Əlvida bağça…

İllər keçəcək, bu gül balalar böyüyüb boya-başa çatacaq, hərəsi bir peşəyə sahib olub, Vətənə layiqincə xidmət göstərəcəklər. Əlvida bağça…
Bağçamızda maraqlı və əyləncəli tədbirlərin keçirilməsi həmişə diqqət mərkəzində saxlanır. Bu yaxınlarda “Əlvida bağça, salam məktəb” adlı əyləncəli tədbir keçirdik. Bağban becərdiyi ağacın bəhrəsini görəndə sevindiyi kimi, biz tərbiyəçilər də zəhmətimizin bəhrəsi olan gül balaların məktəbə hazır olmasını görəndə qəlbimiz sevinc və fərəhlə döyünür. Vaxt vardı, onlar qorxaq və ürkək halda bağçaya qədəm qoymuşdular. Adlarını soruşanda cavab verməyə utanan bu fidan balalara böyük qayğı göstərməli idik. İndi ana, Vətən, bağça, məktəb haqqında çoxlu şeirlər, mahnılar bilmələri bir daha zəhmətimizin əbəs olmadığını sübut edir.
Məktəbəqədər yaş dövründə uşaqların pedaqoji, psixoloji, fiziki, nitq, ünsiyyət və davranış cəhətdən məktəb təliminə yaxşı hazırlanması olduqca vacib amillərdəndir. Bu işdə əldə edilən nailiyyətlər uşağın məktəb dövründə yüksək qiymətlərlə oxumasına böyük köməkdir. İllər keçəcək, bu gül balalar böyüyüb boya-başa çatacaq, hərəsi bir peşəyə sahib olub, Vətənə layiqincə xidmət göstərəcəklər. Onda kiçik kollektivimiz də fəxrlə deyə biləcək ki, onların yetişməsində bizim də kiçicik əməyimiz var. İnanırıq ki, gələcəkdə onlar da başımızı uca edəcəklər.
A.Məmmədova,
Gəraybəyli kənd körpələr evi-uşaq bağçasının müdiri

Şərh Yaz