Soraq verin: Müəllim, döyüşçü, şair…

Əziz oxucular, mən bir vaxtlar rayonumuzda çıxan “Zəhmətkeş” qəzetinin 16 sentyabr 1982-ci il və 7 may 1983-cü il tarixli nömrələrində ”Müəllim, döyüşçü, şair…” və “Gənclik” jurnalının 1996-cı il tarixli altıncı nömrəsində (“Babadağdan qopan daş” – şair Sabir Sarvanla birlikdə) həmyerlimiz, Lahıc kəndindən olan Abbasov Əlabbas Məşədi Qasım oğlu (şeirlərində özünü Abbas kimi təqdim etmişdir) haqqında soraq xarakterli yazılar yazmış, Abbasın döyüş gündəliklərindən və şeirlərindən nümunələr dərc etdirmişdim. Soraq verin:
Müəllim, döyüşçü, şair…

Əziz oxucular, mən bir vaxtlar rayonumuzda çıxan “Zəhmətkeş” qəzetinin 16 sentyabr 1982-ci il və 7 may 1983-cü il tarixli nömrələrində ”Müəllim, döyüşçü, şair…” və “Gənclik” jurnalının 1996-cı il tarixli altıncı nömrəsində (“Babadağdan qopan daş” – şair Sabir Sarvanla birlikdə) həmyerlimiz, Lahıc kəndindən olan Abbasov Əlabbas Məşədi Qasım oğlu (şeirlərində özünü Abbas kimi təqdim etmişdir) haqqında soraq xarakterli yazılar yazmış, Abbasın döyüş gündəliklərindən və şeirlərindən nümunələr dərc etdirmişdim. Təəssüf ki, həmyerlimiz haqqında bu vaxtadək kənd sakinlərindən heç kim bir soraq verməmişdir. Odur ki, böyük bir döyüş yolu keçən, vətənə, xalqa, o zamankı dövlətə və quruluşa bütün varlığı ilə bağlı olan bir döyüşçü, zabit, müəllim və şair haqqında yenidən məlumat verməyi və şerlərindən nümunələri oxuculara təqdim etməyi özümə borc bildim.
Abbas haqqında mənim məlumat almağımın tarixçəsi aşağıdakı kimi olmuşdur.
Səksəninci illər idi, mən Talıstan məktəbində dil-ədəbiyyat müəllimi işləyirdim. Ara-sıra ədəbi yazılar və şeirlərlə rayonumuzun, ”Zəhmətkeş” qəzetində çıxış edirdim.
Günlərin birində bir qoca kişi bizə qonaq gəldi. Dosməmmədov Dosməmməd Baba oğlu adlı bu kişi Bakı şəhərindən gəlmişdi. O, mənə bildirdi ki, Lahıcda boya-başa çatmış, sonra isə sizin Talıstan kəndində tarix müəllimi işləmiş Abbas və ya Abbasəli adlı şəxsin Simferapol şəhərində gündəliklərini və şeirlərini tapmışam. Bakıda redaksiyalara müraciət etmişəm, mənə kömək edən olmayıb. Rayona gələndə səni soraq verdilər və dedilər ki, get o, sənə kömək edər.
Biz xeyli söhbət etdik, gündəliklərin bir hissəsini gətirmişdi, tanış oldum. Ünvanını aldım, ertəsi gün onu Bakıya yola saldım.
Bir neçə gündən sonra mən Bakıya, Dosməmməd kişinin evinə getdim. Gündəliklərlə tanış oldum. Dosməmməd kişi bu gündəlikləri necə tapdığı barədə mənə aşağıdakı məlumatı bildirdi:
“Mən bu materialı Simferapolda yaşayan kürəkənimgilə gəzməyə getdiyim zaman Kirov prospektində sökülən bir binanın yanından, kağızların arasından tapdım. Dəftər tamamilə ələ gələ bilməyəcək bir vəziyyətdə idi. Azərbaycan dilində yazılmış ”Baba dağı” şeiri diqqətimi cəlb etdi. Dəftəri götürüb qızımgilə apardım.
Dəftəri oxuyanda orada bir zabitin qaynar ürək döyüntülərini duydum. Dəftər parça-parça kağızlardan ibarət idi. Dəftərin bir qədərini, yəni indi məlum olan qismini elə oradaca yazıya köçürdüm. Qalan hissəsini isə qızımgilin evinin zirzəmisinə qoydum. Bu yaxın vaxtlarda dəftərin qalan vərəqələrini əldə etmək istədim, tapa bilmədim”
Xoşbəxtlikdən Dosməmməd kişi Abbasın xeyli şeirlərini və Semferapolda hərbi xəstəxanada yatdığı qırx günlük qeydlərini köçürə bilmişdir.
Əziz oxucular, Abbasın həyatı, döyüş yolu, gündəlikləri və şeirləri barədə gələcək yazılarda məlumat verəcəyəm. Hələlik onun şeirlərindən bir neçəsini azca redaktə etməklə oxuculara təqdim edirəm:

Vətən
Vətən dedim, tir-tir əsdi ürəyim,
Edirəm canımı Vətənə qurban.
Odur məhəbbətim, duzum, çörəyim,
Nə lazım vətənsiz şah olsa insan.

Vətəndir vicdanım, namusum, arım,
Şərəfim, şöhrətim, hər iftixarım.
Dövlətim, sərvətim, zinətim, varım,
Vətənsiz cənnət də zindandır inan.

Abbas üçün Vətən sözü müqəddəs,
Vətənindən ayrı keçən ömrü: yas.
Bu ömür dastanım xalqıma miras,
Xalqım bilər var imişəm bir zaman.

Ad günüm
Bu gün tamam olur otuz bir yaşım,
Alovlar içində, odlar içində.
Sıxır əllərimi silah yoldaşım,
Demə ki, yalqızam yadlar içində.

Hamı ana kimi qucur Vətəni,
Dilimiz müxtəlif, amalımız bir.
Alıbdır dövrəyə dostlarım məni,
Sınaqda bərkimiş birlik bizimdir.

Bu gün mənim üçün adi gün deyil,
Sabah Bayram gəlir bizim ellərə.
Martın iyirmisi, qırx üçüncü il,
Təbiət xalısın sərir çöllərə.

Yenə bahar gəlir çəmənə, çölə,
Qoca Girdimanım hay-haray salır.
Abbas Koroğlutək döyüşür hələ,
Hər zəfər nəğməsi yadigar qalır.

Olma
Ana, nəsihətin qulağımdadır,
Dedin ki, qürbətdə qalandan olma.
Ölümə getsən də çalış öndə dur,
Cərgədə geridə durandan olma.

Dedin, oğlum, şir gücü var qolunda,
Döyüş meydanında, Vətən yolunda.
İblis niqabında, pərdə dalında,
Gizlənib hiylələr qurandan olma.

Çalış ki, yaxşılıq gəlsin əlindən,
Şirin danış, bal tökülsün dilindən.
Vətən xeyir görsün əməllərindən,
Qılıncı gücsüzə vurandan olma.

Zabit Abbas, çox da demə özündən,
Cəhd elə ki, çıxma ana sözündən.
Son gülləni keçir düşmən gözündən,
Yadlara boynunu burandan olma.

Getdi
De hanı cahanda meydan quranlar,
Yığdığı xəzinə qaldı da getdi.
Daş-qaş üçün daim beyin yoranlar,
Əcəldən payını aldı da getdi.

İsgəndər fəth etdi Hindi, İranı,
Söylə, Keyqubaddan bir nişan hanı?
Çingiz xan da dörd dolandı dünyanı,
Tacları payimal oldu da getdi.

Teymur da özünü sayırdı Allah,
Bəs hanı o dövran, o ordu, silah.
Hanı Napoleon, hanı Nadir şah,
Cahana vəlvələ saldı da getdi.

Bir əlvan tablodur həyatın yolu,
Dərk etsən ibrətlə doludur, dolu.
Azadlıq yoludur Abbasın yolu,
Meylini haqq yola saldı da getdi.

Lahıc qızları
Yenə yada düşdü Lahıc qızları,
Şəkərbacı, Şirinbacı, Gülbacı.
Görəni məst edər bircə baxışla,
Min naz ilə dönüb baxsa qıyqacı.

Hər biri bir afət, lalə yanaqlı,
Leyli timsallıdır, qaymaq dodaqlı.
Züleyxa nişanlı, Şirin soraqlı,
Mat qoyar bülbülü, kəklik, turacı.

El üçün yaşayıb sönəydim bir gün,
Dağımda, daşımda dinəydim bir gün.
A ceyran gözəllər, dönəydim bir gün,
Gətirəydim sizə qələbə tacı.
Əziz oxucular, bu müəllim, şair və döyüşçü haqqında məlumatı olanlardan mənə və yaxud redaksiyaya məlumat verməyinizi xahiş edirəm. Sağlıq olsa, gələcəkdə Abbas müəllimin həyatı, yaradıcılığı və gündəliklərini kitab halında dərc etdirmək fikrindəyəm. Odur ki, məlumat verəcək şəxslərə qabaqcadan təşəkkürümü bildirirəm.
Nazir Qasımov (Ziya),
RİH başçısının Talıstan İƏD-i üzrə nümayəndəsinin müavini

Şərh Yaz