80 baharlı müəllim ömrü

80  baharlı müəllim ömrü80 baharlı müəllim ömrü

Son vaxtlar rayonumuzun ictimai-siyasi həyatında, mənəvi mühitində yeniləşmə, təzə ab-hava hiss olunmaqdadır. Hər yerdə canlanma, işgüzarlıq, yeniliyə və inkişafa meyl güclənməkdədir. Milli adət-ənənələrimizə, mənəvi dəyərlərimizə qayıdış, ağsaqqala, böyük-kiçiyə hörmət, gənclərə qayğı həyat normasına çevrilir. İsmayıllı özünün xoşbəxt, işıqlı, zəngin sabahına doğru istiqamət götürür. Əhalinin müxtəlif qrupları ilə, ağsaqqallarla, gənclərlə rayon rəhbərliyinin keçirdiyi görüşlər yalnız bir məqsədə – insanlara daha yaxşı xidmət etməyə, onların imkan və şəraitini yaxşılaşdırmağa, sosial həyatını yeniləşdirməyə əsaslanır. Dəyərli vətəndaşlarımıza, bütün mənalı ömrünü xalqının inkişafına həsr edən insanlara layiq olduğu qiymət verilir.
80  baharlı müəllim ömrü
May ayının 25-də Gənclər Mərkəzində keçirilən qabaqcıl müəllim, el ağsaqqalı, yazıçı-publisist Miryavər Hüseynovun 80 illik yubileyi də belə dəyərin bariz nümunəsi idi. Miryavər müəllim bütün mənalı ömrünü müəllimlik sənətinə həsr etmiş, gənc nəslin layiqli vətəndaşlar kimi yetişməsi kimi ağır və çətin bir missiyanı çiyinlərində daşımışdır. Onun haqqında yazmaq, haradan başlayıb harada qurtarmaq asan olduğu qədər də çətindir. Ona görə ki, həyatının 60 ilə yaxın bir dövrünü bu sənətə həsr etmiş, sabahımızı inkişaf etdirən gənclərin yetişməsi üçün var qüvvəsi ilə çalışmışdır. 80 illik bir ömrün zirvəsində dayanan bu xalq müəllimi pedaqoji fəaliyyəti ilə yanaşı yazıb-yaratmış, çoxsaylı məqalələri, bədii-publisistik, tarixi-etnoqrafik məzmunlu əsərləri ilə respublikamızda, hətta onun hüdudlarından kənarda belə tanınmışdır.
1932-ci ildə tarixlər şahidi Basqalda dünyaya göz açan Miryavər Seyidrəsul oğlu Hüseynovun ailə şəcərəsi zəngin olmaqla, altıncı imam Cəfəri-Sadiqə çatan bir nəslə gedib çıxır. Miryavər müəllim sələflərinin xeyirxah ənənələrini qoruyub saxlamağı, insanlara çətin anlarda əl uzatmağı, doğma yurdunun tarixini araşdırmağı özünün müqəddəs borcu hesab etmişdir. Qədim yaşayış məskəni olan Basqalı tarixi və etnoqrafik cəhətdən tədqiq etmiş və “Ulu diyarım Basqal”, “Basqal əcdadlarımızın əks-sədasıdır”, “İztirablı illər, pak ömürlər”, “Həyatın elmi”, “Katerinanın taleyi”, “Quşlar vətənə uçur” və s. kimi bədii və publisistik əsərləri maraqla qarşılanmış, oxucu rəğbəti qazanmışdır. Müəllim haqqında çoxlu deyimlər, müdrik fikirlər söylənilmişdir. XIX əsr Azərbaycan maarifçisi, milli mətbuatımızın banisi Həsən Bəy Zərdabi isə müəllimə belə qiymət vermişdir: “Əgər məndən soruşsalar ki, ən şərəfli sənət hansıdır? Mən o zaman iftixarla belə deyərdim: ” Müəllimlik !”
Bütün mənalı həyatını bu şərəfli peşəyə həsr edən Miryavər müəllim həmişə rayonun adlı-sanlı təhsil işçiləri sırasında olmuş, “Metodist müəllim”, “Təhsil əlaçısı”, “Qabaqcıl maarif xadimi”, “Ali kateqoriyalı müəllim” adlarına, Təhsil Nazirliyinin, rayon rəhbərliyinin, müxtəlif təşkilatların Fəxri fərman və mükafatlarına layiq görülmüşdür. O, bir neçə pedaqoji mühazirələrin iştirakçısı olmuş, elmi-metodiki məqalələri ilə mətbuat səhifələrində çıxışlar etmişdir. 200-dən çox məqalənin müəllifi olan Miryavər müəllim “Azərbaycan məktəbi”, “Azərbaycan müəllimi”, “Kommunist”, “Azərbaycan gəncləri”, Molodyoj Azerbaydjana”, “Vışka” “Panorama”, “Ədəbiyyat və İncəsənət”, “Literaturnıy Azerbaydjan”, “Azərbaycan”, “Ulduz” və s. mətbuat səhifələrində maraqlı yazıları ilə çıxış etmişdir. Miryavər müəllim Azərbaycan Yazıçılar və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
El ağsaqqalı, nüfuzlu şəxs, əsil müəllim, istedadlı yazıçı, bacarıqlı tədqiqatçı olan Miryavər Hüseynovun həyat bioqrafiyası çox zəngindir. Bunun üçün gərək onun ömür verdiyi kitabları dönə-dönə oxuyasan, özü ilə həmsöhbət olasan. RİH başçısının təşəbbüsü ilə keçirilən 80 illik yubiley tədbirinə rayon ictimaiyyəti, Respublikamızın paytaxtında, digər şəhərlərdə yaşayan həmyerli ziyalılar, alimlər, şair və yazıçılar, jurnalistlər, dövlət strukturlarında çalışan insanlar toplaşmışdı. Gənclər Mərkəzindəki zal bir bayram təntənəsi yaşayırdı. Aparıcı Məhəbbət İbrahimovun gur və tutumlu səsi salonu etizaza gətirir. Ulu öndər Heydər Əliyevin müdrik ifadələri xatırlanır: ”Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır!”
80  baharlı müəllim ömrü
Şərəfli həyat yolunun daşıyıcısı olan Miryavər Hüseynovun bioqrafiyasını əks etdirən kadrlar həzin musiqi sədaları altında ekranda görünür. Ulu Basqalın əsrarəngiz gözəllikləri fonunda sadə bir müəllim çox əzəmətli görünür və aparıcının dilindən qopan misralar ruha qida verir:
Dağlardır gözəllik, dağlardır ziynət,
Dağda bakirədir, safdır məhəbbət,
Bir adı Basqaldır, bir adı cənnət,
Behişt ətri yayan dağlara gəlləm!
Babalarımızın əks-sədası yaşayan bu yurd Azərbaycan xalqına igid oğullar, görkəmli alimlər, istedadlı şair və yazıçılar, böyük loğmanlar, görkəmli dövlət xadimləri bəxş etmişdir. Belə bir məqamda bu torpağın yetişdirdiyi görkəmli dövlət xadimi Kazım İsmayılovun, Mirmahmud Mirbağır oğlunun, fizika-riyaziyyat elmləri doktoru Maqsud və Mais Cavadov qardaşlarının, əməkdar elm xadimi, texnika elmləri doktoru Tofiq İsmayılovun, xalq yazıçısı Əbülhəsən Ələkbərzadənin, şair Davud Aslanın, tibb elmləri doktoru, professor Mehdi bəy Səfərəlibəyovun, texnika elmləri doktoru Siyavuş və Alçın Şirinzadələrin, Nazim Məmmədtağızadənin, Əlişir Əlifovun, filologiya elmləri doktoru, professor Tahir Cəfərlinin, Böyük Vətən müharibəsi qəhrəmanı Kamal Qasımovun, İtaliyanın Milli Qəhrəmanı Məmməd Bağırovun adını çəkməmək olmur.
Tədbirin təşəbbüskarı, bölgəyə yeni mənəvi mühit gətirən, İsmayıllının sosial-iqtisadi inkişafı naminə bütün səylərini səfərbər edən RİH-nın başçısı Mirdaməd Sadıqov ilk olaraq yubilyarı təbrik etdi, ümummilli lider Heydər Əliyevin, prezident İlham Əliyevin müəllimlərə verdiyi yüksək dəyərdən, təhsilimizə göstərilən qayğıdan danışdı.
Bu torpağın şair oğlu Davud Aslanın övladı, Milli Məclisin deputatı, millət vəkili Novruzəli Aslanov isə yubilyar haqqında öz ürək sözlərini ifadə etdi, onu qabaqcıl müəllim, əsil ziyalı, Basqalın tədqiqatçısı kimi diqqətə çatdırdı, zəngin daxili mənəvi dünyasını səciyyələndirdi.
İctimaiyyət nümayəndələri adından iş adamı Cümşüd Hacıyev, təhsil işçiləri adından Basqal məktəbinin direktoru Ağasəfər Qafarov, Rayon Təhsil şöbəsi Azad Həmkarlar İttifaqı RK-nın sədri Hafiz Kərimov, bədii qiraətçi Pünhan İsmayıllı, yubilyarın keçmiş şagirdi polkovnik-leytenant Əbülfəz Kazımov, polis polkovniki Əziz Mövlamov, Miryavər müəllimin ailəsi adından oğlu Rəsul Hüseynov və başqaları çıxış etdilər.
İfa olunan musiqi nömrələri tədbirə başqa bir ovqat qatdı. Sahibə Abdullayevanın, Aşıq Yanvar Bədəlovun, Respublika Muğam müsabiqəsinin qalibləri Kamilə Nəbiyevanın, Mustafa Mustafayevin, müğənni Rövşən Teyyubovun, İntiqam İbrahimovun, Piralı Şıxıyevin və başqalarının oxuduğu mahnılar, ifa etdikləri muğamlar tədbirə toplaşanların alqışlarına səbəb oldu.
Məktəblilər tərəfindən söylənən Musa Yaqubun “Müəllim ömrü”, Davud Aslanın “Basqal haqqında” şeirləri alqışlarla qarşılandı.
Basqal tam orta məktəbi şagirdlərinin hazırladığı kompozisiya salona toplaşanlara təqdim olundu. Sonda onların dillərindən bu misralar qanadlandı:
Elmin yollarında yandın çıraq tək,
Nə qədər qəlbində var imiş istək?!
Sənin məktəbini öyrənmək gərək,
Əbədi çıraqsan, Miryavər müəllim!
Tədbirdə Miryavər müəllimin dostları, qohumları, qələm yoldaşları iştirak edirdi. Oğlu Rəsul Hüseynov atasına verilən bu dəyərə görə RİH başçısına, tədbiri hazırlayıb ona həyat verənlərə, musiqiçilərə, salona toplaşanlara ailələri adından minnətdarlıq etdi. ”Bu, atamın 60 illik pedaqoji fəaliyyətinə və yaradıcılığına verilən ən böyük qiymətdir!” -dedi.
Təəssüf ki, tədbirə ayrılmış vaxt çox sürətlə, hiss olunmadan ötüb keçdi. Yubilyarın bir çox dostlarına, yaxınlarına söz demək imkanı qalmadı. Yazıçı-jurnalist Xeyrulla Ağayev, şair Adıgözəl Vəlbinəli, Şahməmməd Dağlaroğlu öz yazar dostlarının əlini sıxmaqla kifayətləndilər.
Son söz yubilyarın özünə verildi. Qocaman müəllim əməyinə verilən yüksək qiymətə görə dövlətə, prezident İlham Əliyevə öz dərin minnətdarlığını bildirdi. Ölkəmizdə vətəndaşlara, onun ziyalı təbəqəsinə, gələcəyə nur daşıyan müəllimlərə, yetişən gəncliyimizə verilən dəyərin əvəzsiz olduğunu diqqətə çatdırdı. Rayon rəhbərliyinə təşəkkürünü bildirdi.
Bax elə bu anlarda mən Miryavər müəllimin çöhrəsində sonsuz sevinc, gözlərində isə iki damla yaş gördüm. Müdrikliyin, kamilliyin zirvəsində dayanan ağsaqqal bir müəllimin, istedadlı yazıçının, yorulmaz tədqiqatçının minnətdarlıqla dolu sevinc yaşları! Bu məqamda fikrimdən istedadlı şair Musa Yaqubun aşağıdakı misraları keçdi:
İnsanla həmyaşdır ölməz, yorulmaz,
Bizimlə yol gedir müəllim ömrü!
Hamıya pay verib ömründən bir az,
Məndədir, səndədir müəllim ömrü!
Murad Məhərrəmov,
RİH-nin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi

Şərh Yaz