Gələn ilin məhsulunun bünövrəsi

Taxıl istehsalı bu il əvvəlki illərə nisbətən xeyli artmışdır. Bu o deməkdir ki, respublikada, o cümlədən rayonumuzda digər sahələrlə yanaşı kənd təsərrüfatının da inkişafına start verilmişdir. Ölkə başçısının qeyd etdiyi kimi, respublikada ərzaq təhlükəsizliyinin qorunmasında əsas amillərdən biri də taxıl istehsalının intensiv üsulla artırılmasıdır. Bu baxımdan taxılçılıqda tələb olunan aqrotexniki tədbirlərin yerinə yetirilməsi vacib məsələdir. İlk növbədə növbəli əkin sisteminə riayət olunmalıdır. Bu amil taxılın rentabelli olmasının və məhsuldarlığının artırılmasının ən vacib şərtidir.Mütəxəssis məsləhəti
Gələn ilin məhsulunun bünövrəsi

Taxıl istehsalı bu il əvvəlki illərə nisbətən xeyli artmışdır. Bu o deməkdir ki, respublikada, o cümlədən rayonumuzda digər sahələrlə yanaşı kənd təsərrüfatının da inkişafına start verilmişdir. Ölkə başçısının qeyd etdiyi kimi, respublikada ərzaq təhlükəsizliyinin qorunmasında əsas amillərdən biri də taxıl istehsalının intensiv üsulla artırılmasıdır. Bu baxımdan taxılçılıqda tələb olunan aqrotexniki tədbirlərin yerinə yetirilməsi vacib məsələdir. İlk növbədə növbəli əkin sisteminə riayət olunmalıdır. Bu amil taxılın rentabelli olmasının və məhsuldarlığının artırılmasının ən vacib şərtidir.
Əgər taxıl bitkisinin sələfi yenə taxıldırsa, sahə biçildikdən sonra küləşdən azad olunmalı, hər hektara təsiredici maddə hesabı ilə 100-120 kq. fosfor, 60 kq. kalium gübrəsi verilməli, vaxt itirmədən 28-30 sm dərinlikdə şumlanmalıdır. Qeyd olunmalıdır ki, mineral gübrələrin verilməsi torpağın qida elementləri ilə zənginləşdirmək ilə yanaşı həmçinin torpağın müxtəlif təbəqələrində yaşayan taxıl zərərvericiləri ilə mübarizədə mühüm rol oynayır. Odur ki, torpağın biçilmiş bitki qalıqlarından təmizlənməsi, mineral gübrələr ilə təmin edilməsi, tələb olunan dərinlikdə şumlanması gələcəkdə məhsuldarlığın artırılmasında mühüm rol oynayır. Sahə şumlandıqdan sonra malalanmalı və alaq otlarının cücərdilməsi üçün şərait yaradılmalıdır.
Məhsuldarlığa təsir edən amillərdən biri də keyfiyyətli, yüksək reproduksiyalı, sınaqdan keçirilmiş və rayonlaşdırılmış toxum materialından istifadədir. Toxum materialının təsərrüfat yararlılığı 96 faizdən aşağı olmamalıdır. Kondisiyaya çatdırılmış toxum, laborator analizindən keçirildikdən və müvafiq şəhadətnamə aldıqdan sonra səpilə bilər. Bir hektara səpin norması məhz bu şəhadətnaməyə əsasən hesablanır. Toxum səpilməmişdən qabaq mütləq 1,5 kq/t. hesabı ilə kimyəvi preparatla işlənməlidir. Əks halda, dənli bitkilər üçün təhlükəli hesab edilən sürmə xəstəliyinin inkişafı üçün şərait yaranar.
Məhsuldarlığa təsir edən digər əsas amillərdən biri də səpinin optimal müddətdə aparılmasıdır. Bizim rayon üçün optimal səpin müddəti 01-20 oktyabr hesab olunur. Səpin üçün sahə tam yararlı olmalıdır. Sahədə elə şərait yaradılmalıdır ki, səpilən toxumların hamısı eyni dərinlikdə torpağa basdırılsın. Bunun üçün sentyabrın ikinci yarısından etibarən hazırlıq işlərinə başlanmalıdır. Biçindən sonra şumlanmış sahə təkrarən 20-22 sm. dərinlikdə şumlanmalı, yaxud çizellənməlidir. Daha sonra malalanmalı, ehtiyac olarsa, təkrar malalanmalıdır. Sahənin səthi tam hamarlanmalı, sahədə iri kəltən olmamalı, torpaq yumşaq olmalıdır. Məhz bu halda səpinə başlamaq olar.
Səpinə başlamazdan əvvəl toxumsəpən aqreqat əvvəlcədən müəyyən edilmiş səpin normasına uyğun nizamlanmalıdır. Xüsusi ilə çalışmaq lazımdır ki, toxumlar torpağın 3-4 sm. dərinliyinə basdırılsın. Əks halda, dayazda və üst təbəqədə olan toxumlar bitmir, quşlar tərəfindən aparılır, kök sistemi şaxtalara məruz qalaraq tələf olur. Normadan dərinə düşən toxumlar isə torpaqda gec çıxaraq zəif inkişaf edir və gələcəkdə digər sünbüllərə nisbətən qısa boylu olmaqla məhsuldarlığa mənfi təsir göstərir.
Səpin işi qurtardıqdan sonra sahədə olan daş və digər maneələr təmizlənməlidir.
Daha sonra ərazilərə mütəmadi baxış keçirilməli, siçanabənzər gəmiricilər, xəstəlik və digər zərərvericilər müşahidə edilərsə, mübarizə tədbirləri görülməlidir.
Akif Əsədov,
aqronom

Şərh Yaz