Bağırsaq infeksiyalarından qorunma yolları

Bağırsaq infeksiyaları çox ağır nəticələr verən xəstəliklər törədir. Xəstəliyin törədiciləri müxtəlif parogen və şərti patogen mikroblardır. Bu infeksiyalar əsasən ilin isti aylarında daha çox yayılır, bəzi hallarda isə epidemik “alovlanmalar” baş verir.
Xəstəliyin əsas səbəbi natəmizlik, adi gigiyena qaydalarına əməl olunmamasıdır.
Xəstəlik keyfiyyətsiz qida məhsulları qəbul etdikdən, habelə gigiyenik qaydalara əməl edilmədiyi üçün alimentar yolla mikroblar orqanizmə daxil olduqdan 12-24 saat sonra başlayır. Bəzən xəstəliyin gizli dövrü 6 saatadək qısalır və 72 saata qədər uzana bilir.
Bağırsaq infeksiyalarından qorunma yolları

Ürək bulanması, mədə nahiyəsində ağrı, ishal, bəzi hallarda qusma xəstəliyin əsas xarakterik əlamətləridir. Xəstələrdə baş ağrıları, hərarətin qalxması, soyuq tər, baş gicəllənməsi halları da müşahidə olunur. Xəstəlik baş verdikdə həkim təyinatı əsasında müalicə aparılmalıdır. Bağırsaq infeksiyalarının özbaşına müalicəsi xəstəliklərin ağırlaşmasına, bakteriyagəzdiriciliyin yaranmasına səbəb olmaqla yanaşı, digərlərinin də yoluxdurulması təhlükəsini artırır.
Müəyyən gigiyena qaydalarına əməl etmək bağırsaq infeksiyalarına qarşı görülən ən yaxşı tədbirdir. Ona görə də aşağıdakı qaydalara əməl etməklə bağırsaq infeksiyalarından qorunmaq mümkündür.
– Əllərinizi yeməkdən qabaq və hər çirkli işdən sonra mütləq sabunla yuyun.
– Meyvə-tərəvəz və göyərti yeməkdən qabaq diqqətlə yuyulmalıdır.
– Şəxsi geyiminizi, mənzilinizi və həyətinizi təmiz saxlayın.
– Mətbəxdə ərzaqların saxlanması və yeməklərin hazırlanması zamanı gigiyena qaydalarına ciddi əməl edin.
– Ticarət obyektlərindən kənarda satılan ərzaq mallarını alarkən diqqətli olun. Xüsusən, tez xarab olan ərzaq məhsullarının yararlılıq göstəricilərinə fikir verin.
– Qida və məişət tullantılarını tez-tez və nəzərdə tutulmuş yerlərə atın.
– İçmək üçün mineral, artezian quyuları, bulaq suyundan və ya qaynadılmış sudan istifadə olunmalıdır.
– İstirahət yerlərini çirkləndirməyin və başqalarına da bunu etməyə imkan verməyin.
Əgər bu adi qaydalara riayət edilsə, onda bağırsaq infeksiyalarının, qida zəhərlənmələrinin, digər yoluxucu xəstəliklərin yayılma təhlükəsi kəskin azalar və əhalinin sağlamlığının qorunma ehtimalı xeyli yüksəlmiş olar.
Elbrus Bağırov,
İsmayıllı rayon Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri

Şərh Yaz