Yaddas kitabcasi

Uğurlu nəticələr, bəyənilən təşəbbüs

Uğurlu nəticələr, bəyənilən təşəbbüs
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş təhsil islahatı Respublikamızda uğurla davam etdirilir, məzmununda ciddi yeniliklər baş verir, ölkə təhsili yüksəliş və inkişafa doğru istiqamət götürür, dünya təhsil sisteminə inteqrasiya olunur.Uğurlu nəticələr, bəyənilən təşəbbüs
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş təhsil islahatı Respublikamızda uğurla davam etdirilir, məzmununda ciddi yeniliklər baş verir, ölkə təhsili yüksəliş və inkişafa doğru istiqamət götürür, dünya təhsil sisteminə inteqrasiya olunur.
Qəbul olunmuş Dövlət Proqramları, ölkə Prezidentinin imzaladığı fərman və sərəncamlar, tətbiq olunmuş müasir yeni – texnologiyalar onun məzmununa zənginlik gətirir, elmi tutumlu sahələrin inkişafına təkan verir.
Gənclərimiz gündən-günə daha yaxşı təhsil alır, müasir məktəblərdə, laboratoriya və fənn kabinetlərində elmi biliklərə yiyələnirlər. Vaxtı keçmiş, bu günlə ayaqlaşa bilməyən ənənələr öz yerini müasir təlim üsullarına, elektron inkişafa verir. Qabaqcıl müəllimlərimiz, bilikli gənclərimiz dünya təhsilinə çıxışlar edir, öyrənir və öyrədir. Sürətli elmi mübadilələr, öyrətmək və öyrənmək zamanından geri qalmamaq prinsipləri ayaq tutub yeriyir. Bütün bunlar ölkə Prezident cənab İlham Əliyevin təhsilin inkişafına göstərdiyi qayğı və diqqətin sayəsində mümkünləşir, real nəticələrə gətirib çıxarır.
“2011-2012-ci illərdə Azərbaycan təhsilinin inkişaf üzrə Milli strategiyanın hazırlanması haqqında” dövlət başçısının sərəncamı bunu bir daha təsdiq edir, təhsilin inkişafına dövlət qayğısını reallaşdırır.
Cənab Prezident çıxışlarının birində qeyd edir: “İnsanlarımız, gənclərimiz elə bilik almalıdırlar ki, ən yüksək vəzifələrdə çalışa bilsinlər, biz Azərbaycanı irəli aparaq. Deyə bilərəm ki, son illərdə Azərbaycanda təhsil sahəsində müsbətə doğru ciddi dönüş yaranmışdır.”
Ölkənin davamlı iqtisadi inkişafı məktəb tikintisinə yeni start vermiş, müvafiq Dövlət Proqramı, Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Yeniləşən Azərbaycana yeni məktəb” devizi altında respublikamızda 2500-dən çox məktəb tikilib istifadəyə verilmişdir.
Bir neçə ay əvvəl İsmayıllıya edilən rəhbər dəyişikliyi bölgəmizə yeni ab-hava, qurmaq, yaratmaq, yeniliyə və inkişafa doğru addımlamaq təşəbbüsləri gətirmişdir. İsmayıllıların itmiş inamı özünə qaytarılmışdır. İctimai-siyasi mühitdə gənclərə, ümumilikdə ismayıllılara doğru yol seçmək, onların məşğulluğunu təmin etmək imkanları yaradılır. Eyni zamanda təhsilimizə də qayğı və diqqət artmaqdadır. Rayonda yeni tədris müəssisələrinin ali və orta ixtisas məktəblərinin açılması təşəbbüsləri irəli sürülür. Bunun nəticəsi olaraq Rayon İcra Hakimiyyətinin başçısı M.Sadıqovun ciddi səyləri nəticəsində rayonumuzda İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci açılmışdır. Kollecə 2013-2014-cü tədris ilində 11 ixtisas üzrə 285 nəfərin qəbulu gözlənilir.
Uğurlu nəticələr, bəyənilən təşəbbüs
Rayonun ümumtəhsil məktəblərinin sayı 81-dir. 46 tam orta, 22 ümumi orta, 13 ibtidai məktəb, 5 məktəbdənkənar müəssisə, 11 məktəbəqədər tərbiyə müəssisəsi, Peşə Tədris Mərkəzi rayonun təhsil sektorunu əhatə edir. Şagirdlərin təlim-tərbiyəsi ilə 1600-dən çox müəllim və pedaqoji işçi məşğul olur.
Rayonda şagirdlərin, onlara dərs deyən müəllimlərin uğurlu nəticələrinin sayı ilbəil artmaqdadır. Son 10 il ərzində 2302 məzun müxtəlif ali məktəblərə qəbul olunmuşdur. Onlardan 428 nəfəri 500-600 arasında, 111 nəfəri isə 600-dən yuxarı bal toplamışdır. Fənn olimpiadalarının respublika turunda 60 nəfərdən çox istedadlı şagirdimiz qaliblər sırasında olmuşdur.
Şəhər 1, 2, 3, 5, 6 və 7 nömrəli, Lahıc qəsəbə, Təzəkənd, Cülyan, Talıstan, Sumağallı, Buynuz, Diyallı, İvanovka, Mollaisaqlı, Tircan məktəbləri qabaqcıl iş metodu və ali məktəblərə qəbulda müntəzəm olaraq fərqlənirlər. Son 10 ildə rayonda 24 məktəb, 43 əlavə sinif otağı tikilib istifadəyə verilmişdir. Keçən ilki məzunlardan 2, bu ilki məzunlardan isə 3 nəfəri tam orta təhsili “Qızıl medal”, 1 nəfəri isə “Gümüş medalla” bitirmişdir.
Ölkə Prezidentinin müvafiq sərəncamı ilə 9 nəfər müəllimimiz “Əməkdar müəllim” adına layiq görülmüş, 3 nəfər isə “Tərəqqi medalı” ilə təltif olunmuşdur. Son illər ərzində 28 nəfər müəllimimiz “Qabaqcıl təhsil işçisi” adına layiq görülmüşdür.
Ümumtəhsilin aktual problemlərinə həsr olunmuş elmi-nəzəri konfranslar, praktiki seminarlar, yeni fənn proqramları ilə kurikulum yeniliklərinin tətbiqi baxımından böyük əhəmiyyət daşıyır. Keçən il məktəblərə 350 min manatlıq inventar və avadanlıq verilmişdir. Rayon üzrə hər 20 şagirdə bir kompüter düşür.
İsmayıllıda daima təhsilə, elmə, biliyə maraq güclü olmuş, bu ənənə davam edir. İlbəil artan təhsil uğurları bayram təntənəsi şəklində qeyd olunmaq səviyyəsinə qaldırılır. Yaxşı nəticələr əldə edən, müasirliyi qəbul edib tətbiqini bacaran müəllimlərimizin, təhsil müvəffəqiyyətləri ilə fərqlənən şagirdlərimizin əməyi yüksək qiymətləndirilir, layiq olduğu dəyəri alır.
Hər il ali məktəblərə qəbulda məzunlarımız yüksək nəticələr göstərirlər. Təhsilə göstərilən yüksək dövlət qayğısı öz nəticəsini verməkdə, rayonun istedadlı gənclərinin uğurları ilbəil artmaqdadır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının imtahanlarının nəticələrinə dair illik statistik məlumatlarını gözdən keçirmək kifayət edər ki, rayon məzunlarının nəyə qadir olduğunu müəyyən edəsən. Ötən il qəbul imtahanlarının nəticələrinə əsasən tələbə adını qazanmış rayon məzunlarının 91 faizi dövlət, 9 faizi isə özəl ali təhsil müəssisələrinə qəbul olunmuşlar. 11 nəfəri 600-dən yuxarı, 44 nəfəri isə 500-600 arasında bal toplamışdır. Lahıc qəsəbə tam orta məktəbinin məzunu Əliqulu Əlili qəbul imtahanlarında qazandığı yüksək nəticəyə görə Prezident Təqaüdünə layiq görülmüşdür.
Rayon məzunlarının qəbul imtahanlarında qazandıqları orta nəticə hər dörd ixtisas qrupunda respublikanın orta göstəricisindən yüksək olmuşdur.
Ali məktəblərə qəbul imtahanları abituriyentlərin, eyni zamanda, valideynlərin yaşadıqları həyəcanlı günlərdəndir. Hər il bu həyəcanın üzərinə yol, nəqliyyat problemləri də əlavə olunur. Açığını demək lazımdır ki, imkansızlıq üzündən övladlarını keçirilən qəbul imtahanlarına apara bilməyən valideynlər də var. Bütün bu məsələlər rayon rəhbərliyini, şəxsən RİH-nin başçısı Mirdaməd Sadıqovu dərindən düşündürdü. Ağıllı, düşünülmüş ideyalar həmişə xalqın xeyrinə olur. Mirdaməd müəllim respublika rəhbərliyi qarşısında məsələ qaldırdı ki, abituriyentlərin imtahan verəcəkləri mərkəzlərə daşınmasını hər bir rayon öz üzərinə götürsün. Avtobuslar ayrılsın. Məzunlar mərkəzləşdirilmiş qaydada, mütəşəkkil şəkildə yola salınsın və onlar imtahan verdikdən sonra geri qaytarılsın. İdeya müəllifinin təklifi bəyənildi, bütün respublikaya şamil edildi.
Bu il rayon üzrə XI sinifləri 972 nəfər bitirib. Onlardan 271 nəfəri birinci, 188 nəfər ikinci, 365 nəfəri üçüncü, 79 nəfəri isə üçüncü qruplara sənəd verib. Abituriyentlər 14, 21, 28 iyul və 03 avqust 2013-cü il tarixlərdə Göyçay şəhərində imtahan verəcəklər.
Avqustun 14-də Heydər Əliyev Mərkəzi qarşısındakı canlanma diqqəti daha çox cəlb edirdi. Rayonun müxtəlif kəndlərindən bura toplaşan abituriyentlər təntənəli şəkildə Göyçay şəhərinə qəbul imtahanlarına yola salınırdı. İmtahana gedən gənclərin çöhrəsində sevinclə bərbər bir həyəcan da duyulurdu. Bəli, bu bilik sınağından hər bir gənc daha üzüağ çıxmaq anlarını yaşayırdı.
Meydanda üzərində “İsmayıllı” sözü ilə bərabər: “Əziz abituriyentlər, sizə uğurlar arzulayırıq” sözləri yazılmış 7 avtobus sıralanmışdı.
Mərkəzin qarşısında qısa bir toplantı keçirildi. RTŞ-nın müdiri R.Orucov, rayon Ağsaqqallar şurası ictimai nəzarət qrupunun sədri F.Bəşirov rayon rəhbərliyi adından abituriyentləri təbrik etdi. Bu şəraiti yaratdığına görə valideynlər adından cənab Prezident İlham Əliyevə minnətdarlıq ifadə olundu. Gənclər avtobusa doluşdular. Onlar üçün mineral su ehtiyatı da görülmüşdü. Axı su aydınlıqdır. Ata-babalarımızdan qalma gözəl bir adət var. Səfərə çıxanların arxasınca su atarlar. Alqışlar altında avtobus karvanı yola düşür. Yolunuz uğurlu olsun, əziz gənclər, uğurla dönün İsmayıllıya!
M.Məhərrəmov,
RİH ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi

Şərh Yaz