Axı niyə?..

Axı niyə?..Axı niyə?..
Ötən sayımızda küçə mədəniyyətindən danışarkən zibilin yerə atılması haqqında qısa olsa da qeydlər vermişdim. Bu sayımızda isə şəhərin təmizliyi ilə bağlı müşahidələrimə əsaslanaraq mövzunu qabartmaq niyyətindəyəm.
Məlum məsələ, artıq hava istiləşib, bu isə o deməkdir ki, yerə atılacaq zibillərin sayı da çoxalıb, nəzarət olunmazsa getdikcə daha da artacaq.
Təmizlik hər bir insanda olmalıdır. Heç kim istəməz ki, evi çirkli, zibilli olsun. Bir insan nə qədər ki, öz evini təmiz saxlamaq istəyir, eləcə, gəzdiyi küçəni də təmiz saxlamalıdır. Dini nöqteyi-nəzərdən yanaşanda görərik ki, təmizlik dörd yerə ayrılır. Ruhi, əxlaqi, fikri və fiziki təmizlik. İlk üç təmizlik insan şəxsinə aid olduğu halda, sonuncu qeyd edilən fiziki təmizlik həm insan şəxsinə, həm də kütləyə aiddir. Peyğəmbərimiz Məhəmməd (s.ə.s) “Təmizlik imandandır” deyərək insanları buna səsləmişdir.
Lakin çox təəssüflə qeyd edirəm ki, vətənimdə insanlar nədənsə heç təmizlik olmasını istəmirlər. Əvvəl deyirdilər zibil qutuları azdır. Amma indi bu bəhanələri də gətirmək mümkünsüzdür. Maraqlısı bilirsiniz nədir? Bizdə küçələr əvəzinə zibil qabları təmiz saxlanılır. Bəzi insanlarımız o dərəcə də təmizlik sevəndirlər ki, zibil qabını zibilləmək istəmirlər. Nə deyək, vallah, belə təmiz insanları görəndə adam deməyə söz tapmır. Əslində biz etdiyimiz əməlin hansı fəsadlara yol açacağının fərqinə belə varmırıq. Lakin statistik göstəricilərə görə zərərli tullantılar hər il 40 milyon ton artır. Bu isə o deməkdir ki, bəşəriyyət tullantılar üzündən 2035-ci ildə kosmosu itirə bilər. Həmçinin İngiltərə mətbuatının verdiyi məlumata görə, yerli alimlərin araşdırması xüsusilə gecə saatlarında zibillə dolu qabdan havaya öldürücü bakteriyaların sürətlə yayıldığını üzə çıxarıb. Sən demə, zibillə dolu qab 1 həftə boşaldılmazsa, artıq 2-ci həftədən başlayaraq, evdə havaya 600 faizədək yeni mikroorqanizmlər yayılmağa başlayır.

Bundan əlavə, ətrafa atılan zibillər güclü yağışlar zamanı arx şəklində cəmləşən sulara qərq olaraq şəhərdaxili yolların arx keçəcəklərinə qoyulmuş borularda kipləşir. Nəticədə, çirkli sular ətrafda yaşayanların həyət-bacasına axır. Bu da təbii fəlakət halı kimi narazılığa səbəb olur. Şəhərimizin bir neçə küçəsində qrunt sularını axıtmaq üçün arxlar qurulmuşdur. Bu arxlarla axan sulara küçə sakinləri məişət tullantılarını axıtmağa adət ediblər. Acınacaqlısı odur ki, bu hərəkəti edənlər evində, həyət-bacasında təmizliyi gözləyən qadınlardır. Belə hallar ilə tez-tez qarşılaşırıq. Bu yazımızda belələrinin adlarını hələ ki, qeyd etmirik. Əziz sakinlər, gündən günə yeniləşən, turist məkanı olan, Azərbaycanın mirvarisi adlandırdığımız gözəl İsmayıllını çirkləndirməyin.
Milli Məclisin “İstehsalat və məişət tullantıları haqqında” qanuna və İnzibati Xətalar Məcəlləsinə etdiyi dəyişikliklərə görə məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması, həmin yerlərdə saxlanılmasına görə fiziki şəxslər 20 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 500 manat həcmində cərimə olunur. Şəhərlərdə və rayon (şəhər rayonları istisna olmaqla) inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumların (urnaların) yerləşdirilməsi zamanı qanunvericiliklə müəyyən edilmiş məsafənin nəzərə alınmamasına görə vəzifəli şəxslərə 500 manat, hüquqi şəxslərə isə 1000 manat cərimə nəzərdə tutulub.
Zibili yerə atmağın cəzası da qanunla müəyyənləşib. Amma nəticəsi yoxdur ki, yoxdur. Bu çox acınacaqlı bir vəziyyətdir. Axı niyə zibili zibil qutusuna atmırlar?
Maraqlı hal odur ki, zibili atan da biz: “Hər yer zibillidir”, – deyib şikayətlənən də biz…
Çinarə Bəhərçinli

Şərh Yaz