Qarabağ həqiqətlərini dünyaya çatdıraq

Qarabağ – bənzərsiz iqlimi ilə Qafqazın yaraşığı.
Qarabağ – ilk insan məskəni.
Qarabağ – aranlı, dağlı bir dünya.
Qarabağ – musiqi beşiyi və …
Qarabağ – başı bəlalı torpağımız.Qarabağ həqiqətlərini dünyaya çatdıraq


Qarabağ həqiqətlərini dünyaya çatdıraq
Dünyanın görkəmli alimləri Azərbaycanı təbii muzey adlandırmışlar. Bu muzeyin ən unikal mərkəzi Qarabağdır.
Azərbaycanın təbii konservatoriyası adlandırılan, əfsanəvi gözəlliyə malik, Xarı-Bülbülün vətəni Şuşa isə Qarabağın görən gözü, döyünən ürəyidir.
Qarabağ öz gözəlliyi, yeraltı, yerüstü sərvətləri ilə yadellilərin diqqətini cəlb etmiş, bu gözəl diyar zaman-zaman qanlı hərb meydanına çevrilmişdir. Ac qurdlar süfrəsində yağlı tikə olan Qarabağ didilmiş, əzilmiş, amma sınmamış, öz əzəməti, vüqarı ilə düşmənlərə meydan oxumuşdur.
Əfsuslar olsun ki, 1988-ci ildən Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində ərazimizin 20 faizi ilə bərabər qiymətli milli və mədəni sərvətlərimizi də itirdik. Bir milyondan artıq soydaşımız öz yurd-yuvalarından qaçqın düşdü.
Bu həqiqətin dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra layihələr hazırlanmışdır. Belə layihələrdən biri də İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Surə Mehdiyevanın “Gənclərlə vikipediyada Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması” adlı layihəsi oldu.
Təqdimatda İsmayıllı şəhər məktəblərinin X-XI sinif şagirdləri, şəhər 1 nömrəli tam orta məktəbin direktoru Şəfaqət Rəsulov, şəhər 2 nömrəli məktəbin fizika müəllimi, ilin müəllimi Şəkər Hacıyeva, rayon təhsil şöbəsinin metodisti G.Cərullayeva və Gənclər Fondunun “Gənclərin Həmrəyliyi” İctimai Birliyindən Vəfa Vəliyeva və Ramil Süleymanlı iştirak edirdilər.
Surə müəllim layihənin yaradılmasında əsas məqsəd gənclərin Qarabağ həqiqətlərini bilmələrini və dünya gənclərinin vikipediya vasitəsilə ermənilərin Qarabağda törətdikləri vəhşiliklə tanış olmalarını göstərməkdi.
Ramil müəllim çıxışında milli abidələrimizin, musiqi, mahnı və rəqslərimizin acgöz ermənilər tərəfindən necə mənimsənilməsi, ümumiyyətlə, Qarabağ gerçəklikləri haqqında istədiyimiz məlumatı vikipediyadan əldə edə biləcəyimiz barədə məlumat verdi.
Tədbir boyunca məktəblilər Qarabağ haqqında öz fikirlərini bildirdilər:
Nərmin Osmanlı – 7 nömrəli məktəbin XI sinif şagirdi:
– Biz bu günün şagirdi, sabahın müstəqil dövlət qurucularıyıq. Ürəkdən inanırıq ki, tezliklə qələbə qazanacağıq.
Aygün Rəsulova – 1 nömrəli məktəbin IX sinif şagirdi:
– Hər gün içimizdə bir ümid daha da artır. Hər gün Qarabağa yaxınlaşmağımızı hiss edirik.
Ziya Şahalıyev – 5 nömrəli məktəbin XI sinif şagirdi:
– İşğal olunmuş torpaqlarımızı geri qaytarmaq üçün əlimizdən gələni etməliyik.
Sonda İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov və şəhər 1 nömrəli tam orta məktəbinin direktoru Şəfaqət Rəsulov “Gənclərlə vikipediyada Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması” layihəsi çərçivəsində göstərdikləri əvəzsiz dəstəyə görə Gənclər Fondu tərəfindən Fəxri fərmanla təltif olundular. Şəfaqət müəllim layihədə iştirak etdikləri üçün hər kəsə təşəkkülünü bildirdi.
Hələ ki, Qarabağımız bizdən ayrıdır, hələ ki düşmənimiz görür onun gözəlliyini, onun o saf, təmiz havasını o udur…
Amma bunun sonuna az qalıb, o zamanlar gücsüz idik, buna görə də ermənilər rus ordusunun gücü ilə Qarabağımızı bizdən aldılar. Artıq biz güclüyük müstəqil dövlətimiz var, müasir orduya sahibik. Müharibəyə də, mübarizəyə də həm gücümüz, həm də cəsarətimiz var.
Zaman gələcək torpaqlarımız geri qayıdacaq. Yenə Qarabağ igidləri Cıdır düzündə at çapacaq, ismətli Qarabağ qızları İsa bulağından su içəcək, məhəbbət rəmzi olan Xarı bülbül yenə Qarabağ igidlərinin sevdiklərinə verdiyi əbədi sevgi rəmzi kimi qalacaq.
Qarabağ bizim olub, bizimdir, bizim olaraq da qalacaq.
Güllübəyim Cərullayeva,
İsmayıllı Rayon Təhsil Şöbəsinin metodisti

Şərh Yaz