Müasir kurikulum zamanın tələbidir

İsmayıllı rayonu N.Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbində “Müasir kurikulumlar və təlimin təşkili məsələləri, yeniliklərin tətbiqi, reallıqlar, perspektivlər, problemlər” mövzusunda pedaqoji şurada məsələ müzakirə olundu. Müzakirədən müəyyən məqamları oxucularımızla bölüşürük. Müasir kurikulum zamanın tələbidir

İsmayıllı rayonu N.Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbində “Müasir kurikulumlar və təlimin təşkili məsələləri, yeniliklərin tətbiqi, reallıqlar, perspektivlər, problemlər” mövzusunda pedaqoji şurada məsələ müzakirə olundu. Müzakirədən müəyyən məqamları oxucularımızla bölüşürük.
Qalib Bəşirov,
məktəbin direktoru, Qabaqcıl Təhsil işçisi

Müasir kurikulum  zamanın tələbidir
– Artıq altıncı ildir ki, ölkəmizin ümumtəhsil müəssisələrində kurikulumlarla tədris həyata keçirilir. Bu tədris üsulu I- VI sinifləri əhatə edir. Aydındır ki, yeni təlim üsullarından istifadə edərək tədrisi həyata keçirmək üçün müəllimlərin özləri bu metodları mənimsəməli onlarda müasir texnologiyalardan istifadə bacarıqları formalaşmalıdır. Bu məqsədlə I-VI siniflərdə dərs deyən müəllimlərin Təhsil Nazirliyinin xətti ilə Bakı şəhərində və rayonumuzda təşkil olunan yeni təlim metodlarının öyrədilməsi məqsədi ilə keçirilən kurslarda təlim keçmişlər.
Eyni zamanda, məktəbdə yeni təlim metodlarından daha səmərəli istifadə etməyi bacaran qabaqcıl müəllimlərin açıq dərsləri təşkil olunur, geniş müzakirələr aparılır, müəllimin fəaliyyəti dəyərləndirilir, həmçinin mövcud olan problemlərin aradan qaldırılması yolları müəyyənləşdirilir.
Məktəbimizdə işini yaxşı bilən qabaqcıl müəllimlərimiz çoxdur. Məhz onların əməyinin nəticəsidir ki, şəhər 6 nömrəli məktəb rayonumuzun, eləcə də respublikanın qabaqcıl məktəbləri siyahısındadır. Respublika səviyyəsində olimpiada, inşa yazı müsabiqələri, müxtəlif idman yarışları üzrə qaliblərimiz yetərincədir. Son üç ildə 6 nəfər şagirdimiz 600-dən yuxarı 30 nəfərdən çox şagirdimiz 500-dən yuxarı bal toplamışdır.
Təkcə 2013-cü ildə 32 nəfər şagirdimiz ölkənin müxtəlif alı məktəblərinə daxil olmuşdur.
Məktəb 2009-cu ildə “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuşdur. Müəllimlərimizdən riyaziyyat müəllimi Müsavəddin Kərimov Əməkdar müəllim, dil – ədəbiyyat müəllimi Hacıməmməd Məmmədov və gənclərin hərbiçağrışaqədərki müəllimi Əsgər Manafov “Tərəqqi” medallarına layiq bilinmiş, Əsgər müəllim və dil ədəbiyyat müəllimi Minazər Mahmudova “Ən yaxşı müəllim” müsabiqələrinin qalibi olmuşlar.
Prezidentimiz İlham Əliyev bu yaxınlarda “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Startegiyasının təsdiq edilməsi haqqında” Sərəncam imzalamışdır.
Strategiyanın müzakirəsini aparmışıq. Bu, qarşımızda böyük vəzifələr qoyur. Təhsildə bu günün yeniliklərini tətbiq etməklə müəllimlərin bilik və bacarıqlarının artırılması sahəsində hələ çox işlər görməliyik. Ümidvaram ki, pedaqoji kollektivimiz Vətənimizin daha işıqlı sabahının layiq vətəndaşları ola biləcək gənclər yetişdirəcək.
Əşrəf Hüseynov ,
məktəbin dərs hissə müdiri

Müasir kurikulum  zamanın tələbidir
– Kurikulumun tətbiqi artıq öz nəticələrini verməkdədir, ibtidai siniflərdə kurikulum tətbiqi şagirdlərdə yazı, oxu həm də problemlərin həlli, mühakimə yürütmə, isbat etmə və ünsiyyətqurma, əlaqələndirmə, təqdimetmə kimi bacarıqları inkişaf etdirir. Dinlədiyim dərslərdə şagirdlərin zehni, məntiqi təfəkkürü və düşüncə tərzinin inkişaf etdirilməsinin şahidi olmuşam. Riyaziyyat müəllimləri Müsavəddin Kərimov, Akif Bilalov, Ramilə Osmanova, dil ədəbiyyat müəllimləri Minazər Mahmudova, Şəhla Kərimova, Səxavət Əliyev, ingilis dili müəllimləri Leyla Əzimova dərslərini milli kurikulum əsasında qurur, şagirdlərin intellektual inkişafına, uğurlu praktik fəaliyyətə zəmin yaradan təfəkkür tərzi formalaşdırır, cəmiyyətin inkişafında lazım olan vətəndaşlar yetişdirirlər.
Tez-tez açıq dərslər təşkil edir, fənn müəllimlərini həmin dərslərdə iştiraklarını təmin edirik. Geniş müzakirələr aparırıq. Fənlərarası inteqrasiya öyrənilənləri tətbiq etmək, tədqiqat və araşdırma aparmaq, müzakirə etmək, izahat vermək, fikir yürütmək başqasının fikirlərinə düzgün mövqedən yanaşmaq, fikirlərini başqasına çatdıra bilmək informasiya toplamaq və vərdişlərin aşılanmasına xidmət edən bu dərslər yeni kurikulum və İKT imkanları əsasında qurulur. Kurikulumun-tədris metodunun dünya təhsil sisteminə inteqrasiyada rolu danılmazdır. Apardığım müşahidələr sübut edir ki, bu metod şagirdi oxumağa sövq etməklə yanaşı, təlimdə İKT-nın tətbiqini sürətləndirir və məktəbin texniki bazasını zənginləşdirir. Artıq I-IV siniflərimizdə bu iş öz müsbət nəticələrini göstərməkdədir. Bugünkü valideynlər kurikulumla keçirilən dərslərdən geri qalırlar. Yaxşı olar ki, valideynlər üçün metodik vəsaitlər, maarifləndirici söhbət və ya kurslar təşkil olunsun.
Bir mühüm məsələni də diqqətə çatdırmaq istərdim. Şagirdin məktəbdə aldığı qiymətə valideyn də, onun özü də çox həssas yanaşırlar. Bir çox valideynlər tərəfindən şagirdin aldığı qiymət onun bütün şəxsiyyətinə verilən qiymət kimi başa düşülür və şagird də bunu belə qəbul edir. Onda belə bir fikir formalaşır: “Əgər mən “iki” almışamsa, deməli, pisəm”. Hər bir valideyn və müəllim tərəfindən dərsdə verilən qiymətin mahiyyəti şagirdlərə düzgün çatdırılmalı və qəbul etdirilməlidir. Şagird bilməlidir ki, qiymət yalnız hər hansı bir mövzunu və ya bölməni nə dərəcədə yaxşı və zəif bilməsinin göstəricisidir, onun şəxsiyyətinin qiymətləndirilməsi demək deyil. Düşünürəm ki, milli kurikulumla şagird biliyinin qiymətləndirilməsi də, qənaətləndirici deyil. Şagird yalnız kiçik və böyük summativlərdə deyil, vaxtaşırı biliyi qiymətləndirilməlidir. Müəllim əməyini stimullaşdırmaq lazımdır.
Müasir dərsliklərdə şagird nəyi bilməlidir? Bildiyini necə tətbiq etməlidir? O necə insan olmalıdır? Məsələlərinə o qədər də əhəmiyyət verilməyib. Hələ ki, bunlar problemdir və belə dərsliklərimiz yoxdur.
Müsavəddin Kərimov,
məktəbin riyaziyyat müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

Müasir kurikulum  zamanın tələbidir
– Aydındır ki, baza riyazi hazırlığı olmadan heç kəsi fizik, kimyaçı mühəndis, texnik, psixoloq, iqtisadçı və s. ixtisas sahibi kimi formalaşdırmaq mümkün deyildir. Bundan əlavə, hər bir insan gündəlik həyatda əməli fəaliyyətdə riyaziyyatla qarşılaşır və əldə etdiyi riyazi bilik və bacarıqlarının olmasından faydalanır. Onun təməli ibtidai siniflərdə qoyulur.
Bu fənnin tədrisində şagirdlərin dərk etmək imkanlıarının artırılmasına, onların maraq və qabiliyyətlərinin inkişafına xüsusi diqqət yetirilir. Yeni təlim metodlarından istifadə etməklə riyaziyyatın mahiyyətini başa düşmək əsasında şagirdlərdə ümumiləşdirici təfəkkürün inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verirəm. Şagirdlərdə inam yaratmaqla onları başa salıram ki, riyaziyyat digər elmlərin inkişafında mühüm yer tutur, digər fənlərin mənimsənilməsi üçün acar olur.
Şagirdlər riyaziyyat fənn kurikulumu tətbiq edilməsi nəticəsində axtarışa, düşünməyə, müqayisə etməyə, nəticə çıxarmağa yönəlib, onlarda idrak bacarıqları, riyazi-məntiqi təfəkkürün inkişafına şərait yaradılıb. Şagirdlərdə araşdırmaq, sistemləşdirmək, təhlil etmək, fərqləndirmək kimi yeni keyfiyyətlər formalaşıb. Şagird passiv mövqe tutmaqdan çəkinib, bir şəxsiyyət kimi, təlim prosesinin mərkəzində olması ilə qürurlanır. Şagird təlim prosesinin bərabərhüquqlu üzvü olur.
Riyaziyyatı mənimsətmək üçün ünsiyyət fəaliyyətinə ciddi fikir verirəm. Bu, riyaziyyat fənninin əhəmiyyətinin dərk edilməsi üçün çox vacibdir. Şagird riyaziyyatdan problemlərin həllində mühakimə yürüdür, riyazi məsələlərin müzakirəsində iştirak edir, əldə etdiyi məlumatları əlaqələndirir, model hazırlayıb onu müxtəlif yollarla təqdim edir.
Hacıməmməd Məmmədov,
məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi

Müasir kurikulum  zamanın tələbidir
– Təcrübəmə əsaslanaraq deməliyəm ki, yaxşı nəticə əldə etmək istəyən müəllim mövzunun çətin olmasını xatırlatmamalı, əksinə onun sadə olduğunu və diqqət verməklə asanlıqla dərk olunacağını deməlidir.
Yeni təlim metodları müəllimə şagirdlərlə daha səmərəli işləməyə, onların intellektual potensialını aşkara çıxarmağa imkan yaradır. Üzərimə düşən vəzifənin mahiyyətini dərindən dərk edirəm. Dərs dediyim bütün siniflərdə keçəcəyim hər bir mövzuya yaradıcı yanaşır, öz işimi müasir milli kurikulum əsasları üzərində qurur, hər mövzunu həyatla, keçmişimiz, bu günümüz, gələcəyimizlə əlaqələndirir ayrı-ayrı mövzuların tədrisi zamanı mühakimə xarakterli inşalar, rəy inşaları, öyrədici, sinif və ev inşaları, esse yazı növləri yazdırmaqla, şagirdlərə kurikulum tələblərini aşılamağa, onların gələcəkdə kamil, hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi formalaşması sahəsində məqsədyönlü iş aparmağa səy göstərirəm. Çalışıram ki, bu gün məktəbli partası arxasında əyləşənlərin hər biri sabah Vətənimizin layiqli vətəndaşları olsunlar. Onlar fikirlərini sərbəst ifadə etsinlər, insanlarla yüksək səviyyədə ünsiyyət qurmağı bacarsınlar, geniş dünyagörüşünə, intellektə sahib şəxsiyyət kimi formalaşsınlar. Bütün bunlar milli kurikulumun və zamanın tələbidir.
Gülnarə Mitəlova,
məktəbin tarix müəllimi

Müasir kurikulum  zamanın tələbidir
– Müəllimin əsas vəzifələrindən biri öyrənməyi öyrətməkdir. Buna görə müəllim şagirdin psixologiyasını tam öyrənməlidir. Yalnız bu halda təlim prosesi uğurlu ola bilər.
Mən şagirdlərimə xalqımızın tarixini sevdirməyə çalışıram. Bunun üçün qabaqcıl fənn müəllimlərinin iş təcrübələrini öyrənir və işimə tətbiq edirəm. Milli kurikulum tələbləri əsasında dərslərimi keçirəm. Hər hansı mövzunu keçərkən onlara təhlildə tamamilə sərbəstlik verirəm onların sərbəst fikirlərini bir-birilə bölüşməsi üçün debatlar keçirir, hər bir mövzuya tənqidi və məntiqi yanaşmaları üçün şərait yaradıram.
Kurikulumun tətbiqi biz müəllimlərin İKT-dan geniş, səmərəli şəkildə istifadə etmək üçün şərait yaratdı. Qurduğum müasir dərslərdə, hazırladığım didaktik materialların tərtibində, dərslərin əyaniliyində İKT- dən geniş istifadə edirəm. Ənənəvi təhsilin yetişdirdiyi valideynlərin müasir dərsdə dərsə marağı artır və fikirləri yenilənir. Valideyn – müəllim-məktəb münasibətlərinin möhkəmlənməsində keçirilən tədbirlərin təsir imkanları genişdir. Bunları inkişaf etdirmək üçün şagirdlərimə layihə işlərinə də köməklik göstərirəm. Onun nəticəsidir ki, bir şagirdim-Ülvi Məmmədli Gələcək nəsillərlə üz-üzə ümumrespublika inşa yazı müsabiqəsinin ikinci mükafatçısı olmuşdur.
Səxavət Əliyev,
Azərbaycan dili və ədəbiyyatı müəllimi

Müasir kurikulum  zamanın tələbidir
– Yeni kurikulumla V sinfə dərs deyirəm. Dərs zamanı əyləncəli üsullardan istifadə edərək şagirdləri qruplara bölürəm və onlarla işləyirəm. Dərs prosesində şagirdlər problemləri qrup halında araşdırmaq, müstəqil fikir söyləmək, dərin düşünmək və azad fikirləşmək imkanını əldə edirlər. Hiss edirəm ki, onlar qrup halında işləyərkən bir – birindən öyrənmək vərdişlərinə yiyələnirlər. Dərs zamanı şagird təfəkkürünü inkişaf etdirmək üçün hazırladığım test tapşırıqları və açıq suallar təlim prosesinin keyfiyyətinin yüksəlməsinə təsir göstərir. Bu zaman şagirdlərin bilik səviyyəsi daha aydın müəyyənləşir. Belə nəticəyə gəlmək olar ki, fənnin tədrisi zamanı müəllim öz işinə yaradıcı yanaşmalı, araşdırmalar aparmalı, əlavə resurslar hazırlamalı və metodik priyomlardan istifadə etməlidir.
Fənn kurikulumunun tətbiqi zamanı müəllimlərin qarşılaşdığı çətinliklərdən biri də qiymətləndirmə ilə bağlıdır. Kurikulumun tətbiqində mühüm rol oynayan yeni qiymətləndirmə mexanizmlərindən biri də formativ qiymətləndirmədir. Formativ qiymətləndirmə şəxsiyyətyönümlü təhsilin ən səciyyəvi atributudur. Bu qiymətləndirmə sistemində şagirdlərin fərdi nailiyyətləri onun özünün əvvəlki nəticələri ilə müqayisə edilir. Formativ qiymətləndirmədə şagird fəaliyyətinin əsasən, bütün cəhətlərini qiymətləndirirəm. Deməli, bu qiymətləndirmənin əsas məqsədi inkişafda olan prosesə nəzarət etmək və onu istiqamətləndirməkdir. Formativ qiymətləndirmə ilə yanaşı verbal qiymətləndirmədən də istifadə edirəm.
Söhbəti qələmə aldı:
Hacıməmməd Məmmədov

Şərh Yaz