Oxucularımızın yaradıcılığı

Dindaş qazır dindaşa gor,
Viran edir şərqi terror.
Ya məhəbbət olubdur kor,
Ya da iman dəliləşib.
Oxucularımızın yaradıcılığı

Dəliləşib
Daşnak Turanı yandırır,
Quldur yaman dəliləşib.
Keşiş quranı yandırır,
Olub şeytan, dəliləşib.

Dindaş qazır dindaşa gor,
Viran edir şərqi terror.
Ya məhəbbət olubdur kor,
Ya da iman dəliləşib.

İnsan insanı ov edir,
Hər məmləkət bir bərədir.
Hər məlhəm yüz dərd törədir,
Dava-dərman dəliləşib.

Tərk eləmir bəşər şəri,
Halal sayır batilləri.
Qınayan yox qatilləri,
İnsaf, vicdan dəliləşib.

Qan qızardıb yerin üstün,
Qurbangahdır dünya bütün.
Yəqin, ağıl ölüb bu gün,
Bədbəxt insan dəliləşib.

Biz də
O uçan saraylar bizə bənzəyir,
Hər gün uçub gedən sarayıq biz də.
Dünyanın bir ovuc torpağıyıqsa,
Ağ görünsək belə, qarayıq biz də.

Sözdə hər birimiz bir mələyə tay,
Əməldə olmuşuq İblisdən də zay.
Dünya əlimizdən qoparır haray,
Dünyanın əlindən harayıq biz də.

Bu gözəl aləmdən etməkçün sürgün,
İnsanı tutmağa qıradır hər gün.
Biri-birimizi ovlamaq üçün
Şeytanın əlində qırayıq biz də.

Mərdlik kitabında sətirlənmədik,
Allahın yanında xətirlənmədik.
Bütöv Aya dönüb bədirlənmədik,
Aypara kimiyik,parayıq biz də.

Bu dünya zəhərli fəsəlidirmi?
O dünya bir şirin təsəllidirmi?
Zaman canımızda yara kimidir,
Zamanın canaında yarayıq biz də.
Oqtay İsmayıllı

Bilinəndi mənim
Şeir, sənət yolçusuyam,
Sonum bilinəndi mənim.
Haqdan biçilib hər rəngim,
Donum bilinəndi mənim.

Kiminsə yolunda daşım yox,
Pis adətim, vərdişim yox,
Eldən gizli bir işim yox,
Yönüm bilinəndi mənim.

Böyük varım¬¬¬: heysiyyətim,
Etibarım, məhəbbətim.
Aşkardır sevgim, nifrətim,
Kinim bilinəndi mənim.

Ağ bayraq tutub saçımda,
Gedirəm ömrün köçündə.
Balım, pətəyim içimdə,
Canım bilinəndi mənim.

Belimdədir şələm, tayım,
Haqdan gəlir toyum, vayım.
Ziyalıyam, əslim, soyum,
Qanım bilinəndi mənim.
Nazir Ziya (Talıstanlı)

Könlümə anamın laylası düşür
Elə ki, gedirəm doğma ocağa,
Baxıb ev-eşiyə, küncə-bucağa,
Dönürəm ərköyün, körpə uşağa –
Könlümə anamın laylası düşür.

Analı günlərim düşür yadıma,
Ancaq xatirələr çatır dadıma.
Su çiləmək üçün ürək oduma,
Könlümə anamın laylası düşür.

Kövrələn qəlbimi ovutmaq üçün,
Dünyanın dərdini unutmaq üçün,
O xoşbəxt günlərə qayıtmaq üçün,
Könlümə anamın laylası düşür.

Onun həsrətilə gözüm dolanda,
Yoxluğu dünyanı gözdən salanda,
Bir ana görürəm layla çalanda –
Könlümə anamın laylası düşür.
Südabə Şeyda

Şələm dolub
Şələm dolub, daşıyıram,
Gah çiynimdən aşırıram,
Gah belimdə gəzdirirəm.
Asta-asta əsdirirəm.
Hərdən elə bezirəm ki…
Neynim, susub dözürəm ki …
Üstünü hamarlayıram,
Körpətək tumarlayıram.
Çoxu sanır çantam boşdur,
Çəkisini mən bilirəm.
Qardaş, gülmə, mənə xoşdur.
Ayə, heyy …
dərdlərimdir ey …
Dözə-dözə daşıyıram .
Olanları
çözə-çözə
yaşayıram.
Xalıq Yusifoğlu

Payız küləyidir bu əsən külək

Ürək sevindirib, dili oxşamır,
Saçları darayıb, teli oxşamır,
Xəzan çiçəkləri, gülü oxşamır,
Qırır könülləri, sındırır ürək.
Payız küləyidir, bu əsən külək.

Olursan çəmən, çöl, düz həvəsindən,
Baharın, yaz, yayın tər nəfəsindən,
Çayların, sellərin zənguləsindən,
Qalır ürəklərdə arzu-kam, dilək.
Payız küləyidir bu əsən külək.

Yeri bilinməyir məhəbbətin də,
Zəhmətin, cəfanın, əziyyətin də.
Solğundur gülləri, təbiətin də,
Qoynu, qucağında xar olub çiçək.
Payız küləyidir bu əsən külək.
Tamam Nur (Tağlabiyanlı)

Məhəbbətin gücü
Məhəbbət yandırıb, göynədən yeri,
Nə ocaq yandırar, nə od, nə atəş.
Məhəbbət əlilə açan səhəri,
Nə açar bir arzu, nə doğan günəş.

Məhəbbət xoş edər hər diləkləri,
Dağları dağ bilməz, zindanı zindan.
Məhəbbət qatlayar tunc biləkləri,
Qayaları yarar sevəndə insan.

Məhəbbət hicrana döndüsə artıq,
Gedər yollarını insan dərd-qəmin.
Ruhuna, qəlbinə çökməz qaranlıq,
Yanar məhəbbətlə köksü sevənin.
Rüstəm Məbudoğlu

Əsgər məktubu
Səngərdəyəm, çörək qədər
Könlüm səni dilər, ana.
Hər çətində Vətən eşqi
Ürəyimi bələr, ana.

Göz yummuruq sübhə qədər,
Keşikdəyik axşam, səhər.
Halal südü əmən kəslər
Vətən qədri bilər, ana.

Silahım var, əsil yaraq
Gəlsə düşmən, başına çax.
Düşüb dara Ana torpaq,
Köksüm olub sipər, ana.

“Get, Vətənə ver borcunu!”
Sən demişdin, anam, bunu.
Çıx yol üstə, aç qolunu,
Gözlə, oğlun gələr, ana!
Şahlar Hacıyev

Şərh Yaz