Abaddır, göz oxşayır

Abaddır, göz oxşayır
Heç də uzaq keçmişə qayıtmaq lazım gəlmir. Bu ilin əvvəlinə nəzər salmaq kifayətdir. Şəhərin mərkəzindən keçən M. Orucov küçəsinin vəziyyəti hər bir İsmayıllı sakininin yadında qalıb. Həmin küçə ilə hərəkət etmək nəinki piyadaların, hətta, avtonəqliyyatın da işini xeyli çətinləşdirirdi, xüsusilə də minik maşınlarının. Səkilər lap bərbad vəziyyətdə idi.Şəhərimizin küçələri

Abaddır, göz oxşayır

Heç də uzaq keçmişə qayıtmaq lazım gəlmir. Bu ilin əvvəlinə nəzər salmaq kifayətdir. Şəhərin mərkəzindən keçən M. Orucov küçəsinin vəziyyəti hər bir İsmayıllı sakininin yadında qalıb. Həmin küçə ilə hərəkət etmək nəinki piyadaların, hətta, avtonəqliyyatın da işini xeyli çətinləşdirirdi, xüsusilə də minik maşınlarının. Səkilər lap bərbad vəziyyətdə idi.
Abaddır, göz oxşayır
Adamlar küçənin qırağı ilə hərəkət etmək məcburiyyətində qalmışdılar. Bu da onlar üçün hər an təhlükə idi, üst-başları palçığa bulaşırdı. Minik maşınları bu küçədən uzaq düşmüşdü. Quraq vaxtlarda küçənin tozu ətrafı bürüyürdü. Küçə boyu hasarlar barədə xoş söz söyləmək çətin idi. Uçuq-sökük daş divarlar (əgər onları belə adlandırmaq mümkünsə), şifer qırıqlarından, paslı dəmir və taxta parçalarından olan hasarlar müxtəlif həşərat yuvası idi. Bu, şəhərin sanitariya vəziyyətini də, mənzərəsini də korlayırdı. Nəhayət, küçənin bəxti açıldı və burada abadlıq işlərinə başlandı.
Abaddır, göz oxşayır
İsmayıllı rayonuna yeni təyin olunmuş icra başçısı M. Sadıqov şəhərin simasını dəyişmək qərarına gələndə, ilk olaraq M.Orucov küçəsindən başladı. Küçə boyu yol kənarındakı evlərin, təsərrüfat tikililərinin damları (əksəriyyəti şifer idi) dəmir təbəqələrlə yenilənmişdir. Çay daşından olan bəzi uçuq hasarlar mişar daşları ilə təzələndi. Bütün küçənin hasarları suvaqlandı və əhənglə ağardıldı. Divarlar piramida şəklində qara taxtalarla bəzədilmişdir. Küçəyə açılan darvaza və qapılar da taxta ilə üzlənmişdir. Bütün bunlar küçənin vahid memarlıq üslubunda abadlaşdırılmasına xidmət edir.
Küçənin işıqlandırılması təzələnmiş, köhnə elektrik dayaqları yeni və müasirləri ilə əvəzlənmişdir. Küçənin səkilərinə tamet daşlar döşənmişdir. Yağış sularının axıdılması üçün olan arxlar da təmir edilərək qaydaya salınmışdır. Səki boyu əkilmiş ağacların aşağı sallanmış budaqları ora ilə hərəkət edənlərin başına dəyir, hündür banı olan yük maşınlarının hərəkətinə də maneçilik törədirdi. Həmin budaqlar kəsilərək ağaclara lazımi forma verilmişdir. Bütün sadaladığımız işlər başa çatandan sonra küçənin asfaltlaşdırılmasına başlandı. Qısa müddət ərzində iş başa çatdırıldı. Hazırda küçə müasir memarlıq görkəmindədir. Gecə işıqları yandırıldıqdan sonra küçə daha yaraşıqlı görünür.
Küçənin təmirindən əvvəl buradan keçənlər sınıq-salxaq hasarları, damları görəndə hər kəs ev sahibinin maddi durumunu təyin edə bilərdi. Ancaq indi bunu etmək mümkün deyil, axı tikililərin hamısı eynidir. Ancaq binaların mərtəbəsindən və iriliyindən bunu müəyyənləşdirmək olar. Küçədə yaşayan bir sıra maddi cəhətdən imkansız ailələrin həm hasarlarının, həm də evlərinin təmiri ən xeyirxah iş saymaq olar. Belə ailələrdən bir neçəsi ilə görüşüb söhbət etməyi qərara aldıq.
Küçənin sakini Zərifə Hacıyeva deyir:
– Küçəmizin abadlaşdırılması ilə əlaqədar bizim həyət-bacada xeyli iş görülüb. Küçə hasarımız uçub-tökülməkdəydi. Onu söküb mişar daşı ilə yenidən hördülər suvaqlayıb, küçənin ümumi ansamblına uyğunlaşdırdılar. Evimizin şiferdən olan damını da dəmir təbəqə ilə örtdülər. Həyətdəki yardımçı tikililərə də əməlli-başlı əl gəzdirildi, hər şey yeniləşdirildi. Küçə qapısı da təmir edildi. Bütün bunlara görə icra başçısına, hökumətimizə minnətdarlığımızı bildiririk. Burada işləyən fəhlə və ustalar da çox sağ olsunlar, hər işi istədiyimiz kimi görüblər, onların işindən razıyıq.
Abaddır, göz oxşayır
Abdullayevlər ailəsinin evi bir neçə il bundan əvvəl yanmışdı. Ailə həyətdəki quraqlığı ev kimi uyğunlaşdırıb burada yaşayırdı. Ev sahibi Əhməd Abdullayev fikrini belə izah elədi:
– Maddi imkansızlıq bizi sıxdığına görə heç bir təmir işi görə bilmirdik, hasarımız da köhnəlmişdi. Küçə abadlaşdırılanda bizim üçün də xeyli iş görüldü. M. Orucov küçəsi boyunca hasarımız qaydaya salınıb. Ev kimi yaşadığımız quraqlığın üstünü dəmir təbəqə ilə örtdülər. Evin kəllə tərəfindəki on metrlik quraqlıq da istifadəmizə verilib. Normal yaşayış şəraitimiz var. Bütün bunlara görə ailəmiz adından prezidentimiz İlham Əliyevə və icra başçımız Mirdaməd müəllimə minnətdarlıq edirik. Allah onların canlarını sağ, işlərini avand eləsin.
Biz ev sahibinin və həyat yoldaşının dilindən bu sözlərin təkrarını dəfələrlə eşitdik. Əlbəttə, xeyirxahlıq həmişə minnətdarlıqla yad edilir. Onu da qeyd edək ki, bu küçədə yuxarıda haqqında söz açdığımız xeyirxahlıqlar çox olub.
B.Babayev

Şərh Yaz