Yaddas kitabcasi

Azərbaycançılıq məfkurəsinin formalaşdırılması

Azərbaycançılıq məfkurəsinin formalaşdırılması
Noyabr ayının 22-də YAP İsmayıllı rayon təşkilatı Rayon Mərkəzi Xəstəxanası və Topçu ərazi ilk partiya təşkilatlarında “Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin formalaşdırılmasında ilk partiya təşkilatlarının rolu” mövzusunda dəyirmi masa keçirmişdir.Partiya təşkilatlarında:

Azərbaycançılıq məfkurəsinin formalaşdırılması

Noyabr ayının 22-də YAP İsmayıllı rayon təşkilatı Rayon Mərkəzi Xəstəxanası və Topçu ərazi ilk partiya təşkilatlarında “Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin formalaşdırılmasında ilk partiya təşkilatlarının rolu” mövzusunda dəyirmi masa keçirmişdir.
Azərbaycançılıq məfkurəsinin formalaşdırılması
Tədbiri giriş sözü ilə açan YAP İsmayıllı təşkilatının sədri Əzizə Vahabova qeyd etdi ki, Azərbaycan xalqının böyük oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan siyasi sisteminin yaradıcısı, azərbaycançılıq ideologiyasının banisi, Azərbaycanda milli özünüdərk prosesinin başladıcısı və idarəedicisi Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının dövlətçilik tarixində o qədər böyük yeniliklərə, o qədər böyük işlərə imza atıb ki, yuxarıda sadaladığımız titulların heç biri onun titanik fəaliyyətini tam əhatə etmir. Biz bu gün Azərbaycan tarixində Heydər Əliyev erasını yaratmış ulu öndər haqqında danışarkən, adətən, onu bir Ümummilli lider kimi səciyyələndiririk. Əlbəttə, bu, mübahisəsiz olaraq belədir. Amma bu zaman bizə elə gəlir ki, Heydər Əliyevin fəaliyyətini bir qədər məhdudlaşdırmış oluruq. Onun fəaliyyətinə bir qədər sırf milli kontekstdə yanaşmış oluruq. Lakin Heydər Əliyev şəxsiyyəti və onun fəaliyyəti təkcə Azərbaycanın etnosiyasi coğrafiyası ilə bağlı deyil və Ulu öndərin bir siyasətçi kimi fəaliyyəti də Azərbaycanla məhdudlaşmır. O, istər Sovet xalqları müstəvisində və istərsə də Şərqi Avropadan tutmuş, hətta, Afrika ölkələrinə qədər olan xalqların tarixində rol oynamış, onların yaxından tanıdığı və onların həyatına təsir edəcək proseslərə imza atmış bir şəxsiyyətdir.
Ulu öndər Heydər Əliyev azərbaycançılıq ideologiyasının əsaslarını, rüşeymlərini hələ Sovet dövründə Azərbaycanın Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərliyi dövründə başlatmışdır. Biz bilirik ki, Dövlət Təhlükəsizlik Komitəsi Sovet dövrünün ideoloji və siyasi əsaslarını formalaşdıran, onu idarə edən və yönləndirən əsas orqan idi və təəssüf ki, Sovet Azərbaycanı dövründə Ulu öndər Heydər Əliyevə qədər Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik edən azərbaycanlı olmamışdır. Azərbaycan xalqının, Azərbaycan ziyalısının, Azərbaycan dövlətçiliyinin, Azərbaycanın düşünən beyinlərinin başına gələn faciələrin əsas törədicisi və əsas ideyavericisi də, məhz, bu sistemdən doğurdu. Biz yaxşı bilirik ki, Sovet quruculuğu prosesində, 1937-ci il repressiyasında, həmçinin, ondan sonrakı dövrlərdə Azərbaycan xalqının ziyalılarına qarşı törədilən repressiyanın mərkəzi, məhz, təhlükəsizlik orqanları idi. Bu təhlükəsizlik orqanları sanki Azərbaycanın daxilində antiazərbaycançı qüvvələrin mərkəzini, konsentrasiyasını təşkil edirdi. Bu yanaşma Ulu öndər Heydər Əliyev milli təhlükəsizlik orqanlarına rəhbərlik edən günə qədər davam etdi. Onun rəhbərliyi dövründə isə respublikanın təhlükəsizlik orqanlarından antiazərbaycançı qüvvələr, Azərbaycanı sevməyən müxtəlif xalqların nümayəndələri təmizlənməyə başlandı. Məhz azərbaycançılıq ideologiyasının rüşeymi də, milli özünüdərk prosesinin rüşeymi də elə oradan cücərməyə başladı. Bundan sonrakı mərhələdə Ulu öndər öz fəaliyyətini siyasi sahəyə transfer etdikdən sonra, yəni, 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra artıq bu müsbət meyllər daha münbit sferaya düşməklə siyasi populyarlıq qazandı. Beləliklə, artıq 1978-ci ildə Ulu öndərin həyata keçirdiyi fəaliyyət nəticəsində Azərbaycan dili Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili kimi Azərbaycan Konstitusiyasına düşdü. Ulu öndərin azərbaycançılıq məfkurəsi mövzusunda ideoloji iş ərazi ilk partiya təşkilatlarında daha da gücləndirilməlidir.
Daha sonra Rayon Mərkəzi Xəstəxanası ilk partiya təşkilatının sədri Murad Həbibov, partiya üzvləri Aftandil Rəhimov, Vidadi Rəhimov, Abdullətif Maqsudov, Topçu kənd ərazi ilk partiya təşkilatının sədri Heydər Seyidov, Fəzayıl Şirəliyev, Ramiz Məmmədov və başqaları çıxış edərək bildirdilər ki, XX əsrin 80-ci illərinin sonlarında Azərbaycanda başlayan milli-azadlıq məfkurəsi və bu müstəvidə yaşadığımız faciələr həm ölkə daxilində, həm də xaricdə yaşayan soydaşlarımızın vahid ideya ətrafında birləşdirilməsi və onların imkanlarından istifadə edilməsini taleyüklü məsələ kimi ortaya çıxardı. Heydər Əliyev xaricdə yaşayan azərbaycanlıların dağınıq halda yaşamaması, onların diaspor fəaliyyəti göstərməsi üçün milli həmrəyliyin vacib olduğunu bildirdi. O, həm də yaxşı dərk edirdi ki, milli həmrəyliyin möhkəmləndirilməsi üçün azərbaycançılıq ideologiyası zəruridir. Məhz bu ideologiyanın təbliği nəticəsində Azərbaycanı hansı səbəbdən tərk etmələrindən asılı olmayaraq xaricdə yaşayan soydaşlarımız arasında milli həmrəylik yarandı və onlar ümumi maraqlar naminə birlikdə fəaliyyət göstərməyə başladılar. Bunun nəticəsində də soydaşlarımız arasında azərbaycançılıq ideologiyası milli həmrəyliyin konsepsiyasına çevrildi. Ulu öndər xarici dövlətlərə ilk səfərlərindən başlayaraq getdiyi hər bir ölkədə yaşayan həmvətənlərimizlə – oradakı azərbaycanlı icmasının böyük və ya kiçikliyindən asılı olmayaraq – görüşlər keçirir, onların problemləri, qayğıları ilə maraqlanır, tövsiyələrini verirdi. Azərbaycan diasporunun yeni mərhələdə inkişaf tezislərini də məhz böyük öndərin həmin görüş və çıxışlarda söylədiyi fikirlər, müddəalar təşkil etmişdir.
Tədbirin sonunda partiyaya yeni qəbul olunmuş YAP üzvlərinə üzvlük vəsiqələri təqdim olunmuşdur.

**
21 noyabr 2012-ci il tarixdə YAP İsmayıllı rayon təşkilatı Talıstan, İvanovka ərazi ilk partiya təşkilatlarında Yeni Azərbaycan Partiyasının yaranmasının 21-ci ildönümü münasibətilə tədbir keçirmişdir.
Tədbirləri giriş sözü ilə açan YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova qeyd etdi ki, regionda ən böyük siyasi təşkilat olan Yeni Azərbaycan Partiyası xalqın istəyi nəticəsində yaranan bir siyasi qüvvədir.
1992-ci ilin payızında ölkədə ictimai-siyasi və sosial-iqtisadi vəziyyətin getdikcə gərginləşdiyini görən 91 nəfər görkəmli ziyalı, həmin ilin oktyabrın 16-da “Səs” qəzetində Heydər Əliyevə geniş və təkidli müraciət etdilər. Məhz Heydər Əliyevin xalqa bağlılığı, xalqın düşdüyü bu çətin vəziyyətdən çıxarmaq istəyi Heydər Əliyev kimi dövlət xadiminin yenidən böyük siyasətə qayıdışını reallaşdırdı. Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının bir siyasi ideologiya ətrafında birləşdirilməsinin zəruriyyətini nəzərə alaraq Azərbaycan xalqının hüquqlarını müdafiə edən, dövlətçilik prinsiplərini rəhbər tutan bir siyasi təşkilatın yaradılması təklifini irəli sürdü. 1992-ci ilin noyabr ayının 21-də Naxçıvanda bilavasitə Heydər Əliyevin təşəbbüsü ilə YAP-ın yaradılması respublikada böyük əks-səda verdi. Yarandığı gündən ölkədə önəmli bir siyasi təşkilata çevrilən Yeni Azərbaycan Partiyası xalqın rəğbətini qazanmağı bacardı. Bu gün tərkibində 600 mindən çox alimi, ziyalını, sıravi vətəndaşı birləşdirən Yeni Azərbaycan Partiyası iştirakı ilə keçirilən bütün seçkilərdə qalib gələrək Azərbaycan xalqının mənafeyi naminə əzmlə çalışır. Təsadüfi deyil ki, 9 oktyabr 2013-cü il tarixində keçirilən Azərbaycan Respublikasının prezidenti seçkilərində xalq yenidən öz taleyini bu partiyaya, bu partiyanın lideri cənab Prezident İlham Əliyevə etibar etdi. Bu da xalqın bu partiyaya olan inamından, etibarından, bu partiyanın xalqa bağlılığından irəli gəlir.
Daha sonra Talıstan kənd ərazi ilk partiya təşkilatının sədri Sihət Şirəliyev, partiya üzvləri Aydın Əzizov, İradə Nağıyeva, Xalid Mürşüdov, Gülnar Abduləzizova, İvanovka kənd ərazi ilk partiya təşkilatının sədri Olqa Jabina, Olqa Radayeva, Marina Prokofyeva və başqaları çıxış edərək qeyd etdilər ki, ümumxalq sevgisindən yaranan Yeni Azərbaycan Partiyası dövlətimizin inkişafı, çiçəklənməsi, xalqımızın haqq səsinin beynəlxalq aləmdə səslənməsi naminə böyük işlər görür. Dünya ölkələrinin aparıcı partiyaları, siyasi birlikləri ilə qarşılıqlı əməkdaşlıq edən Yeni Azərbaycan Partiyası öz siyasi gücünə görə bu gün regionun lider partiyasıdır. Partiyamızın lideri cənab Prezident İlham Əliyevin əzm və iradəsi sayəsində Azərbaycan həqiqətləri bütün dünya ölkələrinə, beynəlxalq təşkilatlara çatdırılır. Biz inanırıq ki, məhz ölkə prezidentinin apardığı məqsədyönlü siyasət nəticəsində işğal altında olan torpaqlarımız tezliklə azad olunacaq, yurd-yuvasından didərgin düşmüş qaçqın və məcburi köçkünlərimiz öz ata-baba yurdlarına qayıdacaqlar.
Tədbirin sonunda partiyaya yeni qəbul olunmuş YAP üzvlərinə üzvlük vəsiqələri təqdim olunmuşdur.
Ramid Qasımov,
YAP İsmayıllı rayon təşkilatı mətbuat xidmətinin rəhbəri

Şərh Yaz