Sevilməyə layiqsən

Sevilməyə layiqsənSevilməyə layiqsən

Adətən, hansısa sənətkar haqqında yazmağa başlayanda onun bu işə lap uşaqlıq vaxtlarından həvəsi olması qeyd edilir. Cavidin də bu sənətə həvəsi hələ uşaq yaşlarından başlayır. Bu da ustad aşıq Şamilin Cülyana toya gəlməsi ilə bağlıdır. Balaca Cavid bu toyların daimi tamaşaçısı idi. Bu məclislərdə söylənən dastan və nağılları beyninə həkk edir. Elə o zamanlardan da Cavid aşıq olmaq, saz çalıb məclis aparmaq arzusu ilə yaşayır. O, aşıq sənətinin vurğununa çevrilir. Gənc Cavid utana-utana ustad sənətkara yaxınlaşır, sirrini ona açır:
– Ustad, mənim bu sənətə hədsiz həvəsim var. Mənə də bu sənətin sirlərini öyrədərsinizmi?
Dədə Şamil balaca Cavidin bu fikrini bəyənir, onun səsini yoxlayaraq:
– Oğlum, səndən aşıq çıxar. Sənə bu sənətin sirlərini öyrədərəm, heç narahat olma…
Cavid arabasarda aşıq Şamilin apardığı toyların heç birini buraxmazdı. Bu toylarda aşığın bütün hərəkətlərini diqqətlə izləyər, oxuduqlarını, çaldıqlarını yaddaşına köçürməyə çalışardı. Demək olar ki, bütün iş-gücünü atıb toylara tamaşa etməyə gedərdi. Cülyanlı Aşıq Abduldan da məsləhətlər alar, bilmədiklərini ondan öyrənərdi. Aşıq Abdul da dövrünün görkəmli aşıqlarından və saz ifaçılarından olmuşdur. 1965-ci ildə aşıq Abdul və ağsaqqal sənətkar olan aşıq Şamil öz xeyir-duaları ilə Cavidə məsləhət verirlər:
– Sən artıq el məclislərində aşıq kimi iştirak edə bilərsən.

Gənc Cavidin çiyinlərinə ağır yük düşürdü. Gənc aşıq çətin sual qarşısında qalmışdı: görəsən, bu işin öhdəsindən gələ biləcəyəmmi, məclisdəkilər məni necə qəbul edəcəklər, biabır olmaram ki? Sualları beynində dolaşırdı. Birdən bacarmasa, el-obada başı aşağı ola bilərdi. Ancaq təkbaşına toy şənliyi aparanda bu qorxular arxada qaldı, böyük həyəcanla olsa da, məclisi başa vura bildi. Yaxın kəndlərdə onu tanımağa və toylara dəvət etməyə başladılar…
Aşıq Cavidin sorağı get-gedə rayona yayıldı, onu toy şənliklərinə dəvət etməyə başladılar. Gənc aşıq məlahətli səsi ilə adamların ürəyinə yol tapa bilmişdi. O, çoxlu xalq dastanları, nağıllar və rəvayətlər bilirdi. Xeyli saz havası ifa edirdi. Artıq tanındığı üçün o, qonşu rayonlara da toy şənliklərinə çalıb-oxumağa dəvətlər alırdı.
Aşıq Cavid həmişə öyrənməyə həvəs göstərmişdir. Dost və tanışları olan aşıqlardan bu sənətin incəliklərindən nəsə öyrənməyə çalışırdı. O, aşıq Yadulla ilə bərk dost idi. İsmayıllı aşıqları Yanvarla, Qaçayla, Əvəzlə, Nurəhmədlə, Sadayla, Elmanla dostluq edir, müəyyən dövlət tədbirlərində onlarla birlikdə çıxışlar edir. Aşığı balabançısız təsəvvür etmək mümkün deyil. O ilk dəfə balabançı Səməndərlə el şənliklərində çalıb-oxumuşdur. Sonralar Kamalla, Əsgərlə, Əkbərlə, Ramazanla, Əlicavadla, Salamla və başqaları ilə el məclislərində iştirak etmişdir.
Aşıq Cavid gəncliyində ustad aşıqlardan öyrəndiyi kimi, indi özü də kimlərisə öyrədir. Bu gün onun yanına qədim el sənətinin incəliklərini öyrənmək istəyənlər gəlirlər. Mətləb, Rəşad, Elçin, Əhməd, Cümşüd, Nəbi və başqaları belə gənclərdəndir. Aşıq Cavid bəzən öz şagirdləri ilə müxtəlif rəsmi tədbirlərdə birgə çıxışlar edir. Şagirdlərinin qazandıqları tamaşaçı alqışları onun üçün ən qiymətli mükafatdır, desək heç də yanılmarıq. Axı bağban saldığı bağla, sənətkarsa, şagirdləri ilə öyünür. Bununla da aşıq Cavid bir növ mənəvi borcunu qaytarmış olur.
Əmiraslanov Cavid Səfəralı oğlu 1939-cu ildə İsmayıllı rayonunun Pirəğanım kəndində anadan olmuşdur. Ailə 1946-cı ildə Cülyan kəndinə köçməli olur. Balaca Cavid 1947-ci ildə həmin kənd məktəbinin birinci sinfinə gedir. O, Cülyan məktəbinin yeddinci sinfini başa vurur. Orta təhsil almaq üçün Lahıca getməli olur. İllər keçir və Cavid orta məktəbi başa vurur.
Keçən il rayonumuzda yazıçı, millət vəkili Aqil Abbasın romanı əsasında “Dolu” filmi çəkilmişdir. Filmin 70 faizinə qədəri rayonumuzun təbii dekorasiya fonunda çəkilmişdir. Həmin filmdə Cavid Əmiraslanovun bir keyfiyyəti – aktyorluğu da üzə çıxdı. Filmdəki yas məclisində C.Əmiraslanov molla rolunda çəkilmişdir. Bu sahəni yaxşı bildiyinə görə onu bu rola dəvət etmişlər. Epizodik rol olsa da pis alınmayıb. Filmə baxan ismayıllılar bu səhnəni yaxşı xatırlayırlar. Ümumilikdə götürüldükdə, Cavid kişi el ağsaqqalı, el təbirincə desək, xeyir-şər adamıdır. Sakit və asta danışıq tərzi həmsöhbətlərinin diqqətini özünə çəkir. Maraqlı söhbətləri ilə ətrafındakıları ələ ala bilir.
Aşıq Cavid el-obasına bağlı dindar kişidir, Allah adamıdır. O söhbət zamanı dedi:
– Bax, mən həm el şənliklərində, həm də yas mərasimlərində oluram. Yəni, harada lazımamsa, oraya getməyə ərinmirəm. Çünki, el-obanın sevinci də , kədəri də bizimdir. Həyat əbədi, insan ömrü ötəridir. Gərək elə yaşayasan, elə ömür sürəsən ki, həyatda izin qalsın. Öləndən sonra sənə rəhmət deyən olsun.
Aşıq Cavidin bədii yaradıcılığı da var, şeirlər yazır. 2007-ci ildə onun şeirlər kitabı işıq üzü görmüşdür. Əsasən qoşma janrında olan şeirlər Vətən, torpaq və insan mənəviyyatından bəhs edir.
Rayon mədəniyyət evində keçirilən bütün rəsmi tədbirlərdə yaxından iştirak etmişdir. Hazırda aşıq Yanvar Bədəlovun rəhbərlik etdiyi rayon aşıqlar ansamblının fəal üzvü kimi fəaliyyət göstərir. Belə fəallığına görə tərifnamələrlə təltif edilmişdir. Aşıq Cavid səkkizinci onluğa addımlayıb, ancaq hələ gənclik təravətindədir. Sazı sinəsinə basanda bir az da cavanlaşır. Sükanı belə saxla aşıq qardaş.
H. Məmmədov

Şərh Yaz