Sağlamlığınız üçün: Spirtsiz içki alarkən diqqətli olun

Sağlamlığınız üçün:
Spirtsiz içki alarkən diqqətli olun

Sağlamlığınız üçün: Spirtsiz içki alarkən diqqətli olun
Sağlamlığınız üçün:
Spirtsiz içki alarkən diqqətli olun

Havaların istiləşməsi ilə əlaqədar insan orqanizminin suya olan tələbatı da xeyli artır. Bu tələbatı ödəmək üçün çoxlu maye qəbul etməli oluruq. Çay və adi bulaq suyundan əlavə, spirtsiz içkilərə və müxtəlif meyvə şirələrinə də tələbat artır. Spirtsiz içkilər susuzluğun yatırılmasında və orqanizmdə su balansının tənzimlənməsində fizioloji əhəmiyyətə malikdir. Şəkərli spirtsiz içkilərin tərkibində 7-10 faizə qədər şəkər, 0,1- 1,2 faizə qədər üzvi turşu, eləcə də vitaminlər və digər bioloji fəal maddələr olur. Təbii meyvə-giləmeyvə ekstraktları ilə hazırlanmış spirtsiz içkilərin tərkibində minerallı, rəngləyici və digər bioloji fəal maddələr mövcuddur.
Sağlamlığınız üçün: Spirtsiz içki alarkən diqqətli olun
Spirtsiz içkilər aşağıdakı kimi təsnifləşdirilir:
– mineral sular;
– qazsız spirtsiz içkilər;
– qazlaşdırılmış spirtsiz içkilər;
– meyvə- giləmeyvə, tərəvəz şirələri və s.
Bəzi hallarda bu məhsullar ticarət obyektlərində saxlama müddətindən artıq saxlanıldığından və temperatur rejiminə əməl edilmədiyindən zəhərlənmə, mədə-bağırsaq sistemində digər fəsadlar və maya göbələklərinin yaranma mənbəyi rolunda çıxış edir. Bu səbəbdən də hər bir istehlakçı spirtsiz içkilər alarkən diqqətli olmalıdır.
Spirtsiz içkilərin keyfiyyəti həm orqanoleptiki, həm də fiziki-kimyəvi göstəricilərinə görə müəyyən edilir. Keyfiyyətli spirtsiz içkilər şəffaf, çöküntüsüz olur. Meyvəli spirtsiz içkilərin rəngi, dadı və ətri onların adına müvafiq olmalıdır.
Spirtsiz içkilərin etiketində aşağıdakı məlumarlar olmalıdır:
– məhsulun və istehsalçı müəssisənin adı;
– mənşəyi və istehsal olunduğu ölkə;
– tərkibi;
– qida dəyərliliyi;
– istehsal tarixi;
– saxlanılma şəraiti və müddəti;
– istehsalçının ticarət nişanı;
– minerallaşma dərəcəsi;
– suyun təyinatı (müalicəvi süfrə və ya təbii süfrə);
– istehsalında istinad olunan standartın nömrəsi, sertifikatlaşdırma barədə qeyd və s.
Bu məhsulları alarkən etiketdə qeyd olunan məlumatları diqqərlə nəzərdən keçirin.
Spirtsiz içkilər 0-20 dərəcə Selsi temperaturda saxlanılmalıdır. Meyvə şirəsi və ekstraktları 0-10 dərəcə, şəkər əlavə edilmiş şirələr 0-20 dərəcə, şərbət, mors və quru konsentratlar 12-20 dərəcə Selsi temperaturda aşağıda qeyd olunan müddətlərdə saxlanıla bilər:
– qazlı içkilər – 30 gündən 6 aya qədər;
– diabetiklər üçün içkilər və süni mineral sular – 15 günə qədər;
– bütün növ düşes limonadları – 20 günə qədər;
– təbii mineral sular – 4 aydan 1 ilə qədər;
– meyvə -giləmeyvə şirələri – 1 ilə qədər;
– qazlı içki konsentratları – 2 ilə qədər;
– meyvə nektarları ən çoxu 9 aya, feyxoa nektarı ən çoxu 6 aya qədər.
Daşınma və saxlanma şərtlərinə uyğun olaraq spirtsiz içkilərin saxlanma müddəti istehsalçı tərəfindən səlahiyyətli orqan ilə razılaşdırılmaqla müəyyən edilir.
Günəş şüaları altında və 20 dərəcə Selsidən yuxarı temperaturda saxlanılan spirtsiz içkilərin istifadəsi təhlükəlidir. Burada çox vacib olan bir faktı qeyd etmək lazımdır. Yəqin ki, şəhərimizin ərzaq mağazalarının qarşısında, Günəş altında qalaqlanmış və az qala qaynamaq dərəcəsinə çatmış belə spirtsiz içkilərə hər birimiz rast gəlmişik. Bizcə, bu faktı xırdalamağa lüzum yoxdur. Müvafiq təşkilatlar sözünü deməlidir.
Saxlama müddətindən artıq saxlanılan spirtsiz içkilər insanlarda zəhərlənmə, mədə-bağırsaq sisteminin pozulması və digər fəsadlara yol aça bilər.
Ticarət şəbəkəsindən bu məhsulları alarkən butulkaların dibində çöküntünün olmasına, şəffaflığına diqqət edin. Çöküntünün olması və bulanıqlaşma suyun keyfiyyətsizlik əlamətidir.
Spirtsiz içkilərin istifadə olunmuş qablara yenidən doldurulub satılmasına yol verilmir.
Mənşəyi məlum olmayan su və limonadların alınması məsləhət deyil.
Üzərində istehsal və son istifadə tarixi, istehsalçı müəssisənin adı, ünvanı, əlaqə telefonu və sair qeyd olunmayan içkiləri almayın. Unutmayın ki, sağlamlığınız öz əlinizdədir.
X.Qənbərov,
Gigiyena və Epidemiologiya Mərkəzinin ditrektoru

Şərh Yaz