El qınağı

Erkən nikah, nikahsız evlilik – əxlaqi qüsurdur
Azərbaycanlı ailəsi, Azərbaycanın ailə modeli tarix boyu dünyaya nümunə olmuşdur. Böyüyə hörməti, kiçiyə qayğısı, ailəyə sədaqəti ilə seçilib bizim insanlar. Milli adət-ənənələr tarix boyu qorunaraq nəsillərdən-nəsillərə ötürülüb, yaşadılıb.

El qınağıEl qınağı
Erkən nikah, nikahsız evlilik – əxlaqi qüsurdur
Azərbaycanlı ailəsi, Azərbaycanın ailə modeli tarix boyu dünyaya nümunə olmuşdur. Böyüyə hörməti, kiçiyə qayğısı, ailəyə sədaqəti ilə seçilib bizim insanlar. Milli adət-ənənələr tarix boyu qorunaraq nəsillərdən-nəsillərə ötürülüb, yaşadılıb.

El qınağı
Çox da uzaq olmayan dövrdə – ötən əsrin yetmiş-səksəninci illərində azərbaycanlı ailəsinin yazılmamış aksiom qanunları var idi: qız 18 yaşına çatmamış ailə qurmazdı, nikah şəhadətnaməsi olmadan qız anası qızının gəlin paltarında qapıdan çıxmasına izin verməzdi. Aradan keçən bu bir neçə on illik çox şeyləri dəyişdi, çoxu yaxşılığa, inkişafa dəyişsə də ailələrlə, qadınlarla bağlı bəzi məsələlərdə bu gün özümüz özümüzü tanımaz olmuşuq. Bu gün qadın həm unudulub, həm də hədəf obyekti olub. Vaxt var idi, qadınların kişilərlə çiyin-çiyinə çalışmasına şəxsən dövlət nəzarət edirdi: hər iş sahəsinə veto qoyulurdu ki, neçə faizi qadınlar olsun. Zaman keçdi, bu məsələ unuduldu və unudulduqca da qadın hədəf oldu: daha çox zorakılığa məruz qaldı, təhsil, iş, nikah və ən önəmlisi Uşaq hüquqları pozulan uşaq qızlar vaxtsız-vədəsiz ailə qurmağa təhrik edildilər. Hətta, yaşı çatan qızlar belə, ailə quranda rəsmi dövlət nikahının qeydə alınması çox halda lazımsız bilindi və nəticədə, bir vaxtlar bic, vələdüzzina, bu gün isə adını mədəniləşdirib nikahdankənar qoyduğumuz qanunsuz uşaqlar dünyaya gəldi. Hansı ki, bir vaxtlar nikahsız ailə qurmaq, nikahdankənar uşaq dünyaya gətirmək ən böyük əxlaqi qüsur hesab olunardı və bu addımı atmaq fikrində olanlar ilk öncə qohum, el qınağından, qonum-qonşu, ağsaqqal danlağından, cəmiyyətdən təcrid olunmaqdan qorxardılar! Bir ildə Respublikada 17000, rayonumuzda isə 143 belə uşağa yaş kağızı verilib. Nikahsız araya-ərsəyə gələn ailələrdə boşanma olanda da heç bir rəsmi hüququ olmadığından küçəyə atılan, heç bir mülki tələb irəli sürə bilməyən yenə qadınlar olurlar. Niyə?! Axı qadın böyük qüvvədir, necə olur ki, o zorakılığa boyun əyir, erkən evliliyə razı olur və ya razı salınır? Necə olur ki, bilərəkdən, ya bilməyərəkdən rəsmi nikahsız, yenə mədəniləşdirib, müasirləşdirib “faktiki nikah” adlandırdığımız və əslində qeyri-qanuni – nikahsız ailəli olmağa razılıq verir?! Nə olub qadınlarımıza, nə dəyişib, hüququmuzumu bilmirik, yoxsa, bilib əməl etmək istəmirik?! Bəlkə kişilərin könül almaq xatirinə ünvanımıza işlətdikləri “zəif, zərif” sözləri bizim öz qüvvəmizə, gücümüzə olan inamımızı öldürüb, unutdurub?!
Bütün müdrik kəlamlar kişilərin – ataların adı ilə bağlıdır. “Kişi başdırsa, qadın boyundur” deyimi də atalar sözləri sırasında ta qədimdən yer alıb. Bu, çox böyük sözdür: başı boyun idarə etdiyi kimi, kişini də qadın idarə edir. Bəli, qadın elə bir qüvvədir ki, istərsə yeni dövr, yeni cığır aça bilər tarixdə. Bəs biz, Azərbaycan qadını bu gün bunun fərqindəyikmi? Özümüz öz gücümüzə bələdikmi?! Bu gün biz Azərbaycan qadınını televiziya başında serial, tok-şou, evlilik proqramları izləyərkən görürük. Hətta, o həddədir ki, uşağına, ərinə yemək hazırlamağa da vaxt tapmır. Biz qızlarımızı, qadınlarımızı serial qəhrəmanlarına bənzədiklərini görürük get-gedə. İstər fiziki, istərsə də mənəvi baxımdan. Bu gün ərə getməkdən başqa bir şey düşünməyən bir kəsim yaranıb ətrafımızda. Məhz bunun nəticəsidir ki, boşanmaların, nikahdankənar doğulan uşaqların, 13-15 yaşlı qızlar arasında abort və evlilik hallarının sayı bu qədər artıb. Bütün bunların bir əsas səbəbi də, təəssüf ki, elmsizlik, savadsızlıq, cahillikdir – ən böyük tərbiyəçi olan ananın savadsızlığı, “orta təhsil məcburi deyil deyib” aşağı siniflərdən paltar, kitab almağa pul olmaması bəhanəsi ilə qızını məktəbdən çıxarıb evdə otuzduran atanın nadanlığı!
Əgər bu gün valideynlər qız övladlarını məktəbdən çıxarıb evdə oturmağa, ya da ərə verməyə çalışırlarsa, bunun qarşısı qətiyyətli şəkildə alınmalıdır. Hər iki halda Dövlətin qanunları, Uşaq hüquqları pozulur və ən əsası yazılmamış İnsanlıq qanunları pozulur. Və guya ki, görən, bilən olmur. Əgər hansısa bir kənddə azyaşlı qız ərə verilirsə, kənd icra nümayəndəsi və ya sahə polis nəfəri bu hadisədən xəbərsiz olduğunu deyirsə, buna qətiyyən inanmaq olmaz. Görürlər, bilirlər və çox halda məclisdə də iştirak edirlər. Beləliklə, görə-görə, bilə-bilə dövlətin qanunlarının pozulmasına göz yumurlar. Rayonumuzda kifayət qədər erkən nikah halları var: indiyədək bununla bağlı kim cəzalandırılıb?! Deməli, qanunların pozulmasının bir səbəbi də bu qanunların keşiyində durmalı olanların laqeydliyi, məsuliyyətsizliyidir.
İnsan, qadın olan kəs ilk növbədə özü-özünə hörmət qoymalı, hüquqlarını bilməli, riayət etməli, ailədən başlayaraq kimsəyə, hətta doğma ata-anasına belə hüquqlarını pozmağa icazə verməməlidir.
Əziz qızlarımız, üzümü Sizə tuturam, hüquqlarınızı bilin, onlardan yaxşı mənada istifadə edin. Təhsil alın, cəmiyyətə adaptasiya olun, öz ayaqlarınız üzərində möhkəm durmağı bacarın ki, həyatda büdrəməyəsiniz, güclü olasınız ki, sizi əzməsinlər, zorakılığa məruz qoymasınlar. Ailə həyatı qurmaq istəyəndə tələsməyin, ömrün ən gözəl çağı olan uşaqlığınızı erkən əldən verməyin. Ər olsun tez olsun yox, gec olsun, eyib etməz, kişi olsun, insan olsun, səni duyan, dəyərləndirən, sənə ömür-gün yoldaşı, uşaqlarının anası kimi, ehtiram göstərməyi bacaran olsun! Təmtəraqlı toy, villa, bahalı maşın yox, rəsmi nikah, toydan öncəsi qan analizi tələb edin ki, səhəri gün, Allah göstərməsin, taleyin qisməti sizi ayrı salanda, nikah hüququnun verdiyi imkanlardan yararlana biləsən, dünyaya gətirdiyin övladın nikahdankənar damğası almasın, qucağına sağlam övlad ala biləsən.
Əziz analar, qızınızın erkən ailə qurmasına razı olmayın, qızınızı həyata və ailə həyatına mükəmməl hazırlayın. Nikah şəhadətnaməsini gözünüzlə görmədən qızınızı ər evinə yola salmayın.
Hörmətli oxucular! Mən ixtisasca jurnalistəm, nə qədər yazılara imza atmışam, bunu dəqiq bilmirəm. Dəqiq bildiyim bir odur ki, bu mövzuda ilk dəfədir yazıram. Bu idarədə işlədiyim illərdə çox sayda ailə problemləri ilə rastlaşmışam və elə ona görə də bu yazını yazdım. Mən güclü bildiyim, güclü görmək istədiyim qadınları döyülmüş, xəstə uşağı ilə birlikdə küçəyə atılmış, erkən evlənib erkən uşaq sahibi olub və elə erkən də boşanmış, qucağındakı körpəsinə ata soyadını belə ala bilməyən və əslində qanundankənar evlilikdən doğulan “bic” uşağı ilə qapılar döyüb əlac istəyən görəndə, sarsılıram. Bu sətirləri də həmişəkindən fərqli olaraq ürək ağrısı ilə yazıram.
Ailə kiçik bir dövlətdir, dövlət isə bu kiçik dövlətlərin toplumu. Əgər ailələr sağlamdırsa, problemsizdirsə, o dövlət də sağlam, möhkəm olar. Mən bir vətəndaş kimi problemsiz bir ölkədə yaşamaq istəyirəm, əminəm ki, Siz də elə. Onda uzadın əllərinizi, rayonumuzda başqa rayonlarla müqayisədə onsuz da az olan bu cür mənfi hallara qarşı birlikdə mübarizə aparaq, boşanmalara, nikahsız və erkən evliliklərə, hər cür məişət zorakılıqlarına hamılıqla “yox” deyək. Sizlərə birgə iş üçün uzanan əlimiz əminəm ki, havada qalmayacaq. Ən azından hərəyə bircə yol verilən ömür payını insan kimi, mənalı və xoş yaşaya bilmək naminə!
Lətifə Əliyeva,
İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Redaksiyadan: Müəllif yazısında çox önəmli məsələlərə toxunub. Yazıda qeyd olunduğu kimi, rayonumuzda belə hallara az-az rast gəlinsə də həm varlığı, həm də artıma meyilliyi ciddi narahatlıq doğurur. Yazı ilə bağlı bütün kateqoriyadan olan oxucularımızın, habelə göstərilən mənfi hallara qarşı mübarizə aparmaq vəzifə borcu olanların fikir və təkliflərini öyrənmək istərdik. Yazılarınızı gözləyirik.

Şərh Yaz