Frazeoloji birləşmələrin tədrisi və Azərbaycan ədəbiyyatı

Bəlkə də toxunacağım bu mövzu bir çoxlarını düşündürür, bəzilərini bu barədə yazmağa , münasibət bildirməyə təhrik edir. Bilmirəm, bəlkə də, məndən əvvəl də bu mövzu kiminsə diqqət mərkəzində olub, işlənilib. Əgər belə bir hal mövcuddursa, mən özümdən əvvəl bu barədə yazan müəlliflərdən halallıq alıb üzrxahlıq edirəm. Sadəcə, sizinlə öz şəxsi mülahizələrimi, araşdırmalarımı paylaşmaq istəyirəm.Frazeoloji birləşmələrin tədrisi və Azərbaycan ədəbiyyatı

“Ən yaxşı məqalə” müsabiqəsində iştirak etmək üçün təqdim olunub.
Frazeoloji birləşmələrin tədrisi və Azərbaycan ədəbiyyatı
Bəlkə də toxunacağım bu mövzu bir çoxlarını düşündürür, bəzilərini bu barədə yazmağa , münasibət bildirməyə təhrik edir. Bilmirəm, bəlkə də, məndən əvvəl də bu mövzu kiminsə diqqət mərkəzində olub, işlənilib. Əgər belə bir hal mövcuddursa, mən özümdən əvvəl bu barədə yazan müəlliflərdən halallıq alıb üzrxahlıq edirəm. Sadəcə, sizinlə öz şəxsi mülahizələrimi, araşdırmalarımı paylaşmaq istəyirəm.
Danılmaz faktdır ki, şifahi xalq ədəbiyyatının ümumxalq dilinə təsiri az olmamışdır. Zaman-zaman şifahi xalq ədəbiyyatı istər yazılı ədəbi nümunələrə, istərsə də ədəbi dilin formalaşmasında aparıcı mövqeyə malik olmuşdur. Amma, onu da unutmaq olmaz ki, bir sıra şifahi ədəbi nümunələrdə işlənən ayrı-ayrı leksik vahidlər zaman keçdikcə öz ümumişləklik funksiyasını itirmiş, ya dilin əsas lüğət tərkibindən çıxmış, ya da bəzi regionlarda bu gün də işlənərək dialekt söz funksiyası rolunu oynayır. Bir sıra professor və tədqiqatçılarımız əsaslı olaraq qeyd etdilər ki, xalqın gündəlik danışıq dili və onun incəlikləri məhz şifahi xalq ədəbiyyatında, ümumən ədəbiyyatda toplanmışdır. Əgər diqqət yetirsək, bədii əsərlərin dili, demək olar ki, Azərbaycan dilinin bir sıra qanun və qaydalarının tələblərini aşır, başqa cür desək, yeri gəldikcə bu qanunları təkzib edir. Odur ki, əsaslı olaraq deyə bilərik: – Bədii dil müəyyən dərəcədə sərbəstdir. Amma bu sərbəstlik aşırı dərəcədə deyil, bədii məqsədlərə əsaslanır.
Bu gün gənc nəslin əksər nümayəndələri dilimizin zənginliyindən istifadə edərək istənilən söz və ifadəni istənilən mənaya yozmaq bacarığına malikdir. Biz addım başı danışıq və söhbətlərdə “ Türkün məsəli” ifadəsini ya işlədirik, ya da işlədilməsinin şahidi oluruq.
Bu çoxmənalılıq, məcazilik dilin kökündən gəlir və bədii nümunələrdə qorunub saxlanılır.
Bu gün orta məktəb şagirdlərinin əksər qismi iki və daha artıq sözün birləşərək – sabit birləşmə – məcazi birləşmə əmələ gətirməsini birmənalı qarşılamır. Sabit birləşmələri – frazeoloji birləşmələri keçəndə mən daha çox canlı danışıq dilinə və ya istər şifahi xalq ədəbiyyatının, istərsə də yazılı ədəbiyyat nümunələrinə istinad edirəm. Çalışıram ki, şagirdlərim həqiqi mənalı sözlərin qarşılığı olub məcazi məna ifadə edən birləşmələri daha yaxşı mənimsəsin, yeri gəldikcə, yazılı və şifahi nitqdə onlardan istifadə etsin, onları sərbəst söz birləşmələrindən fərqləndirmə bacarığına malik olsun.
Amma, unutmaq olmaz ki, bu, bütün şagirdlər tərəfindən eyni dərəcədə qavranılmır. Frazeoloji birləşmələr tədris edilərkən müəllimin əlində daha çox ədəbi nümunələr olarsa, bu, ümumi işin xeyrinə olar. Şagirdlər daha çox bədii nümunələr üzərində işləməklə bu tip birləşmələri sərbəst söz birləşmələrindən fərqləndirər və frazeoloji birləşmələrin daha çox leksik vahid olan həqiqi mənalı sözlərin yerində işləndiyini mənimsəyərlər.
Onu da bilmək vacibdir ki, əslində frazeoloji – sabit söz birləşmələri qrammatik birləşmələrin əsasında meydana gəlir.
“Qrammatik birləşmənin özü və ya onun tərkibində olan sözlər məcazi mənaya keçərək mütəhərrikliyini itirdikdə sözlər arasında əlaqə və münasibətlər yaradan vasitələr donuq bir hala gəlir və o, bir məfhumu ifadə edən sabit söz birləşməsinə çevrilir * (*Müasir Azərbaycan dili” II cild, Bakı, 2007 səh.88)”.
İndi isə ayrı-ayrı yazılı və şifahi ədəbi nümunələrdə istifadə edilən frazeoloji – sabit birləşmələrin işlənmə mövqeyinə diqqət yetirək:
Məsələn: Atalar sözlərinə nəzər salaq:
Allah dərdi dərd çəkənə verir.
Arxa su gələnəcən qurbağanın canı çıxar,
Bəla bəla gətirər və ya
Dəm dəm gətirər, qəm qəm gətirər.
Can verəndə boz sərçəyə ver, qaranquş gəldi – gedərdi.
Dağ başına qış, igid başına iş gələr və. s.

Göründüyü kimi, atalar sözləri və məsəllərdə məcazi məna ifadə edən frazeoloji birləşmələrdə emosionallıq daha qabarıqdır.
Aşıq yaradıcılğına nəzər salaq:
Böhtan demə, böhtan tutar adamı,
Qul eylər, bazarda satar adamı
( X.Qasım)

Ey sevdiyim, qaydasıdır qızların,
Gahi-gahi bu söz atmaq nədəndir?
(Qurbani)

Otağına qədəm basdıq,
Söhbətinə qulaq asdıq,
(Aşıq Hüseyn Şəmkirli)

Niqab açıb nəzər saldı hər yana
Hüsnünün şəminə oldum pərvana.
(Yəhya bəy Dilqəm)

Aşıq poeziyasından gətirilmiş nümunələr belə bir qərara gəlməyə əsas verir ki, şifahi xalq ədəbiyyatı nəinki frazeoloji birləşmələrlə, tədqiqat üçün müxtəlif materiallarla olduqca zəngindir.
Yazılı ədəbi nümunələrə nəzər salaq.
Z.Yaqubun yaradıcılığında:
Dost sözünə könül ver, əhdinə əməl elə
Şəlaləni qucaqla, sellərə salam yetir.

Havalanıb nə həvəsə düşmüsən,
Şair olmaq asan deyil, ürəyim.
Yaratdığın yaradana xoş gəlsin
Yazılanı haqdan yazan ürəyim.

Gözəllik mülkündə taxt ələ düşmür,
Taxtda əyləşməyə vaxt ələ düşmür.

Gözünün qarası hopdu gözümə,
Adının həsrəti dilimdə qaldı
(K.Abıyeva)
Bu nəsildən əllərimi üzmüşəm
O nəsillər, soylar qaldı arxada

K.Abıyevanın yaradıcılığında:

Mən səni görəndə səadətimdən
Hələ gözümün də xəbəri yoxdu

Hər görüş özüylə bir qəm gətirər,
Susarıq … Dinməyə dilimiz gəlməz.
Ədəbi nümunələrin əsas xüsusiyyəti onun yığcamlığı, ahəngdarlığı, ifadəli olmasıdır ki, frazeoloji birləşmələr bu xüsusiyyətləri bədii nümunələrdə zənginləşdirir və onların dilini şirinləşdirir. Biz bu xüsusiyyətləri gözləməklə şagirdlərimizin bilik və bacarığını inkişaf etdirir, onların müqayisə aparmaq, fərqləndirmək, münasibət bildirmək fəaliyyətlərini genişləndiririk. Şagirdlərlə nə qədər çox nümunə üzərində iş aparılarsa, mövzu bir o qədər yaxşı mənimsənilər.
İş qalır, sadəcə, biz müəllimlərin işimizə vicdanlı münasibətində. Çalışaq şagirdlərimizi XXI əsrin əsl vətəndaşı kimi yetişdirə bilək.

Çingiz Muradlı,
İsmayıllı şəhər 3 nömrəli tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi, “Qabaqcıl təhsil işçisi”

Şərh Yaz