İdraki oyunlar və onların əhəmiyyəti

Dözümlülük, hörmət, əməkdaşlıq etmək – dərslərdə yaradıcı mühitin təşkili üçün mütləqdir, vacibdir. Buna görə də bu keyfiyyətlərin şagirdlərdə formalaşdırılması üçün müəllim bütün bilik və bacarıqlarını səfərbər etməlidir.İdraki oyunlar və onların əhəmiyyəti

Dözümlülük, hörmət, əməkdaşlıq etmək – dərslərdə yaradıcı mühitin təşkili üçün mütləqdir, vacibdir. Buna görə də bu keyfiyyətlərin şagirdlərdə formalaşdırılması üçün müəllim bütün bilik və bacarıqlarını səfərbər etməlidir.
Bu bacarıq və keyfiyyətləri formalaşdırmağa idraki oyunlar, daha bacarıqlı müəllimlərin iş təcrübəsindən istifadə kömək edə bilər. Mən şagirdin maraq və tələbatlarının ödənilməsini qarşısına məqsəd qoymuş müəllimlərə məsləhət görərdim ki, öz üzərində işləyən və şagirdlərini müasir tələblərə cavab verən şəxsiyyət kimi formalaşdırmaq istəyən hər bir müəllim şagirdlərin idrak fəallığını artıracaq oyunlarla bağlı kitablardan yararlansın. Bu cür kitablarda, metodiki vəsaitlərdə müəllimlər sadəcə oyunları deyil, həm də onların tətbiq edilməsi üçün məsləhətlərlə, oyunlardan sonrakı təhlil və əlavə çalışmalarla, tapşırıqlarla tanış olmaq imkanı qazanacaqlar. Bütün bunlar müasir dərsi keçmək üçün müəllilmlərdə lazımi bilik və bacarıqları formalaşdırmağa kömək edəcək.
İdrak fəallığını artıran oyun və vasitələr birbaşa ədəbiyyat dərsləri üçün düşünülməsə də, mən əminəm ki, onlardan yararlanmaq hər bir müəllimə interaktiv – fəal təlimin metod və üsullarından effektiv istifadə üçün zəmin yaradacaq, dərs və dərsdənkənar məşğələlərdə dərs tapşırıqlarının, çalışmalarının həlli üçün istifadə etmək məqsədə uyğun olacaq.
Məqsədə xidmət edəcək hər hansı bir oyundan ya dərsin əvvəlində istifadə etmək olar ki, bununla da şagirdlərdə müstəqil işgörmə qabliyyəti yüksələcək – yaranacaq, ya da dərsin ortasında, məsələn, dərsin mərhələlərini bir-birindən ayırmaqla fəaliyyətin müxtəlifliyi təmin ediləcək. Bilirik ki, bugünki müasir dərsin əsas məqsədi şagirdlərdə fəaliyyət və bacarıqlar formalaşdırmaqdan ibarətdir.
Təcrübə və öyrəndiklərimdən istifadə edərək idrak fəallığını artıracaq, yaradacaq bu oyunların bəzilərinin qaydalarında dəyişikliklər aparmaqla öz dərslərimdə istifadə edirəm.
Bu tip oyunların bəzilərini müxtəlif yerli və xarici ədəbiyyatlardan, bəzilərini isə müxtəlif treninq və kurslarda təlimçilərimdən öyrənmişəm.
İdrak fəallığını artıran və ya təmin edən oyunlar məzmun və oyun formatına görə mütəxəssislər tərəfindən bir neçə qrupa bölünür. Bu qruplardan birini və həmin qrupa daxil olan oyunlardan bir neçəsini Sizinlə paylaşmaq istəyirəm.
Bir-birini daha yaxşı necə tanımaq olar?
Şagirdlərin əksəriyyəti bir neçə il eyni sinifdə oxusalar da, demək olar ki, bir-birini yaxşı tanımırlar. Kimin nə ilə məşğul olduğunu, kimin nəyi sevdiyini bəziləri uzaqdan-uzağa bilir. İnsan haqqında nəyisə bilmək – ona diqqət yetirmək deməkdir. Onun maraqlarını öz maraqlarınla müqayisə etmək – insanların müxtəlifliyi haqqında düşünmək deməkdir. Təqdim etdiyim oyunlar vasitəsilə şagirdlər bir-birini daha yaxşı tanıya biləcəklər. Bu oyunları həm də ədəbiyyat dərslərində tətbiq etmək olar ki, bunları da Sizinlə paylaşıram.
“Vizit karti” oyunu
Yeni sinifdə işi bu oyun vasitəsilə başlamaq olar. Tədris ili ərzində bu oyunu bir neçə dəfə təkrar etmək də olar. Bu oyun iştirakçılardan bir-birinin sözlərinə – dediklərinə diqqətli olmağı və kimin nə dediyini yadda saxlamağı tələb edir.
İştirakçılar (şagirdlər) dairə halında otururlar. Birinci iştirakçı özündən ya sağdakı, ya da soldakı iştirakçıya özünə aid hansısa bir əşyanı verib özü haqqında qısa bir məlimat verir. Daha sonra əşyanı alan ikinci iştirakçı da yanında oturan digər iştirakçıya özü haqqında məlumat verir. Amma nəzərə almaq lazımdır ki, bu məlumatlar necə gəldi yox, xüsusi sxemə – qayda-qanuna əsasən olmalıdır.
Birinci iştirakçı – oyunçu öz adını deyir: (- Mənim adım Vasifdir).
İkinci iştirakçı da özünü təqdim edir və özü haqqında hansısa əlavə informasiya verir. Məsələn: adını və əlavə olaraq neçə yaşı olduğunu: (- Mənim adım Türkandır. Mənim 11 yaşım var).
Üçüncü iştirakçı öz adını, neçə yaşı olduğunu və əlavə olaraq özü haqqında daha fərqli məlumat verir. Məsələn, o, asudə vaxtlarında nə ilə məşğul olmağı sevdiyini: (- Mənim adım Sevgidir. Mənim 11 yaşım var. Mən asudə vaxtlarımda musiqiyə qulaq asmağı sevirəm).
Dördüncü iştirakçı birinci və ikinci mərhələni olduğu kimi təkrar edir. Üçüncü mərhələyə rəy bildirib özü haqqında daha fərqli yeni məlumat verir: (- Mən Anaram. Mənim 12 yaşım var. Mən asudə vaxtlarımda musiqiyə qulaq asmıram, amma velosipedimdə gəzməyi çox sevirəm) və s.
Böyük siniflərdə bu oyunu iki və ya üç qrupda paralel aparmaq olar. Amma əvvəlcədən bir və ya iki könüllüdən ibarət köməkçi müəyyən etmək lazımdır.
Bu oyun vasitəsi ilə iştirakçılar (şagirdlər) bir-birini daha yaxşı tanıyacaq, bir-birinə qarşı diqqətli olacaq, ən əsası onlarda dözümlülük, hörmət, diqqətli olmaq, əməkdaşlıq etmək kimi bacarıq və keyfiyyətlər formalaşacaq.
Bu oyundan ədəbiyyat dərslərində necə istifadə etmək olar?
Bu oyunun sxeminə əsasən hər hansı ədəbi əsərlər və ya ədəbi problemlər haqqındakı mülahizələri bölüşmək olar. Məsələn, sinifdənxaric oxu dərslərinin ilk saatında və ya yay tətili ərzində oxunmaq üçün verilmiş əsərlərlə bağlı müzakirə dərslərində istifadə məqsədə uyğun hesab olunur.
Bu, aşağıdakı kimi aparıla bilər:
– Mən tətildə S.S.Axundovun əsərini oxumuşam.
– Mən Ə.Haqverdiyevin əsərini oxumuşam. O əsər “Ayın şahidliyi” hekayəsi idi.
-Mənim oxuduğum kitabın müəllifi M.Tvendir. Bu onun “Tom Soyerin macəraları” əsəridir. Bu əsərin baş qəhrəmanı dəcəl, şıltaq və çoxbilmiş Tomdur.
Şagirdlər növbəti mərhələlərdə – addımlarda nə haqqında danışacaqlarını özləri müəyyənləşdirə bilərlər. Ya da ki müəllim məlumatların siyahısını əvvəlcədən tərtib edib lövhədən də asa bilər (Bu çox sadə variant olacaq).
“Hamı-bəziləri-yalnız mən” oyunu
Dairə halında düzülmüş oyunçuların ətrafına onların sayından bir ədəd az stullar düzülür. Oyunçulardan biri aparıcı kimi ortada durur, digərləri isə stullarda əyləşirlər. Aparıcı hər hansı bir xüsusiyyət və ya əlamət səsləndirir. Səsləndirilən bu xüsusiyyət – əlamət dairədə oturmuş iştirakçıların hamısına, onların bəzilərinə və ya yalnız birinə aid ola bilər. O anda hər bir iştirakçı (eləcə də aparıcının özü də əgər ki səsləndirilən xüsisiyyət – əlamət onun özündə də varsa) hansı ki bu xüsusiyyətin – əlamətin ona aid olduğunu müəyyənləşdirir, dairənin mərkəzinə qaçır, daha sonra boş qalmış stullardan birində oturmağa çalışmalıdır. Bu zaman aparıcılıq stulda otura bilməyən – ortada qalmış iştirakçıya keçir.
Müəllim oyunu eyni və ya müxtəlif xüsusiyyətləri – əlamətləri olan şagirdlərlə aparmaqla başlada bilər:
“Kim ki bu gün dərsə gəlib”, “Kim ki söhbət etməyi xoşlayır”, “Kim ki məktəbli formasında deyil” və s.
Və ya oyunun aparıcısı öz sinif yoldaşlarını yaxşı tanıtdıra biləcək xüsusiyyət və ya əlamət seçərək başlaya bilər. Məsələn: “Kim ki zəngin tez vurulmasını istəyir”, “Kim ki tənəfüsün dərsdən çox olmasını istəyir” və ya “Kim ki “Sehrli xalat” filmini xoşlayır” və s.
Bu oyundan ədəbiyyat dərslərində necə istifadə etmək olar?!
Oyunun orijinalına analoq olaraq bu oyunu müxtəlif əsərlərin surətləri əsasında təşkil etmək olar. Məsələn, “Kitabi-Dədə Qorqud” dastanı boylarının məzmununun nə dərəcədə mənimsənildiyini bilməkdən ötrü əsərin bütün qəhrəmanlarını iştirakçılar – şagirdlər arasında bölüşdürmək – paylaşdırmaq olar və onlarla bu oyunu keçirmək mümkündür. Aparıcı belə xüsusiyyət – əlamətlər səsləndirə bilər:
“Qazana keşiş deyən igid”, “Banuçiçəyin nişanlısı olan igid”, “Acığı tutanda qara daşı kül eyləyən Oğuz igidi” və s.
“Xəzinə-cəvahirat axtarışı” oyunu
Bu oyun zamanı hər bir iştirakçıda aşağıdakı şəkildə qeydiyyat kartoçkasının olması vacibdir.

İdraki oyunlar və onların əhəmiyyəti

Oyunun iştirakçıları sinifdə sərbəst hərəkət edə və bir-biriləri ilə söhbətləşə bilərlər. Oyunçunun tapşırığı söhbətləşdiyi şəxslə özünün bir oxşar, bir fərqli xüsusiyyətini müəyyən etməkdir (Təbii ki, bunu qeydiyyat kartoçkasına yazır). İştirakçı nə qədər çox oyunçu ilə söhbətləşərsə, oxşar və fərqli cəhətləri müəyyənləşdirərsə, bu həm maraqlı, həm də yaxşı olar.
Oyunun əvvəlində müəllim oxşar və fərqli cəhətlərə – xüsusiyyətlərə aid nümunə göstərə bilər. Məsələn: – Həm mən, həm də Azad eyni binada yaşayırıq, amma mənim balaca itim var, Azadın isə heç bir ev heyvanı yoxdur və ya həm mən, həm də Aynur ali təhsil almaq istəyirik, amma mən iqtisadçı, Aynur isə həkim olmaq istəyir və s.
Bu oyundan ədəbiyyat dərslərində necə istifadə etmək olar?
Digər oyunda olduğu kimi, bu oyundan da ədəbiyyat dərslərində mənimsənilmiş bədii əsərlərin surətləri əsasında oxşar və fərqli cəhətləri müəyyənləşdirmək üçün istifadə oluna bilər.
Məsələn, yenə “Kitabi-Dədə Qorqud” dastanının surətləri əsasında bu oyunu aparmaq olar: həm Qazan xan, həm də Alp Aruz Oğuz igididir. Ancaq Qazan xan müsbət qəhrəman olduğu halda, Alp Aruz daxili düşməndir və s.
Qeyd etmək istərdim ki, bəzilərimiz bu oyunu Venn diaqramları üsulu ilə eynilik kimi görə bilərik. Amma nəzərdən qaçırmayaq ki, Venn diaqramları fəal – interaktiv təlimin üsulu və ya metodu, bu isə sadəcə idrak oyunudur.
“Mənim haqqımda beş fakt” və ya sadəcə “5 fakt” oyunu
Bu oyunda da aparıcı mütləqdir. Belə ki, şagirdlərdən – iştirakçılardan biri aparıcı olur. O, qısa vaxt ərzində özü haqqında beş fakt düşünüb müəyyənləşdirir. (Məsələn: “Mənim yaxşı səsəim var”, “Mən Şirvan şəhərində olmuşam”, “Mənim qardaşım da bu il tələbə olub” , “Mən seriallara baxmağı sevirəm”, “Mən hər gecə 4 saat yatıram” və s.) Amma unutmaq olmaz ki, bu faktlardan dördü doğru, biri isə yanlış olmalıdır. Təbii ki, daha maraqlı faktlar müəyyənləşdirməyə çalışmaq lazımdır. Aparıcı özü haqqındakı faktları sinfə – iştirakçılara çatdırır. İştirakçılar isə aparıcının yanlış faktını müəyyən etməyə çalışırlar. Kim ilk və doğru müəyyən edərsə, aparıcılıq ona keçir.
Bu oyundan ədəbiyyat dərslərində necə istifadə etmək olar?
“5 fakt” oyunundan ədəbiyyat dərslərində ədəbi sənətkarların həyat və yaradıcılıqları, eləcə də keçilmiş bədii əsərlərin surətləri öyrənilərkən – təhlil edilərkən istifadə etmək sinfi daha da fəallaşdıra, şagirdlərin idrak fəallığını daha da artıra və sürətləndirə bilər. Məsələn: N.Gəncəvinin həyat və yaradıcılığı mənimsədildikdən sonra N.Gəncəvi: 1. Heç bir sarayda yaşamayıb; 2. Azərbaycan ədəbiyyatında ilk sujetli poemanı yaradıb; 3. “Divanından 120 qəzəl, 30 rübai, 6 qitə günümüzə qədər gəlib çatıb; 4. Özündən sonra ədəbi məktəb yaradıb, formalaşdırıb; 5. “Leyli və Məcnun” poemasında “Divan”ı haqqında da məlumat verib.
Diqqətli şagirdlər III məlumatın – faktın yanlış olduğunu dərhal biləcəklər. Yəni ki N.Gəncəvinin “Divan”ından günümüzə qədər 120 qəzəl, 30 rübai və 6 qitənın yox, 6 qəsidənin gəlib çatdığını müəyyənləşdirəcəklər.
(Ardı var)
Çingiz Muradlı,
İsmayıllı şəhər 3 nömrəli tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi, “Qabaqcıl təhsil işçisi”

Şərh Yaz