Şəkillərim mənə oxşayır

Şəkillərim mənə oxşayır
Qısa arayış: Əliyev Eldar Abdulla oğlu – 16 dekabr 1958-ci ildə İsmayıllı rayonunun Dvoryan kəndində anadan olmuşdur. İlkin təhsilini Dvoryan kənd ibtidai məktəbində, Həftəsov kənd səkkizillik məktəbində və Lahıc qəsəbə orta məktəbində almış 1976-ci ildə həmin orta məktəbi bitirmişdir.
Sonrakı illərdə Bakı Yüngül Sənaye texnikumunda, Daşkənd Kadrlar məktəbinin Aşqabad şəhərindəki filialında təhsil almışdır.


Şəkillərim mənə oxşayır

Qısa arayış: Əliyev Eldar Abdulla oğlu – 16 dekabr 1958-ci ildə İsmayıllı rayonunun Dvoryan kəndində anadan olmuşdur. İlkin təhsilini Dvoryan kənd ibtidai məktəbində, Həftəsov kənd səkkizillik məktəbində və Lahıc qəsəbə orta məktəbində almış 1976-ci ildə həmin orta məktəbi bitirmişdir.
Sonrakı illərdə Bakı Yüngül Sənaye texnikumunda, Daşkənd Kadrlar məktəbinin Aşqabad şəhərindəki filialında təhsil almışdır.

Əmək fəaliyyətinə Türkmənistan SSR-nin Marı şəhərindəki “Gön-dəri və qalantereya” zavodunda Texniki nəzarət şöbəsinin mühəndisi kimi başlayıb. 1982-83-cü illərdə İsmayıllı Məişət Xidməti Kombinatında sex rəisi, sonrakı illərdə 63 saylı İsmayıllı MSD-də fəhlə briqadir, komsomol təşkilat katibi, vəzifələrində çalışmışdır.
1992-96-cı illərdə “Aqrokoop” İsmayıllı rayon birliyində Kommersiya ticarəti üzrə əmtəəşünas vəzifəsində işləmişdir.
1994-cü illərdə “Babadağ” xeyriyyə cəmiyyətini təsis edərək 2002-ci ilədək QHT sektorunda fəaliyyət göstərmişdir. Həmin ildən 2006-cı ilədək İsmayıllı Kommunal Müəssisələri Kombinatının rəisi olmuşdur.
“Dvoryan kəndinin içməli su probleminin həlli” layihəsinin (BMT-nin İnkişaf proqramı) “Dağlıq Şirvan ərazisində minadan zərərçəkmiş şəxslərin aşkarlanması” layihəsinin (ANAMA), “Zarat kəndinin içməli su probleminin həlli” layihəsinin (Prezident yanında QHT forumu) rəhbəri və icraçısı olmuş, İsmayıllı şəhidlərinə həsr olunmuş “Əbədi yaşayanlar”, şəhid həmyerlimiz polkovnik-leytenant Ağahüseyn Aslanova həsr olunmuş “Eldən gedən oğul” kitablarının təsisçisidir. Şəhər 3 saylı tam orta məktəbin Şəhidlər momerialının yaradıcılarından biridir.
Hal-hazırda 86 saylı İsmayıllı DSK-nın baş məsləhətçisi, Seçki prosesləri üzrə Təlimçilərin (trenerlərin) rəhbəridir.
Ailəlidir. 3 övladı ,1 nəvəsi var.
– Şəcərəniz haqda nə bilirsiniz? Adətən deyirlər ki, hər kəs 7 arxa dönənini tanımalıdır… Siz tanıyırsınızmı?
– Xeyr, 7 arxa dönəni mən heç cürə tanıya bilmədim. Lakin babalarım, babalarımın ataları haqda məlumatlara malikəm.
Ata babam – Kərbəlayı, Məşədi Şahkərəm Rzaqulu oğlu əslən Həftəsov kəndindən olub. Həftəsov və Varna kəndləri arasındakı “Mərcanı” ərazisində cəmiyyətdən təcrid yaşayıb. Səbəbi sovetləşmə və kollektivləşmə əleyhinə təbliğat və mübarizə aparmağı olub. Sonu da 1937-ci ildə Sibirə, “xalq düşməni” kimi sürgün edilməsi olub.
Ana babam – Hacı Abdulla əslən Lahıc qəsəbəsinin “Piştə” məhəlləsindəndir. Piştə məscidi ilə evlərinin arası 50 metrlik boş məsafə olub. Allah evini – Kəbəni ziyarət edən zəvvar olub. Lakin sahibkarlıqla, dabbaqlıq sənəti ilə məşğul olduğu üçün onu da 1937-ci ildə Sibirə sürgün eləyiblər. “Xalq düşməni” damğası vurmaqlarına baxmayaraq oğlu Səfər Əliyevi müharibənin (1941-45) ilk illərində cəbhəyə aparıblar. Maraqlıdır eləmi?! Ata xalq düşməni, oğlu Sovet əsgəri. Bəli, bu fakt belə də olmuşdur. Partiya və sovet orqanlarında, pedaqoji sahədə çalışan Həftəsov kəndinin fəxri vətəndaşı, rəhmətlik Cümşüd Məmmədov dayımla çiyin-çiyinə Alman faşizminə qarşı vuruşub. Dayım 1942-ci ildə Kruskdakı döyüşlərdə həlak olub.
– Cümşüd Məmmədovu ailəmiz daima dayı kimi həmdəm bilərək ona hörmət və ehtiram etmişdir. Həmçinin bu gözəl insan mənim sevimli müəllimim olmuşdur.
– Eldar müəllim özünüzü necə hiss edirsiniz?
– Allaha şükürlər olsun sağam, hamı kimi sadə həyat tərzim var.
– 55 il arxada qalan bir zamanda kimləri xatırlayırsınız?
– Əlbəttə, məni dünyaya bəxş edən valideynlərimi, əldə qələm tutmağı mənə öyrətmiş rəhmətlik Şamil Əhmədovu (Həftəsov kəndində yaşayıb), rəhmətlik gözəl pedaqoq Vahab Cəbrayılovu, Məhəmməd Dadaşovu, Hüseyn Dəmirovu çox xatırlayıram. Ənvər müəllimə Allah ömür versin (Lahıc qəsəbə orta məktəbinin müəllimləri) müəllimləri arada ziyarət edirəm. Fəxr edirəm ki, bu həmişəyaşar insanlardan iki-iki yox, bir-bir 5 qiyməti almışam.
Azərbaycan və eləcədə köhnə possovet miqyasında tanınan həmyerlilərimiz, haqq dünyasında olan Manaf Süleymanovu, Şövkət Səlimovanı xüsusi ilə Rəşid Mahmudovu hər gün anıram. Onların əhatəsində olduğum, onlarla ünsiyyətim və şəxsi tanışlığımdan qürur duyuram və bu qismətə görə səbəbkarlara və Tanrıya minnətdaram.
– Söhbət 5-lər üstə qurulan bir zamanda, necə düşünürsünüz, bu gün də 5 almaq mümkündürmü?
– Bəli, sualınızı deyəsən anladım. Bu gün tamamilə ayrı bir vəziyyət var. Hər an, hər hansı müvəffəqiyyət üçün “sağ ol”, “əhsən” sözlərini gözləməyə dəyməz. Hər kəs öz vicdanından 5 alıb, işini tələblər səviyyəsində qurmalıdır. Ölkəmizdə əmin-amanlıq, yaradıcı mühit var, dövlətimiz inkişaf edir. Şəhərimiz günü-gündən abadlaşır. Bunların hamısı hesab elə ki, zəhmətimizə verilən 5-lərdir.
– Eldar müəllim, bildiyimizə görə şeirə, sənətə, musiqiyə və vətənə böyük məhəbbətiniz var, bu düzdürmü?
– Şeir eşitmədiyim gün hesab elə ki, yasımdır, şeirdən əvvəl onu yazanı sevməsəm o, şeiri oxumaram. Klassiklərdən Nizamini, Nəsimini, XIX-XX əsr şairlərindən B.Vahabzadəni, C.Novruzu, M.Yaqubu, bü günkü şeir xiridarlarından R.Rövşəni, V.Bəhmənlini çox sevirəm.
Sənətdə ən çox rəssamlara rəğbətim var . Bunu mənə sevimli dostum, həmyerlimiz, mərhum memar Əjdər Nağıyev aşılamışdı.
Vətən isə mənim anamdır. Onun torpağını, daşını, hər qarışını, bayrağını, gerbini və himnini anamdan çox istəyirəm. Səmimiyyətimə inanın.
Bu fikirdən sonra Eldar müəllim bir az kövrəldi. Xeyli fasilədən sonra.
Dostum, yəqin bilirsən ki, mən Şuşada, Nəbilər kəndinin salınmasında iştirak etmişəm. And olsun yaradana bu kənd (Nəbilər kəndi) və həmin gün Şuşa işğal olunanda həyatdan küsdüm, özümü də günahkar bildim, az qaldı dəli olam… Bax belə…
– Musiqi yaddan çıxdı deyəsən, Eldar müəllim?..
– Bəli musiqi mənim dünyamın “sarı simi”dir, deyəsən unutdum. Zirvədə hələ ki, mənim ruhumda Müslüm Moqamayevdir, Rəşid Behbudovdur və Zeynəb Xanlarovadır. Bunların ikisi haqq dünyasındadır. Allah qəni-qəni rəhmət eləsin. Biri isə Zeynəb xanımdır fəxr yerimiz və ilham aldığımız varlıq… Daha sonra Alimi də çox istəyirəm, Zaur Rzayev və Səxavət Məmmədovun ifalarını sevirəm.
– 55 yaş sizin üçün nədir? Ömrün yarısı yoxsa, qocalığa doğru yol?
– Bu yaş mənim üçün İlahidən yazılan ömür payıdır. Min şükür tanrının qismətinə. Ömrün yarısına, qocalığa gəldikdə bunu bilmək yalnız Allaha məxsusdur.
– Eldar müəllim dostun varmı?
– Siz H.Cavidin məktəbli qız Gülbahara yazdığı şeiri oxumusunuz? Deyə məndən sual etdi və özü də cavab verdi, yəqin ki, oxuyarsınız. Oxumamısızsa, oxuyun. Bu sualın cavabı o, şeirdədir. Bütün sülhsevər bəşər mənim dostlarımdır. Yalnız sülh və düzgünlük sevənlər.
– Yəqin ki , hər kəs kimi, sizin də arzularınız var?
– Kimin sözüdür bilmirəm” Arzular qurtaran anı ölüm başlayır”. Əlbəttə var. Ən böyük arzum Şuşanı, Qarabağı azad görməkdir. Ona nail olsam sonra yeni arzularım barədə mütləq Sizə müsahibə verəcəm. İnşallah.
– Necə bilirsiz suallar bəsdirmi?
– Düzü çox sorğu-sualı xoşlamıram. Xüsusi ilə el şənliklərinə dəvət olunan zamanlar evə gəldikdə məndən sual edəndə necə keçdi? Gəlin, bəy necə geyinmişdi? Razısanmı? Suallarını heç vaxt xoşlamıram. Hər kəsin öz istəyi və ən başlıcası öz dünyası var. Sağ ol! Məncə yetər.
Haqqında bu sətirləri yazdığımız şəxs Eldar Əliyev vətənə, elə, yurda bağlı bir insandır. O, deyir ki, dünyanın ən böyük paytaxtlarından Lahıc mənim üçün ən gözəl şəhərdir, doğulduğum kənd isə cənnətin bir bucağıdır.
Allahın yazdığı taledən də şükürlər olsun razıyam. Həmişə zəhmətlə yaşamışam, kimsəyə paxıllıq, göz-götürməməzlik etməmişəm.
Eldar Əliyev haqqında bu yazını hazırlayarkən bir neçə şəxsdən onun barədə ürək sözlərini soruşdum. Çoxu Eldar müəllimin ən böyük titulunu “insan” olduğunu vurğuladı.
Həmsöhbətlərimdən biri isə Eldar müəllimin uzun müddət tikinti təşkilatında rəhbəri olmuş Şirxan Əliyev deyir:
– Eldar işdən qorxmayan, intizamı sevən insandır. Xüsusi ilə Şuşada Nəbilər kəndinin tikintisində mən onu bir daha kəşf etdim. Onun necə işgüzar, canıyanan olduğunu anladım. Hətta bir fakt daima yadımdadır onun briqadası öz iş planını tam icra edərək İsmayıllıya qayıdarkən o, mənimlə Şuşada qaldı. Digər işlərdə mənə kömək etdi. O zaman Şuşa şəhərinin İcra hakimiyyəti başçısı rəhmətlik Mikayıl Gözəlov Eldara “Desant” ləqəbi qoymuşdu, çox xoşlayırdı Eldar müəllimin işini.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi, həmyerlimiz Eynulla Vəliyev isə Eldarı xeyr-şər məclisinin xiridarı, yaraşığı kimi dəyərləndirir.
İş yoldaşı, pedaqoq Hacıməmməd Məmmədov Eldar müəllimi işini sevən, nizam-intizama ciddi riayət edən, dostluqda sədaqətli bir insan kimi xarakterizə edir.
Söhbətin əvvəlində Eldar müəllimi qismən ovunduraraq bu yazı üçün bir ədəd foto-şəkil verməsini xahiş etmişdim. Sonda isə zarafatyana “Bütün yaş dönəmində şəkillərim mənə oxşayır, məni isə hamı görür” deyərək bunun lazım olmadığını qeyd etdi.
Xalıq Xalıqov
Şəkillərim mənə oxşayır

Şərh Yaz