“Azərbaycan 2020 – gələcəyə baxış” İnkişaf Konsepsiyası


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 dekabr 2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020 – gələcəyə baxış” İnkişaf Konsepsiyası 2020-ci ilədək dövr üçün ölkəmizin perspektiv inkişaf istiqamətlərini müəyyənləşdirmişdir. İnkişaf Konsepsiyasında ölkəmizdə müasir təhsil sisteminin formalaşdırılması ilə bağlı görüləcək işlər mövcud reallıqlara əsaslanmaqla dəqiqləşdirilmişdir.
Konsepsiyada göstərilir ki, 2013-2020-ci illərdə dövlət büdcəsindən təhsil sahəsinə ayrılan vəsait ilbəil artırılaraq inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırılacaqdır. Təhsilin kefiyyətinin yüksəldilməsi üçün yeni mexanizmlər hazırlanacaq, adambaşına maliyyələşdirmə həyata keçiriləcək, təhsil sahəsində yenillikləri təşviqləndirən qrant maliyyələşdirilməsinin tətbiqi genişləndiriləcəkdir. Məktəbin tikintisi və əsaslı təmiri sahəsində işlər davam etdiriləcəkdir.
“Azərbaycan 2020 – gələcəyə baxış” İnkişaf Konsepsiyası

Məktəb tikintisi ilə bağlı rayonumuzda proqram hazırlanmış, bina cəhətdən problemi olan bütün məktəblər üçün yeni binaların tikilməsi və əsaslı təmir edilməsi nəzərdə tutulmuşdur. Hazırda rayonda 4 yeni məktəb binasının tikintisində son tamamlama işləri aparılır.
İnkişaf Konsepsiyasında məktəb şəbəkəsinin rasionallaşdırılması istiqamətində də xüsusi proqramın hazırlanıb həyata keçirilməsi nəzərdə tutulmuşdur. Respublikamızda 12 illik ümumi təhsil sisteminə keçid təmin ediləcək, bununla bağlı təhsil proqramları və dərsliklər yeniləşəcəkdir. Şagirdlərin ümumi inkişafını ləngidən mövcud “Yaddaş məktəbin” dən, “Təfəkkür və düşüncə məktəbi” nə keçid təmin ediləcəkdir. Tam orta təhsil səviyyəsində təhsil təmayüllər üzrə təşkil olunacaqdır. İstedadlı uşaqlar üçün inkişafetdirici fərdi proqramlar hazırlanıb həyata keçiriləcəkdir. Bu da şagirdlərin əlavə yüklənlməsinin qarşısını alacaqdır. Sağlamlıq imkanları məhdud uşaqlar üçün müxtəlif inkişafetdirici və inkluziv təhsil proqramları tətbiq ediləcəkdir.
Təhsilin müasir səviyyədə qurulmasının əsas istiqamətlərindən biri kimi təhsil sisteminin informasiyalaşdırılması nəzərdə tutulmuşdur. Bu məqsədlə 2013-2020-ci ikllərdə Respublikamızda təhsil sisteminin informasiyalaşdırılması haqqında Dövlət Proqramının qəbul edilməsi nəzərdə tutulmuşdur. Dövlət Proqramında ucqar bölgələrdə olan məktəblər də daxil olmaqla respublikanın bütün ümumtəhsil məktəbləri internet əlaqəsi və lazımi texniki avandanlıqlarla təmin ediləcəkdir. Bütün təhsil müəssisələri vahid təhsil şəbəkəsinə qoşulacaqdır. Hər bir şagird 1 şagird – 1 kompyuter layihəsi çərçivəsində netbuk və planşetlərlə təmin ediləcəkdir. Məktəblərin bütün sinif otaqlarında noutbuk, proyektor və elektron lövhə olacaqdır. Bütün fənlər üzrə elektron tədris və metodiki resursların yaradılması davam etdiriləcəkdir. Elektron vasitələrdən daha asan istifadə etmək üçün “Bulud” texnologiyaları tətbiq ediləcəkdir. Ödənişsiz əsaslarla fəaliyyət göstərən təlim resursları yaradılacaqdır. Təhsil sahəsində beynəlxalq əlaqələrin genişlənməsi, şagirdlərimizin beynəlxalq proqramlara qoşulması üçün imkanlar genişləndiriləcəkdir.
2015-2020-ci illər üçün gənclərin xarici ölkələrdə təhsil alması üçün yeni Dövlət Proqramı qəbul ediləcəkdir. Xarici ölkələrin aparıcı universitetlərində oxuyan azərbaycanlı tələbələrin sayının əhəmiyyətli dərəcədə artırılması üçün tədbirlər görüləcəkdir.
Dövlət Proqramında məktəbəqədər təhsilin inkişafı üçün mühüm tədbirlər həyata keçirilməsi nəzərdə tutulmuşdur. Proqramda ölkə üzrə azyaşlı uşaqların məktəbəqədər təhsilə cəlbolunma səviyyəsinin orta Avropa səviyyəsinə çatdırılması nəzərdə tutulmuşdur. Bu məqsədlə dövlət uşaq bağçası şəbəkəsi genişləndiriləcək, onlarda şərait və təchizat müasir tələblər səviyyəsinə çatdırılacaqdır. Bununla yanaşı, müxtəlif mülkiyyət formasına – bələdiyyə, özəl, icma, ailə, uşaq bağçalarının yaradılmasına diqqət yetiriləcəkdir.
Dövlət Proqramının yerinə yetirilməsi istiqamətində rayonumuzda atılan mühüm addımlardan biri yeni uşaq bağçası binalarının tikintisidir. Rayon mərkəzində 140 yerlik yeni müasir uşaq bağçası tilikmişdir. Şəhər 2 nömrəli uşaq bağçası üçün Yaponiya hökümətinin maliyyə dəstəyi ilə 80 yerlik uşaq bağçası binası tikilmişdir. Hər iki yeni uşaq bağçası binalarının yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Məktəbdənkənar təhsilin səmərəliliyinin artırılması da vacib məsələ kimi irəli sürülmüşdür. Rayonda bu istiqamətdə tədbirlərin həyata keçirilməsinə başlanmışdır.
Dövlət Proqramında göstəilir ki, bölgələrin inkişafı və mütəxəssislərə tələbat nəzərə alınaraq regional çoxprofilli kolleclərin yaradılması istiqamətində tədbirlər görüləcəkdir.
Sevindirici haldır ki, rayon rəhbərliyinin səyi nəticəsində Respublikada bu sahədə ilk mühüm addım rayonumuzda atılmışdır. Bu günlərdə Respublika Nazirlər Kabineti İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin yaradılması haqqında qərar vermişdir.
Bu kollecinin yaradılması Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rayonumuza xüsusi diqqət və qayğısının nəticəsidir. Buna görə də rayonumuzun bütün təhsil işçiləri adından hörmətli Prezidentimiz cənab İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk.
Rasim Orucov,
İsmayıllı rayon Təhsil Şöbəsinin müdiri

Şərh Yaz