən fikirlər təhlil edilir və düzəlişlər edilir. Əsas məqsəd beyin həmləsi zamanı mümkün qədər çox fikir toplamaqdır.
Dərsə başlayarkən və ya öyrənmə prosesi başa çatdıqdan sonra BİBÖ üsulundan istifadə edirəm. Şagirdlər keçəcəkləri mövzu haqqında nə bildiklərini , nəyi öyrənmək istədiklərini əvvəlcədən bildirirlər. BİBÖ cədvəlində bildikləri I sütunda yazılır.
II sütunda şagirdlər nələri bilmək istədiklərini müəyyənləşdirirlər.
Öyrənmə prosesinin sonunda isə yeni öyrəndiklərini göstərərək BİBÖ cədvəlini doldururlar. Burada həm də şagirdin öyrənmək istədikləri yeni maraqları nəzərə alınmış olur.
Xarici dilin praktik mənimsənilməsini təmin etmək üçün tədrisin ilk günlərindən öyrənilən dildə ünsiyyət qurmağa çalışıram. Ünsiyyət qurmağın öyrətməyin səmərəli üsullarından biri də rollu oyunlardır. Bu üsul xarici dil dərslərində ən səmərəli üsuldur. Rollu oyunlar nitq fəaliyyətini yaxşılaşdırır, ünsiyyət vərdişlərini inkişaf etdirir və təlimin praktik yönümünü təmin edir. Şagirdlər rollu oyun kimi televiziya haqqında dialoqlar aparırlar. İş cütlüklərlə aparıldı. Rollu oyunlar tətbiq olunan dərslər canlı və emosional, uşaqların yüksək fəallığı ilə keçir. Sonra şagirdlərə qruplarla bir gün üçün televiziya proqramı qurmağı və televizorun zərərləri və faydalarından danışılmağı tapşırılır. . |Belə qrup halında tapşırığın yerinə yetirilməsi şagirdlərin bir-biri ilə əməkdaşlıq etmələrinə və bir-birləri qarşısında öz məsuliyyətlərini dərk etmələrinə imkan yaradır. Şagirdlərin birgə fəaliyyəti problemləri bir yerdə həll etməyi onlara öyrədir. Qrupda iş – biliyi sərbəst əldə etmək bacarıqlarının inkişaf etməsi üçün şərait yaradır. Şagirdlərin özlərinə inamın artmasını, özlərini tam şəxsiyyət kimi dərk etməsini, eyni zamanda şagirdin müstəqil şəxsiyyət kimi inkişafını təmin edir. Bu zaman zəif oxuyan şagirdlər belə fəallaşır, öz fikirlərini söyləyərək tədqiqatda fəal iştirak etməyə çalışırlar.
Məlumat müzakirəsi və mübadiləsi
Qrupların işləri təqdim olunur. Bu mərhələdə şagirdlərin tədqiqatın gedişində əldə etdikləri yeni informasiyaların mübadiləsi aparılır. Təqdimat zamanı şagirdlər bir-birini fəal dinləməyə sövq edilir.
Yaradıcı tətbiqetmə
Yaradıcı tətbiqetmə mərhələsinə xüsusilə, əhəmiyyət verirəm. Bu mərhələdə şagirdlərin mövzunu necə mənimsədikləri bəlli olur. Dərsin bu mərhələsində şagirdlərin televiziya haqqında öyrəndikləri və qrammatik qaydaların əks olunduğu tapşırıqları şagirdlərə təqdim edirəm.
Ümumiləşdirmə və nəticə
Şagirdlər əldə etdikləri bilikləri ümumiləşdirirlər və sonda tədqiqat sualına yenidən qayıtmaqla əldə etdikləri nəticələri təhlil edirlər. Fəal dərsdə şagirdlərin formativ qiymətləndirilməsi hər hansı mərhələdən sonra, istənilən üsulla həyata keçirilə bilər. Apardığım dərsdə də qiymət qruplara verildi. Hər bir qrup digərini dinlədikdən sonra öz qiymətini verdi və qiymətləndirmə səsvermə yolu ilə həyata keçirildi.
Ev tapşırığı
Ev tapşırıqları şagirdlərin müstəqil tədqiqat aparmasına, sərbəst və yaradıcı düşünmə qabiliyyətinin formalaşmasına kömək edir. Evə şagirdlərə yeni ildə keçirilən televiziya bayramları haqqında araşdırmaq və öyrənmək tapşırılır.
Müasir ingilis dili dərsi
Sevinc Orucova,
İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin ingilis dili müəllimi

Şərh Yaz