Xeyriyyə aksiyası

Xeyriyyə aksiyası
İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi tez-tez müxtəlif xeyriyyə tədbirləri keçirir. Belə tədbirlərdən biri də sentyabrın 3-də təşkil olunan sünnət aksiyası oldu.Xeyriyyə aksiyası

İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi tez-tez müxtəlif xeyriyyə tədbirləri keçirir. Belə tədbirlərdən biri də sentyabrın 3-də təşkil olunan sünnət aksiyası oldu.
Xeyriyyə aksiyası
Valideyn himayəsindən məhrum, imkansız və xüsusi qayğıya ehtiyaclı uşaqları əhatə edən aksiyada 15 uşaq sünnət olundu. Rayon Uşaq poliklinikasında təşkil edilən mərasimdə hər şey gözoxşayan və sevimli balalarımıza layiq idi. Musiqi, çiçəklər, şirniyyat və meyvə stolları, bu münasibətlə xüsusi hazırlanmış tort ilk baxışdan könül oxşayırdı. Poliklinikanın kollektivi bu münasibətlə gələnləri son dərəcə səmimi qarşılayır, çaya və şirniyyata qonaq edirdilər. Uşaqlara isə xüsusi qulluq var idi. Rayon Mərkəzi xəstəxanasının baş həkimi Avtandil Rəhimov bütün işlərə şəxsən özü nəzarət edir, hər şeyin bu balaca varlıqların könlüncə olması üçün səyini əsirgəmirdi. Uşaq xəstəxanasının müdiri Fikrət Osmanovun “əməliyyat”ından keçib foyeyə qayıdan balaları baş həkim özü gülər üzlə, bu şirinlərin özləri kimi şirin sözlərlə qarşılayıb təbrik edir, yaxınlarına gözaydınlığı verir, hədiyyələr təqdim edirdi. Məktəbə gedəcək uşaqların hədiyyəsi İsmayıllı Tikiş fabrikində hazırlanan məktəbli paltarları idi. Uşaq Poliklinikasının müdiri Vidadi Rəhimov isə həm bir həkim, həm də “ev sahibi” kimi heç kəsdən diqqətini əsirgəmirdi. Bir sözlə, gözəl bir gün, savab bir tədbir idi. Hamı bir-birinə minnətdarlıq edir, gözaydınlığı verirdi.
Xeyriyyə aksiyası
Təşəbbüs sahibi İsmayıllı UADM olsa da, mərasimin bütün ağırlığını Avtandil həkim və Vidadi həkim başda olmaqla ağxalatlılar çəkdilər və təbii ki, bütün minnətdarlıqlar, təşəkkürlər də onlara çatır. Hər işdə bizə dəstək olan, bu təşəbbüsümüzü də müsbət qarşılayaraq reallaşdıran Avtandil həkimə və kollektivinə İsmayıllı UADM olaraq biz də ürəkdən təşəkkür edirik.
Son onda aksiyadan xəbər tutub tez-tələsik aldıqları hədiyyələrlə özlərini yetirən Cümə məscidinin nümayəndələri də poliklinikanın çıxışında da olsa uşaqların və ailələrinin sevincinə şərik çıxdılar, balacaları təbrik etdilər, hədiyyələr, şirniyyat payladılar.
Ruziyyə Çələbiyeva,
İsmayıllı UADM-in metodisti

Şərh Yaz