İntihara aparan yollar


Ömrüm yollarda keçib, o kənd sənin, bu kənd mənim – rayon qəzetinin əməkdaşının nəsibi bu olur. Beləcə, düz 35 il rayonun getmədiyim kəndi – üzüm bağı, ferması, məktəbi, bağçası, tikintisi qalmayıb. Demək olar, həmişə də qəlb rahatlığı ilə gedib, elə o rahatlıqla da dönmüşəm. Bu işdə işləyəndən sonra da tez-tez kəndlərə gedirəm, amma nə o rahatlıq var, nə də könül dincliyi. İndiki gedişlərin ünvanı da yeknəsəqdir: problemli ailələr! Yenə yoldayam, yenə ailəyə gedirik, amma, həll edilməsi artıq mümkün olmayan problem yaşamış bir ailəyə. Mətbuatın, tədqiqatçıların qələminə, dilinə ən az yaşlı intihar qurbanı kimi düşmüş bir “ilk”in ünvanına.


İntihara aparan yollar


Ömrüm yollarda keçib, o kənd sənin, bu kənd mənim – rayon qəzetinin əməkdaşının nəsibi bu olur. Beləcə, düz 35 il rayonun getmədiyim kəndi – üzüm bağı, ferması, məktəbi, bağçası, tikintisi qalmayıb. Demək olar, həmişə də qəlb rahatlığı ilə gedib, elə o rahatlıqla da dönmüşəm. Bu işdə işləyəndən sonra da tez-tez kəndlərə gedirəm, amma nə o rahatlıq var, nə də könül dincliyi. İndiki gedişlərin ünvanı da yeknəsəqdir: problemli ailələr! Yenə yoldayam, yenə ailəyə gedirik, amma, həll edilməsi artıq mümkün olmayan problem yaşamış bir ailəyə. Mətbuatın, tədqiqatçıların qələminə, dilinə ən az yaşlı intihar qurbanı kimi düşmüş bir “ilk”in ünvanına.

İntiharın tərifi də özü kimi sadədir- özünü öldürməyə intihar deyirlər. Və çox təəssüf ki, bu sadə ölüm növü ölkəmizdə “at ilidir, muradımıza çatacağıq” deyə gəlişinə sevindiyimiz 2014-cü ilin yaşaya bildiyimiz bu 22 günündə artıq 25 nəfərin həyatına son qoyub və belə getsə, 2014-cü ilin yanvar ayı Azərbaycanda “intihar ayı” kimi tarixə düşə bilər. İndiyədək heç bir ayda özünə qəsd edənlərin sayı bu qədər çox olmayıb.
İnsanlar niyə intihar edirlər?! Bununla bağlı bu neçə gündə çoxsaylı yazılar oxudum, psixoloqların fikirləri ilə tanış oldum. Tədqiqatçılar intiharları hətta, qruplaşdırıblar da: sosial, psixoloji, bioloji, genetik, fiziki xəstəliklər ucbatından baş verən intiharlar və s. Cəmi 11 yaşı olan uşaq bu bölgülərin heç birində yer almır. Nə sosial, nə psixoloji, nə genetik, nə fiziki və nə də digər problemi olmayıb. Bəs onda ailənin sonuncu uşağından 9 il sonra dünyaya gəlmiş və tanıyanların “həyat dolu bir uşağıydı” dediyi, əl üstündə saxlanılan, şən, gülərüz, dəcəl bir oğlanı “dolub daşdığı” bu həyatdan öz əli ilə əl çəkməyə, getməyə nə vadar edib?! Aradan keçən bu bir neçə gündə ailə bu suala cavab tapa bilməyib, çəkilməz dərdin və “niyə”lərin əlində əzilir. “Çox ərköyün idi, elə hey istəyirdi ki, onu əzizləyək, tərifləyək. Hər dəfə televizorda kiminsə özünü asıb öldürdüyünü, onun ailəsinin ölən üçün necə qışqırıb ağladıqlarını göstərəndə (???) soruşurdu ki, bir gün mən də özümü öldürsəm siz də mənimçün belə ağlayarsız? Fikir vermirdik dediyinə, düşünürdük ki, nə olub Allaha şükür, özünü niyə öldürər ki, sözdü deyir də?”
Televizorda görəndə… Səbəb elə bu gördükləri olmayıb ki?! Axı elə tədqiqatçılar da, psixoloqlar da intiharın bir səbəbi kimi kütləvi informasiya vasitələrində, xüsusilə televiziyada yayılan məlumatları göstərirlər! Məhz yayılan intihar xəbərləri bir növ cəmiyyətdə dəlinin yadına daş salmaq misalı funksiyasını yerinə yetirir, belə səhnələrin yayımı bu niyyətdə olanlar üçün stimul təşkil edir, bilməyənləri də öyrədir, mürgülü hisslərini oyadır. Yadıma universitet müəllimim, rəhmətlik Nəriman Zeynalovun bir xəbərdarlığı düşür: ”Mətbuat – ideoloji iş atom bombasından da güclü silahdır, birbaşa beyinə, şüura işləyir, vay o günə ki, bu silah naşı əlində ola”.
Təəssüf ki, bu gün mətbuatımız əksəriyyət halda naşı əlindədir. Cibində bir az pulu, bir kompyuteri, bir az internet bilgisi olan qəzet açır, sayt yaradır, televiziyaya yol tapır və oxucu cəlb etmək üçün lazım olanı yox, məhz sensasiya yaradacaqları yazır, göstərir. Müstəqil televiziyalarımızda avtoqəza və intihar xəbərləri baş xəbərlərə çevrilib. Hətta ailəliklə oturub baxa bildiyin verilişin gedişində belə üç dəqiqədən bir “filan yaşlı gənc niyə özünü asaraq intihar etdi, filan yol bu gün yenə qana boyandı: düz 5 ölü, az sonra, diqqətiniz bizdə olsun” və s. və ilaxır bu kimi həyəcan dolu ifadələr və dəhşət, ölüm qoxulu anonslarla beyinləri zəhərləyirlər. Bugünkü tamaşaçı bugünkü televiziyalarımızdan nə isə öyrənə bilmir ki, itirir. Bu “nə isə” təəssüf ki, bəzən beləcə, insan həyatı olur, heç nə ilə əvəzlənməyəcək, bir daha geri qayıtmayacaq, gedişi ilə ürəklər yaxacaq İNSAN HƏYATI! Elə bu sonuncu hadisə kimi (Allah etsin sonuncu olsun!).
Bununla bağlı araşdırma aparan tədqiqatçıların fikirlərinə həssaslıqla yanaşan Norveç, İsveç kimi ölkələrdə mətbuatda intihar xəbərlərinin verilməsi qadağandır. Bu qadağanı isə hökumət yox, məhz jurnalist həmkarlarımız özləri qoyublar. 22 gündə 25 intihar hadisəsinin baş verməsi Azərbaycanda da jurnalistlərin “papaqlarını qarşılarına qoyub” yaxşı-yaxşı düşünüb belə bir ağıllı qərar vermələri üçün yetərli rəqəm olmalıdır.
İntihar! Bir insanın bilə-bilə öz həyatına son qoyması! Bu qərar əksər hallarda anidən verilmir. SOS siqnalları eşidilir: hər şeydən bezmişəm, həyat mənasız olub mənimçün, yaşamağa dəyməz və s. bu kimi sözləri çoxumuz eşidirik. Eşidirik və çox halda da diqqət çəkmək kimi dəyərləndiririk, diqqətə almırıq! Sonra isə artıq gec olur!
İntihar fikrinə düşən insan! Bir anlıq əl saxla, Allah Təalanın sənə verdiyi canı vaxtsız-vədəsiz sahibinə qaytarmağa tələsmə. Biz hamımız Allahın bəndələriyik. Unutmayaq ki, Allahın bizə verdiyi can əmanətdir. Əmanəti isə sahibinə geri istəyəndə qaytararlar. Vallah, bu həyat hər halı ilə gözəldir. Yetər ki, ölümün yox, həyatın gözəlliklərini görə, duya, yaşaya bilək. Bunun üçün isə intihar yox, inam yolunu tutmalıyıq!
Lətifə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru

Şərh Yaz