Oxucularımızın yaradıcılığı

Ağ yalan deyərdik böyük yalana,
İndi yox yalanın rəngi, filanı.
Min doğru içində bir yalan olsa,
Yenə yalan olar yadda qalanı.

Uşaq yalan desə, uşağa inan,
Böyük yalançılar uşaqlıq edir.
Doğru – ana gözü, ata əlidir,
Yüz döngə burulsan, səninlə gedir.Oxucularımızın yaradıcılığı

Yalan – doğru
Ağ yalan deyərdik böyük yalana,
İndi yox yalanın rəngi, filanı.
Min doğru içində bir yalan olsa,
Yenə yalan olar yadda qalanı.

Uşaq yalan desə, uşağa inan,
Böyük yalançılar uşaqlıq edir.
Doğru – ana gözü, ata əlidir,
Yüz döngə burulsan, səninlə gedir.

Bütün bəd əməllər yalandan doğur,
Baş kəsib, and içib “Yox!” – deyənə bax.
Papaqçı dostlarım dərd saymır bunu,
Qeyrətsiz başda da dayanır papaq.

Yalana öyrətmə dilini, bala,
Atamız, babamız haqdan yapışdı.
Haqq bütün varlığa sahib olanda,
Nə yalan, nə şeytan yaranmamışdı.

Şeytana qulluqdur – yalan, iftira,
Köhnə yalanların yamağı təzə.
Yalan yedirdəsən gündə üç dəfə
Gərək ömrü boyu düzsöyləməzə.

Yalan deyiləndə dil qurusaydı,
Mənim doğrularım yalan olardı.
Mən uşaq olanda yalançıların,
Sürüsün canavar parçalayardı.

Yalandan yaşamaq doğru yalandı,
Yalandan ölməksə – yum gözünü, yat.
Doğrunun donunu yalan geyməsə,
Bir belə baş-ayaq görünməz həyat.

Mənim də yalanım az olmayıbdı,
Aldada bilmişəm özüm-özümü.
Yalanı yalana qoşub deyənlər,
Yarıda kəsibdir doğru sözümü.

Bir belə yalanı danışma, lal ol,
Ağ olma bu qədər haqqın üzünə.
Tanımaq istəsən özünü hərgah,
Mənim gözümlə bax bir yol özünə.

Bir belə şeytana uymaq nə gərək,
Həqiqət sənə də, mənə də bəsdir.
Deməyə düz sözü olmayanların
Varlığı yalandır, boşdur, əbəsdir.
Şahməmməd Dağlaroğlu

Bilmirəm
Xəyal qurdum, hər ilməsi naxışdı,
Arzularım çiçəkləndi, baxışdı.
Büsatına bütün aləm axışdı,
Ağıllıyam, ya dəliyəm, bilmirəm.

Əhvalıma nə ağla, nə gülümsə,
Bahar vaxtı xəzan vuran gülümsə.
Ürəyimə dərdim ağır zülümsə,
Gizlədib, ya deməliyəm, bilmirəm.

Nağıllarla ovundurdum özümü,
Qorumuşam kül altında közümü.
İtirəndə taqətimi, dözümü,
Ya diriyəm, ya ölüyəm bilmirəm.

Qəm göyərtsə şair könlüm hardasa,
Həm Simurqum, həm ağ qoçum dardasa,
Ümidgahım ümidimi qırdısa,
Tar simiyəm, saz teliyəm, bilmirəm.

Göydən düşən qismət payım, söz incim,
Nəğmələnər ya qəmim, ya sevincim.
Oxuyanda həm ahılım, həm gəncim,
Ya pünhanam, ya bəlliyəm, bilmirəm.
Xatın

Yalançının…
Yetən söyüş yükləyir kartına yalançının,
Od vuracaqlar nə vaxt zatına yalançının?

Allah özü son qoyar bu adama, zillətə,
Belələri olub yük həm elə, həm millətə.
Fırıldaqla çoxları çatdı şana, şöhrətə,
Rast gəlirik hər cürə sortuna yalançının,
Od vuracaqlar nə vaxt zatına yalançının.

Vərdiş edib müftəyə, ha yesə doydum deməz,
Gündə yüzün aldatsa bir dəfə soydum deməz,
Qaztək ütüb çoxların pis günə qoydum deməz,
İndi soğan doğranır çortuna yalançının,
Od vuracaqlar nə vaxt zatına yalançının.

Bax, bu əliəyrilər tülkü kimi dondadır,
Lap keçir artıq cana, dövr eləyir¬¬¬-qandadır,
Axtararsan hər sifət, cürbəcür üz ondadır,
Qoymayın heç əl-qolu dartına yalançının,
Od vuracaqlar nə vaxt zatına yalançının.
Hacıməmməd Məmmədov

Əsgər gedən bibim oğlu
Yaxşı yol, gedirsən əsgər,
Olursan cəsur, igid ər.
Uğurlu olsun bu səfər,
Əsgər gedən bibim oğlu .

Layiq ol sən bu vətənə,
Aman vermə heç düşmənə.
Vətənin güvənir sənə,
Əsgər gedən bibim oğlu.

Qoru bu doğma torpağı,
Qovulsun vətəndən yağı.
Sənsən bu elin dayağı,
Əsgər gedən bibim oğlu.

Var dəftərim, var kitabım,
Mənim də haqqım, hesabım .
Bir gün düşmənə cavabım,
Əsgər gedən bibim oğlu.

Sözümüzü deyək daha,
İnanaq nurlu sabaha.
Üz tutaq haqqa, Allaha,
Əsgər gedən bibim oğlu.
Xəyal Hüseynli,
məktəbli

Məhəbbətin
(Nəğmə)

Ömür yollarımda neçə cür aləm,
Bəxtimə nur saçır sehirli şölən.
Ey əhdim, ilqarım, ey qızıl laləm,
Gəl çıxaq seyrinə biz məhəbbətin.

Gəl ki, sığal çəkim arzularına,
Dön könlümün bəhərinə, barına.
Dön bu eşqin dövlətinə, varına,
Gözəl leylası ol düz məhəbbətin.

Qoymaram ürəyin qəm suyu içsin,
Qoymaram aradan intizar keçsin.
Ayrılıq axtarsın, dərd bizi seçsin,
Düşməsin üstünə iz məhəbbətin.

Ruhuma məlhəmdir şirin gülüşün,
Divanəsi oldum mən ilk görüşün.
Bu yoldan olmasın bir də dönüşün,
Mərhəmət sənindir, söz məhəbbətin.
Gülxar Cəbiqızı

Olsa
Can sağlığından başqa insana dövlət,
Olmaz min şöhrəti, min şanı olsa.
Baxmasın həsrətlə özgə malına,
Bəsdir ona təmiz ad-sanı olsa.

Qalan ölən üçün qazanda qəbir,
Axırın anlayıb eyləyir səbir,
Tanrının yazdığın kim poza bilər?
Hamı gedəridir min canı olsa.

Demə ki, söz dedi özü qanmadan,
İstisi olarmı ocaq yanmadan.
Qabığından ağac, qanından insan
Tanınar tərəzi, mizanı olsa.

Köməksiz görəndə eylə sən əlac,
Tox hardan bilsin ki, nələr çəkir ac.
Quruyar qabığı soyulsa ağac,
Dilənçi dilənməz imkanı olsa.
Mirəli İsmayıllı

Payızın
Yağış yağır, duman çökür düzlərə,
Yavaş-yavaş izi düşür payızın.
Son baharın müjdəsi var bizlərə,
Soyuq qışa gözü düşür payızın.

Ayaq altda xışıldayır xəzəllər,
Elçi, nişan soraqlayır gəzəllər,
Köçən quşlar göy üzündə süzərlər,
O zaman ki, sözü düşür payızın.

Əsən külək ağacları yelləyir,
Sanırsan ki, sənə “sağ ol” eyləyir.
Gözüm dolur, göz yaşlarım söyləyir:
“Ömrümüzə özü düşür payızın“.
Nailə Yırğançaylı

Utansın dünya
Nazir Ziya Talıstanlının “ Qorxuram” şeirini oxuyarkən
Nazir Ziya, incimisən, haqlısan,
Üzün dönsə bu dünyanın üzündən.
Bizə bir yol ürəyini açmadı,
Cana doyduq bu dünyanın nazından.

Mən də dosta səcdə qıldım, inandım,
Ömür sürüb hər addımda sınandım.
Bir dost itirəndə yandım, usandım,
Canım çıxdı, işıq getdi gözümdən.

Yollarımı qoşa gedəm qoymadı,
Ömrüm param-parça, qıyma-qıymadı.
Bir gülünü, çiçəyini qıymadı,
Dünya bizə baharından, yazından.

Bu dünyanı qəbul edək nə isə,
Biz haqsızıq, o, haqlıdır nə desə.
İnsafı yox, aman verməz bir kəsə,
Nişan aldı, düz vuracaq gözündən.

Yaxşısına qiymət verməz: bu qədər,
Ölümündən qorxmaq bizə qəm, kədər.
Səbirli ol, gileylənmə sən hədər,
Qoy utansın dünya özü-özündən.
Xavər İsmayıllı

Müharibə
Müharibə, müharibə, dəhşətli necə də!
Qurulanlar məhv olur bir gündə, bir gecədə.
Müharibə, gözlərindən od saçır dəhşət, qorxu
Sülh gömülür torpaqlara, talanır varı, yoxu.
Müharibə, ab-havasın yayıbdır hər tərəfə,
Yer də, göy də, həqiqət də, çoxdan düşüb kələfə.
Müharibə, insanlığı məhv edir, dünya dönür,
Bircə anın girdabında minlərlə ömür sönür.
Müharibə, qoy bu sözdən yer üzü olsun azad,
Aclıq, dəhşət, qorxu adlı sözləri tez unudaq.
Dünyamızı yox etməyək, olmasın qəmli sonluq,
Yer üzünün hər yerində sülh bitirək bir yolluq.
Gülər Əmirli

Dağların
Arandan, düzlərdən aralı dağdır,
Yarğanlı, uçqunlu, yaralı dağdır.
Sinəsi boz qaya, zirvəsi qardır,
Daim bəlalıdır başı dağların.

Çaylar qidalanır çeşmələrindən,
Selləri oynadır daşı yerindən.
Heç vaxt düşməyibdir şair dilindən,
Kəsəyi, torpağı, daşı dağların.

Səmada qıy vuran qartallarına,
Yamacı çeşməli yaylaqlarına,
Min misra yazılıb hər dağ adına,
Bilinmir neçədir yaşı dağların.

Bizlərdən yaxındır mavi səmaya,
Gülləri əvəzdir dərdə dəvaya.
Bütün gözəlliyi alıb araya,
Gözəldir sinəsi, qaşı dağların.

Günəş dağda yatır, dağda oyanır,
Ay da dağ başından gecə boylanır.
Bəzən göy gurlayır, şimşəklər çaxır,
Gözəldir baharı, qışı dağların.

Yaşıl yaylağında quzular mələr,
İncə güllərindən arı bal çəkər.
Gözəllik aşiqi özündən gedər,
Qıy vurur qartalı, quşu dağların.

Dərin dərəsindən duman, çən keçər,
Təbiət əyninə burda don biçər.
Dağın zirvəsinə Laçın and içər,
Çünki müqqəddəsdir başı dağların.
Laçın Nəcəfoğlu

Bu da mənim ömür yolum
İllər ötür, yaşım üstə yaş gəlir,
Neyləmişəm bu dünyada hələ mən,
Günlər ötür, bir-birindən boş gəlir,
Hədər yerə ömrü verdim yelə mən.

Yaz olmamış ömür dönüb qış oldu,
Yanan ürək, ağrıyansa baş oldu.
Sevincim bir, qəm kədərim beş oldu,
Öz ömrümə balta vurdum belə mən.

Gizli yandım, kor oldum öz tüstümə,
Ha alışdım, qızınmadım istimə,
Qalaq-qalaq dərdlər gəldi üstümə,
Dərdlərimi gətirmədim dilə mən.

Öz dərdimi bir kimsəyə demədim,
Ac yaşadım, haram çörək yemədim.
Düzlük oldu qibləgahım, məbədim,
Hey daşıdım kədər dolu şələ mən.

Boş ümidlər dayaq oldu hey mənə
Ümidlər də vermədi bir şey mənə.
Çoxu gülüb söylədilər key mənə,
Ümidlərlə yaşayıram hələ mən.

Tanrı mənə nəyi verdi nə kəsdi,
Müftə verən verdiyi bir nəfəsdi.
İçimdəki nə haraydı, nə səsdi,
Ha qışqırdım, qalxammadım zilə mən,

Yalanım yox, nə danşdım düz dedim,
Yanan qəlbim, bu dərdlərə döz dedim.
Pay ummadım, qismətimi gözlədim,
Arzularla hey yaşadım belə mən.

Bir yuxutək gəlib keçdi həyatım,
İstəyirəm mürgüləyim, ha yatım.
Təsəllimdir bircə şerim, bayatım,
Gəlib çatdım axır əlli ilə mən.
Nizami Girdimançaylı


Qaldı

Toyda qara gözlü, nazlı dilbərin,
Gözləri gözümə ilişdi qaldı.
Baxışlar mənalı, baxışlar dərin
Gözündən qəlbimə od düşdü qaldı.

Mehriban baxışla süzdüm o qızı,
Pörtdü ağ yanağı oldu qırmızı.
Bu gözəl nə yaman özündən razı,
Gözlərim üzünə dirəşdi qaldı.

Girəvə tapanda o mənə baxdı,
Xumar baxışıyla yandırıb yaxdı.
Bir öpüş almağın çatıbdı vaxtı,
Uzandı dodağım büzüşdü qaldı.

Arada xəlvəti çox him-cim oldu,
Bu axşam mənimçün son seçim oldu.
Qəlbimə əbədi o hakim oldu,
Bu halım məst olub dəyişdi qaldı.

Toyla keçən hər an nə gözəl andı,
O indi sevgili, o, mənə candı.
Vaqifi odlayıb özü də yandı,
Məni Kərəm etdi, o bişdi qaldı.

Qayalar

Qısılıbdır qayalar,
necə də möhkəm ona,
Qayalar bəlkə qorxur,
qışda şaxtadan dona?
Dağın məhəbbəti var,
hər çılpaq qayasına.
Basıbdır daş köksünə,
sıxıbdır yaxasına.
Möhtəşəm etməz dağı,
yoxsa qayalar orda.
İlin hər fəsilində,
yoxsa başında qarda,
Qayasız dağa çıxmaq,
sayılmayıb heç hünər.
Qayalar dağ boyunca,
daim səngərə dönər.
Vaqif Əliyev

Oxucularımızın yaradıcılığı
Bu fani dünyanın adamıyam mən

Dağların başında duman ağlayır,
Qəlbimi yandıran hicran ağlayır.
Elə bil dərdimə zaman ağlayır,
Bu fani dünyanın adamıyam mən.

Yeddi göy qatımdan ensəm də belə,
Qərib duranlarla ötsəm də belə.
Min kərə doğulub ölsəm də belə,
Bu fani dünyanın adamıyam mən.

Əlifi-nun ilə Qafdı ayətim,
Haqq ilə bilişdi ol rəvayətim.
Yasinlə bitəcək son hekayətim,
Bu fani dünyanın adamıyam mən…
Elsevər Məsim

Oxucularımızın yaradıcılığıGörərsən

El oğlu, cavanlıq heç kəsdə qalmır,
Sən də dövranını bitən görərsən.
Ömrü asiman bil, gəncliyi günəş,
Göz yumub açarsan, batan görərsən.

Bir yoxla dostunun varmı ilqarı?
Axtarma sən onda dövləti varı.
Bu gün şad gününə şərik dostları,
Sabah dar günündə itən görərsən.

Naxışın gətirsə, yaxşıca düşün,
Xeyirxahlıq olsun məqsədin, işin.
Namərdlə olmasın alış-verişin,
Səni bir qəpiyə satan görərsən.

Ailə qədrini bilməyən insan,
Həyatın qədrini bilməz heç zaman.
Halal namusuna sahib çıxmasan,
Bir özgə ünvanda yatan görərsən.

Xəyal, həqiqətdən olma bixəbər,
Dərk elə həyatı, düşün bir qədər.
Çirkin əməllərlə qocalsan əgər,
Sənə lənət deyir yetən görərsən.
Xəyal Orucov,
Topçu kəndi

Şərh Yaz