Yaddas kitabcasi

Məhəmmədəli əmi

Böyük Vətən müharibəsinin ən qızğın döyüşləri gedirdi. Biz isə dövlətə kömək üçün əlimizdən gələni edir, var-qüvvəmizi əsirgəmirdik.Məhəmmədəli əmi
(Əvvəli 4 sentyabr tarixli sayımızda)


Lakin bir gün mənim keçmişimi yenə də yadıma saldılar. Partiya sıralarından çıxarılmağımı yenə də mənə tənə vurdular. Bu isə mənim üçün təsəvvüredilməz dərəcədə ağır idi. Belə haqsız iddialara dözmək qeyri-mümkün idi. Buna görə də mən könüllü olaraq ön cəbhəyə getmək üçün hərbi komissarlığa yollandım. Ön cəbhəyə göndərməzdən əvvəl bizimlə hərbi hazırlıq işləri apardılar. Cəmisi səksən nəfər idik. Bizə soyuq münasibət bəsləyirdilər. Nə yeməkləri bir yemək idi, nə yatacaqları.
Bir dəfə polkovnikə öz taleyim barəsində danışdım. Ona belə bir sual verdim:
-Yoldaş polkovnik. Tutaq ki, mənim günahım var, heç nədən alnım “damğalanıb” Bəs bu yoldaşların nə günahı var?
O isə gülümsünüb dedi:
-Həsənov, elə onlar da sənin çəkdiyindən çəkiblər, onları da haqq-nahaq partiya sıralarından çıxarıblar.
Əvvəlcə özümə bənzər taleli insanlara rast gəldiyim üçün sevindim. Ancaq bunun nə ilə qurtaracağını düşünəndə bərk narahat oldum. Təsəvvür edin ki, o dövrdə partiyadan çıxarılmaq sənin ləyaqətinə, mənliyinə, şəxsiyyətinə bir ləkə, gələcəyə olan inamının puçluğu demək idi. Yaxşı ki, yoldaşlarımla tez dil tapdım. Düz deyirlər ki, dərdlinin dilini dərdli anlayar. Biz bir-birimizə möhkəm bağlanmışdıq.
Polkovnik mənim barəmdə “Bakinskiy raboçi” qəzetinin redaksiya üzvlərindən birinə danışır, hətta məni bir gün redaksiyaya da çağırırlar. Haqqımda ətraflı məlumat aldıqdan sonra məndən soruşdular:
-Siz Leyla Məmmədəliyevanı və Züleyxa Seyidməmmədovanı tanıyırsınızmı?
Mən cavab verdim:
– Əlbəttə, tanıyıram. Leyla ilə bir yerdə oxumuşuq, Züleyxa isə mənim kursantım olub.
Sonradan onları da çağırır və mənim haqqımda yaxşı, səmimi sözlər deyirlər. Redaktor mənə kömək edəcəyinə söz verir. Mən yenidən öz yoldaşlarımın yanına qayıdıram. Lakin çox gözləsəm də redaktordan heç bir xəbər çıxmır.
Bir gün bizi təcili olaraq qatara mindirdilər, lakin gedəcəyimiz yeri bizə bildirmədilər. Yol gedə-gedə bizə ancaq bir şey aydın oldu. Bizi cərimə batalyonuna aparırlar. Hərəmiz öz xəyal dünyamıza çəkilib taleyimiz haqqında fikirləşirdik. Vaqonun pəncərəsindən baxanda Culfa yolu ilə getdiyimizi gördüm. Bu yol mənim üçün də, yoldaşlarım üçün də tapmaca idi.
Nə isə… Bizi Maku şəhərinə gətirdilər. Şəhərin xanı öz əyalı ilə qaçıb getmişdi. Şəhər başsız qalmışdı. Biz isə orada qayda-qanun yaratmalı idik. Xanın yenidən qayıtması üçün ona belə bir müraciətnamə göndərildi:
“Hörmətli Xan! Bizdən heç bir ziyan görməyəcəyinizə əmin olaraq yenidən öz yerinizə qayıda bilərsiniz.”
Beləliklə, xan və əyan-əşrəfi yenidən öz sarayına qayıtdı. Tezliklə bizi Mozdoka – cəbhəyə göndərdilər. Orada qızğın vuruşlar gedirdi. Bir kəndi almanlardan xilas etmək tapşırığını almışdıq. Faşistlər hiylə işlədib bizi mühasirəyə almışdılar. Atışma səsindən qulaq tutulurdu. Dəstəmizdən təkcə üç nəfər sağ qalmışdı. Onlardan da biri mən idim. Dabanımdan yaralanmışdım. Sürünə-sürünə sağ qalanlara yaxınlaşıb dedim: “Nə qədər alaqaranlıqdır aradan çıxmaq lazımdır. Yoxsa faşistlər yenə bura qayıdacaq, yaralıları güllələyəcək, bizi isə əsir aparacaqlar”.
Bəli, biz yavaş-yavaş kənddən uzaqlaşdıq. Bir neçə gün ac-susuz yol getdik. Atrıq yorğunluq, aclıq və şaxta öz gücünü göstərirdi. Yaman taqətdən düşmüşdük. Elə bu vaxt yoldan bir araba keçdi. Arabada oturmuş köhnə tanışlarımdan biri məni görən kimi atların yüyənini çəkdi. Mən başımıza gələn müsibətləri ona danışdım. Sən demə, bu arabada ərzaq daşıyırmışlar. Görünür, bu da taleyin hökmü imiş. Tanışım bizə iki çörək və iki şüşə çaxır verdi. Çörəklər şaxtadan buz bağlamışdı. Biz onları balta ilə aramızda böldük. Sevincdən gözlərimiz yaşarmışdı. Buna da sevinirdik. Sevinirdik ona görə ki, hələ yaşamağımıza ümid var idi. Nə isə… Donmuş çörəkləri yedik, düzəldik yolumuza. Tanışımızın məsləhəti ilə yollandıq sanbata (yəni sanitar batalyonuna). Yol getdiyimiz vaxt birdən mədəmdən küt ağrılar hiss etdim. Ancaq səsimi çıxartmadan ağrılara dözməli oldum. Bir azdan yoldaşlarımdan da belə şikayətlər eşitdim. Birtəhər özümüzü sanbata çatdırdıq. Burada keçirdiyim əzablı günlərdən yalnız birini danışmaq istəyirəm.
Ərzaq barədə yaman korluq çəkirdik. Aclıq hamıya bərk təsir etmişdi. Tez-tez atların yoxa çıxması halları baş verirdi. Aclıq hər şeyə üstün gəlmişdi. Əsgərlər atları kəsib yeyirdilər. Belə bir şərait hamıda narahatçılıq doğurmuşdu. Ona görə də qərara alındı ki, atı yoxa çıxan əsgər tribunala verilməli və yerindəcə güllələnməlidir.
Bir gün mənim də atım itir. Buna görə məni günahlandırdılar və tribunala verdilər. Gözümün qabağında məndən əvvəl dörd nəfəri mühakimə etmiş və bir-birinin yanında güllələmişdilər. Növbə mənə çatanda general mənim haqqımda çıxarılan qərarı oxumağa başladı. Günahsız olduğumu dəfələrlə deməyimə baxmayaraq, mənim üçün ölüm hökmü oxunurdu. Yəqin ki, mənim vəziyyətimi təsəvvür edirsiniz. Mən heç nə eşitmir, sanki səssiz kinoya baxırdım. Düşündüyüm isə təkcə bu idi. Günahsız adamı nə qədər mühakimə edərlər? İnsan neçə dəfə ölümlə üz-üzə qalar, neçə dəfə günahsız olduğunu sübut etmək üçün çapalayar? Yəni, doğrudan da, bununla ömrüm bitdi? Yəni, bir azdan mən həyatda olmayacağam? Bütün bunları fikirləşdikcə dəhşətə gəlirdim.
Elə bu vaxt qulağıma belə bir səs gəldi: “Həsənov, atı tapdıq”. Bu sözləri eşitməyimlə huşumu itirməyim bir oldu. Mənim vəziyyətimi başa düşmək üçün yalnız bu hissləri yaşamaq lazım idi.
Yoldaşlarım günahsız olduğumu bilirdilər və mənim hədər yerə öləcəyimi istəmədikləri üçün bərk narahat olmuşdular. Buna görə də atı tapmağı qərara alırlar. Hər yeri gəzir, axtarır və nəhayət, atı topçuların atlarının içində tapırlar. Lakin burada da uzun mübahisə başlandı. Onlar atı vermək istəmirdilər. Hərə atı özününkü sayırdı. Yoldaşlarımdan biri soruşur:
-Bu atın yiyəsi kimdir?
Topçu əsgərlərdən biri cavab verir:
-Mənəm.
– De görüm, sənin atının adı nədir? – deyə yoldaşım soruşur.
– Qara kəhər, – oğlan cavab verir.
Yoldaşım dedi:
-Atı çağır, görək təsiri olacaqmı?
Əsgər atı çağırdı. Amma bu çağırışa at heç bir reaksiya vermədi.
Yoldaşım dedi:
-İndi də bu atı biz çağıraq, siz də tamaşa edin, deyə “Mişka” deməyi ilə atın şahə qalxması və kişnəməsi bir oldu.
Beləliklə, atın qayıtması mənim də həyata qayıtmağıma səbəb oldu.
Sonra məni arxa cəbhəyə – istehsalata, işləməyə göndərdilər. Yenidən dəri qalantereya fabrikində əmək fəaliyyətimi davam etdirdim.
Müharibə qurtardı. Mənə isə bu müharibədən xatirələrlə bərabər, üç yerdən yaralanmağım yadigar qaldı. İndi də gördüyünüz kimi sınmış büllur şüşə qabları yapışdırıram.
Məhəmmədəli əminin bu cümləsini eşidəndə nədənsə bir zərb-məsəl yadıma düşdü: “Ürək şüşə kimidir, sındı, qurtardı”. Düşünürəm ki, sınıq şüşə qabı yapışdırdıqda, o ancaq zahirən bütöv görünür, sınığı bilinməsə də ondan istifadə etmək mümkün olmur. Bəs ürək? Axı yuxarıda deyilmiş zərb-məsəldə ürəyi şüşə ilə müqayisə edirlər? Ürəyin də sınıqlığı zahirən gözə görünmür, onu yalnız dilləndirəndə hər şey aydın olur.
Sınıq qab, sınıq ürək… Sınıq qab istifadəsiz qala bilər. Sınıq ürək isə, özü də xeyirxah, nəcib ola, hər dərdini, sərini içində saxlaya, insanı yalnız yaraşıq üçün bəzəmir, xeyirxahlığını isə əsirgəmir.
Məhəmmədəli əmi söhbətini qəribə bir sonluqla tamamlayır:
-Bir dəfə həyat yoldaşımla “Azərbaycan” kino-teatrının qarşısından keçirdik. Yaxşı film gedirdi. Bilet tapmaq mümkün deyildi. Çətinliklə də olsa iki bilet əldə edə bilmişdim. Birdən uzaqdan Teymur Quliyevi gördüm. Yaman qocalmışdı. Hiss etdim ki, bilet axtarır. Yaxınlaşıb əlimdəki biletləri ona uzatdım. Pulunu vermək üçün əlini cibinə salanda mən qoymayıb dedim:
-Yoldaş Quliyev, siz bunun haqqını mənə artıqlaması ilə vermisiniz.
O təəccüblənərək soruşdu:
-Necə? Nə vaxt?
Mən həyəcanımı güclə gizlədərək dedim:
-1939-cu il mənim və mənim kimi on səkkiz azərbaycanlı təyyarəçinin taleyini soyuqqanlıqla mühakimə edəndə.
Sözlərimi dedim və uzaqlaşdım. O isə əlində bilet arxamca baxa-baxa qaldı. Gözlərim yaşarsa da elə bil bir az yüngülləşdim. İllər boyu ürəyimdə dərd yuvası olmuş sözlərimi ona çatdırdığım üçün yüngülləşmişdim.
Məhəmmədəli əminin bu dəfə də gözləri yaşarmışdı, onu qəhər boğurdu, əlləri həyəcandan titrəyirdi. Onu sakitləşdirmək üçün söz tapmağa çətinlik çəkirdim. Bildiyim təkcə bu idi ki, onu incidənlərin bəlkə də əksəriyyəti dünyasını dəyişib, amma bu nəcib, nurani qoca ahıl yaşında da öz halal zəhmətilə yaşayır və insanlara xidmət edir.
Elə bu vaxt içəri bir yaşlı qadın daxil oldu. Məhəmmədəli əmi onun sınmış gözlüyünü təmir etmişdi. Qadın nə qədər pul verəcəyini soruşanda o dedi:
-Mən yaşlılardan pul almıram. Bəlkə də həmyaşıq. Gedin, gözlüyünüzü sağlıqla işlədin.
Qadın bir xeyli xoş söz dedi, dua etdi. Məhəmmədəli əmi isə gülümsünüb təşəkkür etdi və mənə dedi:
-Bilirsinizmi, məni yaşadan bu dualardır. Mən nə qədər çətinliyə düşmüsəmsə, hər dəfə doğma Lahıcımda anamın, atamın, nənə-babalarımın bizə etdiyi duaları təkrarlamışam və həmişə uca Allahın möcüzələrinə inanmışam. Əgər bu gün mən sağ və salamatamsa , bu qədər ölümlərin pəncəsindən qurtulmuşamsa bu Allahın möcüzəsi deyilmi? İndi yeganə nisgilim Lahıcı görə bilməməyimdir. Kəndim üçün çox darıxıram.
Məhəmmədəli əmi danışdıqca mən bu nurani qocaya baxıb düşünürəm. Həyatın sərtliyi onun qəlbini sındırsa da, nə yaxşı ki, ürəyinin təmizliyinə yol tapa bilməmişdir, xeyirxah hissləri onun əlindən qoparmamışdı.
Məhbubə Hacıyeva

Şərh Yaz