Miryavər Hüseynov – 80


Miryavər Hüseynov – 80

Ömrü ömürlərdə yaşayan insan
Bir arzum var ey insanlar, qoyun deyim,
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağlığında yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara.
Yalnız, yalnız sağ olanda,
Hər kəs əsil qiymətini bilər onda.
Bu kiçik yazım sağlığında qiymətini almağı bacaran bir insana həsr olunub – Miryavər Hüseynova. Bu qiymət öz əksini bu günlərdə rayon Gənclər Mərkəzinin zalında Miryavər Hüseynovun 80 illik yubileyinə həsr olunmuş böyük tədbirdə bir daha tapdı. Bu qiyməti verməyi bacaran və bu möhtəşəm tədbiri bizə bəxş edən isə hörmətli başçı Mirdaməd Sadıqov oldu. Bu zalda son vaxtlar ismayıllılı uşaqlardan tutmuş ağsaqqallara qədər, gənclərlə, qadınlarla, məktəblilərlə, sahibkarlarla, respublikamızın müxtəlif guşələrində yaşayan və işləyən, əslən İsmayıllıdan olan ziyalılarla görüşlər keçirildi. Dünyanın muğam dahisi Alim Qasımovun verdiyi əsrarəngiz konsert proqramı isə hələ uzun müddət yaddaşımızda yaşayacaq. Miryavər müəllimə həsr olunmuş tədbir də bütün rayon ziyalılarına verilən qiymət idi
Hər dəfə müəllim kəlməsini işlədərkən yadımıza ilk növbədə ən sevimli müəllimlərimiz düşür. O müəllimlərimiz ki, qayğılı bir təbəssümü ilə qəlbimizi işıqlandırmış, ürəyimizi kövrəltmişdir. Miryavər müəllim də bizim ən yaxşı, ən sevimli müəllimlərimizdən biridir. Miryavər müəllim haqqında, onun ömür yolu, fəaliyyəti haqqında danışılanların, yazılanların hamısı müəllim əməyinin qiymət meyarlarıdır, maddi stimullarıdır. Mənəvi stimullar isə onun şagirdləridir, yetirmələridir. Bir də yazdığı neçə-neçə kitab.
Miryavər müəllimin ən böyük mənəvi mükafatı onun yetişdirdiyi yüzlərlə şagirdinin müəlliminə olan dərin məhəbbəti, bu məhəbbəti ifadə edən baxışlardan süzülüb gələn minnətdarlıq hissləri, xeyirxahlıq yolunda ağaran saçların sahibi qarşısında heç olmasa, ən azı səcdə etmək istəyidir. Bu gün Miryavər müəllim haqqında söz demək istəyən saysızdır. Sözün həqiqi mənasında, Miryavər müəllim bu gün dərs dediyi hər bir şagirdinin ömründə yaşayır.

Miryavər Hüseynovun timsalında tədqiqatçılıq, jurnalistlik, yazıçılıq və müəllimlik – bunlar hamısı bir-birini tamamlayır. Miryavər müəllim keçmişlə bu gün arasında mənəvi körpüdür. Haqqındakı yazılardan birində onu Basqalın bir parçası adlandırmışlar. Mən isə deyərdim: o, Basqalın özüdür. Onun kitabları isə hər birimiz üçün qiymətli mənbədir.
Miryavər müəllim üçün heç vaxt ehtişam, şan-şöhrət, əzəmət, qüdrət meyar olmayıb.
Çox hörmətli Miryavər müəllim!
“Ana yurdum Basqal” yazıb, “Basqal əcdadlarımızın əks-sədasıdır”, “Basqal sirli bir aləmdir” söylədiniz. “İztirablı yollarla” addımlayaraq “Pak ömürlər” haqqında “Onlar Basqalı ürəkdən sevirdilər” dediniz. “Xeyriyyəçiliyin ünvanı” sizin kitablarınızdan başlandı, xeyirxahlıq sizin həyat amalınız oldu. Şagirdlərinizə “Paklığı böyüklərimizdən öyrənməliyik” deyib “Həmişə ön cərgədə”, ”Yalnız irəli!” olmağı tövsiyə etdiniz. “Sadəlik və təvazökarlıq nümunəsi“, “Doğma elin tərənnümçüsü”, “El dərdi bilən siz oldunuz”. ”Ürəklərdə heykəl” ucaltdınız. “Basqalı şöhrətləndirən adamlardan biri” oldunuz. Basqalı sevən insanlardan biri kimi Sizə üz tutub deyirəm: – Sağ ol, Vətən oğlu! Yubileyin mübarək, əziz müəllimim!
Novruz Əsədov,
Miryavər Hüseynovun şagirdi, İsmayıllı RİHB-nin Basqal qəsəbə İƏD üzrə nümayəndəsi

Şərh Yaz