Müəllim Müəllimim Miryavər Hüseynova ithaf edirəm

Müəllim
Müəllimim Miryavər Hüseynova ithaf edirəm

Ziyası zülmətə şəfəqlər saçan,
Əbədi sönməyən nurdu müəllim.
Əngin səmaların sirrini açan,
Özü başdan-başa sirrdi müəllim.

Aldığı bilikdir dövləti, varı,
Gecəni gündüzə qatar, yorulmaz.
Onun əlindədir elmin açarı,
Ömrün qışına da çatar, yorulmaz.

Qayğısı gizlənər nurlu üzündə,
Görər səhvimizi narahat olar.
Hecaya bölünmüş Vətən sözündən,
Qaşları çatılar, gözləri dolar.

Bitib tükənməzdir eşqi, həvəsi,
Əsər üstümüzdə bir loğman kimi.
Ali tribunadan gələr haqq səsi,
Tanınar, sevilər bir insan kimi.

Ziyası zülmətə şəfəqlər saçan,
Əbədi sönməyən nurdu müəllim.
Əngin səmaların sirrini açan,
Özü başdan-başa sirrdi müəllim.

Daşdəmir Əjdəroğlu

Şərh Yaz