Mirdaməd Sadıqovun rayon sakinlərinə təbriki

Mirdaməd Sadıqovun rayon sakinlərinə təbriki
Dövlətimizin iqtisadi-siyasi, sosial-mədəni qüdrətinin artması və dinamik inkişafı bütün dünya azərbaycanlılarının arzularının təcəssümüdür.İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibəti ilə rayon sakinlərinə təbriki
Mirdaməd Sadıqovun rayon sakinlərinə təbriki
Əziz həmvətənlər!
Əziz ismayıllılar!
Hər birimizdə böyük sevinc və səmimi duyğular oyadan 31 dekabr –Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, hamınıza, bütövlükdə Azərbaycan xalqına səadət, xoşbəxtlik, açıq səma, vətənimizin inkişafı naminə yorulmaz fəaliyyət arzulayıram!
Azərbaycan öz dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra çox böyük və şərəfli bir yol keçmiş, misli görünməmiş nailiyyətlər əldə etmiş, dünya ölkələri sırasında öncül yerlərə çıxmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz hüquqi-dünyəvi, demokratik dövlət quruculuğu yolunda inamla addımlayır, dünya ölkələrində yaşayan soydaşlarımız ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi azərbaycançılıq ideologiyası ətrafında birləşir, ulu öndərin müəyyənləşdirdiyi strateji yolla durmadan irəliləyir, yeni-yeni qələbələrə imza atır, coşqun inkişaf dövrünü yaşayır.
Dövlətimizin iqtisadi-siyasi, sosial-mədəni qüdrətinin artması və dinamik inkişafı bütün dünya azərbaycanlılarının arzularının təcəssümüdür.
Azərbaycan müstəqillik əldə etdiyi vaxtdan başlayaraq 31 Dekabr bütün dünyada yaşayan soydaşlarımız tərəfindən hər il milli birlik, həmrəylik günü kimi qeyd olunur. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan bu bayramın başlıca qayəsini Azərbaycan dövlətçiliyi, xalqımızın milli-mənəvi dəyərlərinə hörmət, Azərbaycan xalqına mənsubiyyətin dərindən dərk edilməsi, azərbaycançılıq ideologiyası, düzgün milli siyasət təşkil edir.
31 dekabr bizi bir daha səfərbər edir, vahid məqsəd uğrunda birliyimizi, vətən üçün məsuliyyətimizi daha da artırır, qüvvələrimizi birləşdirir. Dünya azərbaycanlılarının diqqətini əzəli və əbədi vətənimiz olan Azərbaycana yönəldir.
Əziz ismayıllılar!
Qarşıdan Yeni il gəlir. Yeni il bizi ölkəmizin, rayonumuzun inkişafı, tərəqqisi, yeniləşməsi yolunda daha mətin sıralarda birləşdirir. Qarşımızda yeni Dövlət Proqramlarının, İsmayıllını başdan-başa dəyişəcək yeni-yeni layihələrin icrası, insanların sosial həyatının zənginləşdirilməsi ilə bağlı tədbirlər, işsizliyin və yoxsulluğun minimuma endirilməsi, ən əsası isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 14 avqust 2013-cü il tarixdə İsmayıllıya səfəri zamanı qarşıya qoyduğu möhtəşəm vəzifələrin həyata keçirilməsi vəzifələri durur.
İnanıram ki, Siz bu məsələlərin həllində ən fəal mövqe tutacaq, doğma Azərbaycanımızın mirvarisi olan rayonumuzun inkişafı üçün öz səy və bacarıqlarınızı əsirgəməyəcəksiniz.
Fəxrlə deyə bilərəm ki, bu gün Azərbaycan həmişəkindən daha güclüdür, daha qüdrətlidir. Beynəlxalq miqyasda söz sahibidir. Fəxr edir, qürur duyuruq ki, bütün bunlar möhtərəm cənab Prezident İlham Əliyevin qlobal fəaliyyətinin nəticəsidir.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bir daha Sizi ürəkdən təbrik edirəm! Ailələrinizə səadət, həyatınıza firavanlıq arzulayıram. Azərbaycanımızın sürətli inkişafı və yüksəlişi, İsmayıllının yenidən tikilib-qurulması, yeniləşməsi yolunda Sizə yorulmaz fəaliyyət, daha böyük uğurlar arzulayıram.
Mirdaməd Sadıqov,
İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı
İsmayıllı şəhəri, 30 dekabr 2013-cü il

Şərh Yaz