Ürəklərdə heykəl ucaldan alim

Ürəklərdə heykəl ucaldan alim

Meyvəli ağaca daş atan çox olduğu kimi, elm və mərifət sahibinə də əziyyət verən çox olur.
M. T. Sidqi

Ürəklərdə heykəl ucaldan alim


Meyvəli ağaca daş atan çox olduğu kimi, elm və mərifət sahibinə də əziyyət verən çox olur.
M. T. Sidqi

Tofiq Kazım oğlu İsmayılov, Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikasının Dövlət katibi, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, texnika elmləri doktoru, SSRİ Ali Sovetinin deputatı, professor.
Müasir kosmos əsrində Azərbaycan xalqının yetişdirdiyi layiqli övladlardan biri dərin kosmik təfəkkürə malik akademik Tofiq Mirkazım oğlu İsmayılovdur.
Ürəklərdə heykəl ucaldan alim
Tofiq İsmayılov 1 iyun 1933-cü ildə Bakıda Mirkazım Mirheydər oğlunun ailəsində (bu görkəmli dövlət və tanınmış şəxsiyyətin adı indi də çox izzətlə çəkilir) dünyaya göz açmışdır. O, orta təhsilini Bakıda və Ağdaşda (o zaman atası Ağdaş Rayon Partiya Komitəsinin birinci katibi işləyib) almışdır. İndi Ağdaş şəhərində Tofiqin oxuduğu məktəb onun adını daşıyır.
Tofiq İsmayılovun kosmik elm yolu hələ ağır müharibə illərindən keçmiş Yuri Qaqarin adına Pioner Sarayının (hazırda onun adı verilmiş Respublika Uşaq və Gənclər Yaradıcılıq Sarayının) aviamodel dərnəyindən başlamışdır. Orta məktəbi 1951-ci ildə Bakıda bitirdikdən sonra Moskva şəhərindəki Elektrotexniki Rabitə İnstitutuna daxil olmuşdur. Həmin institutu 1956-cı ildə uğurla bitirmiş, Moskvada əmək fəaliyyətinə başlamış, buradakı müəssisələrdə çalışmış, aspiranturaya qəbul olunmuşdu.
1964-cü ildə Bakıya qayıdan Tofiq İsmayılov müəssisələrin birinə aparıcı mühəndis göndərilmişdir. İki ildən sonra Azərbaycan Politexnik İnstitutunda (indiki Texniki Universitet) pedaqoji işə başlamış, elektrotexnika fakültəsində kafedranın dosenti vəzifəsində çalışmışdır. 1985-ci ildən Azərbaycan Elmlər Akademiyasının sistemində çalışmışdır. Qabaqcıl elm müəssisələrindən biri olan Fizika İnstitutunda yarımkeçirici çeviricilər sahəsində baş mühəndis, Elmlər Akademiyası Rəyasət Heyəti yanında elmi işlər və onların tətbiqi şöbəsinin rəisi, “ Kaspi” Elmi Mərkəzinin direktoru, keçmiş İttifaqda yeganə sayılan Təbii Ehtiyatların Kosmik tədqiqat İnstitutunun direktoru olmuşdur. 1982-ci ildən ömrünün sonuna kimi Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyinin baş direktoru – baş konstruktoru işləmişdir. Namizədlik dissertasiyasını 1969-cu ildə, doktorluq işinin isə 1979-cu ildə uğurla müdafiə etmiş, texnika elmləri doktoru elmi dərəcəsi almış, sonra isə professor elmi rütbəsinə layiq görülmüşdür. Mühəndislik Akademiyasının həqiqi üzvü (akademik) seçilmişdir.
Akademik Tofiq İsmayılovun elmi xidmətləri çox təqdirəlayiqdir. O, hər şeydən əvvəl, qlobal təfəkkürlü ixtiraçı alimdir, elmi və müasir cihazqayırma sahəsində bir sıra məşhur yeniliklərin müəllifidir. Tofiq müəllimin peykaltı rabitə vasitələrinin yaradılması nəzəriyyəsinə və təcrübəsinə verdiyi töhfələr elm aləmində yüksək qiymətləndirilir. Onun rəhbərliyi və iştirakı ilə keçmiş İttifaqda ilk dəfə olaraq ətraf mühitə operativ nəzarət ölçü sistemi yaradılmışdır.
Alimin rəhbərliyi və iştirakı ilə yaradılmış elmi cihazlar kompleksi aerokosmik nəzarət ölçü poliqonlarında geniş tətbiq olunub. Bu sahədə ilk elmi konsepsiya “Yerin kosmosdan tədqiqi” konsepsiyası onun adı ilə bağlıdır. Keçmiş SSRİ-nin və Avropa ölkələrinin sınaq meydanlarında “İnterkosmos” proqramı üzrə keçirilmiş aerokosmik eksperimentləri (beynəlxalq “Günəş” eksperimenti və s.) nəticələri bu konsepsiyanın böyük elmi və təcrübi əhəmiyyətini sübut etmişdir.
Astrofizika sahəsində elmi-tətbiqi cihazquraşdırma problemləri də Tofiq İsmayılovun tədqiqatlarında mühüm yer tutub. Onun rəhbərliyi və iştirakı ilə yaradılmış “PŞ- 17 B” və “Pulsar-X-1” rentgen bort teleskopları “Salyut-Soyuz-T-11” və “Mir” orbital elmi stansiyalarında uğurla işləmişdir. “ Pulsar-X-1” teleskopu ifrat yeni ulduz barədə informasiya toplantısında iştirak etmiş və hal-hazırda “Mir” orbital stansiyasında saz halda işini uğurla davam etdirir.
Ürəklərdə heykəl ucaldan alim
Bütün varlığı ilə xalqına, Vətəninə bağlı olan Tofiq müəllim respublikamızda milli kadrların hazırlanmasına da böyük qayğı göstərirdi, gənclərin yorulmaz tərbiyəçisi idi. Məhz onun təşəbbüsü ilə birliyin nəzdində texnika elmləri namizədi alimlik dərəcəsi almaq üçün xüsusi elmi-müdafiə şurası yaradılıb.
T. İsmayılovun elmdə və texnikada görkəmli xidmətlərinə görə keçmiş İttifaqda Mühəndislik Akademiyasına (indi Beynəlxalq Mühəndislik Akademiyası adlanır) həqiqi üzv-akademik seçilib.
Böyük təəssüf hissi ilə demək lazımdır ki, belə şöhrətli alim bizim doğma Azərbaycanımızın Elmlər Akademiyasına üzv seçilməmişdi. Çünki, o, inzibati-amirlik sisteminin standartlarına uyğun gəlməyən prinsipial ictimai mövqedə dururdu.
20 noyabr 1991-ci il. Bu tarix indi müstəqillik, azadlıq yollarında möhkəm addım atan, müqəddəs torpaqlarımız uğrunda mübarizə aparan xalqımızın çoxəsrlik salnaməsinə qara hərflərdə yazılmışdır. Bu gün yarandığı vaxtdan etibarən Azərbaycan Milli Aerokosmik Agentliyi kollektivinin də xatirat dəftərində, yaddaşında qara səhifədir. Çünki, həmin bu qara gündə xalqımız üçün görünməmiş dəhşətli bir faciə baş vermişdir: respublikamızın say-seçmə, qeyrətli, igid oğullarından bir dəstəsi əzəli-əbədi Qarabağımızın Qarakənd oymağının səmasında “Mİ-8” hərbi vertolyotunda faciəli surətdə həlak olmuşdur. Onlar Vətən yolunda, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuşlar. Allah onlara rəhmət eləsin!
Bu ürək göynədən faciə zamanı həlak olanlardan biri Azərbaycan xalqının alovlu vətənpərvər oğlu, görkəmli alim, ictimai-siyasi xadim, xeyirxah insan, əvəzsiz şəxsiyyət, respublikamızda aerokosmik tədqiqatların və kosmik təbiətşünaslığın bünövrəsini yaradan Tofiq Mirkazım oğlu İsmayılovdur. Tofiq müəllim sözün əsl mənasında özünə hələ sağlığında tükənməz xalq məhəbbəti, el sayğısı-sevgisi qazanmış, ürəklərdə heykəli ucaldılmış şəxs idi. O, dərin fitri istedada, yüksək insani keyfiyyətə, mədəniyyətə, tükənməz enerjiyə, böyük təşkilatçılıq qabiliyyətinə, güclü yenilikçilik hissinə malik alim idi. O, Azərbaycan torpağının hər guşəsini böyük məhəbbətlə sevirdi, bir ziyalı, vətəndaş kimi xalqımızın, respublikamızın tərəqqisi inkişafı uğrunda daim çalışırdı.
Akademik Tofiq İsmayılov 200-dən çox elmi işin müəllifidir ki, bunların çoxu ixtiradır. İstedadlı alimə Azərbaycan Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi adı verilib. O, bir sıra orden və medallarla təltif edilib. Kosmonavtika sahəsində fəxri mükafatlara – K.E.Siolkovski, S.P.Korolyov, Y.A.Qaqarin adına medallara layiq görülüb. Akademik Tofiq İsmayılovun respublikamızda kosmonavtikanın inkişafı sahəsində xidmətlərinə “Kosmos generalı” həmyerlimiz, möhtərəm Kərim Kərimov çox yüksək qiymət vermişdir. Belə zəkalı adamlar barəsində vaxtı ilə Herbert Uels çox gözəl deyib: “Onlar dünyaya işıq saçan və keçilməyən yolları işıqlandıran ulduzlardır.” Tofiq müəllim məhz belə ulduzlardandır.
Xalqımız SSRİ Ali Sovetinin deputatı Tofiq İsmayılovun keçmiş İttifaqın parlament sessiyasındakı xalq deputatlarının qurultaylarındakı kəskin, mübariz çıxışlarını, erməni daşnaklarına verdiyi sərrast cavabları, daşnaqpərəst M.Qarbaçova dediyi sərt və tutarlı sözləri heç vaxt unutmayacaqdır. Azərbaycanın ilk dövlət katibi vəzifəsinə təyin ediləndə də onun əsas proqramı xalqımızın dirçəlişinə xidmət idi.
Qədirbilən xalqımız Tofiq İsmayılovun xatirəsini daim əziz tutur. Şəhər və kəndlərimizdə onun adına küçələr, məktəblər, müəssisələr və s. vardır. Aerokosmik agentliyin tərkibindəki Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutuna onun adı verilmişdir.
Alovlu vətənpərvər alim Tofiq Mirkazım oğlu İsmayılov inanırdı ki, işğal olunmuş torpaqlarımızı qəddar yağılardan tezliklə təmizləyəcək, rahat olacaq, dağılmış kəndlərimizi, şəhərlərimizi bərpa edəcəkdir.
İnşallah, o qələbə günü uzaqda deyil…
Tofiq müəllimin həyat yoldaşı Jalə xanım onun adını daşıyan fondun sədridir. Qızı Səbinə Tofiq İsmayılovun kabinet muzeyinin direktorudur. Oğlu Mirheydər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində məsul vəzifə daşıyır. Nəvəsi Jalə ali məktəb tələbəsidir.
İsmayılovlar ailəsi ləyaqətli sələflərinin əvəzsiz bir yadigarı kimi, qiymətli irs kimi qoyub getdiyi gözəl ideallarla yaşayır, xalqa xidmət etməyi özünün müqəddəs vəzifəsi hesab edir.

Ürəklərdə heykəl ucaldan alim
Miryavər Hüseynov

Şərh Yaz